Qonaq Kitabı
Tuyuğlar

Gəl ki, müştaq olmuşam didarına,

Vermişəm can zülfi-ənbərbarına,

Məhrəm etdin çün məni əsrarına,

Ey pəri, gəl çək məni bir darına.

 

Ey saçın vəlleyl, üzün vəzzüha,

Surətin şə’nində gəldi qül kəfa.

Ey saçından çün əyan oldu mana,

Sirri-ərrəhman ələl-ərş-istiva.

 

Ey üzündən zahir əsmayi-xuda,

Şöylə ki, Qur’anda dedi külləha.

Adəmi bil, andadır əsrarha,

Can ilə başın yolunda qıl fəda.

 

Eşq ilə gəldi cəmiyi-ənbiya,

Eşqdir seyrü süluki-övliya.

Eşq ilə yola girərlər biriya,

Eşq ilə vasil olurlar Tanrıya.

 

Ey üzün min-indəhü elmül-kitab,

Qül kəfa gəldi camalından xitab.

Surətin həqdir, götür həqdən niqab,

Həq budur, vəllahu-ə’ləm-bissəvab.

 

Ey camalından münəvvər afitab,

Düşdü hüsnün pərtövündən aya tab.

Kirpiyin, zülfün, qaşın ümmül-kitab,

Oldu üzündən əyan yövmül-hesab.

 

Ey saçın dövründə məstur afitab,

Vey üzün aləmdə məşhur afitab,

Utanır hüsnündən, ey hur, afitab,

Səndən oldu məstü məxmur afitab.

 

Ey qəmər üzlü, götür həqdən niqab

Kim, üzündə rövşən oldu afitab.

Arada munca nədəndir bu hicab?

Şərh edər min indəhü ümmül-kitab.

 

Ey məlik, mülkündə vəchin afitab,

Ey boyu sidrə, rüxün ümmül-kitab.

Düşdü cana atəşi-hicrində tab,

Şövqi-eşqin bağrımı qıldı kabab.

 

Ey özündən bixəbər, qafil qərib,

Bilməmişsən sirri-əsrari-əcib.

Olmasın bu sirrə məhrəm hər rəqib,

Həmçinin pünhan gərək razi-həbib.

 

Canımın cananəsi sənsən, həbib,

Xubların fərzanəsi sənsən, həbib,

Küntə-kənzin xanəsi sənsən, həbib,

Vəhdətin dürdanəsi sənsən, həbib.

 

Bir-iki-üç gün cahandır cayigəşt,

Faida qılmaz, keçər çün dər güzəşt.

Dərd ilə sən özünü qılma məlul,

Şadiman ol, ta gəlincə həftü həşt.

 

Ey rüxün eşqində əqlim şahmat,

Səlsəbil oldu ləbin abi-həyat.

Ünsürün dörd oldu, həddin şeş cəhat,

Qəflətin müstəhliki bulmaz nəcat.

 

Ey üzün ayatı ənvari-sifat,

Zülfü xalın sureyi-vəlmürsəlat.

Ayağın tozuna dəyməz kainat,

Failatün, failatün, failat.

 

Ey xətin Xızrü ləbin abi-həyat,

Ənbərin zülfün şəbi-qədrü bərat.

Mehrü mah istər camalından zəkat,

Failatün, failatün, failat.

 

Al əlindən atını yabana at,

Həqpərəst ol, həqqi tanı, olma at.

Dünyanın dövründə yoxdur çün səbat,

Atını qaçırma rüxdən, olma mat.

 

Kafü nun əmrində oldu kainat,

Həm sifatdır kafü nun, həm eyni-zat.

Kafü nundan vacib oldu mümkünat,

Bil ki, sənsən aləmi-zatü sifat.

 

Gəldi bəydən muştucu bir gündə dört,

Bəy sizə yazdırdı bir köklük yoğurt.

Ol dəxi yarısı su, yarısı dürt,

Bəxşişə türkmanmı yeydir, yoxsa kürt!

 

Gəlmişəm qalü bəlidən meypərəst,

Aşiqəm, məstəm, vəli məsti-ələst.

Ey gözün sevdalarından fitnə məst,

Sünbülün hər tarəsi mə’nidə şəst.

 

Bir büsati-eşq imiş şətrənci-zat,

Otuz ikidən gəlibdir kainat.

Uyxudan oyan, anı tanıvü gör,

Olmayasan bu büsata şahi-mat.

 

Ey münəvvər çöhrənizdən kainat,

Qismət iltər xanınızdan cümlə zat.

Məxfi ikən, zahir oldu dərdimiz,

Otuz iki laməmat, illa həyat.

 

Ey təbibi-haziqü nazikmizac,

Sən bilirsən xəstə könlümə əlac.

Mən könül ilə sənə qul olmuşam,

Şivə ilə nazına nə ehtiyac?

 

Doğdu Məğribdən günəş, endi Məsih,

Burğu çalındıvü həşr oldu səhih.

Keç kinayətdən ki, rəmz oldu sərih,

Gör ki, müstəhsənmisən, yoxsa qəbih?

 

Saqiyi-gülrüx əlindən bir qədəh

İç, pərişan xatirin olsun fərəh.

Mey haram isə, həqin nitqi halal,

Qamu məzhəbdə budur qövli-əsəh.

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info