Qonaq Kitabı
Bakı şəhəri

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Araqçının haşimi,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Hara qoyum başımı,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Səni mənə verməzlər,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Tökmə gözün yaşını,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Saçın ucun hörməzlər,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Səni mənə verməzlər,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Əyil üzündən öpüm,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Qaranlıqdır görməzlər,

– Lay-lay gülüm hay, ay gülüm hay!

 

Qəflətən iki nəfər yaxşı oynayan, biri qoca qarı surətində, digəri isə başına iki başmaq tayı bağlayıb, kürkü tərsinə çevirib geyərək oynaya-oynaya otağa daxil olardı. Bu zaman otaqdakı adamlar urra çəkib oxuyub küy-kələk salardılar.

– Nə aş yeyər, nə əppək, yaxşı oynar bu köpək!..

– Nə qovun yeyər, nə qarpız, yaxşı oynar bu donquz!

– Un ələr, yanın bular, mən neylirəm dul arvadı...

– Çörək yapar, yanın qapar, mən neylirəm dul arvadı.

Bu zaman bir nəfər gizlincə gəlib birdən bunların üstünə su çilərdi və ya əllərini yuxarı uzadıb damdan asılmış lampanı söndürərdi. Bu zaman iştirakçılar bir-birini vurmağa başlardı, beləliklə də gecəni keçirərdilər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, balaca qız uşaqlarının da özlərinə görə mahnıları, oyunları var idi. Beş-altı qız bir dənə taxta çay yeşiyi götürüb evin bir küncünə çəkilərdi. Sonra bacılarından, cicilərindən, xalalarından aldıqları əlvan parçalarla təbii ev səliqəsində yeşiyin içini bəzərdilər. Xırda çör-çöpə tuman, köynək geydirib, kiçik gəlinciklər qayırardılar və onları yeşiyin divarlarına söykəyərdilər. Bəzi qızlar, bu qonşudan o qonşuya (bu yeşikdən o yeşiyə) cehiz dəsgahları ilə gəlin köçürərdilər. Bunların da mahnıları vardı:

Nəmçilər, ay nəmçilər!

Qapını kəsib elçilər.

Anam deyir vermərəm,

Atam deyir dur görək.

Ağzına qurban dayı,

Sən də bir danış barın.

 

Qızıl üzük laxladı,

Verdim anam saxladı,

Anama qurban olum,

Tez məni adaxladı.

 

Araqçının məndədir,

Sərmişəm çəməndədir.

Aləmdə gözəl çoxdur,

Mənim gözüm səndədir.

 

Bağ evləri bağımıza yanaşa,

Meynələri meynəmizə dolaşa,

Yar, məhlədən keçmə, anam savaşa,

Ver bağı, bostanı, vermərəm yarı.

 

Bir evdə ağlaram, bir evdə gülləm,

Bir evdə gözümün yaşını silləm,

Bir az da gec gəlsən çərrərəm, ölləm

Əs giləvar, gəl qadasın aldığım.

 

Unu ələdim basdım çuvala,

Başı qara qurdlar yeriyər divara,

Yar gəlib çıxmadı, qaldım avara,

Qaragöz oğlanın mən divanəsiyəm.

 

Bir ev tikmişəm dörd yanı şüşə,

Bir oğlan sevmişəm bağı bənövşə,

Yarım nar göndərib, hamı gülövşə,

Əlin ver əlimə, gec gələn oğlan.

 

Mən belə dəmyəni yeyə bilmərəm,

Dərdimi sərdara deyə bilmərəm.

Sən gedərsən mən ağlaram dalınca,

Yaylıq elə məni apar yanınca.

 

Qoltuğumda bağlama,

Mən gedirəm, ağlama.

Gedərəm, tez qayıdaram,

Özgəyə bel bağlama.        

Mən belə dəmyəni yeyə bilmərəm,

Dərdimi sərdara deyə bilmərəm.

 

Sonra üç-dörd qız əl-ələ verib birini dövrəyə alar və deyərdi:

– Miyo-miyo.

Xor: – Nə pişiyisən?

– Xan pişiyi.

– Nöşün gəlmisən?

– Ələk üçün,

– Bizdə deyil, o xaladadır.

Ortaya alınan qız gedib qeyri bir qızın qarşısında dayanaraq yuxarıdakı sözləri təkrar edər və qəflətən qızların birini vurub qaçardı.

Xor: – Qara pişiyin evi dağılsın (2-3 dəfə) deyib, onun dalınca yüyürər, onu tutar və döyərdilər. Yenisi onu əvəz etdikdən sonra oyunu təzədən başlardılar.

Qocaların bağ məşğələləri haqqında. Qoca arvadlar səhər tezdən qızlarını, nəvələrini cəm edib, birlikdə meynə diblərinin alağını və tikanlarını təmizləmək üçün bağa keçərdilər. Babalar da alaq təmizlənincə bellə meynələrin dibini şum elərdilər. Sonra əllərinə meşin əlcək geyərək qırılan tikanları bir yerə cəm edib, bağın çəpəri üçün hazırlardılar. Üzüm və əncir yetişdikdən sonra nənə üzümün çürüklərini, süfrədən artıq qalanları, yerə tökülənləri yığıb böyük sərniclərə tökər və sirkəyə qoyardı. Baba isə xatını, duğşeyi, əskəri, mövücü üzümləri dərib gətirər, daş axira töküb şalvarını dizinədək çırmalayar, arxalığının ətəklərini belinə sancıb üzümü tapdalayar və şirə yığardı.

Nənə o şirələri böyük mis tavalarda qaynadıb doşab bişirərdi. Xırda uşaqlar bağdan heyva dərərək gətirib nənələrinə verərdilər: – Böyük məmə! Bu heyvanı sal şirənin içinə bişsin. – Nənə də alıb deyinərək bişirərdi.

Baba bağın bir guşəsində bağdan qırılmış tikanları bir yerə toplayıb, mövcalan qayırardı ki, külək şiddətli əsəndə sərgini aparmasın.

Nənə isə əncir ağaclarından əncir dərib, onu və üzümün yerde qalanlarını bir yerə yığar, öz taylarını başına yığıb əncirin qabıqlarını soyandan sonra sərib pisgəndə qurudardı. Baba əncirin yarı dəymişindən tabaqlara dərib nənəyə verərdi. Nənə də alıb riçal bişirərdi.

Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü qurtarmağa başlardı. Kəblə Novruzqulunun külfəti yenə əl-qolunu çirməyib mətbəxə girər, yurd halvası çalıb nimçəyə basardı. Kəblə Novruzqulu isə uşaqları başına yığıb evin avadanlığını səki üstünə çıxarar, bağın kəsilmiş meynə başlarını evə yığardı. Küpələrə və bardaqlara doldurulmuş doşabı şəhərə aparmaq üçün hazırlardı.

Doşablar həm şirin, həm də turşməzə olardı. O halda bəs nə üçün doşablar turş-şirin, meyxoş olurdu? Bircürə ağ rəngli torpaq vardır, şirəyə ondan qatıb süzdükdən sonra doşab turş-şirin olardı. Bu torpaqdan qatılmasa idi doşab turş-şirin olmazdı. Onun adına şirəxək deyərdilər.

Kəblə Novruzqulu doşabı, turş-şirini, mövücü, pisgəndəni, riçalı və başqa şeyləri arabalara yüklədikdən sonra qapını qıfıllayar, şəhərə köçərdi. Şəhərdə sakin olduqdan sonra Nurcahan xala evin sər-sahmanı ilə məşğul olardı. Kəblə Novruzqulu isə dükana gedərdi. Dükanın qıfılını açıb içəri girdikdə qarşısında “gözəl” bir mənzərə açılırdı.

Bakının dəhşətli, gözçıxaran tozanağı hamıya məlumdur. Belə ki, dükanın qapısından toz soxulub bütün dükanın daxilini bürümüş, tərəzinin gözləri, qəfəslərin üstü, pendir çanağı və boş yeşiklərin üstü bir qarış toz-torpaqla örtülmüşdür. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri, suxarını, noğulu, albuxaranı, kürəgəni, kişmişi, çanaqdakı ağ və qara saqqızı və kisələrdəki fındığı, qozu siçanlar darmadağın etmiş, asma tərəzinin, əl tərəzisinin şanında və zəncirlərində hədsiz milçək qarasını görüb Kəblə Novruzqulu özündən çıxardı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. Kəblə Novruzqulu başındakı əmiri papağı ağ araqçının üstündən götürüb, büzməli çuxasını əynindən çıxarıb kətil üstünə qoyduqdan və kəyani donunun düyməli qollarını çırmalayandan sonra Kərimlə bərabər çox çətinliklə dükanı sahmanlayıb alış-verişə başlardı.

Orucluğa yaxın qadınlar ayaqlarına bir darbalaq, əyinlərinə kişinin köhnə donunu geyib ev müxəlləfatını bayıra tökərdilər. Otağın yerini, divarlarını əhənglə ağardar, təndiri, ocağı sarı torpaqla şirələr, mis qab-qacağı qalayçıya göndərib ağartdırar, saxsı qab-qacağı quyu üstə töküb qumlayıb, külləyib, salavatlayıb, pak edərdilər. Evin xalçalarını, həsir və palazını dəniz kənarına yumağa göndərərdilər.

Bütün bunları yerinə yetirdikdən sonra tam çirkli, bulaşıqlı pal-paltarları bir yerə cəm edib hamama getmək üçün hazırlaşardılar.

Hamama getməkdən iki gün qabaq uşaqların başına xına yaxar və gilabı isladardılar. Gilabı üç növ olardı: ağ gilabı, sarı gilabı, göy gilabı.

Göy və sarı gilabı ilə baş yuyardılar, o, başın çirkini yaxşı təmizlərdi. Ağ gilabı ilə çirkli paltarları yuyardılar. Bu gilabı Bakının Qobu, Güzdək kəndlərindən gələrdi. Xüsusi adamlar yuxarıda dediyimiz dağların dibinə gedib gilabı çıxarmaq üçün oranı mağara kimi qazıyardılar və gilabı çıxarardılar. Gilabı satan xüsusi yoxsul adamlar olardı. Onlar bəzən çox qazıyıb dərinə getdikdə mağaranın bir hissəsi uçar və gilabı çıxaran biçarələr torpağın altında qalıb ölərdilər. Kəndə səs düşərdi ki, filankəs itib, yoxdur, oyan-buyanı axtarıb axırda deyərdilər: – Bəlkə gilabı mağarasında qalıb. Arvadının və bacısının yadına düşərdi ki, doğrudan da onların əri və ya oğulları iki gün qabaq gilabı çıxarmaq üçün getmişdi, bəlkə elə orada qalıb.

Camaat gilabı mağaralarını axtarandan sonra görərdilər ki, doğrudan da mağara uçub, kişi altında qalaraq bağrı çatlayıb ölmüş, eşşəyi isə oğurlanıbdır.

Gilabısatan xurcunu doldurub eşşəyin belinə yükləyib şəhərin küçələrini dolaşaraq: – Ay gilabı alan! Ay gilabı alan! – deyə çığırardı. Uşaqların anası Gülpəriyə çoxdan tapşırıb ki, Gülpəri göz-qulaq olsun gilabısatan gələndə tez yüyürüb alsın.

Gülpəri səhər tezdən samovarı qaynadıb, çayniki dəmləyib, evin ortasına bir qırmızı haşiyəli süfrə salıb, uşaqları da ətrafına yığıb çay içməkdə ikən, küçədə gilabısatanın səsi eşidilərdi. Arvad mətbəxdən: – Ay Gülpəri, ay Gülpəri, yüyür, gilabısatan gəlib. Gülpəri anasının səsini eşitcək süfrədən atılıb qapıya yüyürərdi ki, gilabısatanı çağırsın. Bu zaman Gülpərinin balağı samovarın buruğuna (şirinə) ilişib buruğu açar və samovardan qaynar su axaraq təzəcə iməkləyən, süfrə kənarındakı uşağın altına gələr və uşağı yandırardı. Uşaq ağlamağa başlayardı. Ondan bir qədər iri uşaqlar da bunu görüb qorxudan ağlayar: – Ay ana! Uşaq yandı, uşaq yandı! – deyə çığırardılar. Onların mətbəxdən səsini eşidən anaları tez otağa yüyürüb, əhvalatdan xəbərdar olan kimi uşağı qucağına götürərdi. Arvadın başı uşaqlara qatışdığından samovarın buruğu yadından çıxardı. Samovarda olan-qalan su axıb qurtardıqdan sonra içindəki od samovarın özünü yandırıb odluğunu çıxarardı. Bu zaman samovar çıqqıldamağa başlayardı. Uşaqlar küy-kələk salar, ana gah uşaqların qeydinə qalar, arabir də Gülpəriyə sarı deyərdi: – Heç qapılar açıb girməyəsən! Əndamın açılsın, qaraduvaq olasan, yaşın qara gəlsin, ay Gülpəri, uşağı yandırdın, – deye qarğıyar evdə bir qiyamət qoparardı ki, gəl görəsən. Qərəz Gülpəri gilabısatanı əyləndirib evə qayıdar və: – Ay ana, tez ol gəl, gilabısatan qapıdadır – deyə çağırardı. Anası Gülpərinin təpəsinə ikiəlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax gör uşağı nə günə salmısan!

Arvad qucağındakı uşağı bağrına basıb qapıya gedər, gah uşağa, gah da gilabısatana müraciət edərək:

– Ay əmi, gilabını neçəyə verirsən?!

– Batmanı altı şahı.

– Ay əmi, dəmirə[6], pula verirsən?

– Dəmirə vermərəm, ancaq paltara verərəm.

Arvad içəri qayıdıb kişinin köhnə paltarlarından tapıb gətirər və gilabını alıb isladardı, sonra uşaqların başına xına yaxıb səriyərdi ki, səhər hamama getsin. Samovarın yanmasını kişidən gizlətmək üçün arvad ərindən xəbərsiz samovarı qalayçı dükanına aparıb ustaya yalvarardı:

– Ay usta, amanın günüdür, axşamacan bunu birtəhər elə, yoxsa axşam sahibim gəlib bilsə ki, mən samovarı yandırmışam, məni tikə-tikə edər.

Axşam kişi bazardan gəlib şam etdikdən sonra:

– Ay kişi, sabah uşaqları hamama aparacağam, mənə bir abbası ver.

Kişi deyinə-deyinə əlini cibinə salaraq:

– Mən sənə hamam pulu verməkdən yoruldum – deyə pul kisəsini çıxarır, bir qara pul çıxarıb arvada verərdi. Sabah tezdən arvad kişini yola salar, sonra evdə olan bütün kirli paltarları bir boğçaya bağlayıb iki çörək, gecədən qalma kələm dolmasından, almadan, şabalıtdan bir dəstərxana yığıb bağladıqdan sonra hamama yola düşərdi.

Hamam zənənə olanda gülxanaçını və ya cumadarı dama çıxarıb şeypur çaldırmağa başlardılar. Əhali başa düşərdi ki, bu gün hamam zənənədir. Hamamın qapısında qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şeypur səsi eşitməyən kişilər hamam zənənə olduğunu bilsinlər.

Hamamın küçə divarlarında Rüstəm pəhləvanın ağ divlə vuruşmasını, Söhrabın davasını, dalan divarlarında Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxanın şəkillərini, hamamın bayırında (paltar soyunulan yer) isə məşhur İran padşahlarının əkslərini əlvan rənglərlə çəkərdilər.

Bir dəfə çar soldatlarından biri şəhərin küçələrini seyr edərkən, yolu bir hamamın qabağına düşür. Nəzərini divardakı əcaib rəsmlər cəlb edir. Bu adam özlüyündə düşünür ki, bura yəqin sirkdir. Özünü içəri toxuyur ki, bir qədər tamaşa etsin. Arvadlar bunu gördükdə fitələrini eşib yazıq soldatın aşının suyunu verirlər.

Hamamın dalanlarından içəri açılan qapını açdıqda, hamamın bayırına daxil olmaq olardı. Burada, tən ortada, daşdan tikilmiş, ortasında fəvvarə olan bir çarhovuz olardı. Hamamın yeri təmiz yonulmuş, ağ tava daşlarla döşənmiş olardı. Yanlarda hündür, böyük tağlar vardı. Hər tağın beş-altı çərək hündürlükdə səkisi, səkilərin içində başmaq qoymaq üçün balaca taxçalar vardı. Dörd tağın üstə bir böyük günbəz, günbəzlərdə daşdan qazılmış pəncərə olardı. Səkilərin birində, bir tərəfdə, taxtadan hamamçı üçün qabağı məhəccərli yer ayrılardı. Hamamçının altında balaca əlvan namazı xalça, qabağında xırda aynalar, xırda bankaların içində ruşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı.

Səkinin içəri tərəfində bir xeyli sönmüş əhəng olardı. Onun üstündən ip çəkilib qırmızı mərcanı fitələr sərilib (bəzən gülxanada da) qurudulardı. Səkiyə əvvəl həsir, həsirin üstündən xalça-palaz salınardı, bəzən də buraya əlvan rəngli taxta çarpayı qoyulardı. Bu ancaq dövlətlilərdən ötrü idi. Onlar hamamdan çıxandan sonra burada uzanıb istirahət edərdilər. Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirərdilər. Fitələr iki növ idi: darayı, mərcanı. Birinci ipək olardı, ikinci isə adi iplikdən. Hamamın o biri səkiləri isə kasıblardan ötrü idi. Ora ancaq həsir döşərdilər. Hamama gələnlərin də hərəsinə bir mərcanı fitə verərdilər.

Hamamın içinin də quruluşu bayırınkı kimi olardı. Fəqət onların səkiləri yerdən bir qarış yuxarı və səkilərin dövrəsində su yolu olardı. İşlənmiş sular oradan axıb gedərdi. Səkilərin küncündə daşdan hovuzcuqlar olardı, onlara uşaq oynamaq üçün ilıq su tökərdilər. Ortada bayırdakı kimi, hovuz olmazdı. Ancaq tağların birinin altında xəznə olardı. Orada isti su saxlanardı.

Xəznənin qabağında, səkinin içində bir hovuz olardı. Ona qülleteyin deyərdilər. Hovuzun üstündə xəznəyə doğru bütöv daş uzadılardı. Onun üstü ilə xəznəyə yol vardı. Qülleteyində çirkab su, qeyri bir tağın altında həmin xəznə kimi ayrılmış yerdə soyuq su olardı. Tağların bir başqasında balaca sövmiələr olardı, bunlara da xəlvəti deyərdilər. Ağa və xanımların çoxu orada yuyunardı.

Gülpərinin anası hamama gəldikdə, ən əvvəl kirli paltarları yuyar, uşaqların başının xınasını tökər, sonra cici-bacılarını başına yığıb söhbətə başlardı:

– Ay Ağannə xala həmişə təmizlikdə!

– Çox sağ ol. Oğluvun, qızıvun gəlinlik hamamına gələk, Allah imanuvi kamil eləsün.

Sonra hamamdakılar dəstə-dəstə olub, hər kəs səkinin üstündə öz evindən gətirdiyi yeməyi ortalığa qoyub yeməyə başlardı. Uşaqlar xırda hovuzların qabağında oynayaraq analarından aldıqları kökü, şabalıdı yeyərdilər. Arvadların yanlarında yeni yetişmiş qızları olardı. Bakıda oğulsuz qoca qarıların sənəti evbəev gəzib cavan oğlanları evləndirmək və ya yetişmiş qızları ərə vermək idi. Bu kimi tiplərdən hamamlarda da çox olardı. Bunlardan birisi dəstələrdən birinə yanaşıb:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info