Qonaq Kitabı
Bakı şəhəri

Bahar gəldi, bahar gəldi, xoş gəldi,

Xəstə könül onu görcək dincəldi.

Sizin bu təzə bayramınız mübarək,

Ayınız, gününüz, həftəniz mübarək.

 

Bayramda damları gəzib nünnünü getmək adəti də vardı. Bakı evləri əksəriyyətlə alçaq, bir mərtəbəli evlər olduğundan küçədən onların damına çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə, evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı. Onların torbasına hökmən bir şey salmaq lazım idi.

Bayram axşamları arvadlar əlvan xonçalarla qəbiristanlığa da gedərdilər. Qəbiristanda hər kəs öz xonçasını ölüsünün qəbri üstünə düzərdi və sonra oxşayıb ağlamağa başlardı.

Görərdin ki, bir qadın ucadan oxşayır: – Əlinin gümüş qələminə, başının oynaq papağına, ağır gəlişinə anan qurban.

Bir başqası onun ağzından alardı: – Qıfıllı qapına, bəzənməyən süfrənə, yanmayan çırağına, başı bəlalı xalan qurban.

Arabir bayatı da deyərdilər:

Gəlmişəm görəm səni,

Dərmişəm hörəm səni,

Əlimdə açarım yox,

Bir açam görəm səni.

 

Dalımı dağa verrəm,

Dağdan da dağa verrəm,

Bilsəm haçan gələrsən,

Canım sadağa verrəm.

 

Mən aşıq adı qardaş,

Ağzımın dadı qardaş.

Çağırram hay verməzsən,

Tutaram yadı qardaş.

 

Qəbir üstündə qadınların ürək yandıran oxşama səsləri, mollaların Quran və yasin oxumaları ölgün şüalar saçan günəşin dağlar arxasında gizlənməsinə qədər davam edərdi. Sonra hər kəs öz evinə qayıdardı.

Bayram axşamının gecəsi bütün ailə evə toplaşardı. Qələmkar süfrə ortalığa döşənərdi. Evin yuxarı başında uşaqların atası üçün xüsusi döşəkcə salınardı. Süfrə üstə hazırlanmış xonçaya əl uzatmağa kimsənin ixtiyarı yox idi. Kiçik yaşlı uşaqlardan birisi ara-sıra xına ilə boyanmış əlini yemiş götürmək üçün qorxa-qorxa xonçaya uzatdıqda, böyük bacısı onun əli üstə vurub yavaş səslə – çək əlini, ağa döyər – deyib onu qorxudardı. Evin kişisi icazə verməyincə heç kəsin ixtiyarı yoxdu ki, əlini xonçaya uzatsın. Kişi isə hələ məşğuldur. O, bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. Onun qırxılmış başında paxlava çəkili ağ araxçın, əynində qara şaldan beli büzməli don, altında tirmə döşlük, belində ağbanı qurşaq, ayağında gen lifəli qara mahud şalvar və qırmızı badamı butalı corab vardır. O, heç tələsmir, namazını bitirdikdən sonra “Həvvil haləna ila əhsənül hal” duasını oxuyur. Bu halda 18 yaşlı böyük oğul tələsik evə daxil olub, küçələrdə tüfəng atıldığını, beləliklə ilin təhvil olduğunu xəbər verir. Ata qoltuğundan üstü güləbətinli saat qabını çıxarır, gümüş saatının qapağını açıb saata baxır, ilin təhvil olmasına hələ bir neçə dəqiqə qaldığını bildirir, canamazı büküb yığışdırır. İrəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. Hamı xonçanın başına toplaşdıqdan sonra bir qədər bayram yemişindən yeyir, anaları südlü plov qazanını yerə qoyur, hər uşağın payını öz boşqabına tökərək verir. Südlü plov yeyilib bitdikdən sonra süfrə yığılır.

Sübh açıla-açılmaya məscidlərin minarələrindən sübh azanının səsi eşidilərdi. İçərişəhərdə, Cümə məscidində, Molla Qasım adlı bir azançı var idi. Hündür boylu, qara saqqallı olan bu şəxsin başında ağ, Təbriz araxçını olardı. Hərdənbir şəbkülah da qoyardı. Döşüaçıq kəyanisi topuğundan bir qarış yuxarı, qırmızıya çalan sarı döşlüyü, belinde üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, qıçında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. Ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. Bu şəxs əcaib bir şəxs idi. Günə baxmaqla vaxtı düzgün söylərdi. Əgər birisi ondan soruşsaydı ki, Molla Qasım əmi, saat neçədir? – Günə baxıb deyərdi: – Saat on birdir. Saata baxdıqda isə düz on bir tamam olduğunu görərdilər. Onun güclü səsi vardı. Qədim musiqiçilər bilər. Bu adam Rühül-ərvah, Dügah, Nəva (klassik muğam adlarıdır – red.) ilə azan verərdi. Molla Qasımın azanı Bakı camaatını yuxudan oyadardı. Şəhərdə yavaş-yavaş həyat başlanardı. Küçələrdə uşaqların rəngbərəng paltarları, xınaya boyanmış kəkil-birçəkləri, heydərili başları və tinlərdə dəstə-dəstə olub, əlvan rəngə boyanmış yumurta döyüşdürənlər gözə çarpardı. Ara-sıra tapança da atılardı.

Bayram günü evlərdə. Bayram günü həyət və otaq qapılarının açıq saxlanılması ev sahibinin evdə olduğunu bildirərdi. Həyətlərin bəziləri qırlı, bəziləri boş torpaq olardı. Bəzi həyətlərdə su quyusu və çarhovuz görünərdi.

Həyətin o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş qapı-pəncərəsi bir-birindən hündür, alçaq damı, şirəli mətbəx, yanında isə dörd bir tərəfi metr yarım əhənglənmiş toyuq hini, bəzi həyətlərdə köpək damı da görmək olardı. Mətbəxin damında əhənglə ağardılmış qoşa alçaq bacalar nəzəri cəlb edərdi. Mətbəxdə mütləq tendir, biri böyük, biri kiçik iki ocaq, bir kürə olardı. Mətbəxin divarlarında xırda taxçalar, təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. Suaxan nədir? Uşaqları çox vaxt burada çimdirib yuyundurardılar. Suyu böyük mis qazanda isidərdilər. Bəzən, gecə ev sahibləri də burada yuyunardı. Mətbəxin taxçalarında, təndir üstə qazan, yuxayayan, aşsüzən, mis qablar, divara söykənmiş məcməilər, ət taxtası, qiyməkeş, taxtadan qayrılmış hövsər tabağı, yenə o böyüklükdə, bir çərək dərinliyində xəmir tabağı, divarlarda asılmış ələk, xəlbir, qaşıq səbəti və şalbanlardan asılan qışdan qalmış balqabaq, kudu, rısa ilə soğan, quru sərdabı balıq, dəstə ilə qurumuş qarğıdalı, narın süpürgə, bezdən qab dəsmalları nəzərə çarpardı. Evin kənarında (başmaq çıxarılan yer) palaz parçası salınardı. Otaq qiymətli xəlilərlə döşənərdi. Divarları ağardılmış otağın küncləri xırda döşəkçələr (dör döşəyi), bezən də Təbrizdən və Ərdəbildən gəlmə ağ abı butalı kiftandazlarla döşənərdi. Otağın divarlarındakı cüməxatanda, böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər və qu tüklü balışlar qoyulardı. Taxçalarda xırda mücrülərin üstündə əlvan, çin-çin ipək boğçalar qoyulardı. İki cüməxatanın arasında, döşəmədən bir qədər yuxarı, bir cüt bədənnüma ayna, iki taxçanın arasında divar saatı, saatın sağ və solunda maral başları, həyətə açılmış pəncərələrin sütunlarında isə ətəkləri qırmızı xoruz şəkilli ağ, üz dəsmalları asılardı. Burada ara-sıra məxmər üstünə güləbətin çəkilmiş daraq qabı, saat qabı da nəzəri cəlb edərdi.

Otağın bütün divarlarında ləmə olardı. Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi.

Ləməyə bəzən bürünc aftafa-ləyən, çini gülabzən, böyük görkəmli dayaz düşbərəxur (supnik), dərin plov nimçələri və bəzən də əlvan, yağlı rənglərlə çəkilmiş şəkilli dəmir podnoslar düzülərdi. Ləmənin küncləri böyük düşbərəxur və qeyri bu kimi ev ləvazimatı ilə bəzənərdi. Pəncərədən sarı şamdanlar, bəzi evlərdə isə saxsıdan tunc rəngli çilçıraq asılardı. Evin ortasına, xalının üstünə böyük qələmkar süfrə döşənərdi. Süfrə üzərinə rəngli nimçələrdə şəkərçörəyi, şəkərbura, paxlava, noğul, nabat, püstə, badam, əlvan boyanmış yumurta, kasalarda islanmış albuxara, – bunu yemək üçün naxışlı taxta qaşıqlar düzərdilər. Süfrənin ortasında ara-sıra boşqablarda yaşıl səməni qoyardılar. Səmənini bayramdan bir həftə qabaq isti otaqlarda, nimçələrdə bir qarış göyərdərdilər. Yuxarıda saydığımız şirniyyatlardan başqa, süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. Evdə bayram görüşünə gələnləri qəbul etmək üçün evin ya böyük oğlu, ya bacı oğlu, yainki, qardaş oğlu təmiz, yeni bayram paltarlarını geyib, xınalı əlində gülabzən qapı ağzında, əli döşündə, ayaq üstə dayanıb, gələnlərin əlinə gülab səpər, görüşdükdən sonra onlara yer təklif edərdi. Ev sahibi himlə həmin adama işarə edərdi ki, qonaq üçün çay gətirsin. Bayram zamanı hil, darçın, zəncəfil, qəhvə çayı da vermək adət idi. Bundan əlavə şərbət də verərdilər. Bayram görüşünə gələnlərə süfrədə olan şirniyyatdan yeməyi təklif edər və onlarla söhbətə başlardılar. Bu zaman yan otaqdan – qapı arasından evin kiçik uşaqları, yeni yetişmiş qızları, uşaqların anası, gələnin kim olduğunu bilmək üçün qapı arasından baxardılar. O dəqiqə uşaqların üst-başını qaydaya salıb Kəblə Novruzqulu əmi ilə bayramlaşmağa göndərərdilər. Uşaqların gəldiyini görən Kəblə Novruzqulu qollarını uşaqlara doğru uzadıb barmaqlarını tərpədərək özünə tərəf çağırardı.

– Po... qədə... qədə... qədə... gəl əminin yanına...

Uşaqlar da utanar, bir ayağı gedər, bir ayağı getməz bir-birini itələyərək, onun yanına gələrdilər. Kəblə Novruzqulu bunları öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. Bayramlaşmağa gələnlər yerin azaldığını görüb xudahafizləşib gedərdilər ki, başqa gələnlər üçün yer açılsın. Bayram bu qayda ilə üç gün davam edərdi.

Üç gündən sonra qadınlar işə başlardı. Bir həftə də qadınlar bayram edərdi. Novruzdan bir ay və ya ay yarım keçməmiş hər məhəllənin cahyilları pul qoyub şəhərin ətrafına seyrə çıxardılar. Bu yerlər: Yasamal üstü, Biləcəri qayası, Pirvənzəri üstü və Bibiheybətdən ibarət idi. Burada da onlar bəzən həftələrlə çalıb-oynamaqla vaxtlarını keçirərdilər. O yerə qonaq gedən gənclər, xəcalətli olmamaq üçün ya bir kəllə qənd, bir girvənkə çay, ya bir qoyun və ya da ki, bir dəstə çalğıçı aparardılar. O zaman əsas etibarilə Quba meydanı, Kömür meydanı, Şamaxı yolundan ibarət olan şəhərin geniş meydançalarında çox vaxt Dağıstandan gəlmiş cavanlar camaata tamaşa verərdilər. Onlar iki möhkəm şalbanı bir-birinə çatıb yerə maili surətdə basdırdıqdan sonra ikisini də eləcə 10-15 metr məsafədən sancardılar. Sonra şalbanların yuxarıdakı haçalarına kəndir bağlayıb birindən o birinə uzadardılar. Tarım çəkəndən sonra həmin kəndiri möhkəmcə bağlardılar.

Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq – ip üstə qalxar, zurnanın çaldığı havanın ritmi ilə kəndirin üstündə rəqs edərdi. Kəndir üstə oynanan rəqslər qaytağı, təkçalma və sairədir. Bunların ahəngi altında oynayana və atılıb düşənə rustambaz və ya kəndirbaz deyərdilər. Onun təlxəyi də olardı. O, çuxanı tərsinə geyib boynundan və qollarından zınqrov asar, üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. Təlxək hərdən yuxarıya xitabən:

Can qardaş!

Hünər kimin üçündür?

Hünər sənin üçündür.

Əgər sən ip üstündə bir qaytağı oynasan bura yığılan ağalar bizə cib xərcliyi verərlər. Usta, balabanı kök elə!

Bu qayda ilə oyun uzun zaman davam edərdi.

Bayram günlərində gedən oyunların biri də cızıq turnası oyunu idi.

Geniş küçələrin birində, yerdə 5-6 kvadrat sajın dövrə çəkərdilər. Cızıq turnası oyununda iştirak edənlər iki dəstəyə bölünərdi. Çevrənin kənarında olan uşaqların əlində turna olardı (Uşaqlar qurşaqlarını bellərindən açıb eşər, düyünlərdilər ki, buna da turna deyərdilər). Onlar çalışmalı idilər ki, kənardakılara təpik vursunlar, kənardakılar isə əllərində olan turna ilə daxildəkiləri döysünlər. Fəqət hər kəs ayağını cızıqdan içəri və ya kənara qoysaydı, onu vurardılar ki, içəri girsin və yaxud ayağını xaricə qoysaydı, onu da turna ilə döyərək içəri qovardılar. Əgər xaricdəkilərdən birinə təpik dəysəydi, o zaman dəstələr yerlərini dəyişməli idilər. Bu növ davam edən oyuna cızıq turnası deyərdilər. Cızığın içinə girməyə birinci dəfə heç kəs razı olmazdı. Bu səbəbdən cızıq turnası oyununun mahnısı vardı. Həmin mahnının axırıncı kəlməsi hansı dəstəyə düşsəydi, o dəstə azad idi. O biri dəstə cızığın içərisinə girməli idi.

Motala-motal, tərsə motal,

Yağ atar, qaymaq tutar.

Hacı oğlu Mustafanın,

Qoltuğunda bir top atar.

 

Əkil-bəkil quş idi,

Divara qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydana salmış idi.

Meydanın ağacları,

Bar gətirib ucları.

Çəpər çəkdim, yol açdım.

Qızıl gülə dolaşdım.

Bir dəstə gül dərməmiş,

Anası gəldi, mən qaçdım.

 

İynə-iynə, ucu düymə,

Şam ağacı, qotur keçi,

Happan-huppan,

Yığıl-ğırtıl,

Su iç qurtul.

 

Bəziləri mahnını belə oxuyardı:

Dumbulu çala-çala getdim bağa,

Bir dəstə qızlar ilə oynamağa,

Ə1 atdım kiçik qızın məməsinə,

Böyüyü haray çəkdi nənəsinə,

Nənəsi xəncər-bıçaq o böyrümə, bu böyrümə,

Böyrümü tuta-tuta getdim həcə,

Həc dedi: canın çıxsın gəlmə gecə.

Yeddi gün yeddi gecə ağlamışam,

Atımı çöllərdə bağlamışam,

Atıma kişmiş gərək, kişnəməyə,

Itimə sümük gərək, gəmirməyə.

Əkilkə-məkilkə

Ştotdi namala.

Təbil-təbil, eşil-vəşil

Adı val... padıval.

Atdım, matdım,

Mən səni aldatdım.

Sən gedərsən mən ağlaram dalınca,

Yaylıq elə məni apar yanınca.

Qoltuğunda bağlama, mən gedirəm ağlama,

Gedərəm tez qayıdaram, özgəyə bel bağlama.

Yuxandakı mahnıların axırı hər kəsdə qurtarsaydı, o dəstə azad idi, yəni cızığın kənarında turna vurardı.

Şəhərin başqa bir tinində toplaşmış uşaqlar qələndər, ay qələndər oyunu oynayırdılar. Bu oyun belə idi: uşaqlardan bir nəfər nüfuzlusu “ana” (oyun başçısı) olardı. O, əlindəki turnanı uşaqlara verərək aşağıdakı tapmacanı söylərdi:

– Bir quşum var buxartana.

Xor: – Qələndər, ay qələndər

– Dimdiyi var buxartana.

– Qələndər, ay qələndər

– Su içər buxartana.

– Qələndər, ay qələndər

– Gözləri var buxartana.

– Qələndər, ay qələndər

– Qanadları buxartana.

– Qələndər, ay qələndər

– Başı mənim, ayağı sənin, tap görək!

 

Bu zaman uşaqlardan birisi yaxınlaşıb deyərdi:

– Qarğa;

Ana:

– Ver qarğaya (yəni bilmədin).

Uşaq əlindəki turnanı tapmadığı üçün yoldaşına ötürərdi, o biri:

– Ördək.

Ana:

– Ver ördəyə.

Uşaq verərdi o birinə, daha o birisi:

– Toyuq.

Ana:

Ver toyuğa.

Daha başqası:

– Göyərçin.

Ana:

– Palan (yəni tapmısan).

Uşaq turnanı alıb yanındakı uşaqları döyməyə başlardı. Ana isə “palan, palan” deyərək bir qədər davam etdikdən sonra qəflətən deyərdi: – Yalan (yəni bəsdir). Bu zaman uşaqlar əlində turna olan uşağın dalınca yüyürüb tutar və qapazlamağa başlardılar. Əgər turnaçı vaxtında özünü “ana”nın yanına yetirsə idi, o zaman oyun yenidən “ana”nın palan sözü ilə başlanardı. Hərgah onu tutsaydılar, döyərək “ana”nın yanına gətirərdilər, oyun yenə lap əvvəlindən başlardı.

Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldın qaç) adı ilə məşhur olan oyundur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info