Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Peşman oldu:

– Bu nə işdi, üç canavar

Öldürməklə qızcığazı

Alıb getdi?!

Altıca yüz qara donlu,

Göy dəmirli kafər seçdi,

Yola saldı.

Qız gədikdə gözətlərkən

Gördü birdən toz ucaldı.

Bədöy atın başın saldı,

İgidinin başı üstə

Çapar yetdi.

İgidini ayıldarkən

Söy söyləmiş, görək xanım

Nə söyləmiş:

 

– Ala qıyma gözlərini bir açgilan,

Canım igid, qafıl-qafıl nə yatmısan?!

Mərd qolların qarqısından çatılmadan

Aç gözüvi, qafıl igid, nə yatmısan!?

 

Qaba döşün oxlanıban sökülmədən,

Alca qanın yer üzünə tökülmədən,

Ağca alnın qara yerə sürtülmədən

Aç gözüvü, qafil igid, nə yatmısan!?

 

Boz buludlar kişnəmədən sel atlandı,

Qaf qayalar oynamadan yer ayrıldı,

Ulu bəylər ölmədikdən el boşaldı,

Aç gözüvi, qafil igid, nə yatmısan!?

 

Ayıl, igid, düşmən gəldi, yağı yetdi,

Qarcışıban, uğraşıban, gəlib çatdı,

Aslanıban üzərivə hücum etdi,

Aç gözüvi, qafıl igid, nə yatmısan?!

 

Külək kimi bu dağları aşdın, gəldin,

Tərlan kimi havalardan uçdun gəldin,

Yatmaq üçün yermi buldun, yurtmu buldun?!

Aç gözüvi, qafıl igid, nə yatmısan?!

 

Qanturalı səmirləndi,

Gözün açdı uru durdu:

– Nə söylərsən, nə deyərsən,

Ay görüklüm? – Deyə, sordu.

– Qoç igidim, üzərivə

Yağı gəlmiş!

Qanturalı gözün açdı

Görüklüsün at üstündə

Silahlanmış, əldə süngü

Hazır gördü.

Yeri öpdü:

– Hey, “Aməna və sədəqna”![5]

Ulu Tanrı dərgahında

Diləklərim hasil oldu –

Deyə, igid şükür qıldı.

Arı sudan abdəst aldı,

Ağca alnın yerə qoydu,

İki rükət namaz qıldı.

Atın mindi, adı gözəl

Məhəmmədə “təkbir” dedi.

Cilov tökmə, qara donlu

Kafərlərə qarşı vardı.

Selcan xatın at oynatdı,

İgidindən qabaq keçdi.

Qanturalı:

– Qoç görüklü, evi qoyub

Hara belə? – Deyə, sordu.

– Bəy igidim, baş sağ olsa,

Börk igidə əskikmidir?

Gələn kafər çox kafərdir,

Savaşarıq, döyüşərik,

Ölənimiz olsa, ölsün,

Diri qalan evə gəlsin! –

Deyə, xatın atın saldı,

Qılınc çəkdi, qırım basdı,

Qaçanları izləmədi,

Aman çəkib yalvaranı

Öldürmədi.

Yağı qaçdı, igid gəlin

Elə sandı düşmən sındı.

Üstü qanlı, qılınc qanlı

Evə gəldi.

İgidini görməz oldu.

 

Qız igidi axtararkən

Qaynanası, qaynatası

Çıxa gəldi!

Gördülər ki, mərd gəlinin

Üstü qanlı, oğlan yoxdur,

Xəbər tutub soruşdular,

Görək necə soruşdular:

 

– İgid qızım, igid anam,

Ala danda durub gəldin,

Mərd oğlanı tutdurdunmu?

Qafilcədən o görüklü

Mərd başını kəsdirdinmi?

“Ana” – deyə, “Baba” – deyə,

Ağladıban bozlatdınmı?

Tək gəlirsən, bir bəbəyim

Görünməzdir. Bağrım yanar,

Ağız-dildən bir qaç kəlmə

Xəbər mənə!

Qara başım qurban olsun

Gəlin, sənə!

 

Qız onların

Qaynatası, qaynanası

Olduğunu duyub bildi,

Qamçısilən bir təpəni

Nişan verib:

– Ora varın! Hankı yerdə

Toz gördünüz,

Yoxsa qarğı-quzğun gördüz,

Oradadır, – deyə, özü

Atın çapdı, ucalardan

Alçaqlara nəzər saldı

Baxıb gördü bir dərədə

Tozanaq var,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info