Qonaq Kitabı
Tuyuğlar

 

Ey qəmər təl’ətli şəmsi-xavəri,

Rövzə üzündür, dodağın kövsəri.

Gər səni görsəydi duşunda pəri,

Oda salaydı otuz iki pəri.

 

Ey qaşınla kirpigin, zülfün yedi,

Ol yedi kim, şeytan anı bilmədi.

Həq bu sirri Əhmədə kəşf eylədi,

Anın üçün adını ümmi dedi.

 

Həq siyam ayın bizə id eylədi,

Hər nə kim, həq eylədi, cid eylədi.

Kim ki, həqqi didü vadid eylədi,

Adını həq əhli-tövhid eylədi.

 

Həq dedi kim, yer yedivü göy yedi,

Laməkan təxtində gizlidir yedi.

Gizlü adəmdə əyan oldu yedi,

Dörd yedi bir gəz nədən oldu yedi?

 

Zülfi-ənbərsaya verdim könlümü,

Lə’li-ruhəfzaya verdim könlümü,

Qaşıtək sevdaya verdim könlümü,

Gör nə möhkəm yaya verdim könlümü?

 

Şol boyu rə’naya verdim könlümü,

Şol gözü şəhlaya verdim könlümü,

Şol günəşsimaya verdim könlümü,

Şol üzü çün aya verdim könlümü.

 

Nagəhan bir aya verdim könlümü,

Can ilə yəğmaya verdim könlümü,

Hüsnü bihəmtaya verdim könlümü,

Müntəha balaya verdim könlümü.

 

Surətin müshəfdir, ey can parəsi,

Cana kar etdi fəraqın yarəsi,

Lütfü hüsn ol müshəfin separəsi,

Qandadır vəslin dəvası, çarəsi?

 

Gəl bu gün işrət günüdür, al meyi,

Daima nüql eylə, görgil almayi,

Qamusunun xisləti birdir, vəli,

Müstəidlər fərq edərlər al meyi.

 

Adəmə gəl, adəmi bil, adəmi,

Adəmi olanların budur dəmi,

Bu dəmin damındadır damın dəmi,

Həq rüxün ruhu dedi, nə adəmi.

 

Cümlə mövcudata illətdir üzü,

Əslü fər’ü dinü millətdir üzü,

Uş sifatü zati-izzətdir üzü,

Kainata nuri-rəhmətdir üzü.

 

Sureyi-əsrada gördüm üzünü,

Müntəha balada gördüm üzünü,

Sureyi-tahada gördüm üzünü,

Əlləməl-əsmada gördüm üzünü.

 

Həq mana bir xirqə biçdi kəndözü,

Oldu pünhan xirqə içrə kəndözü,

Həqqə mən bir ayətəm həqkən düzü,

Həqqi həq həq zahir etdi kəndözü.

 

Ey mənim könlümnü alan gözləri,

Ey mənim bağrımnı dələn sözləri,

Mən şikayət kimdən edim, ey həbib,

Özləridir, özləridir, özləri.

 

Surətinə kim ki, baxdı sərsəri,

Şah əlindən qaçan içər kövsəri?

Ey pəri siminbəri, bir bax bəri,

Çəkmə aşiq üstünə qəmdən çəri.

 

Bir əcaib şaha verdim könlümü,

Bədr üzlü maha verdim könlümü,

Ta ki, Fəzlullaha verdim könlümü,

Bigüman Allaha verdim könlümü.

 

Gözləri pürxaba verdim könlümü,

Ləbləri qüllaba verdim könlümü,

Ol üzü məhtaba verdim könlümü,

Öz-özüm qərqaba verdim könlümü.

 

Ey könül, Mənsur ənəlhəq söylədi,

Həqq idi, həqqi dedi, həq söylədi,

Mə’rifət sirrini mütləq söylədi,

Arif amənna vəsəddəq söylədi.

 

Dilbərim rindanə geymiş çəkməni,

Tut əlimdən otağına çək məni.

Həsrətindən olmuşam öylə zəif,

Firqətindən çaha düşdüm, çək məni.

 

Kim ki, bilməz öz vücudi-zatını,

Sormagil andan anın isbatını.

Oynamaz şətrənci-eşqin atını

Bilməyən bu zövqi-eşq şahmatını.

 

Mə’rifət əhlinə həq bina dedi,

Vəlləzinə cahüdü finna dedi,

Sən səni, kəndi vücudün görmə xar,

Həq sənin şə’nində kərrəmna dedi.

 

Ey ləbin vəsli həyati-sərmədi,

Xəttü xalındır camalın əbcədi,

Kirpik ilə zülfü qaşındır yedi,

Ol yedi kim, Əhmədi məst eylədi.

 

Surətin lovhündə xətt oldu yedi,

Fəzli-həqdən bizə kəşf oldu yedi,

Qaimü daim üzündür sərmədi,

Həq kitabıdır camalın əbcədi.

 

Ta ki, yarın söhbəti şirin idi,

Lacərəm könlüm ona şirin idi,

Aşiqü mə’şuqəm ol məhbub idi,

Eylə kim, Fərhad ilə Şirin idi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info