Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Gah dərilir, gah dağılır.

Çatıb yetdi, igidinin

Bədöy atın ölmüş gördü.

Özünüsə,

Gözü üstü yaralanmış,

Axar qanın silə-silə,

Özü yayan, kafər atlı

Qılınc çalır,

Yağıları töküb salır.

İçi yandı, acıqlandı.

Qara quşun bir bölük qaz

Sırasına düşdüyütək

Yağıların bir ucundan

Qıra-qıra o başına

Gedib çıxdı.

Qanturalı baxıb gördü

Bir kimsənə yağısını

Qabağına qatıb qovur.

Bu igidin Selcan xatın

Olduğunu duyanmadı.

Çağırban nə söylədi:

– Qalxıbani öz yerindən

Duran igid, nə igidsən?

Qafil-qafil başlar kəsən,

Dəstursuzca yağı basan,

Söylə, igid, nə igidsən?

Dəstursuzca yağı basmaq

Bizim eldə ayıb olur,

Söylə, igid, nə igidsən?!

Yenə demiş:

– Mərə, igid, tərlan olub

Havalara uçasan da,

Qəvvas olub ümmanlardan,

Dəryalardan keçəsən də,

Saqqallayıb boğazıvı

Biçər ollam!

Alca qanın yer üzünə

Tökər ollam.

Mərə, qada tutmuş igid,

Nə igidsən?

Qayıdıban dön gəl bəri,

İgid! – Dedi.

Selcan xatın dinləyərək

Mərd igidi,

Görək, dostlar, cavabında

Nələr dedi:

– Hey igidim, bəy igidim,

Qəltəbanda qızıl dəvə

Köşəgindən dönərmi, gör?

Qara qoçlu Qazlıq atlar

Qulanından dönərmi, gör?

Ağ ayılda ağca qoyun

Quzusunu basarmı, gör?

Alp ərənlər, mərd igidlər

Sevgisinə qıyarmı, gör?

Qoç igidim, bəy igidim,

Bu yağının bir ayağı

Sənin olsa, bir ayağı

Mənimkidir.

 

Qanturalı,

Yağı basan, düşman kəsən

Bu igidin

Görüklüsü olduğunu

Duyub bildi,

Bir yandan da özü girdi.

Bir cüt aslan

Qılınc çaldı, kafər qırdı,

Yağı qaçdı, düşman sındı.

Selcan xatın

Atı ölmüş igidini

At ardına mindirərək

Yola düşdü.

Qanturalı öz-özünə

Düşünərək fıkrə daldı:

Qalxıbanı, Selcan xatın

Durduğunda,

Qara yallı Qazlıq atın

Mindiyində,

Ər tərkində bəy babamın

Obasına girdiyində

Bizim elin alagözlü

Qız-gəlini bunu görüb

Bildiyində,

Mərd igidlər öyünəndə

Əcəb sən də öyünərsən?!

Zəbun oldun,

Qanturalı!

Söyləyərsən görüklümün

At ardında gəlib çıxdım?!

Zəbun oldun, Qanturalı!

Könlüm getdi, üzüm döndü

Öldürəyim bunu! – Dedi.

 

Selcan xatın igidinin

Fikrin duyub söy söyləmiş,

Görək, dostlar, nə söyləmiş:

– Qoç igidim, bəy igidim!

Bozlamaqla dişi dəvə nər olmaz!

Öyünməklə övrət dönüb ər olmaz!

Öyünərsə, ər öyünsün, aslandı,

Öyünməklik övrətlərə böhtandı!

 

Duvaq altdan qaş eləyib sevişdim,

Dadlı-dadlı damaq verib soruşdum,

Bir yasdığa baş qoyuban əmişdim,

Qoç igidim, nə tez üzün dolandı?!

 

Dağ başına arı yağan qaram mən!

Dost bağında bir yetişmiş baram mən!

Qadir bilir, igid, sənə yaram mən!

Bəy igidim, nədən könlün bulandı?

 

Qavat oğlu qavat, nədən

Tez vuruldun, tez usandın?

Bir munisəm, yaram, sənə,

Qoç igidim, qıyma mənə!

 

– Yox, əlbəttə, öldürəyim! –

Deyib durdu Qanturalı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info