Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Boyu uzun Burla xatın,

Saçı uzun Selcan xatın,

Nigar xanım, Ərəbzəngi,

Həcər xanım, Zeynəb paşa[3].

 

Uzaqlara neçün gedək,

Həmin bu gün yurdumuzda

Kəlağayısın yan bağlayan

Mərd analar başdan-başa.

 

Tarlalarda, zavodlarda,

Hər hünərdə, hər yarışda

İşıqlı bir mayak kimi

Dünyalara işıq salır.

 

Qadınlığın, analığın

Yorğun gözü, tutqun bağrı

Ona baxıb, qurtuluşa

Yol axtarır, ilham alır.

 

Canım aşıq, gözüm aşıq,

Çal qopuzun, aç dastanın.

O sehrkar comərd əlin

Pərdələrdə xoş dolansın.

 

Üzüqara, bağrıqara

Cəhalətə cumub, batan,

Qadınlığa böhtan atan

Şarlatanlar bir utansın!

 

* * *

Aşıq çömçəsini alır əlinə,

Alnın qırışdırır, qaldırır qıpıq,

Qıyır gözlərini, narın gülüşlər,

Dərilir üzünə lal bir sərxoşluq.

 

Mənalı baxışı nələr andırır,

O duyğun gülüşdən nələr ələnir?

Üzündə xalqımın ruh ülviyyəti,

Vüqarı, mənliyi, fəxri görünür.

 

Əzəldən məni də coşduran odur,

Onu dinləmişəm, fıkrə dalmışam,

O, vurğun könlümün ilk yavrusudur,

Mən ilk ilhamımı ondan almışam.

 

O cadu əllərin tilisimindən,

Özünü qurtaran hansıdı, kimdi?

Könül ceyranının avçısıdır o,

Bir müdhiş fitnədir bax gör ki, indi.

 

Özü də qərq olur öz nəğməsində,

Tufanlar qoparır hər bir pərdədən,

Açır xəyalının ağ yelkənini,

Yenə də söyləyir Qorqud Dədədən.

 

Qədim Oğuz ellərində

Qanlı Qoca adında bir

Adlı-sanlı kişi varmış.

Bu görüklü ixtiyarın

Yetişmiş bir qoç oğlu var,

“Qanturalı” çağırarlar.

Qanlı Qoca bir gün deyir:

– Dostlar, mənim atam öldü,

Yeri-yurdu mənə qaldı.

Yarınkı gün mən ölərkən

Yer-yurdumda oğlum qalar,

Nə yaxşı ki, canım sağkən

Oğlanımı evləndirim.

 

Qanturalı babasının

Sözlərini dinləyərək:

– Baba, məni evləndirmək

İstəyirsən? Mənə layiq

Qız nə kimi olduğunu

Bilirsənmi? – Deyə, oğlan,

Artırıri:

– Mən yerimdən qalxanatək

Yerdən dura.

Mən qaraqoç bədöy ata

Minənədək atın minə.

Qanlı kafər ellərinə

Məndən qabaq hücum edə,

Qılınc çala, baş gətirə.

Qanlı Qoca: – Oğul, demək,

Sən əyal yox, bir pəhləvan

İstəyirsən, arxasmda

Yeyib-içib dolanasan,

Xoş olasan – deyə, gülür.

– Bəli, baba,

Mən elənçi istəyirəm.

Yoxsamı sən, istəyirsən

Varıb gedib

Bir ciciban qız alasan?

Nagəhandan yıxılıban

Yerə düşsə, bağırsağı

Düyün düşə?! – Deyə, oğlan

Acıqlanır.

– Gözüm oğul, acıqlanma,

İstədiyin, dilədiyin

O dilbəri tapmaq səndən,

Qızıl tökmək, rizq vermək,

Almaq məndən – Deyə, qoca

Sinə gərdi.

 

Ərənlərin görkəmlisi

Qanturalı belə görcək

Atin mindi,

Qırx igidin atlandırdı.

İç Oğuzu, girib gəzdi,

Bəyənəcək qız tapmadı.

Qayıdıban evə gəldi.

Qoca sordu: – Qız tapdınmı?

Qanturalı:

– Yansın Oğuz ellərini,

Hər nə gəzdim, mənə yarar

Qız tapmadım, baba! – Dedi.

 

Qanlı qoca:

– Sabah gedib öylən gəlmək,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info