Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Öylən gedib axşamüstü

Gəlmək ilən qız tapılmaz.

Sən evdə qal, mala yetiş,

Mən gedərəm gəzişərəm,

Sənin üçün qız taparam –

Deyə, qalxıb, sevinibən,

Güvənibən sinə gərdi.

 

Ağ saqqallı bir qocanı

Yoldaş edib,

İç Oğuzu gəzib çıxdı,

Qız tapmadı.

Dış Oğuzu gəzib çıxdı,

Qız tapmadı.

Trabuzan ellərinə

Gəlib çıxdı.

Trabuzan təkurunun

Görkəmli, gözəl-göyçək

Bir qızı var, bir cüt yayı,

Həm sağına, həm soluna

Qoşa çəkər.

Atdığı ox, yerə düşməz!

Bu qız üçün üç canavar

Saxlamışlar.

 

– Hansı igid üç heyvanla

Pəncələşsə, qalib gəlsə,

Heyvanların başın kəssə,

Qız onundur – deyə, təkur

Vədə vermiş.

Kimsə isə məğlub olsa,

Başın kəsər, bürcdən asar.

Beləliklə, otuz iki

Kafır dinli bəy oğlunun

Başı bürcdən asılmışdı.

 

Üç heyvanın biri buğa,

Biri buğra, biri isə

Aslan idi.

Başı bürcdən aslanılan

Otuz iki bəy oğlunun

Heç birisi aslan ilən

Nər dəvəni görməmişdi.

Ancaq onlar buğa kəlin

Buynuzuna ilişərək

Basılmışdı.

 

Qanlı Qoca başlar ilən,

Heyvanları görən zaman

Başındakı qara bitlər

Ayağına süzüb gəldi:

– Daha doğru, çıxaq gedək,

Oğlancığa xəbər verək.

Hünəri var, gəlib alsın,

Hünəri yox, obadakı

Qızcığaza, razı qalsm.

 

* * *

At ayağı külək olur,

Ozan dili yügrək olur.

Qanlı Qoca

Dağlar aşdı, çaylar keçdi.

Oğlancığa xəbər gedib:

– Baban gəldi, – söylədilər.

Qanturalı qırx igidin

Atlandırıb qarşı vardı.

Atasının əlin öpdü:

– Canım baba, mənə layiq

Qız tapdınmı? – Deyə, sordu.

– Tapdım, oğul! Ancaq işdə

Hünər gərək! – Deyə, qoca

Cavab verdi.

– Altun, axça, qəflə, qatır

İstər, baba?

– Dedim, oğul, hünər istər,

Hünər gərək!

– Canım baba, gözüm baba,

Qara yallı Qazlıq atı

Minnəm indi.

Qanlı kafər ellərinə

At salaram,

Baş kəsərəm, qan tökərəm,

Azğın dinli kafərlərə

Qan qusdurram.

Axça-altun, qul-qaravaş

Gətirərəm,

Hünərimi göstərərəm.

– Canım oğul, gözüm oğul,

Dediklərin hünər deyil,

Bu sövdada başqa cürə

Hünər gərək.

O qız üçün üç canavar

Şaxlamışlar.

Üç heyvanı kimsə bassa,

Qızı ona verəcəklər.

Basanmasa, məğlub olsa,

Başın kəsib bürc üstündən

Asacaqlar.

– Gözüm baba, mənə gərək,

Bu sözü sən, deməyəydin,

Gedəm gərək, çünki dedin!

Getməz olsam, yarınkı gün

Bu söz mənə qaxınc olar,

Toxunc olar!

Canım baba, qadın ana,

Əsən qalın!

– Görürsənmi öz-özümə

Nə eylədim?

Oğlancığı qorxutsanam?!

Bəlkə qorxub getməz ola –

Deyə, qoca düşünərək

Söy söyləmiş:

– Sən gedən yerlərin, sultanım oğul,

Dolamac-dolamac cadası olur,

Üzərində uçan quş qanad salmaz,

Göylərə qovuşan qalası olur.

 

Palçığına atlı batsa, çıxanmaz,

Ormanların ala ilan sökənməz,

Boz aslanlar sularından içənməz,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info