Qonaq Kitabı
Bakı şəhəri

– A, Gülpəri bilir, Quranı çıxıbdır, gərək 16-17 yaşı olsun.

– Eybi yoxdur, sağlıqnan qal, oğluvun, qızıvun toyunu görək, sağlıqnan qal, balam.

– Xoş gəldüz, xoş gəldüz, qədəm əziz elədüz.

Xudahafizləşib həyətdən çıxıb gedirlər.

Yolda Məşədi Püstə bacı sözə başlardı:

– Hə, Xeyransa bacı, qızı bəyəndün?

– Məşədi Püstə bacı, heç dinmə, doşab almışıq, bal çıxıb.

– Tez, day qızı elçilə, eşitdiyimə görə qız üçün çox yerdən adam gəlib.

Hələ günü bu gün kişi üçün söhbət eləyib sabahdan oyana keçirmərəm. Sənin də xələtin mənim gözüm üstə, toydan farağat olub gör sənə nələr bağışlayacağam.

Xeyransa Məşədi Püstə bacıdan ayrılıb evə gəldikdə Hacı Abtalıb soruşur:

– Arvad, haradan gəlirsən?

– Ay Hacı, bir dayan nəfəsimi alım, sənə bir xeyir xəbər verəcəyəm.

– Xeyir olsun, Xeyransa.

– Qəbir üstündən qayıdanda, yolumuz Ağca xanım gilə düşdü.

– Ağca xanım? Kəblə Fərəcullanın arvadı?

– Hə... hə...

– Sonra?

– A kişi, onların nə gözəl qızları varmış? Mən arvadlığımnan o qıza aşiq oldum, gələsən o qızı oğlumuzçun alaq?..

– Ay arvad, o qızın barəsində mən də eşitmişəm, deyirlər çox vəcihədir, Quranı da əzbər bilir.

– Hə.. hə...

– Arvad, pis adam döyüllər, əgər məsləhət görürsən elçi göndərək... Axı, bir iş var, deyirəm bir İnayətnən danışaq. – Sən onunla bu barədə söhbət elə, sonra mənə deyərsən, əgər razı olursa, işi başlayaq. Hə, odu a... özü gəlir, mən gedirəm, sən özün danış.

Hacı gedir. Bir qədərdən sonra anası oğlunu səsləyir:

– Ay İnayət! Ay İnayət!

– Nə var, ay ana?

– Anan sənə qurban olsun, ay bala, bir bura gəl, səninən söhbət eləyəcəyəm.

– Xeyir olsun.

– Kəblə Fərəcullanı tanıyırsan?

– Necə bəyəm? Tanıyıram.

– İndi ikindi çağı qəbir üstündən gəlirdik, yolumuz Kəblə Fərəcullagilin evinin qabağından düşdü. Mən eşitmişdim ki, onun göyçək bir qızı var. Məşədi Püstə bacıynan su içmək bəhanəsi ilə girdik onların həyətinə. Baxtımızdan Ağca xanım da evdə idi. Qız bəzəksiz, düzəksiz öz paltarında qəfildən çıxdı bizim qabağımıza... Anan qadovu alsun, qız deyil, ceyrandır, aton razıdır, balam. Sən razı olsan, elçi göndərərik.

– Ana, tutaq ki, mən də razı oldum, qızı da mənə verdilər, sonra axı sən onu yola apara bilməyəcəksən.

– A balam, nöşün yola aparmıram, mənim gözümün ağı-qarası bir oğlum var, gecə səhərəcən kürəyimi ayaza verib sənə layla çalmışam, zəhmətini çəkib səni bu yerə yetirmişəm, indi səni evləndirərəm, toy eləyərəm, arzularıma çataram, dostum söyünəcək, düşmənim yanacaq, gözü çıxacaq. Mənim gəlinim – qızımdır. Nöş yola aparmıram?

– Ana, onu mən bilirəm, məni istəyirsən, fikrin də budur ki, toy eləyəsən, gəlin gətirəsən, ancaq ondan qorxuram ki, o dediklərinin hamısı tərsinə olsun.

– Necə yeni tərsinə olsun, a bala? Başa düşmürəm.

– Başa düşmürsən? Bir qulaq as, mən səni başa salım. Toy eləyib gəlin gətirəndon sonra, ona cürbəcür dedi-qodu olmayacaq, yola aparacaqsansa, get al.

– Yaxşı, görərsən, mən necə gəlin saxlayaram. Hər kəs görsün mərhəba desin.

Axşam Hacı evində ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb, küçə qapısından qulaq falına gedir. Qapının dalında xəlvəti dayanıb küçə qapısını aralayıb:

– Görüm, görüm ki, gəlinimlə oğlumun püşkləri barışacaq, yaxşı yola gedəcəklər, falım yaxşı gəlsin, – deyə küçədəki danışıqlara intizarla qulaq asır.

Küçədə iki nəfərin söhbəti eşidilir.

– Meşt İbrahim, hayannan gəlirsən?

– Ə, salaməleyküm, balam, Kəblə Səfərin atını aldım!

– Kəblə Səfər o atı satdı?

– Həri.

– Neçiyə aldın?

– Yüz əlli manata.

– Ucuz almısan.

– Yaxşı atdı, Allah xeyir versin.

Kəblə Xeyransa bunu eşitcək evə qayıdır:

– Ay Hacı, ay Hacı, indicə qulaq falına çıxmışdım, falım yaxşı gəldi.

– Arvad, İnayətnən danışdun?

– Hə, hə! Razıdır!

– Ay Hacı, oruc tutmayasan, namaz qılmayasan, işin belə düz gəlsün?

– Yaxşı a... indi bəs elçiliye kimi göndorok?

– A?.. Buduva, qonşumuz baqqal Kəblə Novruzqulu: mömin, Allah bəndəsi, ağzı Quranlı, dualı kişi...

– Hə, hə, yaxşı deyirsən.

Səhər Hacı Kəblə Novruzqulunun yanına gedib əhvalatı ona nağıl edir və onu elçiliyə göndərir.

Kəblə Novruzqulu Fərəcullanın yanına gedir.

– Salaməleyküm Kəbleyi.

– Əleykəssalam, əleykəssalam, hafizixoş kəlam. Xoş gördük səni balam. Səni də görmək olarmış... Buyur əyləş, buyur əyləş, əhvali şərif, damaği lətif.

– Əh, əcəb camalın, əcəb camalm, ay Kəbleyi.

– Kəbleyiyə nisbət qulluğun? Buyur görək.

– İnşallah ki, xeyirdir.

– Son həmişə xeyir xəbərsən. Buyur, buyur.

– Hacı Abtalıbı tanıyırsan?

– Hə, tanıyıram, necə bəyəm? Onunla alış-verişin var? Mötəbər adamdır, qorxma.

– Mən qorxmuram, sən qorxma, alış-veriş səninlədir.

– Necə bəyəm?

– Onun oğlu İnayəti görmüsən, xoşuna gəlib?

– Allah saxlasın atasıçın, anasıçın. Nə demək istəyirsən? Bilmirəm, cavan uşaqdır da.

– Hacı Abtalıb istəyir səninlə qohum-quda olsun.

– Hə, indi başa düşdüm, Kəbleyi! Mən Hacı Abtalıbdan, külfətindən bir pislik görməmişəm və eşitməmişəm, biqal adamdırlar, əsil-nəcabətləri də pis döyül, ancaq... bir iş var. İndi mən sənə cavab verə bilmərəm, qızın anası var, dayısı var. Bir bu barədə onlara gəyişim, sabah da cümədir. Cümə məscidində camaat namazına gələcəksən ki, orada sənə cavab deyərəm. Ancaq o ki, qaldı mənə, mən razıyam, balam. Bir qız... bir oğlanındır, gülüm. Özü də ki, məndən çox uzaqda deyil, həmişə əlimdə, ovcumda olacaq. Şəxsən mən razıyam.

Kəblə Novruzqulu xudahafizləşir.

– Mürəxxəs olaq qulluğundan.

– Qul sahibi olasan, Allah sənə Məkkə qismət eləsin, xoş gəldin.

Kəblə Fərəculla axşam evdə Ağca xanımdan soruşur:

– Arvad, bu günlərdə bizə kim gəlmişdi?

– Necə bəyəm, ay kişi? Sözlü adama oxşayırsan, bizə bir elə adam gəlməmişdi.

– Yenə bir fikir elə.

– Hə... hə... hə... bizə Məşədi Püstə bacı ilə Kəblə Xeyransa bacı gəlmişdi, Hacı Abtalıbın arvadı da, necə bəyəm, ay kişi, yoxsa bizim qızı istəyirlər hə?

– Hə... bir elə şeydir...

– O gün elə onlar gələndə mən başa düşdüm, qıza çox diqqət eliyirdilər, hələ yaşını da soruşdular, əşi bir de görüm elçi gəlmişdi?

– Bəli, Ağca, qızımızçın elçi gəlmişdi.

– Yaxşı, a kişi, kimi göndərmişdilər?

– Kəblə Novruzqulunu.

– Nə dedin? Həri verdün?

– Vermədim, elə verən kimiyəm, ay arvad, sən necə, razısan?

– A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. Məclislər yaraşığı, əlitəsbehli, ağzıdualı mömin atası var. Hələ ata-ananın övladı pis olmaz. Mənim könlüm var.

–       İndi ki, sənin könlün var, sən razı, mən razı, day nə qələt edir qazı!

– Onda adam göndər dayısını çağırtdır, ona da məsləhət eləyək. O da razı olsa, sabah cavab verək.

– A kişi, dayısı gəlincən, qıznan mən bir söhbət eləyim.

Ağca xanım qızın dayısı üçün adam göndərir, özü qızla söhbət eləyir. Qız razı olur, qızın dayısı gəlir.

Kəblə Balaqədəş:

– Salaməleyküm ay Kəbleyi, bacımnan dava-zad eləməmisən ki? Nə var genə, mənə bu vaxt adam göndərmisüz?

– Ay Balaqədeş, yox, yox... Gəl əyləş, bilirsən nə var? Bizim qızımızı istəyirlər.

Nəmçilər, ay nəmçilər,

Qapını kəsib elçilər.

Anam deyir vermərəm,

Atam deyir dur görək.

 

– A canım bir danış görək nə olub?

Taxçada çoxdur çörək

Araqçının dar-darı,

Ağzuva qurban dayı,

Sən də bir danış barı.

 

– Qədeş!.. Bizim qızı Hacı Abtalıbın oğlu üçün istəyirlər. Bu gün Kəbleyinin yanına elçi gəlmişdi. Sən də qızın dayısısan, bu barədə fikrin nədir?

– Hacı Abtalıb özü qonşu, hamımıza məlum, oğlu da ki, bazarda gözümüzün qabağındadır. Biz onları yaxşı tanıyırıq. Ondan ötrü işi uzatmaq lazım deyil. Məsəldir deyərlər: qapuva gəldi sat, qapuva gəldi al. Doğrudan da İnayət mənim xoşuma gəlir, yaxşı oğlandır. Kimə verəcəyik ki, ondan artıq olsun? Allah xeyir versin, qoşa qarısınlar.

Səhərisi Cümə məscidində camaat namazı başlananda, Kəblə Fərəculla Novruzqulu ilə görüşüb ona deyir:

– Allah xeyir versin.

Novruzqulu soruşur:

– Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk?

– Sabah yox birisi gün cümə axşamıdır, cümə günü necədir?

– Lap yaxşı, lap yaxşı, saat xoşdur.

– Hə, neynək, deməli, cümə günü axşam.

– Buyura bilərsiz.

– Kəbleyi, özgə adam olmayacaq, elə öz qohum-qardaşımız olacaq.

– Əşi, heç bizdə də elə adam olmayacaq. Elə axşamdan gəlsəz heç pis olmaz.

Günortaya yaxın zöhr namazının vaxtı olduğu üçün qaladan azan səsi eşidilərdi, bu səsin çağırışına şəhərin dükan və bazarlarından, hücrələrdən mömin, müqəddəs yaşlı kişilər ikibir, üçbir öz həmyaşları ilə söhbət edərək, təsbeh çevirə-çevirə məscidə toplaşıb, sıra ilə – səflərlə əyləşib, hərə öz canamazını salıb, möhür-təsbehini hazırlayıb pişnamazı (axundu) gözləyərdilər.

Bir qədərdən sonra camaat axundun gəldiyini bilib salavatla onu qarşılayardı. Axund mehraba çatdıqda ayaq üstə dayanar, əmmaməsinin bir telini açıb arxasına atar və camaat namazına başladıqda, camaat da ona iqtida edərdi. Hər kəs həmd-surəsini düzgün oxuyub-oxumazsa əhəmiyyəti yox idi, çünki axund onun yerinə düz oxuyacaqdı, camaatın çoxunun savadı olmadığından və məscidə gəlməyə məcbur edildiyindən dua bilməzdi və ibadət vaxtı heç bir şey oxumayıb dodağını tərpədər, boş-boş əyilib-düzələr və onun namazı düzgün hesab edilərdi. Namaz qurtardıqdan sonra vaiz minbərə çıxıb vəzə başlayır, qalanlar qalır, gedənlər isə sakitcə çıxıb evlərinə yollanırlar. O cümlədən Kəblə Novruzqulu çox çətinliklə başmaq saxlayanlardan başmağını alır. Məsciddə kasıb və yoxsul adamlardan başmaq saxlayanlar olardı ki, onlar fövqəladə yaddaşa malik olardılar. Onlar dörd yüz, beş yüz adamın başmağını alıb cərgə ilə düzərdilər. Namaz qurtardıqdan sonra bu beş yüz adamın hər birinin başmağını bir dəfə üzünə baxmaqla tapıb, ağacla cütləyərək qabağına qoyardılar.

Kəblə Novruzqulu başmaqlarını ayağına geyərək durma gəldim – birbaşa Hacı Abtalıbın yanına gedər.

Qoca kişi atıla-atıla tələsik dar küçələrdən ötərək, Şonu Abdullanın evinin tinini dönəndə ayağı sürüşüb başmağının bir tayı, tərs kimi, palçığın ən dərin yerinə düşür. Başmağını çıxarmaq üçün əyildikdə işin bədiiyyindən bu biri ayağı da sürüşür. Kəblə Novruzqulu kəmali-qayda ilə palçığa oturur. Başmağını çıxarmaqla məşğulkən küçənin o başından ürkmüş at araba ilə gəlib tini fırlandıqda, arabanın oxu Kəbleyiyə ötəri toxunaraq onu palçığın lap dərinliyinə salır. Kəblə Novruzqulu palçıq içində üzür. Kəbleyi başmaqlarını çıxarıb əlinə alaraq qanıqara, deyinə-deyinə evə qayıdır. Kəblə Novruzqulu evə çatdıqda küçə qapısında bir yekə qıfıl gördükdə ovqatı lap təlx olur. Qışın günü, üst-başı palçıqlı, hava şaxtalı, qanıqaralmış qapı yanındakı səkidə arvadını gözətləyir. Nə isə, qonşu uşaqlarından birini arvadın dalınca göndərir. Arvad gəlib Kəbleyini bu halda gördükdə deyinməyə başlayır:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info