Qonaq Kitabı
YAŞAR

Y a ş a r, N ü s r ə t, N i y a z və bir neçə nəfər içəri girir.

 

İ m a m y a r. Daha gərək bağışlayasınız. Kolxozçu evidir də. Bu da mənim qardaşım qızıdır, yaxşı qızdır, amma çox haramzadadır, hər kəs necə danışır, necə yeriyir, o saat taxlıtını çıxarır. (Yaquta) Yeri qız, yeri, uşaqlar üçün bir az çaydanmaydan gətir.

Y a ş a r. Bura heç yaman deyil. Yaxşı otaqdır... Mən kənddən lap uşaqlıqdan getmişəm. Gözümün altına almışdım ki, qaranlıq bir daxmaya gedəcəyəm. Mən geridə qalmışam. Mən heç düşünməzdim ki, kəndimizdə belə mükəmməl bir kolxoz olsun...

N ü s r ə t. Oho! Bizim kəndimizin kolxozu bu mahalda ən birinci kolxozdur. Yoldaş İmamyar da kolxozun ən çalışqan üzvlərindən biridir. Kolxozun düzəlməsində, demək olar ki, hamıdan çox çalışır. İki yol mükafat almışdır. Özü də kənddə ən aktiv bir yoldaşdır. Ona görə də mən sizi buraya göndərdim...

Y a ş a r. Aha, mən çox şadam...

N ü s r ə t. Hərçənd keçənlərdə atası bir balaca yarımqolçomaq kimi olubdur, ancaq özünün heç bir şeyə dəxli yoxdur.

İ m a m y a r. Yəni indi ata-baba yolu ilə gedən kimdir? Yoldaş Yaşarın da atası cır-cır araba ilə gedirdi. Indi, Allaha şükür, avtomobilin fırıltısından qulaq tutulur.

Y a ş a r. Avtomobil mənimki deyil, onu bizə hökumət vermişdir.

İ m a m y a r. Neynək, neynək... Bilirsən, qardaş oğlu... Deyir: bir gün padşahın oğlu piyan olub yıxılmışdı palçığın içinə, bir qara qul da padşah olmuşdu, at üstündə öz qoşunu ilə oradan keçirdi. Padşah oğlu başını götürüb dedi: nə oyan-buyan eləyirsən, atan qaraqul olubdur, mənim atam padşah. Qaraqul güldü, dedi: Atamnan atana baxınca özümnən özünə bax da. Indi sənin, Allah başacan eləsin, avtomobilin var, amma biz gözümüzü dikmişik kolxoza, Allah bərəkət versin, bir parça çörək çıxır, yeyirik. Neynək, olmaz, aş yemərəm, pendir-çörək yeyərəm. Təki bizdən sonra gələnlər yaxşı yaşasınlar.

N ü s r ə t. Zarafat eləyirəm, yoldaş Imamyar.

İ m a m y a r. Ay qız, Yaqut, nə oldu çay? Allahvurmuşun adı Yaqutdur, özü heç saxsı da deyil.

N ü s r ə t. Mən gedim bir başa çıxım, görüm necə yerləşdilər. Bir azdan gələrəm, danışarıq.

B ə h r a m. Yoldaş Nüsrət, mən deyirəm Yaşar yoldaşı da başqa bir yerə köçürmək lazımdır.

N ü s r ə t. Nə üçün? Bura ki, rahat yerdir, həm raykoma yaxındır, həm də...

B ə h r a m. Ayrı bir yer yoxdur?!

N ü s r ə t. Nə üçün axı, səbəbi nədir?

B ə h r a m. Səbəbini deyə bilmərəm. Deyəsən, bu evin taxta-şalbanı mənim gözümə birtəhər görünür.

N ü s r ə t. Yox, yoldaş, siz arxayın olun. Yoldaş İmamyar kolxoz idarəsinin ən çalışqan bir üzvüdür. Yoldaş Imamyar dayı, özün bil də.

İ m a m y a r. Sən arxayın ol, canım, məni ki, Allaha şükür, tanıyırsan (Nüsrət gedir). Qardaşoğlu, özün ki, Allaha şükür, arifsən. Bu zamanda mənim-sənin yoxdur. Deyir: at kimindir, minənin, ev kimindir, oturanın, arvad kimindir, qolqabırğasını sındıranın... Daha bu ev sənin ixtiyarındadır. Elə bil biz də burada bir qonaq...

Ş ə r ə b a n ı (Əmirqulu ilə dolaşaraq, içəriyə girir). İçəri gəl, ölsən də qoymayacağam. Hanı o Nüsrət? İçəri gəl, köpəyoğlu! Sənin atanı yandıracağam.

Ə m i r q u l u. Şərəbanı, bax, çuxamı yırtma, deyirəm sənə. Nüsrət mənə nə eyləyəcək, deyəcək arvad səni qapazlasın, sən dayan bax?

Ş ə r ə b a n ı. Hanı o Nüsrət?

Ə m i r q u l u. Bax, çuxamı yırtma deyirəm sənə...

İ m a m y a r. Yenə nə var, ay Şərəbanı arvad?

Ş ə r ə b a n ı. Bu köpəyoğlu qolçomaqdır. Məni dəstimar eləyir.

Ə m i r q u l u. Qolçomaq sənin atondur.

Ş ə r ə b a n ı. Qolçomaq sənin atondur. Səkkiz qoyunu var idi, dörd keçisi, bir dənə də eşşəyi.

Ə m i r q u l u. Eşşək sənin də atovun varı idi. Özü də qulaqları bu uzunluğunda...

Ş ə r ə b a n ı. Kimin qulaqları uzundu? Kimdir uzunqulaq: atam, ya eşşək?

Ə m i r q u l u. Elə ikisi də...

Ş ə r ə b a n ı. Uzunqulaq sən özünsən. Bircə düş qabağıma! Səni birbaş kənd sovetinə aparmasam, heç atamın qızı deyiləm.

Ə m i r q u l u. Çuxamı cırma deyirəm sənə. Həzrətabbas haqqı, fənərlərəm o biri gözüvün də altını...

İ m a m y a r. A balam, bir danışın görək nə var axı?

Ş ə r ə b a n ı. Nə olacaq? Bu köpəyoğlu qolçomaqdır. Məni dəstimar eləyir. Kolxozda o da işləyir, mən də, evdə də məni rahat qoymur. Çörək bişir, xəmir yoğur, təndirə gir...

Ə m i r q u l u. Həyasızın qızı, həyasız, daha mən gəlib sənin üçün qollarımı çırmalayıb xəmir yoğurmayacağam ki...

Ş ə r ə b a n ı. Yoğurarsan, canın da çıxar. Sənin köhnə hava başında qalıb.

Y a ş ar. Bunlar xalis sinfi mübarizə aparırlar ki...

İ m a m y a r. Belə, bilirsən, bunların doğrudan da köhnə hava başlarında qalıb. Qabaq arvad evdə otururdu, axşama kimi xırda-mırda işini görürdü. Indi işdən gəlir, çay qoy, xəmir yoğur, su gətir, belə də... Biz bilirik axı! Neynək, o xəmir yoğuranda, sən uşağı saxla. Bəs yoldaşlıq necə olar? Belə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?

Y a ş ar. Lap doğru deyirsiniz, yoldaş İmamyar.

Ə m i r q u l u. Yaxşı, elə bil lap saxladım bu uşağı. Sonra ağlayanda ağzına nə verəcəyəm? Döşüm var, başım var?..

Ş ə r ə b a n ı. Deyəndə də durur basır məni altına, harama gəlir vurur.

Ə m i r q u l u. Bəs onda ki, sən məni qapazlayırsan, bəs onu kimin ayağına yazaq? Qanunda arvad kişini qapazlamaq var?..

Ş ə r ə b a n ı. Düş qabağıma deyirəm sənə. Səni gərək birbaş kənd sovetinə aparam.

İ m a m y a r. Axı, kim kimi döyüb, ey?..

Ə m i r q u l u. Axtarsan o məni... Işdən gəlmişik, tutub ki, mən un ələyirəm, sən də gərək xəmir yoğurasan...

İ m a m y a r. Neynək, adam un da ələr, xəmir də yoğurar.

Ə m i r q u l u. Deyirəm indi bu yaşımda mən sənin üçün xəmir yoğuracağam? Qap mənim üçün təndir kösöyünü. Mən də yapışdım kösöydən. Bu kösöyü buraxdı, girişdi mənə. Özü də mənnən avanddı, götürdü məni hədəyinə, gördüm yıxacaq məni qanova, çarəm kəsildi, paçaladım bunu...

Ş ə r ə b a n ı. Eh səni Allah vurmuşdu paçalayasan məni. Elə paçalaram səni ki, çığırtın göyə çıxar.

İ m a m y a r. Bilirsən, Əmirqulu, adam özgəyə zəhmət verməkdənsə, özü zəhmətə qatlaşar ki, iş düz getsin. Yəni elə deyil, bəlkə mən qanmıram?

Y a ş a r. Elədir, elədir, yoldaş Imamyar.

Ə m i r q u l u. Zalımın qızı dədə-baba qolçomağı burda qoyub, mənim yaxama yapışıb.

İ m a m y a r. Allah sənə bəla versin, ay Əmirqulu. Hər şeyi salırsan zarafata, sonra da deyirsən Şərəbanı arvadda taxsır var. Belə deyəndən sonra qapazlamasın səni neyləsin?!

Ə m i r q u l u. Yalan deyirəm yəni?..

İ m a m y a r. Ay pir olmuş, adam bir zarafatın yerini bilər. Bir xam adamın yanında da deyərsən, görərsən, doğrudan da xorradı. Yeri, yeri, gedək o biri evdə həm çay içək, həm də uşaq yoldan gəlib, bir az dincəlsin. Orda işinizi düzəldərəm. Qorxma, arvadnan barışdıracağam səni...

Ş ə r ə b a n ı. Mən çay-zad içmirəm. Onu əldən qoyan deyiləm. Düş qabağıma səni birbaş kənd sovetinə aparacağam.

Ə m i r q u l u. Şərəbanı, çuxama yapışma deyirəm sənə. Həzrətabbas haqqı o biri gözüvün də altını fənərlərəm...

 

Çıxırlar.

 

İ m a m y a r. Yaxşı, gedək, sizin də işinizi düzəldək. Ay qız, Yaqut, nə oldu sənin bu çayın?

Y a q u t (o biri evdən). Bu saat, bu saat.

İ m a m y a r. Qardaşoğlu, gərək daha bağışlayasan da, uşaqların anası evdə yoxdur. Qız təkdir. Hələ deyir bu saat, bu saat, gəlib çıxmır. Daha nə edək, bu zamananın qızları belədir də. Çox deyərsən, deyər heç vermirəm, gəl özün apar... hələlik sağ ol...

Y a ş a r. Eybi yoxdur, dayı, tələsmirəm.

 

İmamyar gedir. Yaşar fit çalaraq əl çamadanını açır, papiros çıxarıb stol üstünə qoyur. Tarını divardan asır. Kiçicik pəncərəyə yanaşıb bayıra baxmağa başlayır. Səhnə ardında oxuyurlar.

 

Y a q u t (əlində çay içəri girərək və gülümsəyərək). Xoş gəlmişsiniz!

Y a ş a r. Sağ olun!

Y a q u t (çayı stol üstünə qoyaraq) Əmim yenə nə danışırdı? Yəqin məni söyürdü.

Y a ş a r. Sizin əminiz mənim çox xoşuma gəldi, Yaqut. Gözüaçıq, üzügülər...

Y a q u t. Sən mənim adımı hardan bilirsən?

Y a ş a r. Mən sənin adını uşaqlıqdan bilirəm.

Y a q u t. Mən də sənin adını bilirəm. Sənin adın Yaşardı. Biz uşaqlıqda bir yerdə oynardıq, yadındadırmı?

Y a ş a r. Yadımdadır, Yaqut. Həmişə kəndi fikirləşəndə, birinci yadıma sən gəlirdin. Sən onda lap balaca idin.

Y a q u t. Sən məndən böyükdün. Elə də nadinc idin ki. Bir yol mənim başıma bir daş vurubsan, indi də yeri qalıb, bax bir... (Örpəyini çəkir, başını Yaşarın köksünə doğru əyir. Yaşar gülərək, onun saçlarına baxır). Həmişə başımı darayanda sən yadıma düşürsən...

Y a ş a r. Yəqin həmişə də söyürsən məni.

Y a q u t. Yox, söymürəm... O sizinlə gələn arvad kimdir?

Y a ş a r. O mənim yoldaşımdır.

Y a q u t. Yoldaşın, yəni arvadın da?..

Y a ş ar. Yox, mənim arvadım yoxdur, evlənməmişəm. Xalis subayam ki, varam.

Y a q u t. Burda indi adamlar öz arvadlarına yoldaş da deyirlər, axı. Bəs kimi gözləyirsən? Çay soyudu ki, otur da...

Y a ş a r. Yox, Yaqut, mən bir azdan yığıncağa gedəcəyəm.

Y a q u t. Yığıncaq deyirlər axşamüstüdür ki. Mən də gedəcəyəm. Hələ soyun, bir az dincəl, çıxart pencəyini.

Y a ş a r. Yox, mən hələ bir qədər...

Y a q u t. Çıxart, çıxart! Bir az sonra gedərsən. Yığıncaq qaçmır. Çıxart görüm!

 

Onun pencəyinin yaxa düymələrindən yapışıb soyundurmaq istəyir. Qollarını elə uzadır ki, Yaşarı qucaqlamış kimi olur. Bu aralıq pəncərədən İ m a m y a r ı n başı görünür.

 

Y a ş a r. Yavaş, ay qız, yıxıldım ki (Yıxılmamaq üçün Yaqutdan yapışır).

Y a q u t. Yavaş, əmim gəlir.

 

Yaqut gedir. Yaşar təcrübə alətləri ilə məşğul olur. Yaqut səhnə dalından oxuyur.

 

Y a q u t.

Sənin ardınca

Yaşıl bağları,

Uca dağları

Aşaram, gözəl.

 

Sənin dərdindən

Gecə bilmədən,

Gündüz gülmədən

Yaşaram, gözəl.

 

Y a ş a r. Eh... getmək lazımdır.

T o ğ r u l (bayırdan). Adə, Yaşar, Yaşar! (Tanya ilə gəlir). Hələ yatmamışsan?

Y a ş a r. Heç yata bilmirəm...

T o ğ r u l. Yoxsa ağcaqanadlar dişləyir? Tanya, sən gərək o boğucu qazlarını gətirə idin. Necə ağcaqanad malıdır!

T a n y a. Özünü ələ sal. Sənin qurbağandan necədir?..

T o ğ r u l. Özüm ölüm, elə mükəmməl yatmışdım ki, gəlməsə idin, axşama kimi duran deyildim.

T a n y a. Mən səhərdən bütün kənd sahilini gəzmişəm. Sənin proyektini fikirləşirdim. Yaşar, başqa cür heç mümkün deyil.

T o ğ r u l. İndi ki, yata bilmirdin, barı oturub işləyə idin. Yaşar, qız harada olur?

Y a ş a r. Hansı qız?..

T o ğ r u l. O ki şəhərdə dilindən düşmürdü. Yaqutdur, zümrüddür, saxsıdır nədir? O ki bir yol vurub başını da yarmışsan a?

 

Yaqut çay gətirir və Yaşarın boş stəkanını aparmaq istəyir.

 

Y a ş a r. Mənim üçün bir az açıq tök, Yaqut...

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info