Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Göllərdə yaşılbaş sonası olur.

 

Görüklüsü könülləri aldadı,

Nəğmələri dağı-daşı oynadı,

Hay, demədən baş gətirər cəlladı,

Papağı məndilli babası olur.

 

Canım oğul, atgilan bu sövdanı,

Bozlatma gəl, ağ saqqallı babanı.

Ağlar qoyma, bir qarıcıq ananı,

Mərd igidin işdə vəfası olur.

 

– Canım baba, nə deyirsən sən mənə,

Bu işlərdən çəkinən igid olmaz,

Alp igidə qorxu vermək eyib olur,

Mərd atalar övladını qorxutmaz.

 

Qadir qoysa, o dolamac yolları

Bir çapışda yorub-yortub keçərəm,

Atlı batıb çıxmaz palçıqlarına,

Mövlam mədəd versə, qumlar tökərəm.

 

Ala ilan sökməz ormanlarına

Çaxmaq çalıb, ildırım tək şaxaram,

Göylə pəhlu vuran qalalarını

Viran edib, od vuruban yaxaram.

 

Ya aslanın dırnağında didilləm,

Ya taxıllam buynuzuna buğanın,

Ya dəvənin köksü altda əzilləm,

Ya öpərəm görüklünün buxağın.

 

Ya gedəm hey, getməyəm hey,

Ya gələm hey, gəlməyəm hey.

Daha bir də görüşüncə,

Gözüm baba, qadm ana,

Əsən qalın!

 

Gördülər ki, bu təklifdən

Geri dönmək qoç oğlanın

Namusuna yenilməzdir,

Uğur verib söylədilər:

– Uğurların açıq olsun,

Əsən gedib, sağ gələsən,

Aslan oğul!

 

Qanturalı,

Atasının, anasının

Əlin öpdü,

Qırx igidin atlandırdı,

Yola düşdü.

Yeddi gecə, yeddi gündüz

Yol sürdülər,

Yortub kafər sərhəddinə

Yetişdilər.

Çadır tikib əyləndilər.

 

Qanturalı

Yügrək atın oynadıban

Əmudunu atır-tutur:

– Hey qırx eşim, qırx yoldaşım!

Yügrək olsam yarışsam, hey,

Güclü olsam güləşsəm, hey,

Qadir mövlam mədəd versə,

Üç heyvanla vuruşsam, hey,

Gözəllərin sərkərdəsi,

Sarı donlu qızı alıb,

Atam, anam obasına

Qayıtsam hey!..

Hey qırx eşim, qırx yoldaşım!

Qırxınıza qurban olsun

Mənim başım!

 

Qanturalı bu sözdəkən

Təkur şaha xəbər getdi:

– Qanlı Oğuz ellərindən

Qanturalı deyirlər bir

İgid varmış, qız diləyib

Gəlir – Deyə, söylədilər.

Şah təkurun atlıları

Yeddi ağac qarşı gəldi:

– İgid, bura niyə gəldin?

Degil bizə!

– Verişməyə, alışmağa

Gəldim – Deyə, Qanturalı

Cavab verdi.

 

İzzət edib, hörmət edib

Ağ çadırlar tikdirdilər,

Ala xalı döşədilər,

Ağca qoyun qırdırdılar,

Yeddi illik al şərabdan

İçdirdilər,

Götürübən təkur şahın

Ordusuna gətirdilər.

 

* * *

Böyük salam meydanında

Təkur taxtın üzərində

Oturmuşdu.

Üç yüz kafər silahlanıb,

Alay qurub, xidmətində

Durmuşdular.

Təkur qızı bu meydanın

Bir yanında uca bir köşk

Tikdirmişdi.

Bayramlarda, çıxışlarda

Qırx incə qız dövrəsində

Köşkə çıxar, təfərrücə

Məşğul olar.

Yenə də o, bir elçinin

Gəldiyindən xəbər bulub,

Qırx qızlara al geydirib,

Özü isə sarı geyib

Köşgə gəldi.

 

Qanturalı gəlib çıxdı,

Qara şapqa şah təkura

Salam verdi.

Kafər təkur salam aldı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info