Qonaq Kitabı
Tuyuğlar

Könlümüz bir yar əlindən xəstədir,

Gözü qara, qaşları peyvəstədir.

Naz edərsə nazını çəkmək gərək,

Can fəda qılmaq gərək, növrəstədir.

 

Şəm’i-rüxünə günəş pərvanədir,

Tən sədəfdir, surətin dürdanədir.

Nüğlü-mey lə’lin, gözün peymanədir,

Məsti-eşqin məscidi meyxanədir.

 

Fitnənin başı gözün sevdasıdır,

Şurü şər hüsni-rüxün qovğasıdır.

Kövsərin xəmri ləbin səhbasıdır,

İnci dişin lö’löi-lalasıdır.

 

Saçların qədrü bəratın leylidir,

Aşiqin Məcnunü hüsnün Leylidir.

Həmdəmim daim xəyalın xeylidir,

Surətin sövmü səlatın keylidir.

 

Əqrəb oldu aləmin xəlqivü mar,

Fitnə yayıldı əla qövmüş-şərar.

Qandadır bir ari batin, doğru yar?

Qanı insafü mürüvvət, kimdə var?

 

Saqiya, mən sərxoşam, yarım gətir,

Bir qədəh çün dərkəşəm, yarım gətir.

Neylərəm mən sənsizin canü cahan,

Həsbətən lillah sana narım gətir.

 

Fitnədir eynin, üzün şəmsü qəmər,

Fitneyi-dövri-qəmərsən bəs məgər?

Surətin həqdir, budur həqdən xəbər,

Söyləyən həqdir, vəli adı bəşər.

 

Şol qaşı çaçı büti-məhvəş gəlir,

Kirpik oxundan dolu tərkəş gəlir.

Həq meyindən gözləri sərxoş gəlir,

Kirpiyi, qaşı hesabı şeş gəlir.

 

Ey saçın hər tarına min can əsir,

Surətin yektavü adın binəzir.

Surətin yazusu reyhan, həq dəbir,

Həm səm’i-bibədəlsən, həm bəsir.

 

Yeddidir, dörd yeddidən bir yeddidir,

Yüz igirmi dörd yenə üç yeddidir.

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyt ilə özü on yeddidir.

 

Kafü nun mə’nidə külli-mə’nidür,

Yə’ni kafü nun sədəfdir, mə’ni dür.

Məhşərin suru çalındı, yatma, dur,

Gör ki, nə sövdadasan, halın nədür?

 

Gəl mənə bir söylə kim, iman nədir?

Bu namazü rövzəvü fərman nədir?

Bir kişi kim, qəbləl-mövtü bilmədi,

Ol nə bilsin can ilə canan nədir?

 

Cənnətin vərdi üzün gülzarıdır,

Şəm’i-vəhdətdir üzün, gül narıdır.

Ay ilə günəş üzün ənvarıdır,

Leylətül-əsra saçın əsrarıdır.

 

Hər nə yerdə, göydə var, adəmdə var,

Hər nə ildə, ayda var, adəmdə var.

Hər nə əldə, üzdə var, qəddəmdə var.

Həq sözün fəhm etməyən adəm də var.

 

Həq təala adəm oğlu özüdür,

Otuz iki həq kəlamı sözüdür.

Cümlə aləm bil ki, Allah özüdür,

Adəm ol candır ki, günəş üzüdür.

 

Arizi yarın cinan bostanıdır,

Ol qədi tuba, saçı reyhanıdır.

Kuyi cənnət, əhli-dil rizvanıdır,

Bəs rəqib bu ortanın şeytanıdır.

 

Adəm oldur ki, cahanın canıdır,

Adəmə yol bulmayanlar fanidir.

Adəmin vəchində sirri-kainat,

Oxugil ki, qibleyi-rəhmanıdır.

 

Saf içən hər dəm səfa hasil qılır,

Dürd içən dərdə dəva hasil qılır.

Kim ki, yari-bivəfa hasil qılır,

Canına yüz min bəla hasil qılır.

 

Məzhəri-sidqü səfa sinəndədir,

Məxzəni-mehrü vəfa sinəndədir.

Xəstə könlümə şəfa sinəndədir,

Hər nə dərd olsa, dəva sinəndədir.

 

Ey sənəm, eynin xumarı fitnədir,

Kirpiyin qaşınla varı fitnədir.

Zülfi-ənbər, mişkbarı fitnədir,

Cə’di zülfündə şümarı fitnədir.

 

Sureyi-nuri-düxandır zülfi-yar,

Yə’ni küfr ilə imandır zülfi-yar.

Nə əcəb gənci-nihandır zülfi-yar,

Aşiqə elmi-bəyandır zülfi-yar.

 

Dilbərin xətti güli-xəndanıdır,

Şol mütərra sünbüli-reyhanıdır.

Can əgər təndən rəvan ola nə qəm,

Əhli-eşqin canı çün cananıdır.

 

Dust Leylivü könül Məcnundur,

Fitnəli qaşına can məftundur.

Yar vəslin almayan can nəqdinə,

Eşq bazarında key məğbundur.

 

Çün camalın məhşərin gülzarıdır,

Hovzi-kövsər bəs dodağın yarıdır.

Hər kim olsa vəsli-hüsnündən cüda,

Ona firqət bəs cəhənnəm narıdır.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info