Qonaq Kitabı
YAŞAR

N i y a z, İ m a m y a r  və Y a q u t gəlirlər.

 

N i y a z. Həzrətabbas haqqı sən bütün kənddə mənim papağımı yerə soxmuşsan, o nə köpək oğludur ki, mənim qızım onunçun çay gətirsin. Çatan üzümə bir söz deyir. Kasıbam əgər, onsuz da kasıbam. İncinar olmasın ki, lap babası olsun. Həzrətabbas haqqı doğraram hamısını.

İ m a m y a r. Sən de, atam, qurtar, sonra mən danışaram.

N i y a z. Nə deyəcəyəm ey... Onu da korlamışsan. Çatan da kənddə bir söz deyir. Mala şərik deyilsən mənnən ki...

Y a q u t. Mən heç bilmirəm neynəmişəm ki, mənə acıqlanırsan.

N i y a z. Səsini kəs. Itin balası, vurram dişlərin tökülər qarnuva. Həzrətabbas haqqı doğrayacağam səni...

İ m a m y a r. Bura bax, ey... qurtardın ki dahı baş götürmə. Adam uşağı hər şey üstə söyməz. Bu xalq namusunu çöldən tapmayıb ki. Gördün onu bir pis əməldə, vur, öldür... mən də səninlə. İndi ki, bu yazıq bir şey eləməyib. Çörək gətirəndə nə olar?

N i y a z. Belə, heç mən istəmirəm ki, kökündən onunla danışsın. Sən mənim uşağım üçün vəkillik niyə eləyirsən! Mənimlə şərikli uşaq əkmissən?

İ m a m y a r. Balam, o yazıq sənə bir yamanlıq eləməyib ki. Aparıb can kimi qulluğa qoyub, sənin çul-çuxan düzəlibdir...

N i y a z. Mən namusumu satan adam deyiləm. Aləm işləyir, mən də onların biri, uşağın bura nə dəxli var...

İ m a m y a r. A balam, deyir palaza bürün, elnən sürün! Görürsən xalq öz arvadının çarşabını götürür, sən indi balaca uşağı qəfəsə salmayacaqsan ki. Haçan gördün bir əskik iş gördü, vur, öldür. Gəlmədim dalınca, deyinən belə...

N i y a z. Yaxşı da, görərik də... (Düzəlir yola).

İ m a m y a r. Yeri, yeri... get işüvün üstünə. Dahı işi atıb ağzını ayırma, min göz baxır (Niyaz gedir). Yaxşı, dahı sən də tökmə gözlərüvün yaşını. Yenə neynəmişsən məgər?

Y a q u t. Heç nə... helə-belə! Deyir nə üçün onunla danışırsan...deyir Səfərgil gülürlər mənə...

İ m a m y a r. Doğru deyir də... hamınız elə bir tumnansınız, işin nə dalını yoxlayırsınız, nə qabağını... Mənə bax... bunun başında ağıl zad yoxdur, vurar bir xata çıxardar, əngələ düşərik. Sən o gədəni də çox üzə çıxartma. Yox, əgər həqiqətən, ürəyindən bir şey keçir... deyinən ona, götürsün səni başı səlamətliynən rədd olsun burdan... belə olmasın ki, başımız xataya düşsün...

Y a q u t. O getmək istəmir...

İ m a m y a r. Demişsən? (Yaqut başı ilə “hə” deyir). Yəni axtarsan, ona da çox etibar yoxdur. Bir urus qızını da salıb yanına, kim bilir kimdir, nəçidir...

Y a q u t. Deyir, o heç nəyim deyil...

İ m a m y a r. Elə deyər də, bəs nə deyər... Indi ki, heç nəyi deyil, təkbaşına qaya altında nə azarları var! Mənə bax! Bu Niyazın da üzastarı yoxdur. Dahı mən öldüm onun dərdini çəkməkdən. Kluba göndərdim səni bir dava çıxdı, məktəbə göndərdim, bir dava çıxdı, axırda da verdi bir otaylıya ki, nə var naçalnikdir. Ağladın, sıtqadın ki, onunla da bir cəncələ düşdük. Mənim bir sözüm yoxdur. Doğrudan da əgər ürəyində bir şey var, de, ona, götürsün səni rədd olsun buradan. Yoxsa bir cəncəl çıxsa, mən dahı qarışan deyiləm, özünüz bilin.

Y a ş a r. Ay dayı, sən oturmuşsan burda, yenə də kəndlilər cəncəl çıxarmışdılar. Gücnən, bəlaynan sakit eləmişəm onları.

İ m a m y a r. Mən də hələ onların əlindən qaçmışam. Deyir, adamın gərək dərrakəsi olsun: ya özü qansın, ya da özgəsi deyəndə başa düşsün. Hələ hamısı öz qarnını güdür, dahı sabahı fikirləşən yoxdur ki... Xalq burada sosialist tikir, bunlar rəhmətlik uşağı bir girvənkə çörək üçün qırğın salırlar.

Y a ş a r. Ürəyim lap getdi acından...

İ m a m y a r. Odur, qız çörək gətirib səninçin, otur bir az sal ağzuva! Sən də lap özünü şəhid eləyirsən: nə yemək bilirsən, nə yatmaq. Nə xəbər məgər, canını çöldən tapmamısan ki...

Y a ş a r. Baxmırsan da iş getmir axı...

İ m a m y a r. Zalım uşağı bir başa düşmür ki, eşşəyə minmək bir eyib, düşmək iki eyib. Biz ki, işə başlamışıq, gərək yaman, yaxşı axıra vuraq, görək nə olur. Deyir: çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Sən çörəyini ye, mən gedim görüm neyləyirlər (Gedir).

 

Yaqut çörəyi Yaşarın qabağına qoyur.

 

Y a ş a r. Bu saat, əllərimi yuyum (Gedir).

Ş ə r ə b a n ı (Əmirqulu ilə araba sürərək gəlirlər). A kişi, nə üçün güc vurmursan? Belüvi azar almayıb ki? Istəyirsən bütün güc mənim üstümə düşsün!

Ə m i r q u l u. Adə, ay zalımın qızı, hara itələyim. Çarx çıxıb daşın üstünə, daşı at o üzə, bir yol aç, mən də itələyim də...

Ş ə r ə b a n ı. Sənin daşnan işin olmasın, sən güc vur!

Ə m i r q u l u. A köpək oğlunun qızı, hara güc vurum? Doğuram bəyəm, güc vurum... Daşları at, yol açılsın, sonra güc vurum də...

Ş ə r ə b a n ı. Sən özün gəlib aça bilmirsən yolu?

Ə m i r q u l u. Qabaqda sənsən, mən? Atova lənət, məni bununla bir yerə salan...

Ş ə r ə b a n ı. Köpək oğlu, qolçomaq köpək oğlu, burda da istəyirsən məni dəstimar eləyəsən, güc vur deyirəm sənə... (Lapatkanı götürür, onun dalınca qaçır.)

Ə m i r q u l u (daldalı qaçaraq). Bax, Şərəbanı, ləpətgəynən gəlmə, ləpətgəni yerə qoy deyirəm sənə. Həzrətabbas haqqı fənərlərəm gözüvün altını...

Ş ə r ə b a n ı. Məni, məni? (Əlbəyaxa olurlar).

Ə m i r q u l u. Çuxamı burax, çuxamı yırtma deyirəm sənə...

Ş ə r ə b a n ı. Məni, məni qolçomaq köpək oğlu? (Əmirqulunu yerə yıxır).

Y a ş a r (gəlir). Ay Şərəbanı xala, sən bu qolçomağı məgər ləğv eləyib qurtarmamışsan?

Ş ə r ə b a n ı. Yoldaş Yaşar, mən bunnan işləmək istəmirəm. Bu qolçomaqdır. Canını azar alıb: nə güc vurur, nə itələyir. Məni bir ayrı arabaçıynan sal. Bu saat gedəcəyəm kənd sovetinə, görüm sən nə deyib güc vurmursan.

Ə m i r q u l u. Yaxşı, köpək oğlunun qızı, mən də elə-belə gedirəm kənd sovetinə, əgər sənin tumanuvu çıxartdırıb, miyantəngüvə döydürməsəm, məndən köpək oğlu adam yoxdur. Düş qabağıma! (Gedirlər).

Y a ş a r (oturur çörək yeməyə). Ay sağ ol. Yaqut, qiyamət qızsan... İşləri yoluna salan kimi, birbaş səni aparacağam şəhərə, əmini də. Gedərsənmi, Yaqut?

Y a q u t. Hələ belə qoymazlar...

Y a ş a r. Həldə belə, necə yəni hələ belə? Hələ belə aparmaram ki, yaxşı-yaxşı apararam, maşınnan apararam.

Y a q u t. Apar məni, Yaşar, tez apar, hələ bu gün apar. Sonra özün qayıdarsan. Yox özün də qayıtma! Bu kəndə gəlmə, bu kənd yaxşı deyil.

Y a ş a r. Yaxşı deyil?.. Neyçin, lap qiyamət kənddir ki, başdanbaşa kolxoz, çay, göyərti... Ancaq bir az ağcaqanad adamı dişləyir.

Y a q u t. Burda ağcaqanad çoxdur. Sən burda qalma...

Y a ş a r. Yox, Yaqut, indiki halda məni öldürsələr də, bir addım o yana gedə bilmərəm.

Y a q u t. Sən ondan ayrıla bilmirsən?

Y a ş a r. Kimdən?

Y a q u t. O qızdan, Tanyadan. Sən hər gün onunla gəzməyə gedirsən.

Y a ş a r. Ha-ha-ha... O, azad bir qızdır. Yaqut, biz gedib yerlərə baxırıq. Mən orda təcrübə üçün bağça salmışam. İstəyirsən işdənsonra gəl, sən də gedək...

Y a q u t. Yox, məni qoymazlar.

Y a ş a r. Kim, əmin?

Y a q u t. Yox, atam. Əmim söz deməz, atam qoymaz.

Y a ş a r. Əmin yaxşı adamdır, Yaqut. Ağıllı adamdır...

Y a q u t. Yox... əmim... (Bir söz demək istəyir, yenə də saxlayır). Gedək bu kənddən, Yaşar, gedək, qaçaq!

Y a ş a r. Daha qaçmaq nə üçün? Biz hələ səni xoşluqnan apararıq da. Qoy ancaq işimi qurtarım. Boynumda vəzifə var ey... Vəzifə bilirsən nədir? Iş... Dur, hələ sənin üçün burda bir bağça salacağam ki...

T a n y a. Yaşar... Burdasan? Sən lap ağ eləmişsən ki... Get evdə çörək də ye, həm də bir az dincəl də, belə yuxusuz ölərsən ki. Vay, mən özüm də acından ölürəm ki...

Y a ş a r. Otur, Tanya, otur! Yaqut qiyamət bozbaş bişirib.

T a n y a. Yox, Yaşar! Çörəyini ye, gəl bir bax şalbanı suya basdıra bilmirik, su güclüdür, aparır. Işçilər dayanıblar (Tanya çörəkdən bir parça kəsir).

Y a ş a r. Gedək, gedək.

T a n y a. Çörəyini ye qurtar, sonra.

Y a ş a r. Çörəyi sonra gəlib yeyərəm... İşçilər boş dayanmasın. Küftədən götür, Tanya! Küftə qiyamətdir! Yaqut lap ustalıq eləyib...

T a n y a (küftədən götürərək). Yaqut yaxşı qızdır.

T o ğ r u l (gəlir). Yaxşıdır da məni göndər pul dalınca, özün otur biri o yanında, biri bu yanında! Tanya, özüm ölüm yazaram kontrol komisyonuna, sən bir küftəyə allanıb mənim ailə həyatımı pozmaq istəyirsən...

Y a ş a r. Otur, otur, çörək ye... Nə oldu pul?

T o ğ r u l. Mən nə bilim nə oldu? Dedi indi gətirərəm. Yaşar, bu yaxşı deyil. Sən mənim ailə həyatımı pozursan; gah onu qaya altına aparırsan, gah ona küftə verirsən... Allah haqqı, Tanya, acığımı çıxardarsan, alaram Yaqutu, ondan sonar adam istəyirəm özünü öldürsün...

T a n y a. Min kərəm sənə demişəm mən səni sevmirəm. Yaşarı sevirəm. Başa düşdün?

T o ğ r u l. Elədir ki... elədir ki... Yaxşı, sonra görərik kim özünü öldürər?

Y a ş a r. Adə, bir az küftə götür, görək şalban nə oldu?

T o ğ r u l. Yemirəm, cəhənnəmə olsun sənin küftən (Gedir).

Y a ş a r. Kişi qısqanır da... güc deyil ki... Gedək görək, Tanya. Yaqut, istəyirsən sən get, mən bu saat gəlirəm.

Y a q u t. Yox, gözləyirəm, qabları aparacağam.

Y a ş a r. Yaxşı, bu saat. Görüm bu şalbanın hesabı, sözü nədir ki, suya batmaq istəmir.

 

Gedirlər. Yaqut onların ardınca baxır, sonra başını aşağı salıb ağlayır və ağacla yerdə nə isə çəkir... Uzaqdan kim isə oxuyur.

 

İ m a m y a r (gəlir). Hə, nə oldu, hələ getməmişsən?

Y a q u t. Qabları gözləyirəm.

İ m a m y a r. Nə danışırdınız burda?

Y a q u t. Heç nə.

İ m a m y a r. Bəs nə deyirdin ki, əmim belə, əmim elə...

Y a q u t. Deyirdim əmim yaxşı adamdır, atam acıqlanır.

İ m a m y a r. Atan adam deyil ki! Yamanca başımı cəncələ saldım. Bircə səni burdan rədd eləyə bilsəydim.

Y a q u t. O getmək istəmir...

İ m a m y a r. İstəmir?

Y a q u t. Deyir işi qurtarmamış heç bir yana gedə bilmərəm.

İ m a m y a r. Yalan deyir köpək oğlu. Başı qızışıb o urus qızına, dahı onu anlamır ki, dünyayi-aləm düşməndir ona. Yaxşı, daha axşamdır... Gələn kimi çörəyini yesin, tez qabları apar get! O gərək ki, evə getməyəcək, urus qızıynan sözləşirdi. Hələ burdan yenə qaya altına gedəcəklər...

 

Gedir. Yaqut tək düşünür və ağlayaraq oxuyur.

 

Y a ş a r (gəlir). Yaqut, sən hələ getməmişsən?.. Bu nədir, qız, sən ağlayırsan?

Y a q u t. Gedək, Yaşar, burdan... Mən hər şeyi deyə bilmirəm, gedək burdan...

Y a ş a r. Sənə nə olmuşdur, Yaqut, ağlayırsan?

Y a q u t. Gedək Yaşar, sən allah gedək. Mən buradan qorxuram, səninçin qorxuram.

Y a ş a r. Ağlama qız, dəli deyilsən ki... Nədən qorxursan? Mən özüm atanla danışaram, göndərərəm səni şəhərə, öz evimizə... əmin aparar qayıdar yenə... Gözlərini sil, başını yuxarı tut görüm (Yaylığı ilə onun gözlərini silir).

 

Bu aralıq N i y a z, T ü r b ə t, Ə m i r q u l u, Ş ə r ə b a n ı  və  bir neçə i ş ç i gəlir...

 

N i y a z (Yaşarı Yaquta mehribanlıq edən görüb). Adə, köpək oğlu, sən indi bu xalqı belə biqeyrət hesab eləyirsən ki, a, günün günorta çağı...

 

Yaşarla Yaqutun üzərinə atılır.

 

Ə m i r q u l u. Niyaz, Niyaz... (Niyazı tutur).

N i y a z. Burax, deyirəm sənə, mən bu vaxtacan namussuzluqla yaşamamışam.

İ m a m y a r (gəlir). Yenə nə var, adə, nə olub, aləmi yığıb doldurmuşsan bura,

nə olmuşdur?

N i y a z (İmamyara). Sənin atovu yandıracağam, köpək oğlu. Mənim başıma

bu oyunları açan sənsən. Buraxın məni.

İ m a m y a r. Nə olmuşdur axı, ay gic oğlu gic? Adamın gərək dərrakəsi olsun (Əmirquluya) Sən yeri, adə, gör Nüsrətdən-zaddan kim var, çağır gəlsin bura, bəlkə bu gic oğlunun ağzını yumsunlar (Əmirqulu qaçır). Camaat içində biabır elədi bizi.

N i y a z. Buraxın məni, deyirəm sizə.

İ m a m y a r (Yaquta). Nə var, ay Allah öldürmüş, yenə nə olmuşdur, biabır elədin qoydun bizi.

Y a q u t (ağlayır). Mən ağlayırdım.

İ m a m y a r. Zəhrimar ağlayırdım, dərd ağlayırdım (Yavaşca). Deyinən ki, məni güc ilə tutmuşdu. Yoxsa bu it balasının ağzını yummaq olmaz, qırar çatar aləmi.

N i y a z. Səni mən parça-parça doğramasam, atamın belindən gəlməmişəm. Qoy sonra güllələsinlər məni. Soxdun axır papağımı yerə.

İ m a m y a r. Adam ol, adə, adam ol, adə, aləmi özüvə güldürmə.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info