Qonaq Kitabı
YAŞAR

İ v a n o v. Axı, bizə nə var, professor (Tanya içəri girir). Hələ ki, bu yerlər onlarındır, bizim deyildir. Azərbaycan Respublikasıdır. Qoy getsinlər, özləri bilərlər.

B e l o k u r o v. Necə yəni? Yox, yox, İvan Qriqoryeviç, mən bildiyimi deməliyəm. Bu cinayətdir...

T a n y a. Doğrudan da sizin deyil, professor. Bir zamanlar bu yerlər sizinki idi. Bütün xalqları əzən çar Rusiyası idi. İndi isə qardaş xalqları birləşdirən Sovetlər İttifaqı vardır. Siz bunu bilməlisiniz, professor.

İ v a n o v. Yox, Tanya, sən mənim sözlərimi eşitmədin. Mən onu deyirəm ki, onlar gəncdir, öz yerlərini abad etmək istəyirlər. Bizim onların qabağını kəsməyə ixtiyarımız yoxdur.

T a n y a. Əlbəttə ki, yoxdur. Hər təcrübənin iki nəticəsi ola bilər. Bu təcrübədir. Mən sizi başqa cür başa düşdüm, professor. Mən əminəm ki, partiya da buna kömək edəcəkdir.

Y a ş a r (gələrək). Budur, professor, baxın...

B e l o k u r o v. Yox, Yaşar, mən qocayam, ancaq bütün ömrümü bununla keçirmişəm. Bu baş tutmayacaqdır.

Y a ş a r. Onda geniş akademiya iclası çağırtdırın. Mən də öz əsaslarımı göstərim, siz də.

T o ğ r u l. Tanya, partiya özəyinə də bildirmək lazımdır ki, gəlsinlər.

B e l o k u r o v. Kim gəlir gəlsin. Mən öz sözümü deyəcəyəm. Milyonlarla pulları sonsuz bir işə atmaq və bilərək buna razı olmaq... Yox, mən buna etiraz edəcəyəm. Mən buna yol verə bilmərəm.

İ v a n o v. Sən hazırlaş, Yaşar! (Qulağına) Ola bilər ki, professorun illər ilə çalışıb tapa bilmədiyini sən tapmışsan. Bu, əlbəttə, ona bir az ağır gələ bilər. Ancaq bu kimi şeylər bizim sosializm quruluşumuzun yürüşünü toxdada bilməz. Mən orada hamısını açıq deyəcəyəm.

Y a ş a r. Təşəkkür edirəm, professor. Mən hazıram...

T o ğ r u l. Dayan, mən hələ bu saat bütün institutu yığım buraya (Gedir).

 

P ə r d ə

 

 

İKİNCİ GÖRÜŞ

 

Geniş bir auditoriya. Rəyasət heyətində B e l o k u r o v, T a n y a, T o ğ r u l, başqa bir neçə injener və professorlar, N ü s r ə t və başqa bir neçə nəfər oturmuşdur.

 

Y a ş a r. Mənim, elmi əsasları qoyub, professorun əsassız ehtimallarına inanmağa heç bir ixtiyarım yoxdur.

B e l o k u r o v. Bu, ehtimal deyil, mən buna şübhə etmirəm.

A d a m l a r. Hanı, haradadır? Duzu pozublar? Bu çox qəribədir. Görmək lazımdır.

Y a ş a r. Baxın, yoldaşlar! Bu duz. Baxın, elədirmi? Bu da tərkib. İndi baxın, şüşədə duz varmı?

A d a m l a r. Yoxdur! Görüm onu! Yoxdur. Doğrudur, doğrudur! Bravo, Yaşar!

T o ğ r u l. Qurtardı getdi də.

B e l o k u r o v. Siz günəşin təsirini gözdən qaçırırsınız. And içirəm ki...

Y a ş a r. Sübut göstərin, professor.

T o ğ r u l. Elmi mübahisədə and sübut deyildir...

T a n y a. Fakt göstərin, professor.

İ v a n o v. Məsələ aydındır. Yoldaşlar, gənc injener öz ixtirasını və gələcək iş proyektini açıq elmi əsaslarla sübut edir. Deyə bilərlər ki, professor hələ də çürük irq nəzəriyyəsinin təsirindən qurtara bilmir. O, dünən əzilən bir azərbaycanlının bu gün böyük bir kəşfiyyat yapması ilə barışa bilmir...

B e l o k u r o v. Dayan, dayan. Deməli, mən şovinistəm də! Yalan deyirsən! Mən, rus şovinizminə tüpürmək belə istəmirəm.

H a m ı. Doğrudur.

İ v a n o v. Bağışlarsınız, professor Ola bilər. Bunu mən demirəm, belə deyə bilərlər. Deyə bilərlər ki, ixtira son dərəcə əhəmiyyətlidir. Professor Belokurov beş ildir ki, bu məsələ üzərində çalışır və bu vaxta kimi bir nəticə çıxara bilməmişdir. Bu gün gənc bir injenerin onu qabaqlaması heç şübhəsiz ki, professora bir qədər ağır gəlir...

B e l o k u r o v. Yalan deyirsən. Mən ona paxıllıq eləmirəm. Mən onu öz oğlumdan artıq istəyirəm. Qoy özü desin. Yaşar, sən özün de ona... Mənim ancaq çölə atılacaq milyonlara heyfim gəlir.

İ v a n o v. Onun əlində açıq-aydın sübutlar var ki, daşdan keçir.

T a n y a. Doğrudur, doğrudur.

B e l o k u r o v. Doğrudur, yoldaşlar. Mənim əlimdə indilik fakt yoxdur. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. Nə etmək, qoy getsin, təcrübə aparsın, bəlkə də mən səhv edirəm. Mən də çalışacağam. Ancaq bilirəm ki, bu iş baş tutmayacaqdır.

T a n y a. Onu gələcək göstərər.

V a s i l y e v. Artıq mübahisəyə dəyməz, yoldaşlar, məsələ aydındır. Gənc injenerin ixtirası son dərəcə dəyərlidir. Professor Belokurovun əlində tutarlı bir sübut yoxdur. Əlbəttə, bu işə milyonlara pul və insan əməyi atılmalıdır. Lakin proyekt bizə fayda verirsə, biz bundan qorxmamalıyıq.

H a m ı. Doğrudur, doğrudur (Əl çalırlar). Bravo, Yaşar, bravo!

Y a ş a r. Mən başımla zamin oluram.

V a s i l y e v. Təcrübə yüksəlişin qanadıdır. Biz, əlbəttə, daha geniş auditoriya qabağında yenə də danışarıq. Ancaq hər halda gənc injenerə öz proyektini həyata keçirmək üçün imkan verməlidir və veriləcəkdir.

H a m ı. Bravo! (Əl çalırlar).

İ v a n o v. Yoldaşlar, burada kollektivimizin partiyaçıları başda olmaq üzrə hamısı, proyektin dəyərli olduğunu göstərdilər. Beləliklə, gənc injenerin proyekti bir səslə qəbul edilir.

B e l o k u r o v. Mən öz fikrimdən dönmürəm və bilirəm ki, bu iş baş tutmayacaqdır (Gedir).

T a n y a. Fakt başqa şey göstərir, professor.

A d a m l a r. Bravo, Yaşar, bravo! (Əl çalaraq çıxırlar).

T o ğ r u l. Sağ olsun, Ivanov, gördün Belokurova nə dedi?

Y a ş a r. Mən professor haqqında onun fikrinə şərik deyiləm. Professor səmimi deyir, ancaq səhv edir.

T o ğ r u l. Baxma, atasını yandırmışsan, bu günkü qərar hələ sabah partiya komitəsinə göndəriləcəkdir. Məsələ qurtarmış kimidir.

Y a ş a r. Tanya, mən səni də, Toğrulu da, özümlə aparacağam. Partiya komitəsindən tələb edəcəyəm. Gedərmisiniz?

T a n y a. Mən hazıram, Yaşar.

T o ğ r u l. Tanya ki, gedir, mən ondan qabaq gedərəm.

Y a ş a r. Gedək yoldaşlar. Bu gurultudan sonra işi yatırmaq – ölmək deməkdir. Proyekti yazmaq, smetanı düzəltmək, tərkibi hazırlamaq... Vay, lap başım çatlayır...

İ v a n o v (onlara yanaşır). Məndən razı qaldınızmı, Yaşar?..

Y a ş a r. Sağ olun, professor.

 

Ayrılıb gedirlər. Medvedyev İvanova yanaşır.

 

M e d v e d y e v. İvan Qriqoryeviç! Mən sizin fikrinizi düşünə bilmədim. Siz elə can yandırırdınız ki.

İ v a n o v. Siz onu sonradan düşünərsiniz. Bu gənclərin hər üçünü məhkəmədə görməsəniz, mən heç bir şey bilmirəm.

M e d v e d y e v. Deməli, siz Belokurovun fikrinə şəriksiniz?

İ v a n o v. Belokurov doğru deyir. Mən ona məsləhət gördüm ki, sussun, o qulaq asmadı. Qoy getsinlər, milyonlarla pulları otsuz-ələfsiz çöllərə atsınlar, gəlsinlər. Onların faydasız itirdikləri hər bir kərpic bizim qazancımız və qələbəmizdir. Belokurov doğru deyir. Bu iş baş tutmayacaqdır.

 

P ə r d ə

 

 

İKİNCİ PƏRDƏ

 

 

ÜÇÜNCÜ GÖRÜŞ

 

Kür sahilində böyük bir kənd. İmamyarın evində.

 

Y a q u t və N i g a r otağı yığışdırırlar. Yaqut işləyərək oxuyur.

 

Y a q u t.

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Yar, belə gəl, yar, belə get,

Aralıqda söz olmasın.

 

Asta çal kamançanı,

Hava buluddur, nəm çəkər.

Dəymə-dəymə yar könlünə,

Hələ uşaqdır, qəm çəkər.

 

N i g a r. Doğru deyirsən, Yaqut, üçü də uşaqdır. Ölmüşlər elə də yaraşıqlıdırlar ki. İkisi də, hələ qız da gözəldir.

Y a q u t. Mən su gətirəndə elə bircəsini gördüm. Onu tanıyıram. Adı Yaşardır.

N i g a r. Mən üçünü də hafdamabildə gördüm. Elə keçdilər ki, fırr...

Y a q u t. Əmim deyir hələ bir-iki il burda işləyəcəklər. Yer işlərinə baxacaqlar. Yerləri böləcəklər... Deyir incinardırlar.

N i g a r. Görəsən, o qız da incinardır?

Y a q u t. Kim bilir, bəlkə birinin arvadıdır.

N i g a r. Yox, arvadı ola bilməz.

Y a q u t. Nə üçün?

N i g a r. Ona görə ki, kolxozçular bölüşüblər, hərəsi bir evə düşüb. Əgər ərarvad olsaydılar, ikisi də bir yerə düşərdi.

Y a q u t. Əmim deyir ki, əsl böyükləri bizə düşəndir. Tez, a qız, a qız, çarpayını düzəlt. İndi gələrlər, əmim öldürər məni.

İ m a m y a r (səhnənin dalından səsi gəlir). Ay qız, Yaqut, Yaqut!

N i y a z (içəri girir). Adam olmasın, adam gəlir...

Y a q u t. Vaxsey, gəldilər.

N i y a z. Tez-tez, adam gəlir, keç o biri evə...

İ m a m y a r (içəri girir). Hə! Nə oldu?.. Evi yığışdırdın?

Y a q u t. Bu saat!

N i y a z. Tez-tez, adam gəlir, keç o biri evə...

İm a m y a r. Daha hara keçsin? Evdə adam yox, bu kişiyə kim baxacaq? Qənfet deyil ki, hop eləyib udsunlar onu.

N i y a z. Yox, deyirəm kişi gəlir...

İ m a m y a r. Kişi gəlsin də. Kluba gedir, yığıncağa gedir, adamzad görməyib məgər...

Y a q u t. Hə, gələ bilərlər.

İ m a m y a r. Yeri, deyinən gəlsinlər (Niyaz çıxır). Çay qoymuşsan bir az?..

Y a q u t. Samovar qaynayır.

İ m a m y a r. Bura bax! Sən atovun sözlərinə baxma, onun kəlləsi köhnədir. Deyir, palaza bürün, elnən sürün. Bunlar yer böləndir. Lazımlı adamdır. Yaxşı-yaxşı çay ver, farağat elə, yer sal, bir az dincəlsin. Axır ki, özün bil də...

Y a q u t. Deyirlər biri hələ öz kəndlimizdir.

İ m a m y a r. Bizə gələn Süleyman kişinin oğludur. Kişi daha incinardır. Görmürsən avtomobili, dəzgahı... Özü də bu hamısının böyüyüdür. Raykom məni özü çağırdı, dedi: gərək bunu sən aparasan.

Y a q u t. O qız da görəsən incinardır?

İ m a m y a r. Kim bilir. Daha yaxşı-yaxşı, başa düşdün?

N i y a z (bayırdan). Hə, gəlirik a...

İ m a m y a r. Buyurun, buyurun...

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info