Qonaq Kitabı
Bakı şəhəri

Kosaldıqaç oyunu. Bu oyunda, bir istiqamətdə üç ayrı-ayrı məhəllə olardı; birinci kos alan, ikinci isti məhəllə, üçüncü isə qaçan məhəllə idi. Kos alan məhəllədən isti məhəlləyədək məsafə 12 metr olardı. Qaçan məhəllə isti məhəllədən 90 metr aralı olardı. Kos alan məhəllədə iki nəfər dayanardı. Bunlardan biri kosu alardı, ikinci isə sağ əli ilə kosu üfuqi istiqamətdə bərk vurardı. Özü isə yüyürüb isti məhəllədə dayanardı. Bundan başqa oyunda iştirak edənlərdən bir neçə nəfər də isti məhəllədə olardı. Bu vaxt kos verən, kosu bir adam boyu yuxarı atıb tutmalı idi. Bu zaman isti məhəllədəkilər fürsət tapıb bir baş qaçan məhəlləyə yüyürərdilər. Bu yüyürüş zamanı kosu alıb tutan bu kosla bunlardan birini vurmalı idi. Əlindən başqa, kos harasından dəysəydi, o, məğlub olurdu. Hərgah qaçanlardan biri kosu əliylə geri qaytarsaydı, o zaman kos verənin yoldaşı kosu tutub qaçanlardan başqaa birini vurmalı idi. Bədəninə dəysəydi, o, məğlub olurdu. Hərgah o da əli ilə qaytarmış olsaydı, kosu verənin yoldaşı uzaqlara, kosun dalınca yüyürərdi. O zaman bu uşaqlar yüyürüb isti məhəllədə dayanar. Kos verənin yoldaşı kosu gətirdikdən sonra oyun yenidən başlanardı.

Gizlənpaç (gizlən qaç) oyunu. Bu oyunda on nəfərdən on beşədək adam iştirak edə bilərdi. Uşaqlardan bir nəfər yuxarıda söylədiyimiz mahnılardan birini oxuyardı. Mahnının axırı kimə düşsə idi, o azad hesab olunardı. Axırda düşən gözlərini yumub ta onlar gizlənənədək gözləməli idi. Onlar gizləndikdən sonra gözlərini açıb, gizlənənləri tapmalı idi. Onlardan birisini tapsaydı, o adam gərək yeniden gözünü yumaydı və oyun təzədən başlanaydı. Hərgah gizlənənlər aşkara çıxıb qaçsaydılar, o zaman göz yuman adam onları qovmalı və birini tutmalı idi. Qaçanlar yüyürə-yüyürə bu sözləri söylərdilər:

Gəl məni tut, ştotdu,

Gəl məni tut, ştotdu.

və özlərini məhəlləyə çatdırmağa çalışardılar. Hərgah qovan adam onlardan birisini tutsaydı, tutulmuş adam göz yummalı idi. Əgər heç birisini tuta bilməsəydi, oyun yenidən başlanmalı idi.

Oğru-oğru oyunu. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. Xan uşaqları iki dəstəyə bölüb birinə oğru, o birisinə isə yasavul adını verərdi. Oğrular qaçıb qapı dalında, damda, təndirdə, tövlədə, mətbəxdə gizlənərdilər. Onlar gizlin getdikləri kimi, gizlin də gəlib özlərini xana təslim etməli idilər. Hərgah yolda onların birisini yasavullardan görən olsaydı, o vaxt o tutulmuş hesab olunardı. Bir azdan sonra kimi gizli, kimi tutulmuş – hamısı gəlib xanın yanına cəm olardılar. Xan tutulanların hərəsinə 5-10 turna cəza və əllərinə yasavulluq vərəqəsi verərdi. Oğruları tutmuş yasavullar bu dəfə haman tutulanları əvəz edər və “oğurluğa” gedərdilər. Yasavulların borcu oğruları axtarıb tapmaq idi. O adamlar tutulmasa və görünməsəydi, oyun yenidən başlana bilməzdi. Bəzən bu oyun 2-3 saat çəkərdi.

Şumaqədər oyunu. Şumaqədər oyunu yumşaq şumlanmış yerdə oynanardı. Əvvəlcə bir parça yeri qazıyardılar, şumaqədərin ucunu sındırmasın deyə torpağın içindəki daşları təmizlərdilər. Sonra onu ayaqları ilə tapdalayıb, əzişdirərdilər. Uzun ağac parçalarının ucunu yonub iynə kimi şiş edərdilər. Hər adam əlində üç ağac olmaq şərtilə, qazılmış və hazırlanmış yerə gələrdi. Əlindəki ağaclardan birini yerə vurardı, o biri yoldaşı isə öz ağacını elə vurmalı idi ki, həmin yerə sancılmış ağac bunun zərbəsindən yerindən çıxsın və bu özü yerə möhkəm sancılsın. Ağacın bir dəfə yerdən çıxarılmağı kifayət deyildi, gərək ağac yerindən iki dəfə çıxarılaydı, bunun birinə borc, birinə də xərc deyərdilər. Bəzən ağacı yerə vuranda hər iki ağac yerindən oynayıb düşərdi. Buna cağ deyərdilər. Cağ salan adam yenidən yortmalı (vurmalı) idi. Ağacı yerindən oynadılmış adam müqabil tərəfə üzünü döndərib: – Cağ salmısan; yort! – deyərdi. Hərgah kim birinin ağacını bir dəfə yerindən çıxarsaydı, o zaman iki dəfə o birinin ağacını yerindən çıxarardı, həm xərcini, həm də borcunu verib ağaca sahib olardı. Hərgah uduzan adam uduzduğu ağacı verməsəydi, gərək əlindəkilərdən birisini verəydi. Bu qayda ilə oyun xeyli davam edərdi.

Aşıq-aşıq oyunu. Bakının ən məşhur xörəyi bozbaş olduğu kimə məlum deyildi? Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən bişirərdilər. Bozbaşı yedikdən sonra evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. Aşıqların irisi və xırdası olardı. Xırdasına aşıq, bir qədər irisinə isə maça deyərdilər. Mənim əmim oğlanları həmişə Həştərxana gedib gələrdilər. Həştərxan qoyunu çox iri olardı, buna görə də onun aşığı bu biri aşıqlara nisbətən olduqca iri olardı. Biz ona tapşırardıq ki:

– Əmi, gələndə Həştərxandan bizə Həştərxan maçası gətir. Həştərxandan qayıdan gəmiçilər də məsələni başa düşüb, hərəsi zənbilində bizim üçün 2-3 iri maça gətirər və bizə bağışlardı. O maçalardan hansı uşaqda olsa idi, o biri uşaqlar oyun zamanı onunla şərik olmağa çalışardılar.

Bəzən aşığın dik üzünü ovub oranı ərinmiş qurğuşun ilə doldurardılar ki, ağır olsun. Bir para aşığın dik üzünü sürtərdilər ki, atan zaman tez sürüşüb yerdə düzülmüş aşıqlara bərk dəysin və aşığı sıradan çıxarsın.

Bu oyun bele başlanardı: 3 metr diametrində dövrə cızıq çəkərdilər. Onun lap ortasında yarım arşınlıq düz bir cızıq çəkib aşıqları onun ürərinə düzərdilər. 5 və ya 6 addım cızıqdan kənarda məhəllə qərar edərdilər. Aşıqlar buradan atılmalı idi. Hər şey hazır olandan sonra, aşığı bəs birinci olaraq kim vurmalı idi?

Oyunu oynayanlarda belə adlar var idi: şah, ardıcıl, danaqovan. Bunlardan birincisi şah, ikincisi ardıcıl, üçüncüsü isə danaqovan hesab olunardı və həmin qayda ilə də aşıqları vurmalı idilər. Oynayanların maçalarını birisi yığıb ovcunda qatışdırıb yerə tullardı. Birinci dəfə kimin maçası alçı dursaydı, o, şah hesab olunardı. İkinci dəfə kiminki alçı dursaydı, o, ardıcıl, üçüncüsü isə danaqovan adlanardı. Oyuna başlarkən təyin edilmiş məsafədən aşığı atıb, cızığa düzülmüş aşıqları sıradan çıxarardılar. Hərgah birinci dəfə atan aşıqlardan bir neçəsini sıradan çıxarsaydı, o, şahlığında davam edərdi. Əgər o, bacarmasa və aşıqları ikinci atan və ya danaqovan çıxarsaydı, o, şah təyin edilərdi. Aşıqları hüduddan çıxaran həm aşığı mənimsər, həm də cızığın qırağından aşıq atmaq hüququna malik olardı. Əgər o, buradan aşiqları vura bilməsə, fəqət maçası alçı dursaydı, həmin yerdən bir də vurmağa haqqı vardı. Üçüncü dəfə vura bilməsəydi, ardıcıl, onun dalınca da danaqovan vurmalı idi. Vurulan aşıqlardan kim neçəsini cızıqdan çıxarsaydı, o, onun xüsusi malı hesab olunurdu. Əgər bir parçasının maçası Həştərxan və qurğuşunlu olsa və özü də yaxşı oynayan olmuş olsaydı, bir oyunda 6 və ya 7 aşıq udardı. Hər adam yerə ya cüt və ya tək aşıq qurmalı idi. Birdən beşədək aşıq qurmaq olardı. Oyun, iştirak edənlərdən birinin aşıqları qurtarıncaya qədər davam edərdi. Aşığı qurtaran adam oyundan kənar edilərdi. Beləliklə, axıra hamını udmuş adam qalardı. Bununla da oyun qurtarardı.

Qoz-qoz oyunu. Qoz-qoz oyunu da həmin qanunlarla olardı. Fəqət yerə düzülən aşıqların əvəzinə adama 10 qoz qurardılar ki, onun da cızığı böyük olardı, məsafələri isə uzaq təyin edilərdi.

Pula-pula oyunu. Divarın dibinə torpaq töküb, başı aşağı bir yoxuş əmələ gətirərdilər. Torpaqdan müəyyən çəpər çəkib hüdudladıqdan sonra yuxarı başda bir dairəvi çuxur (Azərbaycanın bəzi rayonlarında buna həbə deyərdilər) qazılardı. Ona şah pula deyərdilər, onun sağ və solunda, aşağı tərəfində iki dənə də yan pula qazılardı. Onların da tam mərkəzində, şah pulanın qarşısında, orta pula qazılardı. Cəmi 5 pula olardı. Oyunda iştirak edənlərdən biri şah pulaya doğru iki-iki və ya bir-bir qoz atardı. Hərgah şah pulada dörd, yan pulalarda iki qoz olsa və boş qalsa idi, o vaxt şah puladakı qozlardan iki və yan pulalardan bir qoz onun olardı. Deməli, şah pulada iki, yan pulalarda bir-bir, cəmi dörd qoz onun olardı. Bundan sonra o, ikinci dəfə qoz atmağa ixtiyar əldə edərdi. Hərgah qoz pulalara tək-tək düşsəydi, o vaxt pulaya neçə tək qoz düşmüşsə yoldaşlarına o qədər qoz verməli və axırıncı növbədə durmalı idi. Bəs oyuna birinci dəfə kim başlamalı idi? Burada da aşıq-aşıq kimi maça çalışdırardılar, kimin maçası alçı dursaydı oyuna birinci o başlardı.

 

Novruzdan iki ay yarım keçmiş havalar istiləşməyə başlardı. Kəblə Novruzqulu gün batan zaman dükandan pendir, köhnə sirkə-badımcan, sirkə-sarımsaq, soğan, kartof, dükanın köhnədən qalan və işə getməyən xırım-xırdasından yığıb, iki-üç tabaq çörəyi alıb qırmızı yaylığa büküb, dükanı bağladıqdan sonra bağlamanı götürüb asta addımlarla evə gələr, həyəti keçərək:

– Ay arvad, al bunları! – deyərdi.

Ana ilə qız evdən bayıra çıxar, kişini içəri aparardılar, divarın dibində onun altına döşək, dalına yastıq qoyub rahatlayardılar. Kişi bir stəkan çay içdikdən sonra sözə başlardı:

– Ay arvad, pəncərəni aç, havalar yavaş-yavaş dəyişir, bağa köçmək lazımdır. Sənə nə lazımdırsa deyinən, səhər dükandan göndərim.

Arvad kişinin yerini saldıqdan sonra, taxçanı-boğçanı axtarıb yamaq-yırtığını tikərdi. Səhər tezdən kişi yuxudan oyanardı. Qara mahud şalvarını, tirmə döşlüyünü, kəyani donunu geyib, qurşağını bağladıqdan sonra dəstəmaz alar, namaz qıldıqdan sonra qarabuğdayı sifətini iki tərəfdən səliqə ilə örtmüş qara saqqalını darayar, ağ araxçınının üstündən əmiri papağını başına qoyub oğlunu çağırardı:

– Adə Kərim, Kərim...

Arvad elə başa düşərdi ki, kişi oğlunu döyəcək, ona görə də tez gəlib kişiyə yalvarmağa başlayardı:

– Sabah, sabah nə xeyir eləmişik, nə şər!.. Uşağı döyməginən. Əlin dəstəmazlıdır, xeyir olsun, uşağı qat qabağına apar bazara. Hər nə almalısan al, ver gətirsin.

Kərim Kəblə Novruzqulu ilə dükana gedərdi. Kişinin alış-verişə başı qarışar, uşaq isə onu gözləyər, mollaxanasının vaxtı keçərdi.

– Adə, Kərim, sən get mollaya, mən şeyləri özgəsilə göndərərəm.

– Ay ata, bunu səhərdən deyəydin də, mən də çıxıb gedəydim mollaya, indi mən hara gedim? Vaxt keçib.

Fəqət atasından cavab almadığından bir ayağı gedər, bir ayağı getməzdi. Nə isə qorxa-qorxa gəlib mollaxanaya çıxardı. Keçib öz yerində oturar, molla uşaqların dərslərindən qurtarandan sonra:

– Kərim, nöşün gecikmisən?

Kərim qorxudan ağlaya-ağlaya:

Vallah molla əmi, atam səhər məni aparıb dükanda saxladı, vaxt da keçdi.

Yalan deyirsən, namərbut, görəsən harda aşıq-aşığa başın qarışıbmış.

Çox deyib az eşitdikdən sonra çubuqla falaqqa işə düşərdi.

Keçmişdə gözüaçıq adamlar oğlunu aparıb mollaya tapşırardı. Bu uşaqlar böyüyər, evdə anası, bacısı və qonşu uşaqlar bunun əlindən zara gələrdi. Uşağın atası mollaya müraciət edib:

– Molla, bunu mən bura gətirmişəm ki, küçələrdən əl-ayağı yığılsın. Əlində bir az savadı olsun. Əti sənin, sümüyü mənim. Yenə sənə tapşırıram ki, sözünə qulaq asmadı döy, uşaq döyülmək ilə ölməz – deyərdi.

Molla uşağı gözünün ucu ilə süzüb sonra deyərdi:

– Keç əyləş uşaqların cərgəsində.

Uşaq bir az oturandan sonra molla ona tapşırardı:

– Sabah atana deynən sənə bir əlifba çərəkəsi alsın.

Atası səhər çərəkə alıb uşağa verərdi.

Köhnə məscid hücrələri qışda soyuq, yayda isə həddən artıq isti olardı. Hücrənin yeri torpaq idi. Bura evlərdə işlənib işdən düşmüş köhnə həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olardı. Birə əlindən tərpənmək olmazdı. Hər uşaq öz evindən bir döşəkcə gətirərdi ki, yer onu əzməsin. Qışda da hərəsi bir manqal gətirərdi ki, özünü soyuqdan saxlasın. Mollaxananın müəyyən vaxtı yox idi. Mollanın kefi istədiyi vaxt dərs oxuyardılar. Səhər saat 9-dan saat 12-yə kimi, günorta iki saat tənəffüsdən sonra saat 2-dən yenə də günbatanadək uşaq məsciddə qalardı.

Birinci dərs “Hüvvəlfəttəhüləlim” dərsi olardı. Molla barmağını əlifin üstə qoyub burnunda danışdığı və əlif deyə bilmədiyi üçün əlif yerinə ənif deyərdi. Uşaq da onun dediyini təkrar edərdi. Molla təzədən deyərdi: – Mən deyəni demə, ənif de.

Uşaq da onun dediyini deyərdi: – Ənif.

Mollanın acığı tutar, uşağa bir qapaz vurub söyərdi:

– Korazehin oğlu korazehin. – Uşaq karıxıb bildiyini də itirərdi və ağlamağa başlardı. Molla köhnə şəyirdlərdən birini çağırıb ona tapşırardı ki, aparıb ona əlif hərfini öyrətsin. Bu uşaq bir il tamam məktəbə gedərdi, amma hürufatı yaxşı tanıya bilməzdi. Dərsin üsulu olmazdı. Uşaqlara ərəb qiraətilə dərs verərdilər.

Bir “əbcəd” kəlməsini molla uşağa belə başa salardı: “Əlif-zəbər-ə! Beyzəbər-be! Cimzəbər-cə! Dalzən cəd-əbcəd”. Belə dərs üsulu uşaqların zehnini kütləşdirib onların istedadını məhv edərdi. Dərs əvəzinə bu “məktəbdə” uşaqları ölüncə döyərdilər.

Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar (xəlfə, yeni köməkçi). Oxuyan uşaqları molla daima qulluğa göndərərdi. Mollanın arvadı bunlara ev süpürtdürərdi, su daşıtdırardı, odun yardırardı, qab-qaşıq yudurdardı. Onlar mollanın arvadının satıl və boğçasını hamama aparardılar. Mollanın arvadı üçün iş görən uşaqlar, sevinə-sevinə mollaxanaya gələrdilər. Mollanın, arvadına acığı tutanda acığını şəyirdlərə tökərdi. Bu zaman məşhur falaqqa işə düşərdi.

Falaqqa bir metr uzunluğunda ağac idi. Ortasında ¼ metr fasiləli iki deşik var idi. O deşiklərə ip bağlanırdı. Uşağın ayağını iki deşiyin arasına qoyar, ipi onun ayağına salar, sonra ağacı burardılar. Uşağın ayağı orada möhkəm sıxılmış olardı. Əzgil və ya nar ağacından nazik düyümlü çubuqlar hazırlardılar. Molla çubuqla qolunun gücü çatdıqca uşağın ayağına çırpardı. Belə ki, bəzən uşaqların dırnaqlarından qan sızardı.

Uşaqların çoxusu həftələrlə yeriyə bilməzdi, mollaxanadan evlərinə dizin-dizin gedərdilər. Çox vaxt molla uşaqları qatara salardı, yəni şəyirdlərin hamısı falaqqaya salınıb döyülərdi. Quranı çıxana kimi yazıq uşaqların halı bele acınacaqlı olardı.

Quran çıxma. Quranı oxuyub qurtarmağa Quran çıxma deyərdilər. O uşaq qoçaq idi ki, bu şəraitdə oxuyub Quran çıxaydı. Axşam Quran çıxmış uşaq atasına deyərdi ki, mən sabahı Quranı xətm edəcəyəm. Atası bazardan noğul, nabat, püstə, badam, qənd, çay, xına alıb, bir podnosa yığar, molla üçün xonça hazırlardı. Səhər uşaq mollaxanaya gedər, Quranın axırıncı surəsini əzbərdən oxuyardı. Oxuyub qurtarandan sonra xəlfə: – Fətəbarəkkəllahü əhsənülxaliqin. Molla yesin sütlü plov balığın, xəlfə yesin qırmızıca qazmağın, şəyird yesin qırmızıca çubuğu – deyib Quran çıxan uşağın papağını götürüb yerə çırpardı. Şəyirdlərdən biri papağı götürüb Quran çıxan uşağın evlərinə qaçardı. Uşağın anası papağı gətirən uşağa xonça verib yola salardı. Bu uşaq xonçanı mollaxanaya gətirərdi. Molla xonçanı görüb gülümsərdi və uşaqları o gün azad edərdi.

Məşq xəttatlıq. Məşqin üstündə uşaqların əlləri falaqqaya düşərdi. Uşaqlar gərək elə yazaydılar ki, hərflər hamısı bir qayda ilə çapdan çıxan kimi olaydı.

Çox vaxt bunun üstündə şəyirdlərin hamısının əli falaqqaya düşərdi. Bir ağlaşma qopardı ki, deyəsən yasxanadır. Çox uşaq falaqqanın qorxusundan döşəkcəsini, çərəkəsini qoyub qaçardı, ata-analarına yalvarardılar ki, onları bir daha mollaxanaya aparmasınlar.

Uşaqların yanında molla adı çəkiləndə qorxudan titrəyib ağlardılar. O saat çubuq-falaqqa, vəhşi rəftar gəlib gözlərinin qabağında dayanardı. Beləliklə, vəhşi ruhanilər, onların əlaltıları olan mollalar xalqın başını tovlayıb onu savaddan, elmdən, bilikdən, mədəniyyətdən uzaqda, avam və cahil bir halda saxlamağa çalışardılar. Bu onlar üçün əlverişli idi.

Nə isə...

Kərimin ayağına o qədər çubuq dəyərdi ki, ayaqları şişərdi. Yoldaşları qoluna girib evlərinə aparardılar. Kərimin anası oğlunu bu halda görcək əhvalatdan xəbərdar olardı ki, Kərimi falaqqaya salmışlar və mollanı qarğışlamağa başlardı:

– Mollanı görüm saqqalı qanına bulansın, əmmaməsi ayağına dolaşsın. Onu görüm heç əli qələm tutmasın. Canı məscidlər tinində çürüsün, mənim balamın taqsırı nə idi ki, bu günə saldı?!.

Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. Beləliklə, uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. Burada uşağın savadı barədə danışmaq, əlbəttə yersizdir. Çünki uşaq mollaxanada on il də oxusa idi ana dilində savadı olmazdı, əksinə, orada əxlaqı və tərbiyəsi pozular, istedadı, zehni və bacarığı kütləşər, zəhərlənərdi. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq, qoçbazlıq, bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. Bir də görərdin ki, küçənin başında camaat cəm olub, iki qumral qoçu boğazlarından halqalarını çıxarıb döyüşdürürlər. Bu qoçlar üç qisim olardı. Toğlu, şişək və ögəc. Toğlu bir illik, şişək iki illik, ögəc üç illik olardı. Ağ qoçların boyunlarından xırda zınqırov, muncuq, ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar. Buynuzlarını, kəlləsini və bədənini xına ilə çal-çarpaz boyayardılar. Bu heyvanlar döyüşdükcə elə zərb ilə bir-birinə kəllə vurardılar ki, buynuzları sınar, bəzən başları belə parçalanardı. Kimin qoçu yerindən tərpənsəydi, onu qaçmış hesab edərdilər və o, məğlub edilmiş hesab olunardı. Qoçların döyüş zamanı düşdüyü halları ifadə etmək çətindir. Heyvanların gözlərinə qan dolur, buynuzları sınır, buynuzun dibindən qan axır, dilləri ağızlarından bayıra çıxır, dişləri sınır, sürətlə ləhləyərək ölümcül bir halda məsum-məsum ora yığılan camaatm üzünə baxardılar. Bununla belə avam camaat bu vəhşi adətdən əl çəkmək istəməzdi. Acınacaqlı bir hala salınmış heyvanların döşünü, başını ovuşdura-ovuşdura bir təhər təkrar döyüşə cəlb etmək istərdilər. Çar hökuməti və ruhanilər tərəfindən qaranlıqda, cahillik və vəhşilikdə saxlanılan, insancasına yaşamaq yolları bağlanmış avam camaat arasında bu zaman it boğuşdurmaq da bir adət idi.

Bakının ətraf kəndlərindən məşhur cins qoyun itlərini küçüklüyündən Bakıya gətirib il yarım, iki il bəsləməyə başlar və boğuşdurmaq üçün hazırlaşdırardılar.

Yaxşı uzun boylu, uzun qıçlı heratı xoruzlarını çolpalıqdan kişmişlə bəsləyib altı aydan sonra onun qıçlarındakı məmizlərini şişə ilə yonub iynə kimi itilərdilər ki, döyüşən zaman o biri xoruzun çinadanına batsın.

 

Dovşan ovuna getmək üçün tazı bəsləmək də adət idi. Məlum olduğu üzrə, tazının qıçları ceyran qıçları kimi nazik və uzun, bədəni zərif və yüngül, başı tülkü başına oxşar, qulaqları sallaq, quyruğu isə uzun olardı. Tazı altı ayda mərəz olardı, yəni tazılıq həddinə çatardı. Onun yediyi qoyun qarnı, kəllə və çörək olardı. Tazıları bu cür saxlayıb böyüdərdilər. 5-10 nəfər adam sözü bir yerə qoyub tazıları hazırlayar və ova çıxardılar. Hərə bir at minib iki-üç tazını yanınca aparardı. Ova aparılan bu tazıların boynunda xalta, xaltaya bir dəmir halqa bağlı olardı. Tazı sahibinin əlində uzun ciyə olardı. O, ciyəni halqalardan keçirib ipin iki ucunu at üstündə əlində tutardı. Harada dovşana rast gəlsəydi, halqalardan keçirilmiş ipin birini buraxar, itlər ipdən azad olub dovşanların dalınca qaçardılar. Atın üstündəkilər isə onların dalınca çapardılar. Onlardan biri qışqırardı:

Anam qara qancıq!..

Atam ağzı qara

Babam boz tula! Qoyma!

Qoyma, dərdin, bəlan mənə gəlsin.

Belə ki, bağ, bostan, buğda zəmiləri – hamısı atlara, tulalara ayaqaltı olardı. Bir para köhnə, təcrübədən çıxmış dovşanlar çalın-çarpaz yolla qaçaraq tazıları çaşdırar, arabir də vaz atardılar. Çox qaçdıqda tazılar havanın istisindən təngnəfəs olar, dırnaqları, qol-qıçları yaralanardı. Bəzən zavallı it taqətdən düşüb yerə yıxılardı. Çox vaxt isə dovşanın nəfəsi kəsilər, yıxılıb ölərdi. Əgər iki tazı bir dovşanı tutsaydı, tazı sahibləri arasında höcət və dava başlanardı. Çox zaman bu dava ölüb-öldürməyə və ədavətə də çatardı. Ovçular yorğun, ac, susuz ovdan qayıdardılar.

Bildirçinbazlıq. Bildirçinlər öz oxumalarına görə bir-birlərindən fərqlənirlər. Birincilər yorğa, yəni tez-tez, ikincilər şumara, yəni bir az ağır, üçüncülər isə lap ağır oxuyan bildirçinlərdir. Bu axırıncılar adlı və bahalı bildirçinlərdir. Bu quşun bir qəribə şakəri vardır ki, yeri gen olsa oxumaz. Onun qəfəsinin eni və uzunluğu altı, hündürlüyü iyirmi santimetr, üstü isə dəmir millərlə hörülmüş olardı. Qəfəsin içində quş tükündən yumşaq döşəklər qayırıb quşun başı üstündə bərkidərdilər ki, özünü ora-bura çırpanda başı dağılmasın. Bu quş işıqda yata bilməz. Onun yatması üçün ya qəfəsin üstünə bir dəsmal salar, ya da qəfəsi qaranlıq evə aparardılar. Bildirçinin yediyi adi darı olardı. Arabir şadənə də vererdilər ki, quş qızışsın. Həftələrlə çöllərdə xəsillər (əkin) arasında tor quran quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. Onu tutmaq üsulu belə idi: xəsillərin üstünə böyük tor döşərdilər. Quşçular özləri isə xəsillərin dibində gizlənib düdük çalardılar. Erkək bildirçin düdüyün səsinə aldanıb torun altına gələrdi, quşçular quşun tora düşdüyünü gördükdə qəfildən ayağa durardılar. Quş yanında adam görcək havaya qalxmaq istərkən tora ilişər və onu tutardılar. Bildirçini şəhərə gətirərək qəfəsə salardılar. Həyətdə müəyyən bir yerə və ya küçə qapısının üstünə bir mıx vurub qəfəsi oradan asar və quşa muşqurardılar. Muşqurduqda quş “məmo-məmo”, quşun sahibi isə ahəstə səslə “hə-hə” deyərdi. Quş isə oxumağa başlardı. Quşun oxumağına şəhərin alverçi, baqqal, tacir, dəllal kimi havayı yeyən boşboğazları toplaşardı. Bunların, ümumiyyətlə, qara saqqallı, başlarında qazamatı, ya iki üzlü əmiri, ya da qələmi papaq olardı. Boğazlarından göbəklərinədək ilməli donları, ayaqlarında yaşıl rəngli sağrı başmaqları, sarı ipək qurşaqları, topuqdan yuxarı göy rəngli şalvarları, bir parasının enli, əlvan yun qurşaqları da olardı. Bu adamlar çiyinlərinə güləbətinli sırıma ilə baftalı çuxa, bəzən də sarı, uzun Ərdəbil kürkü salardılar.

Quş oxuyandan sonra bu barədə böyük mübahisə və höcətlər başlanardı.

Bağa köçmə. Nurcahan xala düyünü təmizləyər, noxudunu, lobyasını, mərcisini arıdıb kisələrə tökər, ağızlarını bağlayıb evin bir küncünə yığardı. Kəblə Novruzqulu axşamçağı evə gəlib bir qədər istirahət etdikdən sonra Nurcahan xala unlu əllərini silərək ona deyərdi:

– A kişi, hər şey hazırdır, get Bayırşəhərə, Xanım karvansarasından bir araba danış, gəlib bizim köçümüzü aparsın.

Bakının ətraf kəndlərindən şəhər bazarlarına yük gətirən arabaçılar bazarda yükü boşaldıb, arabalarını keçmiş Quba meydanında olan Xanım karvansarasında açar, orada rahatlanardılar. Kəblə Novruzqulu o karvansaraya gedib, arabanı danışıb behləşərdi. Evə qayıdıb arvada deyərdi ki, tez ol tədarük gör, avadanlığı qablaşdır, arabalar indi gələr.

– İndi nə üçün, a kişi?

– Arabaçılar atları istiyə salmamaq üçün gecə getmək istəyirlər.

Arvad deyinməyə başlardı:

– İndi mən qaragün, məfrəşləri bağlayım, qab-qazanı bağlayım, toyuq-cücəni tutum, ya sizə xörək hazırlayım? Arabaçı başı daşlı səhər gedə bilməzdi? Ay qız, Tubu, Tubu! Tez bu qab-qacağı quyu üstə yu, torpaqla salavatla gətir.

Tubu qonşu evində qonşu qızları ilə gəlin-gəlin oynamaqla məşğuldur, Arvad bir çığırır, iki çığırır, görür ki, Tubu gəlmədi, çığır-bağır salmağa başlayardı:

– Tubu... Tubu...

Qız qonşu həyətdən anasının səsini eşitcək:

– Gəlirəm, ay ana! – deyib yüyürərək gəlir.

Nurcahan xala:

– Ay səni görüm başını top aparsın, heç qapılar açıb girməyəsən! – deyə qızı danlamağa başlayardı.

Bu vaxt kişinin ovqatı təlx olar, acığından samovar dudkeşini götürüb düşərdi arvadın üstünə. Tubu ağlayar, arvad da kötəyin zərbəsindən bağırardı. Bu zaman Kərim yedəyində bir qoca qotur köpək, boğazında bir üz dəsmalı həyətə girərdi. Kişinin qanı qara, gözü Kərimə sataşardı:

– Adə, adə! Bu qotur iti niyə gətirmisən?

– Ay ata, bağa aparacağam.

Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösöyü götürüb, itə bir-iki çəkərdi. İt vanqıldaya-vanqıldaya qaçar, boğazına bağlanmış üz dəsmalını da aparardı. Atalar burada deyiblər ki, “it də getdi, ip də”.

Kişi acığından Kərimin üstünə düşər və həyətdə qiyamət qopardı.

Səsə yüyürüb tez qonşular gələrdi. Kişilər Kəblə Novruzqulunu, arvadlar da Nurcahan xalanı sakit edərdi.

– Kəblə Novruzqulu, salavat çevir, axşam vaxtı yol üstəsən hövsələni bas, övqatını təlx eləmə.

Nurcahan xala üzünü arvadlara tutub:

– Ay Məşədi Püstə bacı, mənim belə dərdlərim var, xeyri olsun ərdən, övladdan yarıyanların.

– Eybi yoxdur, bala, eybi yoxdur, başının sahibidir. Səni döyər də, istər də, ər adamı öldürər də. – Kişilər Kəblə Novruzqulunu sakitləşdirər, arvadlar da Nurcahan xalaya kömək edər, avadanlığı sazlayar, sonra ev yiyələrilə süfrəyə əyləşib bozbaşı həzmi-rabedən keçirərdilər.

Küçədən Salyan arabalarının ağac oxlarının cırıltısı eşidilməyə başlardı. Kəblə Novruzqulu qonşuların köməyi ilə tez arabaları yükləyər, arabaçılara yemək verdikdən sonra toyuq-cücələrin ayaqlarını bağlayıb yükün üstə, qoyunu isə əl-ayağını bağlayıb arabanın dümbəsinə qoyardı. Balaca Tubu gəlinlərini, pişiyini qucağına götürüb arabaya oturardı. Nurcahan xala da qonşu arvadlarla qucaqlaşıb öpüşdükdən sonra arabaya minərdi. Axırda Kəblə Novruzqulu evi və həyət qapısını qıfıllayıb açarı qonşulara tapşırar, əlini cibinə atıb, avadanlıq daşıyan xırda qonşu uşaqlarına pul bağışladıqdan sonra xudahafizləşib arabaya minər və qonşuların: – Yaxşı yol, Allah salamat aparsın, – sözləri ilə yola düşərdi. Araba silkələnər və cırıldayar, toyuq-cücə qaqqanaq çalıb qaqqıldaşmağa başlayardı.

Kəblə Novruzqulu səsdən təngə gəlib:

– Ə... ə... köpək oğlunun malları, şoğəribə qalasınız, xeyrata kəsiləsiniz, – deyə mırıldanardı.

Arvad:

– Yaxşı olardı ki, sənin xeyratına kəsiləydi. Bir kərəmlik qulağım dincələydi.

Yolçular deyinə-deyinə gecəyarısı Suraxanıya çatardılar. Kəndin küçələrindən birində tini burulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub sunardı, ölüm-zülm kəndin içindən çıxıb gecəyarısı Suraxanıdan bir az aşağı – Usta şəyirdi dediyimiz yerə çatardılar. Orada yükü yerə düşürüb, arabanın oxunu düzəldər, bir qədər dincəlib, atları yemləyib suladıqdan sonra yenə də yükləri yerinə bağlayıb yola düşərdilər. Gündüz saat 12-də, 1-də Şüvəlana çatardılar. Yükü həyətə boşaldardılar, kişi deyərdi:

– Arvad, açarı ver.

Arvad bir qədər ora-burasını qurdaladıqdan sonra yadına düşərdi ki, bağın açarı yaddan çıxıb şəhərdə evdə qalmışdır.

– Ay kişi, ay kişi, açar yadımdan çıxıb qalıb evdə.

Kəblə Novruzqulunun qanı təzədən qaralardı.

– Ə... ə... Sənin atan, anan gorbagor olsun, mənim canımı boğazıma yığdın. Yekə arvadsan, bilmirsən bağ otağının qapısı açıq deyil, qıfıllıdır?

– Ay kişi, o qədər deyinirsən, bildiyimi də çaşıram. Səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyarsan ki, mən bilim nə iş görürəm?

Ər-arvad bir-birinin tozunu çırpandan sonra kişi bir müsibətlə qapının qıfılını sındırar və açardı. Evin içində keçən ildən qalma quru meynə olardı. Payızda şəhərə köçərkən, meynələrin başını kəsərdilər ki, gələn bahar üzümü yaxşı versin. O meynə başlarını evə doldurardılar. Gələn bağ vaxtında onun qurumuşunu ocaq altında yandırardılar. Quru meynələri köməkləşib bayıra tökdükdən sonra avadanlığı evə yığıb sahmanlardılar.

Bağ məşğələləri. Axşam yeməyini yedikdən sonra axşamlar hər məhəllənin qonşuları qum üstünə yığılıb məşğuliyyət üçün növbənöv oyun oynardılar. Birisinin gözünü dəsmala bağlayıb əlinə bir ağac verərdilər. Bu adam:

– Nənəm, mənə kor dedi, hər yetəni vur dedi – söyləyərək ağacı sağına-soluna fırladardı.

Oyunda iştirak edənlər özlərini ağacdan mühafizə edərək, onun kürəyinə şillə ilə vurub, tez qaçardılar ki, gözü bağlı olan adam onları tutmasın. İştirak edənlərdən biri vurulsaydı və ya tutulsaydı onun gözünü açıb haman vurulanın gözünü bağlardılar. Bu oyunun adına top lələdə və vaxud gözbağlıca deyərdilər.

Bəzən bağa yeni köçmüş, başında qırmızı tirmədən güləbətinli araqçın, əynində qara atlas köynək, belində gümüş körpülü belbağı, qıçında Çin ipəyindən şalvar olan qonşu oğlu Rəhim yoldaşları ilə söhbətə gedərdi. Orda maraqlı bir hadisə baş verərdi: uşaqlardan biri o birilərinə him ilə bildirərdi ki, gələn hərif xamdır. O da o saat başlardı ki, gəlin piyan-piyan oynayaq.

Biri deyərdi: mən çaxırçı, biri o yandan deyərdi: lütün biri mən, o biri deyərdi: biri də mən. Yaxşı, bəs xozeyin kim olsun? Yandan deyərdilər ki, xozeyin də Rəhim olsun. Rəhim də: – Oyun maraqlıdır, görək nə olur, vaxtımız xoş keçsin – deyə razı olardı. Rəhimi ortalıqda oturdardılar. Lütün biri sağında, biri də solunda əyləşərdi. Çaxırçı da onların qarşısında yerləşərdi.

– Ey çaxırçı, çaxır ver!

– Pul vcr!

Xozeyin pul verərdi. Bunlar da yalandan içməyə başlardı. Bir az içəndən sonra guya ki, pulları qurtarardı.

– Ey, çaxır vcr!

– Pul ver!

– Pul qurtarıb.

Lütlər donlarını çıxarıb verdikdən sonra çaxır alıb içərdilər. Sonra köynəklərini də verərdilər, daha sonra bir şey tapmazdılar və çaxırçıya deyərdilər ki, çaxır ver, çaxırçı isə deyərdi: pul ver, cavabında lütlər: – Biz çox şey vermişik, son də soyum, ver içək. Rəhim də fikir edərdi ki, başlamışıq görək bunun axırı nə olur. Nəhayət, donunu, kəmərini, saat-sapoşkasını çıxarıb verərdi. Ən axırda bunların üçü də lap çılpaq olardı. İçib lap “kefləndikdən” sonra çaxırçı bunlara guya ki, kələk gələrdi:

– Pul verin.

Lütlər:

– Sənə borclu deyilik. Paltar vermişik.

Mübahisə başlanardı, çaxırçı fit verərdi və yalandan qorodovoy gələrdi. Çaxırçı qorodovoya bir şey verib, onların kefli olduğunu söylərdi və:

– Siz taxsırkarsınız, – deyərdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info