Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

 

Selcan xatın alıb dedi:

– Mərə, qavat oğlu qavat,

Mən aşağı qulpdan tutdum,

Sən yuxarı qulpa vardın.

Qavat oğlu, gəl vuruşaq!

Ox ilənmı, qılınclanmı,

Vuruşursan?

Atın çapdı bir təpənin

Üstə çıxdı.

Sadağından doxsan oxun

Yerə tökdü.

Təkcə iki ox saxladı,

Peykanların qazıb atdı.

Dəmirli ox atmaqlığa

Qıymayıban: – At oxuvu,

İgid! – Dedi.

Qanturalı: – Qadınların

Yolu başdır, sən at! – Dedi.

Selcan xatın oxlarının

Birin atdı.

Zərbəsindən mərd igidin

Başındakı qara bitlər

Ayağına varıb yendi.

Sonra qaçıb görüklüsün

Qucaqladı.

Barışdılar, soruşdular.

 

Qanturalı söy söyləmiş,

Görək, dostlar, nə söyləmiş:

– Arılıqdan yalap-yalap,

Yalaplanan incə donlum!

Yeni yağmış, qar üzünə

Qan damlamış al yanaqlım!

Qələmçilər qələm çalıb,

Rəsm etdiyi qara qaşlım!

Qoşa badam sığışmayan

Püstədodaq, dar ağızlım!

Yaraşıqlı, dal gərdəndə

Qırx tutamda, uzun saçlım!

Bu sözlərlə, bu işlərlə,

Ay qız, səni sınardım mən.

Bax gör sən tək görüklümü

Öldürməyə, qıyardım mən?

 

İgidinin cavabında

Alıb xatın nə söylədi:

– Qalxıbanı öz yerimdən

Durar idim,

Qara yallı Qazlıq atım

Minər idim,

Şah babamın obasmdan

Çıxar idim,

Ceyranları, keyikləri

Qovar idim.

Dartışsaydım bir ox ilan

Neylər idim?

Dəmirsizcə bir ox ilan,

İgid, səni sınardım mən.

Bax gör səni öldürməyə,

Şah igidim, qıyardım mən?!

 

İrağından küsü tutub

Yaxınından gülüşdülər.

Gizli-gizli yaxa tutub

Aydın-aşkar iyləşdilər.

Dadlı-dadlı damax verib

Duzlu-duzlu əmişdilər.

Qara yallı ağ boz atı

Qamçılayıb yügürüşdülər.

Üz çevirib bəy babanın

Obasına irişdilər.

 

* * *

Qanlı Qoca, oğlun gördü,

Şükr qıldı.

Gəlini ilə, oğlu ilə

Yurda gəldi.

Gül-çiçəkli göy çəməndə

Çadır qurdu.

At öldürdü, dəvə kəsdi,

Buğur-ayğır, qoç qırdırdı.

Aslan qızla qoç igidin

Toyun tutdu.

Bütün Oğuz bəylərini

Ağırladı.

Altunluca günlügünü

Uca tikdi.

Aslan qızla mərd oğlana

Gərdək etdi.

Onlar daha

Muradına, məqsuduna

Çatar oldu.

 

Yeddicə gün, yeddi gecə

Toy tutuldu.

Çağırdılar, Dədə Qorqud

Gələr oldu.

Boy boyladı, söy söylədi,

Şadlıq çaldı.

Alp ərənlər, mərd igidlər

Gəldiyindən, keçdiyindən

Söhbət açdı.

Qoçaqların, dönməzlərin

Hünərindən dastan düzdü.

Boy yaratdı, nəğmə qoşdu,

Alqış verdi:

 

– Xocam Tanrı xatın qıza,

Ər oğlana fürsət versin!

Hünərlicə comərdlərin

Əl-qoluna qüvvət versin!

Mərd çırağı günü-gündən

İşıqlansın, yanar dursun!

Ər ocağı dünya varkən

Sönməz olsun!

El-obasın ucaldana

Qadir özü dayaq olsun!

Bar gətirən ağacların

Qol-budağı qırılmasın,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info