Qonaq Kitabı
YAŞAR

Y a q u t gedir.

 

T o ğ r u l. Aha... Yaqut?!

T a n y a. Nə gözəl qızdır! Olmaya sənin dediyin elə bu qızdır?

Y a ş a r. Budur, Tanya. Görürsən, gözəl deyil? O mən düşündüyümdən daha gözəl çıxmışdır.

T o ğ r u l (qollarını çırmayıb boks vəziyyəti alaraq). Ey-ey, pasmatri... sən öləsən, heç o boyda zarafat yoxdur. Bu qızı mən özüm alacağam. Gərək Tanya olmayaydı, gör alırdım, ya yox.

T a n y a. Mənə nə var?...

T o ğ r u l. Necə mənə nə var? Dahı ikinizi də bir kərəmə ala bilmərəm ki. Yenə sən məni sevməsəydin...

T a n y a. Kimdir o səni sevən? Bax, Tokay, bir də desən, yazacağam control komissiyasına...

T o ğ r u l. Eh, yaz da... Bəs özün mənim ailə həyatımı pozursan.

T a n y a. Ailə həyatı hansıdır?

T o ğ r u l. Necə hansıdır? Bu gün-sabah səni alaram, olar ailə həyatı.

İ m a m y a r (bayırdan səsi gəlir). Səsini kəs, adə səsini kəs, adə. Adamda gərək dərrakə olsun, adam gərək ya özü qansın, ya da özgəsi deyəndə qulaq assın... (İçəri girir).

Y a ş a r. Nə var, dayı?..

İ m a m y a r. Heç, a kişi, uşaqlardır. Adamın ki, dərrakəsi olmadı, heç zad.

T o ğ r u l (Yaşara). Di dur ayağa görək. Nüsrət deyirdi bu saat adamlar yığışacaqlar. Kağız-mağızını da yığışdır.

İ m a m y a r. Hə... adamlar elə çay qırağında təpədədir...

T a n y a. Biz bayırda dayanmışıq, tez qurtar...

T o ğ r u l. Tez, tez. Mən də bayırda dayanmışam. Tanyanı gözdən qoya bilmərəm.

Y a ş a r. Bu saat (Toğrul və Tanya çıxır). O kimdi qışqırırdı, dayı?

İ m a m y a r. A kişi, heç nə!.. Mənim bir dəlisov qardaşım var, odur...

Y a ş a r. Nə var, nə olub? Nə deyir axı?

İ m a m y a r. A kişi, axtarsan, heç nə... Adamın gərək bir dərrakəsi olsun, adamlığı olsun, qanacağı olsun. Gəlib görüb ki, uşaq bura çay gətirir, başlayıb nəm-nüm eləməyə. Belə basaram, belə kəsərəm. Deyirəm: ay atam, hər zəmanənin bir hökmü var. Bir vaxt var idi ki, oğlan bir yaylıq alma götürüb gedərdi, dırmaşardı hasara, nə var, mən adaxlıbazlığa gəlmişəm. Bir də görürdün qızın atası, qardaşı durdu ayağa, partapart... düşürdü bir qırğın. Indi dəxi zəmanə dəyişib, arvadlar kişilərdən çoxçox bilirlər. Elə deyil yəni, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?

Y a ş a r. Sən doğru düşünürsən, dayı.

İ m a m y a r. Deyirəm: balam, bu uşaq gəldi-gedər deyil ki, deyəsən belə. Öz elimizdir, günümüzdür. Hər yerin, hər vaxtın bir qaydası vardır. Sən o partapartnan böyümüşsən, olar indi belə böyüyüblər də... İntəhası, bir qız bir oğlanındır. Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?

Y a ş a r. Dayı, onun acığı gəlirsə, mən köçüb başqa yerdə otura bilərəm.

İ m a m y a r. Uşaq olma, a kişi... Mənimlə mala şərik deyil ki... Xoşu gəlmir, özü köçsün getsin başqa yerdə otursun. Mənim qonağımın gözünü filəyənin gözünü çıxardaram...

T o ğ r u l (bayırdan). Nə oldu, adə, Yaşar? Səni görüm yaşamayasan, qurtar da...

Y a ş a r. Bu saat. Yaxşı, dayı, sonra danışarıq.

İ m a m y a r. Həri ya... Ürəyinə başqa şey gəlməsin, qardaşoğlu! Bular hamısı dərrakəsizlikdəndi... Buyur, buyur qardaşoğlu... Ver kağızları mən götürüm...

Y a ş a r. Yox, dayı, bu kağızları özümdən ayrı sala bilmərəm. Hər nə var, proyekt və ya başqa hesablar hamısı bu papkadadır. Bunları düzəltmək üçün dörd il işləmişəm. Bu ki itdi, hər iş qurtardı getdi. Sonra nə mən bir iş görə bilərəm, nə də heç kəs...

İ m a m y a r. Aha... Belə de... Onda, başına dönüm, bərk saxla, Allah eləməmişkən itər edər, peşmançılıq olar. Buyur, buyur...

 

Çıxırlar. Onlar gedəndən sonra Y a q u t gəlib stəkanları yığır.

Yaşarın kimya şüşələrinə baxır. Tarın simini barmağı ilə tərpədir və divan üstə

oturub, pəncərəyə baxaraq oxuyur.

 

Y a q u t.

Mənə hər görən

Dedi daima

Ki gözəllərin

Vəfası yox.

 

Çəkil eşqdən

Uzaq eşqdən

Ki, səfası yox,

Cəfası çox.

 

Sənin ardınca

Yaşıl bağları,

Uca dağları

Aşaram, gözəl!

 

Sənin dərdindən

Gecə gülmədən,

Gündüz bilmədən

Yaşaram, gözəl...

 

P ə r d ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

DÖRDÜNCÜ GÖRÜŞ

 

Kənd sovetinin qabağında.

Solda axan çay, bataqlıq, arxada kənd, dağlar, ağaclar.

 

N ü s r ə t. Yaxşı, yoldaş Yaşar, indi bizi yaxşı-yaxşı başa sal görək bu necə işdir?..

Y a ş a r. Bilirsiniz, yoldaşlar, kəndimizin qabağından keçən bu çayı ki, özünüz bilirsiniz, hər il bu çay daşır, torpağı suvarır, yenə də çəkilir. Ona görə kəndimizin torpağı məhsuldardır, ancaq daşqından bataq əmələ gəlir. Odur ki, kəndimiz bütün ölkəmiz üçün qızdırma yuvasıdır.

İ m a m y a r. Doğrudur, atam, doğrudur. Kənd başdan-başa qızdırmalıdır.

T o ğ r u l. Tanya, sən replikaları da yaz...

T a n y a. Hamısını tutmaq olmur, vaciblisini sən de, mən də yazım.

 

Əmirqulu və Şərəbanı gəlirlər.

 

Ş ə r ə b a n ı. Hanı bu Nüsrət, yoldaş Nüsrət...

N ü s r ə t. Bircə dayan, ay Şərəbanı xala, otur, qulaq as, söz danışırıq...

Ş ə r ə b a n ı (Əmirquluya). Bas özünü yerə, səni əldən qoyan deyiləm.

Y a ş a r. Əlbəttə, suvarma işlərini düzgünləşdirməklə qızdırmanı aradan qaldırmaq olar. Traktor da salarsan, əmək azalar və məhsul çoxalar.

H ə s ə n. İştə, bizim də istidadımız şurasıdır, binaən-əleyh...

Ə m i r q u l u. Dayan, görək, a Şindi Həsən. Şorasıdır, yox kükürdüdür.

Y a ş a r. Ancaq mənim sözüm burasında deyil, yoldaşlar. Traktor da gəlsə, ancaq bu kəndin ətrafındakı yerlər işlənə bilər. Halbuki hökumətimiz ikinci beşillikdə sinifsiz cəmiyyət yolunda mübarizə apararkən biz kustar təsərrüfatda mıxlanıb qala bilmərik. Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik. Bizdən üç kənd aşağıda, Alakəndin solundan geniş bir duzlaq başlanır. Min verstlərlə bu geniş düzən otsuzələfsiz, faydasız yatıb qalmışdır.

İ m a m y a r. Var, var, elədir, Şordüzən... Şordüzən... nə ucu var, nə bucağı...

Y a ş a r. Bu gəlişdən bizim məqsədimiz o yaramaz düzü işə salmaqdır.

N i y a z. O duzlaqda şey əmələ gəlməz ki...

İ m a m y a r. Bir hövsələnizi basın da. Bu xalq elm oxuyub, məktəb qurtarıb, sənicən bilmir yəni... həlbət bir şey bilir ki, deyir də.

Y a ş a r. Əmələ gələr, yoldaşlar. Dövlət laboratoriyası kimyəvi bir tərkib ixtira edibdir ki, duzu bitərəfləşdirir.

Ə m i r q u l u. Necə, necə... bitərəfləri duza qoyurlar?..

N i y a z. Dayan, adə... duza qoyurlar! Yox bir turşuya qoyurlar.

Y a ş a r. Dayanın, yoldaşlar, mən bu saat sizə yazı ilə başa salım (Taxtada yazır). Baxın, bu natri xlor NaCI, deməli, duz tərkibi belədir: NaCI + NO+ N2SO4 deməli, duz artır üstünə haş iki o. Başa düşdünüz, yoldaşlar?

Ə m i r q u l u. Aşı başa düşdük, ancaq “o”-yi başa düşmədik.

Y a ş a r. Aş yox, yoldaşlar, haş, haş... yəni müvəllidilma, hidrogen... başa düşdünüz?...

İ m a m y a r. Düşdük... düşdük, qardaşoğlu. Sən sözünü buyur.

T o ğ r u l. Hidrogen, yəni su qazı.

Ə m i r q u l u. Bəs, o “o” nədir?

Y a ş a r. “O”, yəni kislorod, oksigen. Başa düşdünüz? Yəni turşulu qaz. Başa düşdünüz?

Ə m i r q u l u. Aha, turşu... turşunu başa düşdüm, deməli, o aş, o da turşulu qaz. Deməli, turşu qovurma da...

İ m a m y a r. Qulaq as, ay Əmirqulu. Sonra da deyirsən arvad məni qapazlayır.

Ə m i r q u l u. Onu Allah döymüşdü. Kişidi bir də gəlsin, fənərlərəm gözünün altını.

Ş ə r ə b a n ı. Kimin gözünün altını, qolçomaq oğlu qolçomaq!

Ə m i r q u l u. Dayan, ay həyasızın qızı, görmürsən deyirlər kəndlilərə turşu qovurma verəcəklər!

Ş ə r ə b a n ı. Gözündən gəlsin, hələ dünən xoruz ölmüşdü, bişirdim verdim, təpdin gözünə ki...

Ə m i r q u l u. Ay anlamazın qızı anlamaz, belə xoruz çığırtması demir ey, qaz çığırtması deyir, qazdan turşu qovurma, başa düşdün? Ancaq öləsən də mən qazana əl vurmayacağam.

İ s l a m. Qulaq asın, yoldaşlar, belə olmaz ki.

T o ğ r u l. Dayan, dayan, Yaşar, mən sənin sözlərini bunlara tərcümə eləyim. Yoldaşlar, Yaşar yoldaş bir dərman tapıb ki, duza qatışanda duzu əridir, eləyir torpaq. Başa düşdünüz?

H a m ı. Başa düşdük, başa düşdük...

T o ğ r u l. Hə, indi gerisini de, amma başına dönüm, dahı çox da dərindən qırıldatma... bu yazıqlar hidrogeni nə başa düşsünlər.

Y a ş a r. Demək, o dərmanı gübrə kimi duzlara səpmək, duzu yox eləmək lazımdır. Bunun üçün Alakənddə bir kimya zavodu, bir də elektrik stansiyası açılmalıdır. Çay barı içərisinə alınmalı, su elektrostansiyaya, oradan da dediyimiz geniş çöllərə buraxılmalıdır. Beləliklə, bir az keçmədən Şordüzən zəngin bir pambıq tarlasına çevrilmiş olar.

İ m a m y a r. Dayan, dayan. Yaxşı, qardaşoğlu, çay ki, barı içərisinə alındı, bəs onda bu üç kənd su üçün nə eləyəcək?

Y a ş a r. Bu kəndlərə su verilməyəcəkdir...

T ü r b ə t. Bəs bizim əkinlərimiz, bağlarımız nə olacaqdır?

Y a ş a r. Biz onları qurban verməliyik, çünki biz burada, tutaq ki, üç yüz hektar itiririk, əvəzində isə orada on min hektar qazanırıq.

İ m a m y a r. Aha... deməli belə...

S ə s l ə r. Heç belə şey ola bilməz... Biz burada zəhmət çəkmişik, kolxoz düzəltmişik. İndi sən gəl bizim suyumuzu kəs ki, nə var şorluğu sulayacağam.

Y a ş a r. Başqa yol yoxdur, yoldaşlar...

İ m a m y a r. Olmaz ki, qardaşoğlu, bura da su verəsiniz, ora da?..

Y a ş a r. Heç bir cürnən mümkün deyildir. Biz bu məsələni çox düşündük, başqa bir çarə yoxdur.

S ə s l ə r. Yoxdur, eləməyin...

Ə m i r q u l u. Neçin eləməsinlər, sizin mənfəətiniz vacibdir, hökumətin?..



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info