Qonaq Kitabı
Bakı şəhəri

Uşaq bir il gərək havayı qulluq edəydi. Yazıq uşaq mətbəx və ya qaranlıq anbarlarda gecələyərdi. Ev sahibinin süfrəsindən qalan tör-töküntünü yeyərdi. Qışın soyuğunda ayaqyalın su daşıyardı. Yayın istisində tərləyə-tərləyə həyəti süpürər, bulaşıq qabları yuyar, gedib ağasının dükanının qabağını da süpürər, sulayardı. Bazardan ağası undan, qənddən, çaydan, düyüdən, kömürdən, odundan alıb, bunun dalına yüklər və evə göndərərdi. Onun sənəti evə şey daşımaq olardı. Bir il bu yazıq uşaq qoyulmuş şərtlə işləyəndən sonra atası xozeyinin yanına gələrdi. Xozeyin isə: – Sənin uşağın təmizkar deyil. Natəmizlikdən və murdarlıqdan başına yara düşüb. Yaxşı qulluq eləmir, – deyib fırıldaqla uşağın əmək haqqına kəf gedər, öz vəhşi istismarını bir neçə il də davam etdirməyə səy edərdi. Bədbəxt ata xozeyinin sözünə inanıb uşağın üstünə düşərdi. Yazıq uşağın çarəsi kəsilər, ya hamballıq edər, ya da fəhləliyə qurşanardı. Çox zaman gedib tövlə nökəri olardı. Bir az böyüdükdən sonra təngə gəlib oğurluğa başlardı. Ya öldürərdilər, ya da yazığı Sibirə göndərərdilər. Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər. Onlar ac-yalavac, dilənçi günündə yaşayar, gecə-gündüz insan qüvvəsindən xaric işləyərdilər. Keçmişdə Bakıda və onun kəndlərində maarif və mədəniyyət ocaqları olmadığından gənclər boş vaxtlarında çayçı və dəllək dükanlarına yığışardılar. O zaman çayçı dükanları ən pis, ən murdar işlərin yuvasi idi.

Hər məhələdə bir qoçu, hər qoçunun da bir çayçı dükanı olardı. Çayçı dükanının dal tərəfində qumarxana olardı. Məşhur qoçu Ağakərimin dükanı Quba meydanında idi. Ağakərimin özündən başqa iki qardaşı vardı. Birinin adı Əli, o birininki, Hüseynqulu idi. Əli ilə Hüseynqulunun kabab dükanları var idi. Bunlar Quba meydanının Allahı idilər. Quba meydanına ətraf kəndlərdən nə qədər meyvə gəlsəydi, gərək Ağakərimin əli ilə satılaydı, ona “bığyağı” düşəydi. Ondan izin almamış heç bir kəndli Quba meydanında malını sata bilməzdi. Yaxşı yadımdadır, 1890-cı idi. Bir gün səhər erkən meydana getmişdim. Ağakərimin Əli adlı qardaşı əllərini belinə vurub bir qocanı söyürdü. Qoca isə ağlayırdı.

– Köpək oğlu, sən gərək bu meydandan çıxasan!

Bunu deyərək irəli gəlib kişinin kabab manqalına bir təpik vurdu. Manqal çevildi, şişə çəkilmiş ciyər kababının hər tikəsi bir yana dağıldı. Zavallı qoca ağlaya-ağlaya:

– Əli qardaş! Bu gün axşam mən sənin qulluğuna gələcəkdim.

Əli etina etməyib getdi. Mən o kişiyə yanaşaraq məsələnin nə yerdə olduğunu soruşdum. O isə mənə nağıl etdi:

– Ay qardaş oğlu, mənim səkkiz baş külfətim var. Hər gün ciyər kababı bişirib şişi iki qəpiyə satıram, birtəhər başımı girləyirəm. Mən gərək manata iki qəpik hər axşam aparıb Əliyə verəm. Keçən gün isə vermədiyim üçün bu gün məni burada kasıbçılığımı etməyə qoymur.

Mən təəccüb edib soruşdum:

– Ay əmi, məgər burada polis idarəsi yoxdur, qaradovoy yoxdur?

– Ay qardaş oğlu, nə qoyub nə axtarırsan? Hər yerə gedirəm heç kəs qulaq asmır. Hamısı əlbirdir. Bax, o qaradovuyu görürsən? Bir az bundan əvvəl burada idi. Əli məni söyməyə başlayanda özünü bilməməzliyə vurub bizdən uzaqlaşdı.

Qoçuların peşəsi gündüz xərc yemək, gecələr isə qumardan şətəl yığmaq idi.

Çayçı dükanlarında əxlaqsızlıq, qumarbazlıq məşğəllələri belə başlardı: əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar. Bir azdan sonra fincan, gül oynu başlanardı. Fincan oyunu qurtardıqdan sonra həzərat qumara yığışardı. Qumar “qəhrəmanları” gözəşirin bir gənci əhatə edib min cür hiylə ilə qumara qoşardılar. Əvvəlcə onun pulunu udardılar. Sonra qumar mütəxəssislərindən biri mehribanlıqla ona deyərdi:

– Bacı oğlu! Pul istəyirsən sənə verim? Qorxma indi baxtı gətirənlərin hamısını çer eylərsən, ancaq dilxor olma.

Bir üçlük çıxarıb onun qabağına qoyardılar. O biri qumar “qəhrəmanları” isə bu pulu da ondan udardılar. Həriflər yenə də bir üçlük çıxarıb verərdilər:

– Udduğuna, uduzduğuna şərikəm. Nə olacaq, dünya malı dünyada qalacaq.

Qumar qurtardıqdan sonra oğlan bu adamların hərəsinə on, on iki manat borclu qalardı. Qumar qəhrəmanları:

         – Bacı oğlu! Eybi yoxdur, sonra verərsən – deyib ayrılardılar. Bir az keçdikdən sonra gəncə:

         – Məndən qumar üstə pul almısan nöşün vermirsən? – deyə hədələyərdilər. Gedib gəncin qorxduğu adama və böyüyünə döyəcəklərini söyləyərdilər.

Dünya görməmiş cavan oğlan da atasından, yaxud böyüyündən qorxardı və belə düşünərdi: “Bilsə yəqin ki, məni öldürəcək”. Bu kimi yollarla lotular gənci ələ gətirib əxlaqını pozardılar. Haman gecə o, evdən və ailədən qaçaq düşərdi. Qohum-əqrəba da Ağakərimin qorxusundan bir söz deyə bilməzdi. Bu gəncin belinə tapança bağlayıb, üst-başını təzələyib cibinə pul töküb evini yıxardılar və onu da özləri kimi qoçu edərdilər. O da yavaş-yavaş əvvəlcə birisini söyərdi, sonra döyərdi, o birinin üstünə tapança çəkərdi.

Qorxudan heç kəs danışa bilməzdi, çünki bilirdilər ki, Ağakərimin adamıdır. Nəhayət, gənc böyük qoçuların da üzünə ağ olmağa başlardı. Bir gün eşidərdin ki, küçələrin birinə bir adam meyiti atmışlar. Meyitə baxdıqda onun həmin cavan oğlan olduğunu görərdilər. Ağakərimin dükanına gələn gənclərdən ikisini mən şəxsən tanıyırdım. Birinin adı Ağakişi, o birinin adı isə Babakişi idi. Kiçik qardaşı Ağakərim ələ gətirə bilməyib öldürtdürdü. Onun mafəsi qapıya qoyulmuşdu ki, aparıb dəfn etsinlər. Camaat da oraya cəm olmuşdu.

Yuxarı küçədən bir güllə səsi eşidildi. Camaat xəbər üçün o səmtə yüyürdü. Ölənin qohumlarından bir nəfər gəlib dəfn ediləcək adamın anasına dedi:

– Ay bədbəxt! Böyük oğlunu da vurdular.

Arvad bunu eşidəndə rəngi qaraldı. Üzünü göyə tutub dedi:

– Ay Allah! Əgər varsansa bəs divanını elə də. Ağakərimi görüm arxası yerə gəlsün, balalarım yolu yollansun.

Məlum oldu ki, bunu da Ağakərim vurdurub. Sabahı gün bir qapıdan iki cəhalət qurbanı aparılardı. Bir həftə çəkməzdi ki, bədbəxt oğlanlarının faciəsinə davam gətirməyən ana da dərd-qüssədən ölərdi. Beləliklə, Ağakərim tək bir ailənin qapısını deyil, yüzlərcə əlsiz-ayaqsızların, yoxsulların, çarəsizlərin evini qıfıllayıb, çırağını söndürüb, açarını dama tullardı.

Məhəllənin baş cahılı olduğu üçün Ağakərimi qonşuya ehsana çağırardılar. O da öz adamlarını başına cəm edib deyərdi:

– Gərək filankəs ölsün. Mən sabah gecə ehsandayam. Məhəllənin mötəbər adamları orada olacaqlar. Mən də oradayam, sərpayıyam (ehsanda süfrə döşəyib, çay paylayan adamlara sərpayı deyərdilər). Siz də onu güdərsiniz. Hansı küçədə və harada olduğunu mənə xəbər verərsiniz. Dəxi sizin işiniz yoxdur.

Bu qayda ilə Ağakərimə xəbər verərdilər. O gecə Ağakərim hiylə ilə məclisdən çıxardı, gedib həmin adamın başını batırıb, dübarə qayıdaraq öz çayını paylayardı və özünün orada olduğunu camaatın nəzərinə çarpdırardı. Ölənin adamları polis idarəsinə məlumat verərdilər ki, bizim qanlımız Ağakərimdir. O da cavab verərdi ki, mən filan gecə filan yerdəydim. Məhəllənin bütün ağsaqqalları, mollaları, mötəbər adamları hamısı orada idi. İnanmırsınız çağırım onlardan soruşun.

Pristava 1-2 yüz manat “bığyağı” verdikdən sonra Ağakərim evinə gələrdi. Polis idarəsi göstərilən adamlardan çağırıb soruşardı. Haman adamlar isə şahidlik verib deyərdilər:

– Bəli, bəli o gecə filankəs orada idi, Biz də gördük, onun heç bir taqsırı yoxdur.

Beləliklə nahaq qanlar batardı.

Köhnə Bakıda Ağakərimlər tək deyildi. Hər məhəllənin özünün qoçuları vardı. Bunların hər birisinin öz hökmü vardı. Belə cani və qatillərdən biri də qoçu Kəblə Heybət idi. Bu adamın çox gülünc görkəmi vardı. Başında qablama qazanaoxşar buxara dərisindən qara, təpəsi mahud, dallayı papaq, əynində qara atlaz, döşü ilmə-düyməli büzmə don, belində qəhvəyi enli ipək qurşaq, qıçında qara mahuddan enli lifəli, genbalaqlı şalvar, ayağında püstəyi rəngdə sarı başmaq var idi. Bəzən yanı rezinli jığ-jığ şiblit də geyərdi, xoşuna gəlməyən adamların kürəyinin arasını “sığallamaq” üçün əlində daima tatarı gəzdirərdi. Belində, çuxanın altından xəncər və tapança bağlamış olardı. Onlar iki qardaş idilər. İkinci qardaşın adı Kəblə Məcid idi.

Keçmiş Salyan kazarmasından aşağı hasara alınmış bir parça yer vardı. Ətraf kəndlərdən nə qədər mal gəlsəydi orada satılardı. Qardaşlar birdən-birə qoçu olmamışdılar. Əvvəlcə həyasızlıqla bütün bu meydanı əllərinə almışdılar. Ora gələn mal-qaranın hamısı onların əli ilə satılardı. Buna görə də onları bütün kürdlər, şahsevənlər və çodarlar tanıyırdılar. Sonralar qəssab bazarında bu qardaşlar iki qəssab dükanı açdılar və başlarına dəstə yığıb, hərəsi belinə bir tapança bağlayıb qoçu olmuşdular! Belə ki, Kəblə Məcid gəldi, Kəblə Heybət getdi – deyə şəhərdə danışıq gedərdi. Bunlar yavaş-yavaş bazarın alış-verişini də öz əllərinə aldılar. Mal-qara, araba əldə etdilər. Kontor düzəltdilər. Məhəllədə cavanlardan biri bunlara ağır cavab versəydi, gecə onu öz evində ciyə ilə boğduqdan sonra nəşini itir-batır edərdilər. Axır vaxtlarda şahsevənlərin mallarını alır, özlərini isə gecə düşbərəyə, qutaba, qonaq çağırıb öldürərdilər. Sonralar əhali buna dözə bilməyib qonşuluqda olan cavan qəssab Cəfərqulu oğlu Səttarın başına yığıldılar. Ona yalvardılar: – Sən bunların şərini bizim başımızdan rədd elə. Qorxma, biz sənə kömək edib qurtararıq.

Səttar qoçu qardaşlardan ət alıb pulunu verməməyə başlayır. Günlərin bir günündə Kəblə Heybət etinasız gəlib Səttarın dükanının qabağında dayanıb ağzına gələn söyüşü Səttara yağdırmağa başlayır.

– Kəbleyi nöşün söyürsən? Buyur gəl içəri pullarını verim.

Kəbleyi içəri girib pul almaq istədikdə Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. Sonra dükandakı ət baltasını gətirərək tərəzinin üstünə atıb qışqırmağa başlayır ki; guya Kəblə Heybət onu balta ilə vurmaq istərkən, özünü xilas etmək üçün güllə atmağa məcbur olmuşdur. O saat Səttarın adamları onu əhatə edib polisə aparırlar və orada onun taqsırsız olduğunu sübut edirlər. Sonra Kəblə Məcid yığdığı dövləti qardaşının üstündə vəkilə, divanxanaya qoyub onun qanını almağa qalxır. Zülmlə qazanılmış kapital, zülm ilə də gedir.

Bakıda Aşağıməhəllə adlanan yerdə Meyrinigar adlı bir əxlaqsız qadın vardı. Bunun bir oğlu var idi: ona Meyrioğlu Yaqub deyərdilər. Bu şəxsin belində həmişə tapança və xəncər olardı, o yetənə yetər, yetməyənə daş atardı. Divanı satın alardı.

Bu adam bütün Quba meydanı qoçularının gözünün odunu almışdı. Hamısı ondan qorxardı. Yaqubun bir tazı küçüyü vardı. Onun qonşuluğunda qəssab Məhəmmədyusifin də tazısı vardı. Yaqub bir gün gəlib Məhəmmədyusifə deyir ki:

– İtini saxla, qoyma mənim küçüyümü çeynəsin.

Yaqub evə gedir. Tərs kimi küçük bayıra çıxır. Küçədə tazı bunu çeynəməyə başlayır. Yaqub bunu eşitcək cəld bayıra çıxır. Məhəmmədyusifin tazısına çatıb belindən bir xəncər vurur. İt iki parça olur. Yaqub üzünü Məhəmmədyusifə çevirib onu küçə söyüşləri ilə söyür və onu da iti kimi doğramaqla hədələyir. Məhəllə adamları birtəhər onu yumşaldıb evə aparırlar.

Bir dəfə Quba meydanındakı çayçı dükanının qabağından keçərkən, Yaqub görür ki, cəmi qoçular dükandadırlar. İrəli yeriyib əllərini qapının yanlarına vurub, üzünü içəridəkilərə tutaraq hamısını biabırçı söyüşlərlə söyür, rüsvay edir və təklif edir ki, çıxın bayıra çarpışaq.

Elə bil dükanda heç kim yox imiş, bir adam cəsarət edib ona cavab verə bilmir. Yaqub daha da cəsarətlənərək:

– Bilmirəm sizin nəyinizə qoçu deyirlər? – deyə onları təhqir edir.

Qoçular işi bu cür görüb sözbir olurlar. Bir nəfəri öyrədirlər ki, Yaqub gəlib keçəndə, onu vursun. Bir gün Yaqub bazardan keçərkən haman adam Yaqubun iki kürəyinin ortasından bir güllə vurub qaçır.

O, ağır yara ilə iki gün qalıb sonra ölür. Meyrioğlu Yaqub da belə gedir...

Aşağı məhəllədə Hacı Pirverdi məscidi var idi. Bu məscidin böyüyü Hacı Zərbəli oğlu Kəblə Abdulla idi. İçərişəhərdəki məscidlər məhəlləsi kimi, Bayırşəhərdə də məscidlər məhəlləsi var idi. Bunların məşhurları aşağıdakılar idi:

Qasım bəy məscidi məhəlləsi, Hacı Cavad məscidi məhəlləsi, Hacı Qurban məscidi məhəlləsi, Təzəpir məscidi məhəlləsi, Hacımamalı məscidi məhəlləsi.

Bu məscidlərdən başqa, təkyələr var idi. Şirvanlılar təkyəsi, qubalılar təkyəsi, iranlılar təkyəsi, qarabağlılar təkyəsi.

Məhərrəm ayının 1-dən 10-na qədər təkyələrdə və məscidlərdə, gecələr saat 11-ə kimi cavan uşaqlar sıra ilə oturub, avaz ilə mərsiyə deyib sinə vurardılar. Bir qədər keçdikdən sonra onlar soyunardılar. Belə ki, qurşaqdan yuxarı çılpaq olardılar. Ayaq üstə dayanıb cuşi mərsiyə deyərdilər və sinə vurardılar. Sonra təkyənin, ya məscidin xalça-palazlarını yığardılar. Camaat da 4 ətrafda oturardı, şəbeh göstərərdilər.

Bu şəbehlər teatr tamaşalarını xatırladırdı. Quruluş belə olardı: bir bürünc teştin içinə su töküb gətirib ortalığa qoyardılar. Bir parça da ağac gətirib teştin dibinə sancardılar. Məlum olardı ki, bunlar Ərəbistanda Fərat çayının kənarını göstərirlər. Bir nəfər cavan oğlanın əyninə qalın paltar geyindirərdilər. Bu Harisin arvadı olardı. İki nəfər 10-12 yaşında uşağın başlarına ağ əmmamə, əyinlərinə də ərəbi köynək geyindirərdilər. Bunlar da Müslümün balaları olardı. Harisin qadını bunları məscidə gətirərdi. Guya ki, bunlar tapılmışdır. Bunlarla söhbət başlardı. Nəticədə Müslümün balaları olduğunu bilib, onları Harisdən gizlətmək məqsədilə məscidin bir tərəfində yer salıb yatırdardı. Bu zaman birisi başında dəmir dəbilqə, əynində zirehli geyim, ayağında uzunboğaz çəkmə, başdan ayağadək yaraq və silahlı, arxasında bir yəhər meydana gələrdi. Bu şəxs Harisin özü idi. O, arvadına söhbət edərdi ki, Müslümün balaları zindandan qaçıb onları axtarmamış yer qoymamışdır. Bu halda Müslümün balaları ayılıb yuxularını bir-birinə nağıl edər və ağlamağa başlayardılar. Haris arvadından soruşardı:

– Bu nə səsdir?

Arvad deyərdi:

– Qonşudan gəlir.

Haris qulaq asmayıb axtarar, uşaqları tapardı və kəkillərindən yapışıb ortalığa çəkərdi, behbudu siyirib öldürmək istərdi. Uşaqlar ona yalvararaq aşağıdakı sözləri oxuyardılar:

Haris, sən Tanrı bizi Qurana bağışla!

Öldürmə bizi, xaliqi-sübhana bağışla!

Gəl eylə mürəxxəs bizi, yol gözlər anamız,

Çün nuri-düeynik bizi çox istər anamız.

Olsa xəbəri başa tökər küllər anamız,

Çöllərdə dolanıb olub divanə bağışla!

Avam camaat belə mənzərəni görüb, təpəsinə vuraraq ağlamağa başlardi.

Bu cür şəbehlər keçmişdə Bakıda çox olardı. Belə ki, bir gecə Əliəkbər şəbehi, o biri gecə Qasim şəbehi, sonra müxtəlif şəbehlər göstərərdilər. Məhərrəmin onuncu günü əlli, altmış nəfər adam əyinlərinə qara paltar geyer, əllərinə yanar şam alıb məhəllə məscidlərinə şami-qəribana gedərdilər.

Gəlmişik ey şiələr!

Şami-qəribana biz.

Verməyə baş sağlığı,

Zeynəbi-nalana biz.

Başqa məsciddən bunlara cavab olaraq deyərdilər: – “Xoş gəlmişsiniz, ey şami-qəribana gələnlər!” Bu tərəf təkrar onlara cavab verərdi:

Qara geyib gəlmişik,

Şiə salamun əleyk.

Əsğərə su gətmişik,

Şiə salamun əleyk.

Bunlara cavab olaraq:

– Göz üstə gəldüz şühəda nökər! – deyə cavab verərdilər. Bu sözləri yüksək və sürətlə söyləyərdilər. Nəticədə lampalar sönərdi, ara qarışıb məzhəb itərdi. Çox adam qəşş edib yıxılar və olduqca gülünc bir mənzərə yaranaıdı. Gündüzlə isə ağköynəklilər bir tərəfdə toplanardı. Bunların qabağında tuğ, səllə və bəzəkli Qasim otağı olardı. Məhəllənin xırda qızlarına ərab paltarları geyindirib, saçlarını dağınıq hala salıb Qasim otağına oturdardılar. Qabaqlarına saman tökərdilər. Qızlar samanı başlarına sovuraraq, başlarına və döşlərinə döyəcləyərdilər. Bir nəfər də 30-35 yaşlarında Qasim otağının damında ayaq üstə “möhtəşəm” deyərdi (minacat çəkərdi). Bir atı bəzəyərdilər, yəhərinin üstünə qırmızı boyalı bir ağ salardılar. Bu imam Hüseynin Zülcanah adlı atıdır. Yenə başqa bir atın üstünə birisi oturub əyninə qolsuz ağ köynək geyərdi. Bu köynək qırmızı ləkəli olardı. Haman şəxsə dişinə tutmağa bir xəncər verərdilər. Bir qılıncı da başnın diametri üzrə əyib onun başına qoyardılar. Bu hal camaatın nəzərinə qılıncın başı yarıb içəri keçməsini bildirərdi. Haman adam başını qılıncın üstündən əmmamə ilə və ya qırmızı parça ilə elə bağlardı ki, qalan yerləri camaata görünməsin və qılıncın baş üzərində əyildiyini duymasın. Bu adam Əlinin qəzəb oğlu Əbülfəz, yəni Həzrət Abbas idi. Onun altındakı at “Üqab” idi. Bunun mərsiyəsi vardı. Bunun dövrəsinə qara köynəkli uşaqlar yığılıb mərsiyə deyərdilər.

Bunlardan əlavə, nəş bəzərdilər. Bezdən bir adam fiqurası tikib içinə həşəm doldurardılar. Ayaqlarına uzunboğaz çəkmə geydirərdilər. Onu bir taxtanın üstünə uzadıb dövrəsinə də ayağıbağlı ağ göyərçinlər bağlardılar. Nəşi və göyərçinləri qırmızı rəngə boyayardılar.

Birisini axşamdan bir yerdə oturdub qurşaqdan yuxarı soyundurar, ondamını ova-ova dəhşətli mərsiyələr oxuyardılar ki, onu həyəcanlandırsınlar. Mərsiyəni oxuyaraq, onun sinəsinə çalım-çarpaz iki xəncər taxardılar. İkisini də arxasından, kürəklərindən aşağı, qulunclarının üstündən sancardılar. Onun çiynindən, döşündən, arxasından qıfıl, ağac, ox, lampa, güzgü və bu kimi xırda-xuruş da taxardılar. Bunlarla kifayətlənməyib çiyninə bir ağır zəncir də salardılar. Əlinə də bir iti xəncər verərdilər. Bu adam ağ köynəklilərin qabağı ilə gedərdi.

Bu, vəhşiliyin, cahilliyin, avamlığın ən dəhşətli mənzərələrindən biri idi. Bu bədbəxtlərə baxırkən, çarizmin və onun əlaltıları olan vicdansız ruhanilərin əməkçi xalqı nə kimi uçurumlu, qorxulu yollara apardığı göz önündə canlanırdı.

Ətinə ağac və zəncir keçirən zavallılarla bir sırada, bir dəstədə zəncir vuran olardı. Bunlar əyinlərinə qara köynək geyinərdilər. Fəqət köynəyin kürək tərəfləri açıq olardı. Onlar haman zənciri sinəzən deyərək, uzun zaman arxalarına çırpardılar. Bir çoxlarının kürəklərinin piyi çıxar, qanı tökülərdi. Bəzən heç qan da çıxmazdı. Qapqara qaralardı. Bu ayin sinəzən ritmi altında müntəzəm ifa edilərdi.

Bütün bu dini ayinlər əvvəlcə müxtəlif məscidlərin heyətlərində hazırlanar və sonra küçələrdə nümayiş etdirilərdi. Saydığımız məhəllələrin baş yaran, sinə vuranlar dəstəsi biri digərinə rast gələndə hər dəstə özünü qabağa salmağa çalışardı. Bu zaman dəstələr toqquşardı. Əvvəl ağac davası başlanardı. Hər “qəhrəman” çuxasını çıxarıb sol əlinə dolar və sağ əlinə yekə bir çomaq alardı. Bunların başında ikiüzlü qalın motal papaq olardı ki, ağac dəydikdə kar eləməsin. Əllərindəki çomaqlar da şumşad, palıd və zoğal ağaclarından olardı. Bu ağacları bir-birinin təpəsinə vurmağa başlardılar. Necə deyərlər, ara qarışıb məzhəb itərdi... “nənəm mənə kor dedi, hər yetəni vur dedi...”. Damlardan məhəllə arvadları özgə məhəllə camaatının başuna iri dümağzələr yağdırardılar. Yaralanan kim idi, yıxılan kim idi. Bəzən dava o qədər qızğın olardı ki, hökumət tərəfindən bir rota soldat gələrdi. Əvvəl gülləni havaya atardılar ki, camaat qorxub qaçsın. Lakin din xadimləri camaatı qızışdırardı. Onlar çəkilməzdilər. O zaman soldatlar Hacı Pirverdi məscidini gülləyə basardılar. Hökumət “tədbirilə” göndərilmiş qoşun güllə gücünə, qan bahasına aranı sakitləşdirərdi və hər kəsi öz məscidinə qaytarardı.

1885-ci ilin məhərrəm ayında bir şaxsey-vaxseyçi dəstə vağzaldan başlamış, Bayıl enişinə qədər bütün bu məsafəni tutmuşdu. Eşitdiyimə görə, qubernatorun qızı balkona çıxıb izdihamın böyüklüyünü görərək qorxmuş imiş. Dəstə başçıları bu iş üçün öz cəzalarını çəkmişdilər. Həmin ildən sonra hökumət bu işin ancaq şəhərdən kənarda keçirilməsi üçün əmr vermişdi.

Bu dəstələr hamısı çölə gedərdi. Orada əvvəl ağköynəklər xəncər vurardı, sonra ümumi şəbeh başlanardı.

Dairə ip çəkərdilər. Əhali bu ipdən çəkilmiş hasarın dövrəsində tamaşaya dayanardı. Dairənin içində iki dəstə olardı. Bir cəbhədə bəni Üməyyə, yəni Yezidin qoşunu durardı. Bunlar hamısı qan rəngində paltar geyər, Ömər Səd üçün qayrılmış taxtın qabağında yerləşərdilər. Sərkərdələr səndəl üstündə əyləşər, qoşunlar isə səf ilə dayanardı. Yezidin ələmi (bayrağı) onların başı üzərində yellənərdi. O biri cəbhə “bəni Haşim övladı”, yəni İmam Hüseyn və 72 şühədadan ibarət idi. Meydanda çadırlar qurular, onların içində Üsəra əyləşərdi. Meydanın ortasından bu başdan o başa böyük xəndək olardı. Onun içərisi su ilə doldurulardı. Bu Fərat çayının ovəzi idi. Ayin belə başlanardı:

Həzrət Zeynəb balaca Səkinənin əlindən tutaraq Həzrət Abbasın çadırının qabağına aparıb (qadın rollarını kişilər oynardı – müəllif) və uşağın susuzluqdan həlak olmağını ona bildirərdi. Həzrət Abbas da qəzəblənib su qabını çiyninə alıb çaya doğru gedərdi. O biri tərəf çaydan su götürməyə mane olardı və buradan müharibə başlanardı. Həzrət Abbas bunlarla tək müharibə edərdi. Həzrəti Qasim xəbər tutardı ki, əmisi Fərata su gətirməyə getmişdir. Gəlib İmam Hüseyndən izin alıb müharibəyə gedərdi. Əzrəqi öldürəndə İmam Hüseyn bu mənzərəyə tamaşa edərdi. Görərdi ki, Qasim Əzrəqin kəmərindən yapışıb qaldırıb və başının üstündən yerə vurmağa hazırlaşır, bu zaman İmam Hüseyn deyərdi:

Yerə vur, çıxar düşmənin canını,

Al oğlan Əli Əkbərin qanını.

Daha sonra əsabələr xəbər tutur ki, yoldaşları davadadırlar. Onlar da gecikməyib izn alaraq cəbhəyə gedərdilər. Davada Həzrət Abbasın qolunu salardılar, 72 şühəda hamısı qırılardı. Nəhayət, İmam Hüseynə növbə çatardı. İmam bütün bədəni yaralı meydanda yıxılıb qalardı. Bu zaman olduqca gülünc vəziyyət yaranardı. Cinni Cəfərin “qoşunu” meydana girərdi. Bunlar kiçik uşaqlardan təşkil olunub öyrədilərdi. Onlar kömürdən saqqal, bığ çəkərdilər. Qədim ərəb silahları və paltarları geyərdilər. Bunlar gəlib İmam Hüseynin qarşısında dayanar və davaya girişməye izn istərdilər: – Ya İmam Hüseyn, bizə izn ver bunlarla dava edək. İmam Hüseyn izn verməzdi. Bunlar peşman olub qayıdardılar. Düşmən cəbhə İmam Hüseyni öldürərdi. Xiymələrə üz qoyub onları yandırar, yerdə qalanları əsir edərdilər. Bununla qətl tamaşası qurtarardı. Bu oyunbazlıq başqa dini ayinlər kimi camaatı dini ənənələrlə bağlı saxlamaq, onları cəhalət girdabına salıb boğmaq, soymaq, qanını sormaq üçün mollalar və axundlar tərəfindən qondarılmış uydurmalardan başqa bir şey deyildi. Bu ayinlər nə qədər qızğın və davamlı olsaydı, ruhanilər üçün o qədər qazanclı olardı.

Məhərrəm ayının 11-12-13-cü günlərinə imamın üçü deyərdilər. Bu günlər dövlətli evlərində plov bişərdi. Fırıldaqçı axundlara, tacir və baqqallara məcməyilərlə imam ehsanı göndərilərdi. Kimi halva-külçə, kimi şərbət göndərərdi.

Bu fırıldaq ruhanilər tərəfindən elə məharətlə qurulardı ki, yuxarıda göstərdiyimiz vəhşi dini ayinlərdə, bilavasitə bir nəfər də olsun dövlətli və molla iştirak etməzdi. Mərsiyə deyən kasıb, sinə vuran kasıb, zəncir vuran kasıb, baş yaran kasıb, vardan-yoxdan çıxan kasıb, ölən, yaralanan, şikəst olan, həbsə alınan kasıb idi.

Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmi-rabedən keçirən dövlətlilər və mollalar idi. Aydın işdir ki, bu da Rusiya çarizminin müstəmləkə siyasəti əsasında aparılırdı.

Bu cəhalət mərasimində də özünü “göstərənlər” olurdu. Burada da meydan məhəllə qoçularının idi. Burada da cinayət, oğurluq, baş kəsmək, qan tökmək, arvada sataşmaq və ölüb-öldürmək böyük yer tuturdu.

Belə məclislərin “qəhrəmanlarından” biri də Hacı Zərbəli oğlu qoçu Kəblə Abdulla idi. Məhəllədə hər kəs bir az zirəklik göstərsəydi və ya baş qaldırıb söz qaytarsa idi, qoçu Kəblə Abdulla dərhal onun başını batırardı. Onun cinayətləri olduqca çox idi. 1906-cı illərdə Hacı Yaqub oğlu Əli adlı birisi çox zirək və gözüaçıq olduğundan siyasətə və inqilabi məsələlərə çox qarışardı. Bundan xəbər tutan Kəblə Abdulla çox çəkmədi ki, onu günün günorta vaxtı öldürtdürdü. Kəblə Abdulla çox anaları oğulsuz, çox ailəni başsız qoymuşdu. 1875-ci ildə bu qatilin məhəlləsinə Hacı və Ağakərim adlı iki qardaş köçür. Bunlar onun işlərinə qarışmaz və ona qulaq asmazdılar. Hacı ilə Ağakərimi Kəblə Abdulla tezliklə öldürtdürdü. Bundan sonra onların anası və kiçik qardaşı Mirağa oradan İçərişəhərə köçdülər. Bu oğlan böyüyüb bir qəssab dükanı açdı. Xeyli ömür sürəndən sonra nəhayət, 1895-ci ildə, qardaşlarının ölümündən 20 il sonra Mirağa da Kəblə Abdulla tərəfindən vəhşicəsinə öldürüldü. Bu azğın cinayətkarın məqsədi bu idi ki, o nəsildən bir əsər qalmasın.

Təkcə bir Bakı şəhəri deyil, Bakının ətraf kəndlərində də vəziyyət belə və bundan daha dəhşətli idi. Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. Hökumət yuxarıda adını çəkdiyim canilərin, qatillərin, avanturistlərin, rüşvətxorların yaramaz əməllərinə göz yumurdu. Bunların pozucu, təxribatçı vəhşi hərəkətləri ilə yoxsulların, əməkçilərin vəziyyəti gündən-günə daha da ağırlaşır, yurdları tar-mar edilir, özləri qırılıb məhv olur, ölkə xarabazara çevrilirdi.

1885-ci ildə Suraxanı kəndinə ilk dəfə gəlmiş olsaydınız, yəqin ki, kəndə qar yağdığını zənn edərdiniz, çünki kəndin yaxınlığında olan qazlı torpaqların alovunda yandırılan daş karxanasının xırda tozları Suraxanını əhəng yuvasına çevirmişdi. Bu səbəbdən kəndlilər evlərinin içini, bayırını, səkilərini, damlarını, bacalarını, hasarlarını və bütün gözə görünən yerlərini ağardardılar. Belə ki, kənd qar kimi uzaqdan ağarardı. Əhəng karxanasının qazlı torpaqlardan çıxan alovu qəribə bir illüziya təşkil edirdi.

Suraxanı camaatının əl-qolunu bağlayan, onların müqəddəratını “həll” edən cani və qatillərinin hər birinin belə bir karxanası var idi. Bu karxana qazanc mənbəyi olduğu kimi, ən müdhiş cinayətlərin də yuvası idi.

Suraxanı əməkçilərinə qan udduran “qəhrəmanlardan” biri də Əlibəndə oğlu Vəhşi olmuşdur. Əlibəndənin gəncliyindən sənəti kənddə əhəng yandırıb, ulağa yükləyərək gətirib şəhərdə satmaq idi. Onun 4 oğlu var idi. Bu uşaqlar da böyüyüb ataları kimi əhəng karxanası qayırıb, at-araba alıb, işi böyüdüb şəhər tikintilərinə podratla əhəng satmağa başlayırlar.

Suraxanıda bir ad iki adamda ola bilməzdi. Əgər olsaydı dərhal onlardan birini öldürərdilər. İş o yerə yetişmişdi ki, bir-birindən ad götürmək üstündə kənddə böyük ədavət törəyərdi. Suraxanıda əcaib-qəraib adlara rast gəlmək olardı: Əfi, Əlübəndə, Oruc, Namaz, Əhya, Savalan, Meydan, Şüşə, Gilabzan, Vəhşi, Qaraçı, Güllə və i.a.

Əlibəndə oğlunun adını əvvəlcə Qaraçı qoymuşdu. Lakin kənddə Qaraçı adında bir başqa oğlan olduğu üçün atası oğlunun adını dəyişib Vəhşi qoyur. Təsadüfən elə olur ki, Vəhşi ilə Qaraçı kənddə böyüyüb nəhayət dərəcədə dost olurlar. Bunlar hələ uşaqlıqdan öz “məharətini”, o zamankı tərbiyənin səmərələrini göstərməyə başlayırlar. Hələ kiçik yaşlarından əhalinin mal-qarasını oğurlayaraq gətirib şəhərdə satardılar. Əlibəndənin qorxusundan bunlara bir kəs danışa bilməzdi. Nəhayət, Qaraçını kənddə adaxlayırlar. Suraxanıda, ümumiyyətlə Azərbaycanda evlənmək adətlərində belə bir dəb var idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxlıbazlığa gedər, onunla söhbət edər, görüşər, yaylıqdan, şirnidən, qoğaldan verər və qayıdardı. Əgər oğlan görüşə gəlməsəydi deyərdilər ki, oğlan qızı sevmir. Qaraçı Vəhşi ilə dost olduğu üçün adaxlıbazlığa gedən zaman Vəhşini də özü ilə göz-qulaq olmağa aparardı. Qaraçının adaxlısı çox gözəl idi. Bunu Vəhşi görür və qıza vurulur. Necə və harada isə qıza əl atır... Qaraçı toy edir, məsələni anlayır və qıza deyir ki – sən mənə düzünü de, mən səni atan evinə göndərmərəm və bu işi açmaram. Ancaq bilim iş kimin işidir.

Qız Vəhşinin adını verir. Qaraçı “qoçaq” da heç bir şey bilmir və heç bir şey olmamış kimi Vəhşi ilə əvvəlkindən daha yaxşı dost olur. Qadın doğur. Qaraçı – Bu uşaq məndən deyil. Bunu tələf etmək lazımdır – deyə düşünür. Uşağın ağzına balış qoyub boğur. Səhər qaraqışqırıq salır ki, gecə uşaq anasının altında qalıb boğulub. Günlərin birində Qaraçı Vəhşiyə deyir ki, kontordan qaş-daş oğurlamışam və Usta-şəyirddən aşağıdakı kühulda basdırmışam. Heç kəsə demə, gedib çıxarıb gətirək və bölüşək.

Daima yalançı tamahkarı aldadacaq. Gecəyarısı Qaraçı ilə Vəhşi kənddən qırağa çıxıb təyin olunmuş yerə gedirlər. Qaraçı Vəhşini qabağına ki, gir içəri, mən də dalınca gəlirəm. Vəhşi içəri girdikdə Qaraçı xəncəri dəstəsinədək Vəhşinin kürəyinə sancır. Vəhşi ölür. Beləliklə, Qaraçı səs-səmirsiz qayıdaraq yatağına girib yatır. Səhərisi kəndə səs düşür ki, Əlibəndənin oğlu Vəhşi yoxdur. Qaraçını çağırıb soruşurlar. Qaraçı isə deyir: – Axşamdan bəri yanımda idi, mənə dedi ki, bu gün evə tez gedəcəyəm.

Qaraçı ilə birlikdə adamları Vəhşini üç gün axtarırlar. Ayrı kəndlərə adam göndərirlər. Bir çoban gəlib yerini xəbər verir. Gedib hərifin meyitini tapıb gətirirlər. Qaraçı meyitin üstündə ağlayaraq: – Qorxma, qardaşım, sənin qanını yerde qoymaram – bu kimi sözlər ilə başına, gözünə vurub canfəşanlıq göstərir. Əlibəndə hər nə qədər axtarırsa, qanlısını tapa bilmir. Əlibəndənin kimə gümanı gəlirsə, əhəng yandırmaq bəhanəsilə gecəyarıdan keçmiş, onu boğub kürəsində yandırardı. Çoxsunu evdə boğardılar. Suraxanı kəndi xaraba qalır. Camaat arasına qanlılıq düşür. Əlibəndə oğlunun üstündə 117 nəfər adam yandırmış və boğdurmuşdu. Əlibəndənin qalan 3 oğlu özündən daha vəhşi və cəllad idi. Bütün Suraxanı və Sabunçunun buruqlarının qarovulu bunların əlində idi. Bu 3 oğulda pul qədərsiz idi. Qaradovoydan pristavadək hər gecə bunlarda qonaq idi. Kimi öldürmək istəyirdilər, qabaqca pul verib hər bir tədbiri görərdilər. Odur ki, taqsırsız, yiyəsiz yoxsul camaatın da qanı batardı.

Əlibəndənin oğlanları “rəhmətlik” Vəhşidən geri qalmazdı. Onun ortancıl oğlu Şıxının sənəti oğurluq, qumarbazlıq, arvadbazlıq, sərxoşluq idi. O, günə bir fahişə ilə oturub-durardı. Əmr edib çalan-oxuyan gətirdər, aşnasını rəqs etdirərdi. Yüzlükləri cırar, fahişəsinin başına fırlandırıb oda atar, yandırardı. Bir dəfə o, təzə bir tapança alır və onu sınaqdan çıxarmaq üçün Suraxanıya gedərkən, yolda kasıb bir kəndliyə çatar-çatmaz bu zavallıya iki güllə vurur. Beləliklə, “bu alicənab” tapançasını yoxlayırdı.

Sonralar, haradansa Qaraçının cinayətinin üstü açılmağa başlanır. Qaraçı bunu duyub, gecəyarı külfətini başına yığıb, Xorasana qaçır. Oradan məktub vasitəsilə bütün əhvalatı olduğu kimi Əlibəndəyə bildirir. Bunu bilən Əlibəndənin iki-üç dəfə ürəyi gedir və bütün etdiyi canilikləri anlayır. Digər tərəfdən, qanlısını əlindən buraxdığı üçün halı daha da pisləşir. Tez bir zamanda qocalıb ölür. Onun meyitini yaxın qohumları camaatdan qorxub, qəbirstanda deyil, öz həyətində basdırmışlar və qəbirinin üstündə bir alabaş bağlamışlar ki, meyiti aparıb yandırmasınlar.

Əlibəndə və onun kimilərinin axırı belə olardı. Bakının o biri kəndlərinnin vəziyyət də belə idi.

Zabrat kəndində 1901-ci ildə Hümmət və Qasım adlı iki qonşu kəndli yaşayırdı. Bunlar şirin su quyularından su çəkib, yaxınlıqda olan neft mədənlərinə daşıyardılar. Yavaş-yavaş dövlətlənib bütün mədənin su təchizatını və alverini öz əllərinə alırlar. Hümmət Məkkəyə ziyarətə gedir. Bu zaman Qasım bunun su müştərilərini öz əlinə alıb ticarəti genişləndirir və öz təsərrüfatını artırır. Həmin sərmayədən bir matorlu un dəyirmanı tikdirir. Məkkədən gələn Hacı Hümmət övzaı (vəziyyəti) belə gördükdə həyasızlığa başlayır. Fəqət Qasım buna baş qoşmaq istəmir və ona su al-verinə şərik olmağı təklif edir. Bununla bir qədər alver edirlər. Bu dəfə Qasım ziyarətə gedir. İndi isə Hacı Hümmət onun bütün təsərrüfatını öz adına keçirir. Hacı Qasım qayıdanda ona heç bir hesab vermir. Fəqət Hacı Qasım yenə baş qoşmayıb, bu işə soyuq baxır. Motorlu dəyirmanın birini də artırır. Bunu görən Hacı Hümmət paxıllığa başlayıb dəyirmanları mənimsəmək üçün çalışır. Bunların arasında mübarizə başlanır. Hacı Hümmət Hacı Qasımın oğlunu öldürtdürür. Sonra Hacı Qasım onun böyük oğlunu öldürtdürür. Hər iki dəstə bir-birini tələf etməyə başlayır. Biri öz təsərrüfatını düzəldirsə, o biri xaraba qoyurdu. Beləliklə, hər iki tərəfdən ölən ölür, Sibirə göndərilən göndərilir. Bu surətlə bu iki nəfər kəndi xaraba qoyur. Bir neçə ildən sonra Hacı Hümmət və Hacı Qasımın sayəsində Zabrat kəndi bayquş yuvasına döndü. Bu zaman kəndin küçələrində tapançalı adamlardan başqa bir insan görmək olmazdı. Adamlar həmişə qorxardılar ki, bu saat bunlar atışacaq və arada yoldan keçən taqsırsız adamlara güllə dəyəcək.

1900-cü ildə Maştağa kəndində camaat üç hissəyə ayrılmışdı: Seyidlər məhəlləsi, Xonxar məhəlləsi, Keçəl məhəlləsi.

Buranın bağı-bağatı başqa kəndlərə görə bir qədər abad idi. Şəhərə yaxın olduğundan bağçılar buranın bağlarına çox köçərdilər. Maştağanın bəhərxırlarının çoxluğundan onların məhsulatı bağa köçənləri ödəmirdi.

Maştağa Naxır bulağının üstündə Buzovnaya gedən bir yol vardı, ona Bənd üstü deyərdilər. Axşamçağı bütün bəhərxırlar oraya cəm olardılar. Bu yer bulvar şəklini almışdı.

Kasıb kəndlilər ulaqlarını əlvan bəzəkli çulla çullayıb Bənd üstə gələr, bəhərxırların uşaqlarından pul alıb növbə ilə onları ulağa mindirib gəzdirərdilər. Maştağanın qəribə mənzərəsi vardı. Kəndin girəcəyində bir meydan vardı, ona Naxır bulağı deyərdilər. Bu bulağın dövrəsi və kəndin küçələri başdan-başa kustar və alverçi – bəzzaz, baqqal, tərəvəz, əllaf, qəssab, çayçı, kababçı, boyaqxana, ərəbəbənd, dərzi, papaqçı, başmaqçı, dəmirçi dükanları idi. Kənd bir şəhər şəklini almışdı. Buraya işsizlər toplaşar, bir məhəllə adamı o biri məhəllə adamını ələ salar, istehzaya qoyar və bu da narazılığa səbəb olardı. Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. Məhəllənin başçıları: Seyidlərdən Mir Abtalıb, Xonxardan Əbdüləzim, Keçəl məhəlləsindən Mürsəl bir-birilə toqquşmağa başlardı. Bunların hamısından güclü Xonxar məhəlləsinin başçısı Əbdüləzim idi. Bunun iki qaniçən oğlu vardı. Böyüyü Ağadadaş, kiçiyi Ağzıəyri Əziz idi. Bu üç nəfər kənd əhalisinin başına olmazın oyunlar açardı. Bunların şəhər yolu üstündə bir evləri vardı. Bu evdə hər səhər qoyun kəsilib, səhər kabab, günorta da bozbaş qonaqlığı olardı. Evdə çalmaq, oxumaq, gecələr qumarbazlıq bir qayda halını almışdı. Bu qonaqlıqlarda kənd pristavının yeri daimi idi. Qonaqlığın xərci kəndlilərin kürəyindən çıxardı. Bağlardan, bostanlardan öz məhsulatını şəhərə satmağa aparan kəndlilər əvvəlcə Əbdüləzimin qapısında dayanıb onunla haqq-hesab etməli idilər. Yəni ona “bığyağı” verməli idilər. Birinin yadından çıxıb verməsəydi, Əbdüləzim adam göndərib həmin şəxsin bağ-bağatını kor qoydurardı. Bir kəndlinin bostanının yaxşı məhsul verdiyini bilsəydi, o bostanın sahibini yanına çağırıb deyərdi: – Sənin bostanına şərikəm, nə satsan yarısı sənin, yarısı mənim. Kəndlilər nə divana, nə mollaya, nə ağsaqqal yanına gedə bilməzdi. Getsəydi belə, sözünə baxmazdılar. Kəndli Əbdüləzimin təkliflərinə razı olmasaydı, şəhər yolunda Əbdüləzimin adamları onun başının üstünü alardılar. Qovununu, qarpızını arabadan yerə töküb doğrardılar. O, çox oyan-buyan etsəydi, özünü də öldürərdilər. Ya bir kəndlinin köhlən atı olsaydı və Əbdüləzimin xoşuna gəlsəydi, yüklü arabanı saxlatdırardı, atı açıb, belinə yəhər qoyub minib çapardı. Yazıq kəndli başına vurub bir az ağladıqdan sonra yüklü arabanı Naxır bulağının üstünə çəkib, məhsulu dəyər-dəyməzinə satar, özü boş arabanı çəkə-çəkə evinə aparardı. Bədbəxt kəndlinin bağda məhsulatı əldən gedər, çürüyər, onu şəhərə daşımaq lazım gələrdisə də mümkün olmazdı. Onun qohumu, qardaşı yığılar, təvəqqe və vasitə ilə öz atlarını dübarə satın alardılar. Kəndlilər oğul evləndirəndə, qız köçürəndə, gərək Əbdüləzimin əli ilə eləyəydilər. Oradan ona bir tulapayı çatmasaydı, işlər düzəlməzdi. Maştağada bu kimi işlər üstündə Əbdüləzim çox nahaq qanlar tökdürmüşdü. Maştağa əhalisi bu üç dəstənin əlindən göz aça bilməzdi. Bu məhəllədən digər məhəlləyə qorxu ilə keçərdi.

1906-cı ildə “Nicat Maarif Cəmiyyəti” Maştağa kəndində qiraətxana açmaq istəyirdi. Əvvəlcə komissiya seçilmişdi. Mən də o komissiyaya daxil idim. Biz gedib Maştağa kəndində, Naxır bulağının üstündə Dövlətoğlu Əhmədin mülkündə bir otaq tutduq. O, çox maarifpərvər olduğundan bizə dedi ki, – Siz gedin, iki gündən sonra gələrsiniz, lazımi şeylər gətirərsiniz. Mən də siz gələnə qədər kəndin ağsaqqalları ilə danışıb camaatı hazırlaram, birlikdə açılış edərik. Biz də gedib vaxtında kəndə qayıtdıq. Qəzet və lazımi kitablar, stol üstünə salmaq üçün yaxşı mahud gətirdik ki, indi qiraətxananı açacağıq. Nə qədər gözlədiksə, gələn olmadı. Əhmədə dedik ki, bəs hanı, sizin adamlardan heç gələn olmadı? Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək Ağa Mir Qəninin bığının altından keçək. Onun iştirakı olmasa, bu qiraətxananı biz aça bilməyəcəyik. Çarəmiz kəsildi, gedib bir kəllə qənd, bir girvənkə çay alıb Ağa Mir Qəninin qulluğuna apardıq. Çox yalvarışdan sonra bizə dedi ki, gələrəm, bu şərtlə ki, Əbdüləzim də gəlsin. Gedib Əbdüləzimə də çox yalvarandan sonra, o, bir sürü şişpapaqlılarla bir yerdə qiraətxanaya gəldi. Əbdüləzim öz adamlarından birini göndərdi ki, gedib Ağa Mir Qənini çağırsın. İki saatdan sonra Ağa Mir Qəni gəlib çıxdı. Qiraətxananı açdıq. Şad-xürrəm geri qayıtdıq və əmin olduq ki, kənd camaatı gəlib qiraətxanada maariflənəcək. İki gündən sonra Əhməd bizə rast gəldikdə qiraətxananın halını xəbər aldıq. Əhməd cavabında dedi: – Evinizi Allah yıxsın, məni siz xataya saldınız. Molla olan yerdə iş görmək olar? Kənddə qarışıqlıq düşüb.

– Nə üçün, nədən ötrü?

Kəndin camaatı məhəllə mollası Ağa Mir Qənidən xəbər almışdır ki, şəriətlə biz qiraətxanaya gedib, o qəzetləri oxuya bilərik, ya oxuya bilmərik? Cavabında molla demişdir ki, “qəzet oxumağın yerinə qəza namazını qılın, qiraət öyrənin, şəriətlə biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan şəxs heç bir başqa əcnəbi yazı-pozu ilə tanış olmamalıdır. Əyər olarsa, o kafirdir”.

– O biri məhəllələrdə isə mollaların təşviqi ilə deyirlər ki, nə üçün qiraətxana bizim məhəllədə açılmamışdır? Kəndə ikitirəlik düşmüşdür. Eşitdiyimizə görə istəyirmişlər ki, gəlib bir-birinin acığına o binanı yandırsınlar. Bu təhər qan içənlərlə bəyəm bir iş görmək olar?

Qiraətxana tezliklə bağlandı.

Bakı bağlarında iş o məqamə çatmışdı ki, axşam saat səkkizdən sonra qapılar bağlanardı və qorxudan bir kimsə bayıra çıxa bilməzdi. Şəhərdən bağa köçən əhalidən biri qonaqlıq eləsəydi və oranın qoçularını çağırmasaydı, onun ya özünə, yaxud da arvad-uşağına sataşardılar.

Şüvəlanda Bənd üstündə hər qoçunun bir qəssab dükanı vardı. Qalalı Hacıbala və Ağagülün dükanları da orada idi. Hacıbalanın dükanının qabağından kedib Ağagüldən ət alan adamın işi yaman olardı. Hacıbalanın dəstəsindən birisi onun qabağını kəsib ağzına gələni deyərdi: – Nöşün mənim dükanımın qabağından keçib əti özgədən alırsan? Məni bəyənmirsən? Bu sözləri cürbəcür alçaq hərəkətlər və təhqiramiz sözlər təqib edərdi.

Bir dəfə mən şəhərdən bağa gedirdim. Suraxanıda maşından (kukuşkadan) düşüb faytona minəndə bir kəndli mənə yoldaş oldu. Faytonda gedə-gedə o, mənə aşağıdakı əhvalatı nağıl etdi:

– Mənim dalımca çoxdandır Hacıbala adam salıb ki, məni vursunlar.

Mən soruşdum:

– Nə üçün?

O yenə sözə başladı:

– O nahaq yerə məni söyüb biabır edirdi. Mən ona dedim ki, ayıbdır, adam söyüş söyməz, vəssalam. Mənim taqsırım bu olmuşdur. Mən inanmadım ki, belə xırda şey üstündə ölüb-öldürmək olsun. Yol uzunu mən ona nəsihət verdim. Mərdəkana çatdıqda bir nəfər oğlan bizə əl elədi. Faytonçu faytonu saxladı. O, yaxınlaşıb yol yoldaşıma dedi ki: – Qabağa getmə, Bənd üstündə Hacıbalanın adamı dayanıb, səni vuracaq. Yoldaşım cavabında ona dedi ki: – Mən yolumdan qayıtmayacağam, onlar mənə heç nə ed bilməzlər. Sonra üzünü mənə tutub dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info