Qonaq Kitabı
YAŞAR

N i y a z. Biz kəndlilər bir nəfər qalana kimi belə işə razı ola bilmərik.

H ə s ə n. Əfv edərsiniz, arqadaşlar. Burada bir sui-təfəhhüm əmələ gəlir, binaən-əleyh izah edilməlidir... Şurası çətindir ki, şorluq suvarılır, kəndimizin suyu kəsilir. Halbuki eyni zamanda hər ikisi də suvarıla bilər, məmafi!..

Ə m i r q u l u. Bizə mafə-zad lazım deyil.

T ü r b ə t. Bizim suyumuzu kəsməkdənsə, diri-diri mafəyə uzatsalar ondan yaxşıdır.

Ə m i r q u l u. A balam, qulaq asın, bir işi başa düşün, bəlkə hələ bizə mənfəəti var... Dahı bu adamların çiyinlərinə düşməyibdir ki, nə sənə, nə mənə, suyumuzu kəssinlər.

T ü r b ə t. Nə başa düşmək ey... Kolxoz dedilər, düzəltdik. Taxıl deyirsiniz, veririk. Bir Allahın suyu axıb gedir, onu da gəlmişsiniz ki, çəpər çəkəcəyik...

N i y a z. Biz kəndlilər bir nəfər qalana kimi belənçik sarsaq plana qol çəkə bilmərik.

Ə l i y a r. Bəri gəlin, adə... bunlar özlərini rəngə salıblar...

N ü s r ə t. Yoldaşlar! (Hamı dönür). Mərkəzi Komitə bizə yazır ki, biz bu yoldaşlara hər bir barədən kömək eləyək, daha orada yazılmır ki, üç kəndin suyu birdən-birə kəsilsin. Biz buna yol verə bilmərik. Biz bunu hələ sabah mərkəzdən soruşmalıyıq.

Y a ş a r. Yoldaşlar, siz burada bir şey itirmirsiniz. İntəhası, kolxozdur, bu vaxta kimi burada işləyirdi, buğda əkirdi, indi orada işləyər, pambıq əkər. Biz dörd yüz işçi gəlmişik, stansiyanı tikib yenə qayıdacağıq. Bu quruluş sizin üçün qalacaq. Siz fabrikalarımıza pambıq verərsiniz, fabrikalar da sizə çit.

T ü r b ə t. Xeyr, biz öz dədə-babalarımızın sümüklərini qoyub şorruğa gedə bilmərik.

Ə m i r q u l u. Nə üçün gedə bilmərik? Belə gedərəm ki... ancaq bir şərtnən: pambığı əkərəm, qurtardı getdi... dahı o xəmir tabağıynan işim yoxdur. Arvad da qapazlasa, qoysunlar fənərləyim gözünün altını...

Ş ə r ə b a n ı. Səni Allah döymüşdü. Yoldaş Yaşar, mən hamısından qabaq gedərəm, ancaq bu qolçomaqdır, yalan deyir.

T ü r b ə t. Əgər biz kəndlilərdən soruşursuzsa, biz razı deyilik, yox əgər bizim saqqalımıza soğan doğrayırsınız, onda özünüz bilin...

N i y a z. Kolxozdur, burada da vardır, dahı bizi dağa-daşa, niyə salırsınız?..

Y a ş a r. Yoldaşlar...

H ə s ə n. Binaənəleyh, kəndlilər razı deyil və hagəza heç kəs razı deyil... Məmafi!..

Ə m i r q u l u. Bircə mən bilmədim o mafə hansıdır ey!

Ş ə r ə b a n ı. Mafə odur ki, sənin özüvü o mafənin içinə uzadacaqlar...

Ə m i r q u l u. Şərəbanı, dilini kəs, Allah haqqı, fənərlərəm gözüvün altını.

T ü r b ə t. Biz kəndlilər razı deyilik, qurtardı, getdi.

S ə s l ə r. Özlərindən hoqqa çıxardırlar...

T o ğ r u l. Yoldaşlar...

İ m a m y a r. Bağışla, qardaşoğlu. Ay camaat, adam bir şeyi başa düşər, sonra danışar. Bu adamlar, çiyinlərinə düşməyib ki, boş yerə nə sənə, nə mənə, bizim suyumuzu kəssinlər. Deməli, bir şey fikirləşirlər də... Elə deyil, qardaşoğlu, ya bəlkə biz qanmırıq?

T o ğ r u l. Elədir, dayı...

T ü r b ə t. Suyumuzu kəsir qoyur bir yana, dahı bunun nə fikirləşməyi?

İ m a m y a r. Suyu kəsir, burda on arşın yer itirir, orda min arşın qazanır. Bir abbası atır lətərəyə, min manat qazanır. Belə deyil, qardaşoğlu, ya bəlkə biz qanmırıq?!

Y a ş a r. Elədir, elədir, dayı...

İ m a m y a r. Deməli, hökumət burda bir şey itirmir, qazanır. Qaldı indi biz kəndlilər necə, dahı hökumət bizim suyumuzu kəsəndən sonar bizi siçan kimi acından qırmayacaq ki, intəhası deyəcək ki, kolxozsan, burda işləmirdin, get orda işlə, taxıl əkirdin, pambıq ək. Belə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?

Y a ş a r. Belədir, belədir, düzdür, dayı...

T o ğ r u l. Doğrudur...

İ m a m y a r. Ancaq indi burda bir məsələ var. Sən burda, tutaq ki, əkirdin buğda, həyətində alman da var, gilasın da var. Hökumətə verəni verirdin, yerdə qalanını da satırdın, ya da yeyirdin. Amma indi pambıq əkəndən sonra nə bazaar çıxarıb sata biləcəksən, nə yeyə biləcəksən, verəcəksən hökumətə. Əlbəttə, onda hökumət də sənə gərək çörək də versin, başqa şeylər də versin. İndi ola bilər, bir gün versin, tox olasan, bir gün vaqon geciksin, ac qalasan...

T ü r b ə t. Kişinin ki taxılı başının altında olmadı, ruzusunu əvvəldən tədarük eləmədi...

İ m a m y a r. İndi nə olsun. Sən burda beş şahı itirirsən, hökumətimiz milyon qazanır. Bizim borcumuz nədir? Həlbəttə, hər şeyə qatlaşmaq. Biz indi bir az ağırlıq çəkirik, əvəzində uşaqlarımız üçün yaxşı olar. Pambıq da hələ fabrikalarımıza gedir də... Bəs o çiti hardan geyirsən? Intəhası bir-iki əl çətin olar. Sonra düşər bir nizama. Neynək, az-az yeyərik, qənaət elərik. Atam, biz yoxsullar öyrəncəliyik: aş olmaz, bozbaş yeyərik.

Ə m i r q u l u. Elə niyə? Bəs o turşulu qazı kim yeyəcək? Yenə də siz?

N ü s r ə t. Səs salmayın, yoldaşlar!

İ m a m y a r. Əmirqulu, adam tək öz qarnını fikirləşməz. Camaatın xeyrini fikirləşər. Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?!

Y a ş a r. Belədir, dayı! (Əl çalır). Mən çox sevinirəm ki, sadə bir kəndli, kolxozçu vəziyyəti bir çoxlarından yaxşı düşünür.

N ü s r ə t. Dayanın, yoldaş Yaşar... Siz birdən-birə üç kəndin suyunu kəsmək istəyirsiniz. Buna heç bir partiya təşkilatı razı olmaz.

İ m a m y a r. Üç kənd batar, əvəzində yüz kənd tikilər... abad olar...

Ə m i r q u l u. Yəni su bizim nəyimizə lazımdır ey, pambığı özləri verəcəklər. Xəmirdən-xəmirə su lazım olacaq, odur ey, Şərəbanı ölməyib ki...

Ş ə r ə b a n ı. Eh... səni Allah döymüşdü, mən su gətirim. Yoldaş Nüsrət, bu qolçomaqdır, məni dəstimar eləyir, danışanda da basır məni altına, hər yerimə gəlir, vurur.

Ə m i r q u l u. Yalançının atasına lənət. Yoldaş Nüsrət, sən atovun goru, bir de görüm, arvadın kişini qapazlamağa ixtiyarı var? Sən hələ mənim çuxamı yırtmışsan, əvəzində sənin darbalağını yırtsam, məndən köpək oğlu yoxdur.

Ş ə r ə b a n ı. Səni Allah döymüşdü, qolçomaq oğlu qolçomaq...

N ü s r ə t. Yoldaşlar, qulaq asın. Ay Şərəbanı xala! Yoldaşlar, məsələni qurtarmaq lazımdır. Partiya komitəsində danışarıq, sonra məlum olar...

Ə m i r q u l u. Mən əgər yoxsulam, mən razıyam. Nə təfavütü var – əkmərəm buğda, əkərəm pambıq, təki çörəyimi versinlər, ancaq təndirə girməyəcəyəm...

Ş ə r ə b a n ı. Səni Allah döymüşdü...

N ü s r ə t. Yaxşı, məsələ qurtarır, biz gedək (Nüsrət gedir).

T o ğ r u l. Yaxşı, bu nə oldu? Oturdular, danışdılar, getdilər!..

T a n y a. Məsələni partiya komitəsinə yazmaq lazımdır.

Y a ş a r. Sən yaz, Tanya, sabah göndərərik.

İ m a m y a r. Bilirsən, qardaşoğlu, bunlar hamısı dərrakəsizlikdəndir. Partiyaçı olanda nə olar. Mən sovet sədri olsaydım, belənçik məsələni heç danışmağa qoymazdım.

T a n y a. Mən hamınızın danışdığını yazmışam. Hamısını partiya komitəsinə göndərəcəyəm.

İ m a m y a r. Göndər, mən qorxmuram. İndi qanacağım orayacandır, onu deyirəm. Düz olmaz, deyərlər mənə qanmırsan, mən də ağzımı yumub oturaram.

Y a ş a r. Mənim ayaqlarım kəsilir, Toğrul!

T a n y a. Mən də yorğunam...

Y a ş a r. Gedək də, Toğrul, mən çay qırağını gözdən keçirəcəyəm. Bir azdan adamlar yığışar, yenə danışarıq.

T o ğ r u l. Gedək də, bir şey ki, çıxmadı, dahı kimi gözləyirik.

İ m a m y a r. Gedin, gedin!... Ay qız, Yaqut, nə oldu qız kəsmiş! Sən də get, uşaqçın bir şey-mey tədarük elə, indi qayıdar, yorğundur, bir az dincəlsin.

 

Hamı gedir. Səhnədə ancaq Imamyar, Mirsəqulu və Türbət qalır.

 

T ü r b ə t. Mənə bax, Imamyar, dahı bu məsələ qurtardı görəsən?..

İ m a m y a r. Nə qurtardı! Sizin bilmirəm başınıza at vurub, topuğunuza at vurub, onların heç biri məsələnin günhünü anlamırlar. Onların partiyadan belləri bağlı olmasa, belə qələti eləyə bilməzlər. Bu məsələ keçəcəkdir. Partiyamız da ki, deyir dahı nə söz ola bilər?

T ü r b ə t. Pambıqdan bizə nə olacaq? Ək, ver hökumətə. Yaxşı, o ki, Nəcəfqulu sənin üçün qıraqda əkir, o nə olacaq?

İ m a m y a r. İndi qıraqda sən də əkdirirsən, o da əkdirir, bir mən deyiləm ki... Sənin bağın yoxdur, ağacın yoxdur, mənə nə var. Mən hər cür olsa öz başımı girləndirərəm. Vay əlsiz-ayaqsızların halına.

T ü r b ə t. Pambıq əkib hökumətə verməkdənsə, gedib adam qəbrə uzansa, daha yaxşıdır.

M i r s ə q u l u. Axı burda neyləmək olar?

İ m a m y a r. Dahı eləyən özgədən soruşmaz ki!.. Bir şey eləyən də olsa, gərək o Yaşara eləyə. O olmasa, o biriləri bir qələt eləyə bilməzlər. Eləyən də gərək belə eləsin ki, qabaqca üstünə bir pirçim atıb, işdən çıxartdırsın. Ya da elə eləsin ki, özü işdən əl çəksin... Buna da ki, mən razı olmaram.

T ü r b ə t. Necə axı ey... nə yolnan?

İ m a m y a r. İndi eləyən yolunu da tapar da... Adam durmasın yamanlığa, durandan sonra çox yol tapılar! Odur elə biri bizim Yaqut məsələsi, ya başqa məsələ, ancaq mənə də nə düşüb ey, iki batman yerdir, əkmərəm də... Mən, atam, hökumətə yamanlıq eləmək istəmirəm.

T ü r b ə t. Bəs bu xalqın bağı, əkini? Su ki, kəsildi, hamısı öldü, getdi də, İmamyar! Sən gəl bu işə bir yol tap.

İ m a m y a r. Yox, atam, məni bu işə qatışdırmayın, mən bacarmaram, yəni bacararam ha, ancaq mənə nə düşüb ey. Eləyən gərək elə eləsin ki, dahı heç bir şeydən qorxmasın. Atmaq lazım gəldi atsın, öldürmək lazım gəldi öldürsün.

T ü r b ə t. Ölmək ölməkdir, dahı xırıldamaq nə deməkdir? Hər nə cür olsa, bu plan gərək dağılsın. Qurtardı getdi... nə deyirsən?..

İ m a m y a r. Vallah, nə deyim, işinizə baxın da... Mən hələ qalmışam cənnətnən cəhənnəm arasında: nə olardan keçə bilirəm, sizə də yazığım gəlir. Deyirəm evin getdi, malın getdi, dahı sonra sən özün nəyə lazımsan?

T ü r b ə t. Sən istəmirsən, özün bil, mən eləyəcəyəm.

 

P ə r d ə

 

 

BEŞİNCİ GÖRÜŞ

 

Çay sahilində bənd tikilir. Stansiya inşaatı yarıya çatdırılmışdır. Yüzlərcə işçilər çalışırlar.

 

İ ş ç i l ə r i n s ə s l ə r i. Bir, iki, bir də, hop!.. Bir, iki, bir də, hop! Daş ver! Şalbanı tut! Mişarı gətir! Taxtanı çək! Səməndi tök! Bir, iki, bir də, hop!

İ m a m y a r (Türbətlə gəlir). O çürük şalbanları taxta bəndin altına kim qoyub?

T ü r b ə t. Sən özün ayırdın verdin, biz də qoyduq da... Toxunan kimi taxtabənd yatacaqdır... Vay onun altında qalanın halına!

İ m a m y a r. Mən ora sağlarını da qoymuşdum, çürüklərini atmaq olmazdımı?..

T ü r b ə t. Mən hələ bildim ki, sən özün elə istəyirsən.

İ m a m y a r. Mənim çiyinlərimə düşməyib ki. Yaxşı, cəhənnəmə olsun, keçib, dahı səs salma! Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. Mən dahı gedirəm, sən orada ol.

 

Hərəsi bir yana gedir. Bir azdan T o ğ r u l gəlir.

 

Y a ş a r (qarovul budkasından əlində sirkul çıxıb Toğrulu görür). Toğrul, kimi axtarırsan?

T o ğ r u l. Bir ədəd sinif düşməni axtarıram.

Y a ş a r. Sinif düşmənini nə eləyirsən?

T o ğ r u l. Mübarizə aparmaq istəyirəm. Kəndə gəldin sinif düşməni ilə mübarizə aparmadın, nə ləzzəti?

Y a ş a r. İşini gör, adə... kənd başdan-başa kolxozdur, burada sinif düşməni nə gəzir.

T o ğ r u l. Bəs bu qəzetlər gündə nə yazırlar. Sinif düşməni belə gəldi, qolçomaq belə getdi, ayağı dəyənək belə getdi. Şəklini də çəkirlər, belə-belə dişləri, belə-belə gözləri. Hələ gözüm oyan-buyandadır ki, görüm bir yekədiş hayandan taparam. O gün birini gördüm, qabaqdan bir dişi gözümə bir az böyük göründü. Düşdüm dalınca. Hər kimdən soruşdum, dedilər: Allahın lap lüt bəndəsidir ki, xalis tülüngi. Birbaş raykoma kimi getdim dalınca. Mənə elə gəlir ki, bu köpək oğlunun xarabasında nəhs kimi heç kökündən yekədiş adam yoxdur.Hamısının dişi xırda mirvari kimi, illah ki, bizim o Yaqutun dişləri, elə bil incidir, sapa düzülüb.

Y a ş a r. Ey, ey! (Qollarını çırmayır). Smatri!

T o ğ r u l. Balam, nə olar, yoldaşlıq deyil... Gəlsənə, aşna, doğrudan da əyridəyişik eləyək. Yaqutu mən alım, Tanyanı sən. Özü də boğucu qaz da ixtira edibdir. Bütün ağcaqanadları qırıb-çatar səninçin.

Y a ş a r. Mənə bax, uzun danışma, bu saat adam göndər Çinar kəndin üstündəki şalbanları bir yerə bağlasınlar, atsınlar çaya, burada tutarıq. Tanya hanı?

T o ğ r u l. Tanya kəndlilər ilə çənə-boğazdadır. Köpək uşağı işləmək istəmirlər. Adamı görəndə başlayırlar: çörək nə oldu, qənd nə oldu, çay nə oldu, pul nə oldu? Gördüm iş şuluqdur, qoydum qaçdım. O yenə arvaddı, bir az utanırlar.

Y a ş a r. Bakıya teleqraf göndərdiniz?

T o ğ r u l. Üst-üstdən dördünü...

Y a ş a r. Bu gün də pul gəlməsə, işlər yaman olacaq. Yenə işçilər başa düşürlər, amma kəndlilər cəncəl salırlar.

T o ğ r u l. Sən öləsən, Imamyar olmasa, bir köpək oğlu işləməz. Birini danlayır, biri ilə üzləşir, birini qovalayır, başa salır, yazıq lap qabıqdan çıxır...

Y a ş a r. Özü də ağıllı, qanacaqlı, aktivist.

T o ğ r u l. Yaxşı ki, sən qarovul və təsərrüfat işlərini ona tapşırdın...

Y a ş a r. Mənə bax, Toğrul, gəlsənə sən raykomdan bir-iki günlük, bir-iki min manat borc alasan, işçilərə az-az paylayaq.

T o ğ r u l. Yox, aşna, mən o gün də səkkiz min almışam. İndi də sən özün get...

Y a ş a r. Mənim ilə arası yoxdur. Təzə gələndə ona opportunist demişəm, məndən xoşu gəlmir...

T o ğ r u l. Partiya komitəsindən bir vıqovor basıblar belinə hələ o iş üçün. Amma mənimlə arası kökdür.

T ü r b ə t (gəlir). Yoldaş Yaşar! Durmuşsuz burda, işçilər hamısı işi atdılar, düzəldilər yola...

T o ğ r u l. Bəs İmamyar orda yoxdur?

T ü r b ə t. İmamyar orda yoxdur, yenə orda olsaydı, birtəhər qoyardı boyunlarına...

T o ğ r u l (Yaşara). Yaxşı, sən get ora, mən yenə gedim raykoma, görüm bəlkə, Nüsrəti birtəhər iş üstə qoydum, bir-iki min manat qopartdım (Gedir).

Y a ş a r. Gedək, görək.

T ü r b ə t. Kəndlilər deyirlər: ac-acına, qəndsiz-çaysız adam işləyə bilməz ki...

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info