Qonaq Kitabı
YAŞAR

Ş ə r ə b a n ı. Yalançının atasına lənət! Əgər dinmədin, bəs bu gözümün altını kim qaraldıb?

Ə m i r q u l u. Mən nə bilim, bəs mən kişi-zad deyiləm! Sən məni vur, mən durum baxım!

T o ğ r u l. Mən təklif edirəm: Yaqut bir yaxşı hava bilir, oxusun, qulaq asaq.

H a m ı. Ay yaşa, yaşa...

Y a q u t. Mən oxumaq istəmirəm...

H a m ı. Olmaz, olmaz...

H ə s ə n. Məmafi oxumalısınız...

 

Çalırlar.

 

N i y a z. Oxu, zalımın qızı! İgidin sözü sınmaqdansa, namərdin beli sınsın. Təmiz ürəyə can qurbandır...

 

Yaqut istəməyərək oxumağa başlayır.

 

Y a q u t.

Mənə hər görən dedi: ey pəri, bu gözəllərin vəfası yox.

Çəkil eşqdən, uzaq eşqdən ki, səfası yox, cəfası çox,

Sənin ardınca yaşıl bağları, uca dağları aşaram, gözəl.

Sənin eşqindən gecə bilmədən, gündüz gülmədən yaşaram, gözəl...

 

Hamı oxuyur, oynayır.

 

Bu qara duman dağdan aşar, yar bağına yol salar.

Bu qara tikan tapdalanar, ayaqlanar, yar bağında gül qalar...

Getdikcə hava qaralır. Səhnə dəyişir. Y a ş a r tək barının üstündə oturmuş, düşünür. Arxada Yaqutun mahnısı, xor və gurultu bir də təkrar edir... Yağış başlayır, ildırım çaxır, ü ç n ə f ə r barıya yanaşır... İkisi uzaqlaşır, birisi fitili çəkib aparır və uzaqdan yandırır. Qaçarkən Yaşar birdən-birə başını qaldırır. Onu görüncə yerindən sıçrayır.

 

Y a ş a r. Ey, kimsən? Nə edirsən? Dayan deyirəm sənə.

 

Birdən dinamit partlayır, daş-torpaq göyə sovrulur. Yaşar yerə çırpılır. Arxadan bir kölgə ona tərəf qaçır. Uzaqdan güllə səsləri eşidilir.

 

İ m a m y a r. Kimsən? Tərpənmə!.. (Yaşarı tutub, suya atmaq istəyir).

Y a ş a r. Burax, burax məni...

İ m a m y a r. Ölsən də buraxmaram. Namərd oğlu, biz bura bir ətək pul qoymuşuq, sümük sındırmışıq, hamısını hədərə verdin. Sənin atovu yandıracağam...

Y a ş a r. Kim partlatdı? Mən deyiləm. Atan qaçdı. Burax deyirəm sənə.

 

O tərəfdən gurultu qopur. Məşəllər görünməyə başlayır. T ü r b ə t və M i r s ə q u l u əllərində tüfəng qaçırlar.

 

İ m a m y a r. Adə, Yaşar, Yaşar, Toğrul, Nüsrət... Buraya gəlin, tutmuşam. Evimizi yıxdı zalım oğlu... Su basdı aləmi... Bura gəlin!..

T o ğ r u l (ardınca Nüsrət, Tanya, Yaqut qaçaraq). Nə var, kimdir?

İ m a m y a r. Budur, burda tutmuşam. Barını partlatdı, evimizi yıxdı, zalım oğlu.

T o ğ r u l. Kimdir? (Məşəli üzünə tutur). Yaşar! Tfu, köpək oğlu! (Bütün qüvvəti ilə ona bir şillə vurur).

H a m ı. Yaşar?

İ m a m y a r. Yaşar! Vay zalım oğlu, nə elədin? Evimizi yıxdın ki...

Y a ş a r (həyəcanla). Tez suyun qabağını kəsin! Stansiya məhv olur...

 

Yaqut onun üzünə baxır və üzünü örtərək, gücsüz divara söykənir.

 

T o ğ r u l. Tez, daş verin, kisələri doldurun...

S ə s l ə r. Su qalxır...

H ə s ə n. Su gəlir, qaçın...

Ş ə r ə b a n ı. Su gəlir, qaçın.

Y a ş a r. Dayanın! Nə edirsiniz? Stansiyanı dağıdırsınız. Ey, briqada, əmrimə qulaq as!

S ə s l ə r. Su qalxır.

Ş ə r ə b a n ı. Su gəlir, qaçın...

Y a ş a r. Heç kəs danışmasın. Briqada, 8 nəfər ayırıb, yuxarı dönüşdən arxın qabağını aç! Kisələri geriyə, istəməz! Qoy su əvvəlki axınla getsin...

T o ğ r u l (bağıraraq). Nə edirsən, Yaşar? Bu yol dağılıb, indi o birini də dağıtmaq istəyirsən?

Y a ş a r. Qoy dağılsın, orada arx dağılır, burda stansiya. Ey, briqada, əmrimə qulaq as! Dönüşdən arxın qabağını aç...

T o ğ r u l. Doğru deyirsən, Yaşar! O mənim əqlimə gəlməmişdir. Tanya, tez yuxarı...

N i y a z. Ay haray, qızımı su apardı!..

H a m ı. Yaqutu su apardı...

Y a ş a r. Kəndir verin! Türbət, atıl suya!

T ü r b ə t. Necə? Bu qiyamətin içinə atılmaq olar? Adamın atasını yandırar.

N i y a z. Ay camaat, qoymayın, qızımı su apardı!

T a n y a. Yaşar, Yaşar!..

Ya ş a r. Qapağı açdılar?..

N i y a z (qaçaraq). Açdılar, stansiya xilas oldu, ancaq Yaqutu su apardı!

 

Heç kəs qorxusundan suya atılmır.

 

Y a ş a r. Mən onu qurtararam (Suya atılır).

H a m ı. Ah!..

T a n y a. Yaşar!

N ü s r ə t. Batdı...

N i y a z. Odur, çıxdı...

N ü s r ə t. Kəndir verin...

H ə s ə n. Tutdu qızı...

N ü s r ə t. Atın kəndiri!

H ə s ə n. Çəkin, çəkin!..

N ü s r ə t. Paltar verin!

T a n y a. Ala!..

N ü s r ə t. Su yavaşıdı...

H ə s ə n. Su azaldı!

Y a ş a r. Su azaldı, indi atın kəndiri.

T o ğ r u l. Stansiya xilas oldu...

N ü s r ə t. Bu qoçağı isə, birbaş dustağa...

 

P ə r d ə

 

 

SƏKKİZİNCİ GÖRÜŞ

 

Hazır stansiyanın bayır görünüşü. Y a ş a r məhkəmə qarşısında... dalğın bir görünüşlə oturub papiros çəkir.

Məhkəmə heyətində s ə d r, p r o k u r o r, İ v a n o v, e k s p e r t , N ü s r ə t və başqaları... Kəndlilər yığışıb qulaq asırlar.

 

P r o k u r o r (durur). Müttəhim Yaşar Süleyman oğlu proyekti yandırmaqla və elektrostansiyanı partlatmaqla xalqın malına qəsd etmişdir. Halbuki sovet qanuni-məcəlləsinə görə ictimai əmlak – el malıdır, toxunulmaz və müqəddəsdir. El malına qəsd edənlərə ən ağır cəza verilməlidir. Mən bir dövlət prokuroru kimi, bunu israrla tələb edirəm...

H ə s ə n. Deməli, prokuror güllələnmək tələb edir...

S ə d r. Vətəndaş Yaşar! Deməli, siz proyekt yandırmağınızı və stansiyanı partlatmaq istədiyinizi inkar edirsiniz?..

Y a ş a r. Mən inkar etmirəm: proyekti mən yandırmamışam, stansiyanı da partladan mən deyiləm. Mən təkrar edirəm ki, mənim işlərdən xəbərim yoxdur...

P r o k u r o r. Vətəndaş Yaşar! Siz öz yoldaşlarınız olan Toğrul və Tanyaya demişsiniz ki, proyekti yandırmışsınız, doğrudurmu?

Y a ş a r. Mən belə söz deməmişəm...

P r o k u r o r. Vətəndaş sədr! Mən şahidlərə bəzi sorğular verə bilərəmmi?

Y a ş a r. Mən belə söz deməmişəm...

P r o k u r o r. Vətəndaş Toğruldan soruşmaq istəyirəm (Toğrul qalxır). Vətəndaş Yaşar proyekt və stansiya haqqında sizə nə demişdir?

T o ğ r u l. Yaşar bizə dedi ki, proyekti yandırmışdır. O deyirdi ki, proyekt el malı deyil, mənim öz xüsusi malımdır. Doğrusu, mən ona inanmırdım, yəni axtarsanız, indi də heç inana bilmirəm. Ancaq özüm də elə qalmışam məəttəl: yaxşı sən vurmadın, mən yıxılmadım, bəs bu nə oldu?

P r o k u r o r. Nə üçün, səbəbini demədimi?

T o ğ r u l. Səbəbini mən bilmirəm... deyirəm bəlkə onun başladığı işi alıb mənə tapşırdılar, bu ona toxundu. O vaxtdan mən onda özümə qarşı bir soyuqluq hiss edirdim.

P r o k u r o r. Vətəndaş Tanya Sviridova! (Tanya qalxır). Vətəndaş Yaşar proyekt haqqındakı sözləri sizin yanınızdamı dedi? Siz də eşitdinizmi?

T a n y a. Mən eşitdim... o dedi: proyekt mənimdir, yandırmışam. Ancaq, doğrusu, mən də inana bilmirəm.

P r o k u r o r. O sizin öz işinizdir. Bizə isə fakt lazımdır. Vətəndaş Yaşar Süleyman oğlu, sizin üçün bu şahidlər kafi deyilsə, başqalarını dindirək.

Y a ş a r. Yox, mənim indi yadıma düşür, onlar doğru deyirlər. Mən bu sözləri demişəm.

P r o k u r o r. Rica edirəm, müttəhimin sözləri yazılsın!

Y a ş a r. Mən ancaq onları hələ-belə demişəm.

S ə d r. Necə hələ-belə?

Y a ş a r. Bilmirəm, mənim onda ağlım başımda deyildi. Yaxşı yadımda yoxdur, bilmirəm nə oldu ki, dedim, gərək ki, acıqdan dedim.

P r o k u r o r. Əlbəttə, sakit vaxtda siz öz işiniz haqqında onlara doklad verməzdiniz... Toğrul sizin işinizi apardığı üçün ondan xoşunuz gəlmədiyindən acıqlanıb demişsiniz. Rica edirəm bunu da yazasınız.

S ə d r. Siz hadisədən bir az qabaq evdə kağız yandırmışsınızmı?

Y a ş a r. Yandırmışam. Ancaq mən ayrı kağızları yandırmışam.

S ə d r. Bəlkə acıqlı olmuşsunuz, bilmədən o kağızları da qatışıq oda atmışsınız.

Y a ş a r. Güman etmirəm... Doğrudur, mən acıqlı idim, ancaq yadıma gəlir, İmamyar yoldaş mənə dedi ki, yaxşı bax, gərəkli kağız olmasın. Bu söz hər halda məni diqqətli baxmağa məcbur edə bilərdi...

P r o k u r o r. Siz onda nə üçün acıqlı idiniz?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info