Qonaq Kitabı
Bakı şəhəri

– Vay-vay-vay. A kişi, bu nə üst-başdır, bu nə əl-ayaqdır, əşi qoşunkeşdidən, davadan gəlirsən nədir?

– Ey, rəhmətliyin qızı, tez ol qapını aç, uzun danışma.

Arvad o yan-bu yanını axtarıb, açarı tapır, qapını açaraq həyətə girirlər. Kişi özünü evə salmaq istədikdə arvad:

– A kişi, a kişi, başuva daş, içəri girmə üst-başın mırdardır, aləmi mırdar elərsən.

– Ay dinsizin qızı dinsiz, soyuqdan öldük, bəs nə eləyim?

– Dünən öləydin, bu gün iki günün olaydı. Səni görüm saqqalın qana bulaşsın.. Bəri gəl, bəri gəl, mətbəxə gəl.

Ər-arvad savaşa-savaşa mətbəxə girirlər. Arvad kişinin alt paltarını çıxarıb dəyişir. Tez yorğana büründürüb təndir üstə oturdur. Qazanda su qoyub qızdırdıqdan sonra Kəbleyini suaxanda yuyundurub, aparıb evdə yatırdır. Kəbleyinin ağız-burnu bir qədər istiləşdikdən sonra durub hazırlaşır, axşamüstü Hacı Abtalıbın yanına xəbərə gedir.

– Hacı, gözün aydın, muştuluğumu ver.

– Hə, oğlan gəlmisən, qız?

– Ay rəhmətliyin oğlu, əlbəttə, oğlan,

– Hə, nə oldu, söhbət elə görüm.

– Kişinin sözü yoxdu ki, həri verdi də. Cümə gününün axşamı şirni içəcəyik. Mən gedim də.

– Hə! Kəbleyi, bir az tez gəl. Allah imanuvu kamil eləsin, oğlunçun olsun.

Səhər Hacı Abtalıb Üstüörtülü bazara çıxıb, məşhur zərgər Hacı Məmmədin dükanından üzük alır.

Zərgər Hacı Məmməd öz sənətində ad qazanmış bir adam idi. Qara rəngə boyanmış top qara saqqalı, başında Buxara dərisindən qələmi papağı, əynində kayanı dörd ətək tirmə döşlüyü, ağ badam puta qurşağı, xorasanı əbası var idi.

Hacı Abtalıb ondan aldığı baha qiymətli üzüyü cibində gizlədərdi. Oradan çıxıb bəzzaz Molla Zərəoğlu Hacı Ağadadaşın dükanına daxil olur.

Hacı Abtalıb:

– Hacı, salaməleyküm.

– Əleykəssalam... əleykəssalam, həmişə sən gələsən, a balam. Bunun ayağının altına bir dəmir atın, gün hayannan çıxıb Hacı bizim dükana təşrif gətirib.

– Hə... hə, əcəb camalın, özün bilirsən ki, xərcə düşənlər sənin dükanına gələr də... oğul evləndirənlər, qız köçürənlər...

– İndi de görüm, sən hansındansan, köçürənnənsən, ya evləndirənnən?

– Ay Hacı, bu xeyir səninçün də olsun, evləndirənəm.

– Çox mübarək, çox mübarək, Hacı, and olsun Allaha, halalzadə adamsan. Bu gün mənimçün taza mal gəlib, hələ de görüm düyürdü istəyirsən, yekşəbə istəyirsən, ya ədyal istəyirsən? Bax, bu düyürdü gecidəndir, rəngi qırmızıdır, sarıdır, göydür, bir də çəhrayı... O ki, qaldı yekşəbəyə, o ipəkdir. Geci qarışıq güləbətin çəkilib, bu da ki, ədyal örpəkdir. O bunların ikisindən də yaxşı şeydir. Qiyməti də bahadır. Sonra pirkeşiyə dönərək:

– Adə, onların üçündən də gətir, Hacı baxsın!

Hacı üçünə də baxdıqdan sonra, ədyal örpəyi bəyənib alır. Dükan sahibi ilə xudahafizləşib, Bakıda böyük bazarda çox məşhur, şamaxılı, özü də şair olan qənnatıçı Ələkbərin dükanına gedir. Ələkbərdən on girvənkə noğul, nabat, püstə, badam, oradan keçib İtotaran Daşdəmirin oğlu Naqqal Feyzulladan iki kisə əla xına alıb evə qayıdır.

Arvad oğlunun toy bazarlığını gördükdə şadlığından gözü yaşarmış halda kişinin qabağına gəlir, fındıqça çalaraq oxuyub deyir:

Gözün aydın olsun, oğul anası

İyirmi yaşına çatıb onun balası.

Oğlum olsun yeddi oğul atası

Əziz oğlum, toyun mübarək olsun.

Ata-ana çəkər oğul cəfasın,

Qocalanda görər onun səfasın,

Əziz oğlum, toyun mübarək olsun.

 

Mahnıdan sonra: – Çox mübarək... çox mübarək, ölmədik oğlumuzun toyunu gördük – deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır.

Cümə günü gecə Hacı Abtalıb, qohum-qardaşını başına cəm eləyib, xəlfə xır-xır Hacı Haşımı çağırıb, aynanı onun əlinə verir və xonça əllərində yola düşürlər. Bəzilərinin əlində fanar, yolları işıqlandıraraq Hacı Fərəcullagil tərəfə gedirlər.

Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. Küçələr palçıq, səkilərin qabağı nohur olurdu. Qalan yerlər isə adi torpaqdan ibarət idi. Küçədə fanarlar çox az olurdu, hər iki və bir tindən-tinə bəzən ağac başında qoyulmuş ağ neft ilə yanan lampalar olurdu. Onları gecə külək əsib söndürərdi. Bəzən küləkli gecələrdə bu lampaların heç biri yanmazdı.

Hacı Abtalıb gedib fanarların işığında yolu yoxladıqdan sonra yeriyərdilər. Hacı Abtalıb:

– Ay Kəblə Novruzqulu, qabağımızda deyəsən çala var. Meylini bir az divar dibinə ver.

– Ə, gözüm görür a... gözüm görür...

– Kəblə Gəncum:

– Hacı, deyəsən bu küçə deyil, biz səhv gəlmişik, gərək Əzim Mütəllibin qapısının qabağından gedəydik. Budur ey, Qazmaq nəvəsi Ağabalanın evi.

Xəlfə cavab verir:

– Ə kişi, onların evi Cəlo Süleymanın evi ilə üzbəüzdür.

Qonaqlardan biri:

– Balam... Bu Qıçımçıxdı nəvəsi Məmmədqulunun evi deyil?

O biri:

– Elə özüdür ki var, yaxşı gedirik...

O gün qız evində də ciddi hazırlıq gedirdi. Gündüzdən arvad əhəng isladıb həyəti, evi, eyvanı ağardıb, evin həsir-hüsürlərini təzədən çırpıb döşəyib, üstdən təzə bir xeli salıb, evin dörd dövrəsinə süzəni döşəyib, ləmədəki təzə boşqabların tozunu silib, taxçaları, cumaxatanları və üstlərinin pərdəsini sahmanlayıb, mis manqallarda kömür odu qoyurdu. Evin ortasında düzülmüş iki-üç otuzluq lampanın işığı evi daha da gümrahlaşdırırdı.

Ağca xanım abı, pəncə-pəncə, zərli donunu, döşü baftalı qırmızı tafta köynəyini, cənnəti qanovuzdan qırağı zəncirəli tumanını geyib, ördəkboynu kəlağayısını başına çalma vurub, əli-qolu çirməli cici-bacısını, qonum-qonşusunun arvadlarını başına yığıb, mətbəxdə plov bişirməkdədir.

Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək, dalında püştü, tək, Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. Ağ tüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır, otağı bir qədər seyr etdikdən sonra nəzəri ev sahibinə yetişir və oğru addımlarla Kəbleyiyə yaxınlaşıb, xoruldayaraq, boynunu onun böyrünə sürtərək xumarlanmağa başlayır. Arabir başını yuxarı qaldırıb üsulluca miyoldayır. Kəbleyi əlilə onun peysərindən quyruğunun axırınadək tumarlamağa başlayır.

Bu halda qapı döyülür, evin sakitliyi pozulur. Kəbleyi yuxudan ayılmış kimi, can haray qalxıb qapını açmağa getdikdə, pişiyi tapdalayır, pişik bərkdən qiyyə çalır, Kəbleyi səksənir. Qapıya gedib, gələn qonaqları evə qəbul edir:

– Buyurun, buyurun, xoş gəlmisiz, xoş gəlmisiz, subaylaruvuzçun olsun.

Qonaqlar daxil olub Kəbleyiyə salam verərək:

– Mübarək olsun, Kəbleyi. Mübarək olsun, – deyəndən sonra Kəbleyi qonaqlara yer göstərir, qonaqlar yerbəyer olduqdan və ara bir qədər sakitləşəndən sonra Kəbleyinin işarəsilə çay verilərdi. Xəlfə gətirilən xonçaları evin ortasında açıb qəndləri doğramağa başlardı və boşqablara qənddən, noğuldan, nabatdan qoyub, payladıqdan sonra şirni və kəllə qəndləri pəncərəyə yığardılar. Gətirilən ağ duvaqla üzüyü üsulluca qızın dayısına verər, hamısı “mübarək olsun” dedikdən sonra, qələmkar süfrə ortalığa salınardı. Plov gəlməmiş xəlfə mətbəxdən bürünc aftafa-ləyən (misdən də olardı) gətirib əlsuyu verər, bəzilərinin əli dəstəmazlı olduğundan salavat çevirərdi, xəlfə dərhal başa düşərdi ki, onun əli dəstəmazlıdır, əlsuyuna ehtiyacı yoxdur, yəni əli təmizdir.

Xəlfə gözaltı məclisdəki adamları sayar, əlsuyu qurtardıqdan sonra, üsulluca qızın dayısına işarə ilə adamların sayını bildirərdi. Süfrəyə on məcməyi gətirilərdi (iki adama bir məcməyi). Hər məcməyinin içində bir nimçə plov, onun üstündə bir toyuq, toyuğun içində yağda qovrulmuş kişmiş, axta olardı. Plovun üstündə də bir mis sərpiş, yanında da bir boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması, bir boşqabda da turşu-xiyar və ya bir baş sirkə-sarımsaq qoyulardı. Bir kasada şərbət, içində balaca stəkan qoyulardı. Ona ovşala deyərdilər. Dövlətli evlərində taxtadan ovşala qaşıqları olardı. Mömin məşədilər Məkkədən, Mədinədən həm ziyarət, həm ticarətdən qayıtdıqda, bu ovşala fincanlarını oradan alıb gətirərdilər. Kasıb evlərdə isə bu dəstgah olmazdı. Olsa da fincanlar əvəzinə adi xırda armudu stəkan qoyardılar.

Ovşala qaşıqlarının ördək bədəninə oxşar gövdəsi olardı. Dəstəsi müxtəlif ərəb naxışları ilə bəzənmiş olardı. Balacalığına baxmayaraq, o böyük bir stəkan qədər şərbət tutardı. Məcməyilər paylandıqdan sonra xəlfə bərkdən deyərdi:

– Həzarat, buyurun.

Plov yedikdən sonra hərə öz yanındakı ilə söhbətə başlardı. Mətbəxdəki qadınlar qapının arasından, pəncərənin dalından gələn qonaqları xəlvəti seyr edərdilər. Hacı Abtalıb işarə ilə getmək vaxtı olduğunu xəlfəyə başa salardı. Bundan sonra qonaqlar ayağa qalxıb, xudahafizləşərək gedərdilər.

Gecədən bir az keçmiş şəhərin küçələrində iki rus soldatı və bir müsəlman yasovulu abxod edərdilər. Küçədə Kəblə Fərəcullagildən gələn qonaqlar abxoda rast gələrdilər.

Birinci soldat: – Ey, postoyte!

Ikinci soldat: – Viş ti, otkuda?

Qonaqlar rus dilini başa düşmədiklərindən mat-məəttəl qalardılar. Bu halda yasovul Əlirza soldatları başa salardı ki, bunlar toydan qayıdırlar. Zərərli adam deyillər: – Zərər neçəvo, puskay paydum damoy.

Yasovul Əlirza çox məşhur idi. Ona çəmbərəkəndli Vəlioğlu Əlirza deyərdilər.

Soldatlar: – Nu skorey, – deyə üz döndərmək istəyərkən xəlfə cibinə tökdüyü noğul-nabatdan soldatların və Əlirzanın ovcuna basardı. Bundan sonra hərə öz evinə dağılardı.

Bir neçə həftədən sonra hər iki tərəfin (oğlan və qız evinin) vəkilləri məhəllə mollasının yanına gedib kəbin kəsdirərdi. Kəbin hallı-halına görə idi: 51, 101, 201, 301, 501, 1001, 2001 qızıla qədər olardı. Bəzən qudalar bunun üstündə düzəlişməzdilər. İş pozular, üzüyü və duvağı geri qaytarardılar və sonra bir neçə məhəllə mötəbərlərinin iştirakı ilə iş düzələrdi. Kəbin kəsilib qurtarardı. Bəzən belə bir söhbət də olardı:

– Əvvəl kəbin kəsdirim, sonra paltar getsin – Qız evi buna razı olmazdı.

– Kəbindən sonra bəlkə sən mənim üçün bez gətirəcəksən. Kəbindən sonra əlim heç yerə çatmaz. Əvvəl de görüm nə gətirəcəksən? Kəbin kəsildi, qız olar kişinin halal malı, sonra mən paltar üçün danışa bilmərəm.

– A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq. Sənin evində ki, qoymayacaq.

– Hey-hey, zəhmət çəkmişəm, qız böyüdüb boya-başa çatdırmışam. Uşağımdan bezar ki, deyiləm. Qoçun buynuzu qoça ağırlıq eləməz. Mən istəyən paltar, qızıl gəlməsə kəbin kəsilməyəcək. Uşağım əlimdə, ağlım başımda.

– Yaxşı bir de görüm nə istəyirsən? Sən bəlkə belə şey istəyəcəksən ki, bizim gücümüz çatmayacaq?

– Gücünüz çatmayacaq mənim qapıma nə üçün gəlmisiz? Karvan ilə dost olanın darvazası gen gərək. Qız alan kişinin paltarına gücü çatar.

– Yaxşı, indi ki, belə oldu, bir de görək nə istəyirsən?

– Deyim də, bir dəst al məxmər, bir dəst zərri, 2 dəst ipək, 4 dəst də şal, rəngbərəng bir ekşəvə, bir adyal, bir də naz-naz örpək,

– Yaxşı, sonra?

– Sonra ərz eləyim ağanın qulluğuna; bir dəst alın qızılı, bir üstü minalı çütqüqabağı, bir min gül, silsilə, cərgəgül, boğazaltı, belbağı, iki dəst qızıl qolbaq, on dəst üzük, bir dəst hamayıl imperial, 10 dənə qızıl qoza.

Bu danışığın üstündə iş ya pozulardı, ya da oğlan evinin boynuna düşərdi, borcla ya xərclə bunları göndərib, kəbin kəsdirib toy edərdilər. Sonra biçarə qızın gününü qara edərdilər. Qohumluq ədavətə çevrilərdi. Qız yazıq qüssədən vərəmləyib ölərdi və ya özünü öldürərdi, ya da ki, qızın atası-anası güclü çıxıb qızı oğurlayıb evə aparardılar. Çox vaxt yazıq qız müsibətə davam gətirməyib hamam və qonşu bəhanəsilə evinə qaçar və axırda “kəbinim halal, canım azad” deyərək canını bəladan qurtarardı. Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüb-öldürməyə çıxardı. Onlar divanxanalara düşərdilər.

Azərbaycan qızları və qadınları inqilabdan qabaq belə acınacaqlı, hüquqsuz, məzlum vəziyyətdə yaşayır, vəhşi və cahil ərlər tərəfindən əzilir, insanlıq hüququndan məhrum edilir, dörd divar arasında ölməyə və məhv olmağa məhkum edilirdilər.

Qərəz, Kəblə Fərəcullanın qızının kəbini kəsilir. Qız evi təklif edir:

– Bəşərta, bir il adaxlı saxlanacaq.

– O nə üçün?

– Mənim də özümə görə adım, sanım var. Beş kişi içində bir kişiyəm, ürəyim istədiyi şeyləri alıb qızıma qoşacağam. Arzu-kamım çoxdur.

Axır ki, razılaşırlar. Qız evi cehiz hazırlığına başlayır. Qız üçün güləbətinli tirmə araqçın, saatqabı, ipək parçadan güləbətinli daraqqabı, əbrim şaldan canamaz, yüsür təsbeh, müxtəlif rəngli ipək tumanbağılar, zərxaradan tənbəki və pul kisəsi, güləbətinli pərdə bağı, başı qotazlı gümüş kərənaylar, üstü yumru süngərəbənzər qara ayaqdaşı alınardı. Bu sayılanların hərəsindən bir neçə ədəd hazırlardılar. Sonra bəy üçün fitə, qətfə boğçası, ipək ağ köynək, qayın və baldız üçün, qayınana və qayınata üçün, xəlfə və yengə üçün də xələt alınardı. Qərəz, bu bir ilin müddətində bayramlar, yay, bahar, payız dönüşü, novruz bayramında qız üçün: bayram xələti, nübar meyvə, yemiş, habelə, qurban bayramında qoyun alıb göndərərdilər. Oğlan evinin borcu idi ki, qız nə qədər atası evindədir, onun paltarlarını alıb göndərsin. Habele yay zamanı qız evi bağa köçsəydi, oğlan evi “bağbaşı” aparmalı idi.

Şorqoğalı, şəkərbura, şəkərçörəyi, qənd, çay, qız üçün yay paltarı, əla əkülə düyüsü hazırlayıb gəlinlərini görməyə bağa gedərdilər. Bunun adına bağbaşı deyərdilər. Burada qadınlar iştirak edə bilərdi. Bunlardan əlavə oğlan evində şəkərbura, şəkərçörəyi, bəyimçörəyi, şorqoğalı hazırlayıb xonçalara yığaraq təntənə ilə qız evinə göndərərdilər. Bunun da adına vəzöurd deyərdilər.

Bir ildən sonra oğlan evi qız üçün paltar hazırlayıb qırmızı xonçalara qoyar və qız evinə aparardı. Bunun da adına paltarkəsdi deyərdilər. Bunlardan sonra oğlan və qız evində toy başlanardı. Varlılar 7 gecə cibidolu, başıboşlara, din dəllallarına toyuqplov verərdilər.

Kasıb toyu. Kasıbların toyu varlı toylarına bənzəmirdi. Kasıbın toyuna seçilmiş imtiyazlı mənsəb, sərvət sahibləri çağırılmazdı. Əgər çağırılsaydı da, onlar kasıb evinə getməyi özlərinə layiq bilməzdilər, bunu böyük bir alçaqlıq hesab edərdilər. Kasıbın qapısı da ürəyi kimi geniş olardı. Oraya istəyənlər gələ bilərdi.

Toy gecəsinə çox adam gələrdi. Bunun üçün böyük bina olmalı idi. O, məhəllədə dövlətli qonşunun evini böyük bir minnət və təvəqqe ilə iki gecəlik alardı. Əgər bu mümkün olmasaydı, toy məclisi köhnə qazarmalarda, böyük dükanlarda və geniş tay anbarlarında qurulardı.

Kasıb toyu çox vaxt qışda olardı. Toyxananı süpürüb təmizləyərdilər, Qonşulardan xalça-palaz yığıb səliqə ilə divarı, yeri döşərdilər. Divarın dibində taxtadan dövrə skamya qoyub üstünə xalça-palaz salardılar ki, gözə yaxşı çarpsın. Axşamdan bir saat keçdikdə qonşulardan birovuz alınmış əlvan lampalara neft töküb dirəklərdən asardılar. Toyxananın qapısında məşəl yandırardılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. Qabaqlarına isə dəf və dumbulu qızdırmaq üçün iki-üç manqal qoyulardı. Dəf çalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. Zaqafqaziya və Azərbaycanda mütrüb olmamışdır. Mütrüb və dümbəkçi İrandan gələrdi.

Gənc, gözəl bir oğlanın başının tükünü çiyninədək uzadardılar, onun alnına çətir kəsərdilər. Qaşının arxasından bir az aşağıyadək ikinci bir saç uzadardılar, ona da bala birçək deyərdilər. Başında qazamatı papaq, əynində dar büzməli atlaz don, qara mahuddan daram şalvar, ayağında isə dikdaban şibrit olardı. Barmaqları (ancaq dırnaqları) xınalı, belində gümüş belbağı, boynunda həmayil və gümüş sapoşka olardı.

Zurnaçı yavaş-yavaş “Seydabası” havasını çalardı. Camaat da yığılmağa başlardı. Arabir diringə (oyun havası) çalınanda mütrüb oynamağa başlardı. Toya gələn cahıllar başlarında dallayı papaq, əyinlərində müxtəlif rəngli atlaz tafta don, bellərində əlvan rəngli qurşaq, ləzgi şalından və ya dəvə yunundan boz rəngli dördgah, dağıstanı çuxanın altından quzu kürkü geyərdilər. Çuxanın altından xəncər və dayandoldurum bağlardılar.

Bir parasında başmaq, bir parasında da cığcığ çəkmə, bir qismi heydərili kəkilli, bir qismi də birçəkli, xətbaşılı olardı.

Camaat cəm olanda mütrüb oynayıb məclisi qızışdırmağa başlardı. Məhəllənin nüfuzlu köhnə cahıllarından bir-ikisi çubuq çəkərək qapı yanında oturardı. Onlara hörmət edib şuluqluq salmaqdan çəkinərdilər. Bir qədər çalıb-oxuyandan sonra mütrüb kəmərçin (qadın tumanı) geyib, baş barmağı ilə şəhadət barmağına zəng keçirib, başına bir kəlağayı salıb “xalabacı” oynardı. Cavanlar özləri ilə toyxanaya alma, portağal, şamama, qənfet, püstə, badam gətirərdilər. Mütrüb oynayan zaman onu çağırıb bu başdan o başa öz dostlarına almadan, portağaldan, qənfetdən göndərər və belə sifarişlər edərdilər: “Abbasa deyinən ki, axşamı xeyir olsun, bunu Mirzəbala göndərdi”. O biri tərəfdən bağırardılar:

– Ay balam, bu başa da gəl də! Bizim də qabağımızda oyna da! Bizim pulumuz qəlp deyil ki?!

Mütrüb oynayaraq o biri başa gedərdi. Bu zaman o, əlini cibinə salıb cibindəki pulu bir qədər cınqıldadır, ikişahılıq, bir abbasılıq çıxarıb mütrübün alnına, yanaqlarına yapışdırardı. Bəzən üzlü gənclər mütrübü dizləri üstə oturdub öz cibinin ipək yaylığı ilə onun tərini silərdi və dübarə cibinə qoyardı. Sonra belə cahıllar arasında: – Mən bununla tərlanın tərini silmişəm – deyə fəxr edərdilər. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq başlanardı.

Qapı ağzında oluran nüfuzlu cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb mütrübün oyununu saxlardı. Xanəndə yastı balabanla oxuyub gecəyə xitam verərdi. Bəzən toyda mütrüb üstündə bərk dava düşər, adamlar yaralanar və ölərdi.

Toyun ikinci gecəsi qonaqlar toya gəlməzdən əvvəl xalalarına, dayısı, əmisi və bibisi oğlanlarına “mən bu gecə toya gedirəm, mənim üçün xonça göndərin” deyə tapşırardı. Toyxanaya adamlar yığışdıqda, hər kəs üçün bir kiçik podnosda püstə, badam, alma, qənfet, noğul və nabatdan xonça gələrdi. Dövrəsində əlvan şamlar yanan bu xonçaları mütrübə verərdilər. Mütrüb də gətirib onu haman adamın qabağına qoyub deyərdi: – Bunu sənin üçün filankəs göndərib.

O gecə toyxanaya o qədər əlvan xonça gələrdi ki, toyxana doğrudan da bir çırağban olardı. Uzaqdan bu mənzərəni seyr edən adam köhnə ekzotik Şərqin bir parçasını görmüş kimi olardı.

Toy iki cür olardı: pullu, bir du pulsuz. Pullu toyda gənclərdən yaxşı oynamaq bilənlərin qollarından tutub araya çəkərdilər. “Təkçalama”, “Uzundərə”, “Keçiməməsi” havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əskinas) şabaş tökərdilər. Həmin şabaşı mütrüblə sazandalara bağışlardılar. Nüfuzlu və hörmətli məhəllə cahıllarından təvəqqe edərdilər ki, onlar gəlib sazandaların yanında otursunlar. Onlar qabaqlarına ağ dəsmal salardılar, xəlfə pul yığmağa başlardı. Əvvəlcə bəyin qohum-qardaşları pul verərdi. Qardaşı ümumiyyətlə 50 manat, əmisi oğlu 25 manat, dayısı 40 manat, yaxın dostları 10 manat, 5 manat verərdi. Bu məbləğ 5, 4, 3, 2 və 1 manata qədər enərdi. Pul yığılıb qurtarandan sonra hamı yığılmış pulun miqdarı ilə maraqlanardı. Orta hesabla 500 manat, 700 manat, çox zaman da 1000 manat pul yığılardı.

Belə ki, toy eləyən kasıb oğlanın bu pulla işi bir qədər düzələrdi.

Dövlətli toyu. Dövlətlilərin toyu 7 gün, 7 gecə davam edərdi. Toyun birinci gecəsində məhəllənin cahılları ixtilat edər, ikinci gecəsində plov yeyərdilər. Üçüncü və dördüncü gecədə məhəllənin ağsaqqalları və cahıllarını çağırıb onlara da eyni qayda ilə plov verərdilər. Beşinci, altıncı gecə tanış, dost, aşna yığılıb ixtilat edər və yenə plov yeyərdilər. Yeddinci gecə isə mollaları və ağsaqqalları çağırıb plov verərdilər. Bəzən toyun axırında şahsevən oyunu da oynardılar. Toy gecələrini idarə edənə sərpayı deyərdilər.

Bir ipək və ya geci qurşağı fındığı eşərdilər. Buna turna deyərdilər. Əlində turna olan şəxs cərgə ilə oturanların birinin qabağına turnanın bir ucunu atıb ortaya çəkərdi. Bu çağırış işarəsi idi. Çağırılan şəxs ortaya gəlib sallağı əyləşər, əlini turna olan şəxsə doğru açardı.

O şəxs onun əlinə turna ilə vurub, turnanı ona verərdi. Vurulan da bu qayda ilə o birini çağırardı. Bu qayda ilə oyun uzun sürərdi. Bir qədər oynadıqdan sonra camaat evə getmək üçün ayağa qalxardı və oyun qurtarardı. Oyun qurtaran zaman bir gəncin əlində turna qalmış olsaydı və o, oyunu davam etdirə bilməsəydi bərk inciyərdi. Toyxanada bunun üstündə dava düşər və dəstəbazlıq baş verərdi.

Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb meyxana deyərdilər. Toyun ikinci gecəsində ev sahibinin yaxın adamları, qohumları meyxana demək, toyda iştirak edən şair təbiətli adamları meydana çəkərək məclisin ortasında əyləşdirər, əlinə bir qaval verərdilər. Bəzən qavalı başqa birisi çalardı. Belə meyxana deyənlər tək deyil, iki nəfər olmalı idi. Bunlar bir-birilə deyişməli idilər. Onların sözlərinin nəqəratı toplananlar tərəfindən xorla təkrar edilməli idi.

Toylarda xan-xan oyunu oynamaq da adət idi. “Xanı” belə seçərdilər: xəlfə bir maçanı cərgə ilə əyləşmiş qonaqların qabağında muşqurardı. Kimin qabağında maça alçı dursaydı, onu “xan” seçərdilər. Bu oyun ciddi davam edərdi. “Xan”ın da iki yasovulu olardı. “Xan” toydakılardan istədiyini hüzuruna çağırardı. Onlar da gəlib onun qarşısında ədəblə dayanaraq deyərdilər: “Xan”ın əmri nədir?

Xan:

– İki gecədir sən toya gəlirsən?

– Bəli, xan, qurbanın olum, gəlirəm.

– Bilirsən ki, kimin toyudur?

– Bəli, xan, qurbanın olum, bilirəm.

– Mən əmr edirəm ki, bu saat məclisə layiq xonça gətirəsən!

– Baş üstə xan! Əmrin gözüm üstə.

On dəqiqədən sonra xonça gəlib “xan”ın qabağında qoyulardı. Bu qayda ilə “xan” adamları çağırıb, birini qoyunla, birini iki dəst xələtlə və sairə ilə cərimələyərdi. Çoxusunu isə məclisdə turna ilə döydürərdi.

Çox vaxt “xan” məhəllənin tacirlərindən, hacılarından birini hüzuruna çağırıb cərimə edərdi. Haman adam cəriməyə çox ciddi yanaşıb itaət edərdi. Hər kəs olursa-olsun əmri o saat yerinə yetirməli idi. Bəzən “xan” mötəbər adamların oğlunu yuxudan qaldırıb toyda oynatdırardı. Oğlanın atası bu işdən xeyli acıqlanardı. Ürəyində “xan” seçilmiş adama ədavət bəsləməyə başlardı. Başqa bir toyda bu hacının adamlarından biri “xan” olardı. Haman “xan” da hacının tapşırığı ilə onun oğlunu oynadan adamı “dar ağacına” çəkdirərdi. Bunun üstündə böyük ədavət törənər, çox adam tələf olardı.

Toyun üçüncü gecəsinin səhəri bəyi hamama aparardılar. Bəyin yaxın adamlarından biri hamamı bir günə alardı. Camaat hamamda bəylə yuyunandan sonra qız evindən gələn fitə, qətfə, köynək-tuman səkinin üstündə bəy üçün açılardı. Bəyi hamamdan çıxarıb yerində oturdardılar. Bəy qətfələndikdən sonra xəlfə ipək köynəyi açıb əlində tutaraq dua oxuyardı və köynəyi bəyin başına salardı. Bu növ ilə bəy toy paltarını geyinməyə başlardı. Bu zaman şərbət paylanardı və zurna, balaban çalınardı. Bəyin sağdışı və soldışı onu bayıra çıxarmaq istəyəndə hamam işçiləri, cumadar və dəllək bəyin qabağını kəsib xələt istərdi. Bəyin yaxın adamlarının biri onlara ya orada pul verərdi və ya da xələt boyun olardı. Bəyi böyük bir şadlıqla, mütrüb oyunu ilə kos-nağara və şən qışqırıqlarla hamamdan çıxarardılar. Məhəllənin xırda uşaqları dəstəyə qoşulub “urra” deyərək təntənə ilə bəyi evə gətirərdilər. Həyətə girdikdə bəyin nənəsindən, xalasından, yaxın qonşu arvadlarından onun qabağına çıxıb biri başına pul atar, biri şirniyyat səpər, bəzisi isə bəyin qabağında at göbəyim oynardı:

At göbəyim, at,

Yorulmusan yat.

Gəlsin kömrünat,

Versin göy manat.

Bu sözləri oxuyaraq fındıqça çalardılar. Gecə növbə məhəllə cahıllarının və mollalarının idi. Bir də məhəllənin köhnə cahıllarını çağıraraq plov verərdilər.

Qız evinin toyu. Qohum-əqrəba qızları və qadınlarından başqa, məhəllənin cəmi gəlinlərini, qızlarını qız evinə toya çağırardılar. Bir gün qabaq həyətdə böyük ocaqlar qurulub böyük qazanlar asılardı. Bu qazanlarda iki kisə düyü qaynadardılar. 70 toyuq kəsilərdi. Qızın nənəsi, dayısı arvadı, qoca qonşu arvadları qollarını çırmayıb plov bişirməklə məşğul olardılar. Cavan gəlin və qızlar evdə böyük teştin içində xına isladar, dəf və dumbulun çalğısı ilə gəlini gətirib oturdardılar. Başına və əl-ayağına xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. Oynayanların başına şabaş atardılar. Yengə şabaşı
alıb kimdən olduğunu öyrənib deyərdi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info