Qonaq Kitabı
Bakı şəhəri

– Gəlin anası, gəlin başına 5 manat, şabaş, ay şabaş...

Bu qayda ilə gəlinin qohumları və tanış-bilişləri tərəfindən verilən
şabaşları yengə ucadan elan edərdi. Şabaş pulları yengəyə və qavalçıya
çatardı. Sonra qadın mahnıları başlardı. Təvəqqe və xahiş edib gəlinin anasını gətirər və ona: – Ay balam, qızının toyudur, gəl bir az oxu – deyə
yalvarardılar.

Qız anası:

– Çoxdandır heç oxumamışam, yadımdan çıxıb, – deyə boyun qaçırmağa çalışardı. Xeyli yalvarışdan sonra əzilərək, utanaraq gəlib oxumağa başlardı:

Bir maralı qova-qova gətirdim.

Gətiribən mənzilgaha yetirdim.

Duman oldu, çiskin oldu, itirdim.

Bu dağda bir maral nə yaman ağlar.

Dağların başında lalələr bitər.

Qırılar qolbağım danəsi itər.

Yarımdan ayrılmaq ölümdən betər.

Qadaların mənə, nə edim sənə.

Qadınlar:

– Ay sağ ol, ay sağ ol, – deyə onu alqışlardılar. Bu zaman bir başqası onun
ağzından alardı:

Həştərxana getcək alırsan ciyər,

Yığılar kanpulad kababın yiyər.

Vaxt başa gələndə muzdur zəng döyər,

Əs giləvar, gəl qadasın aldığım.

 

– Səslər:     – Ay sağ ol, ay sağ ol...

Əyninə geyibdir humayın ağı.

Belinə bağlayıb gümüş belbağı.

Belbağıya dəyər saatın bağı.

Bu gözümün sağı, gül Məmmədtağı.

 

Yenə də səslər: – Ay sağ ol, ay sağ ol, – deyə oxuyanı alqışlardı.

Toya çağırılmış qızlar və qadınlar hamısı gərək xonça gətirəydilər. Qadınlar qızlardan və qızlar gəlinlərdən nə ilə ayrılardılar? Qızların paltarları ipəkdən olardı. Amma çox sadə geyinərdilər. Boyunlarında, başlarında və barmaqlarında qızıl zinət və süs olmazdı. Saçlarını iki qaşlarının arasından tağ ayırardılar və hörüb arxalarına atardılar. Başlarında bir kəlağayı olardı. Gəlinlərin və kübar arvadların çətiri, bala birçəyi, həmayili, çütqüqabağısı, ağ qızılı olardı. Bir az yaşlı qadınlar abı, qəhvəyi, göy və bu kimi tünd rəngli xaralardan paltar geyib başlarına da dügürd kələğayıdan çalma çalardılar.

Gəlin və çağrılan qonaqlar xına yaxıb səhərisi hamama gedərdilər.

O günün axşamı ağsaqqallar, mollalar gəlib bozbaş, ya plov yeyər və gəlini aparmağa hazırlaşardılar. Gecənin yarısı bəzənmiş gəlin, yengəsi yanında ikən oğlan evinin adamlarını gözlərdi, küçədə uzaqdan zurna-balaban və xırda uşaqların “urra” səsləri eşidilərdi. O saat qızın atası, qardaşı və ya dayısı xəlfəyə işarə edərdi ki, camaatın qabağına çıxmaq lazımdır. Dərhal xəlfə qalaylanmış mis satıllarda şərbət, əlində gülabzən, camaat ilə bir yerdə küçəyə çıxardı. Gələnlərə gülab, şərbət verib hər iki dəstə “Allah mübarək eləsin” sözləri ilə bir-birini təbrik edərdi. Uşaqların “urra” səsləri, adamların qışqırıqları, çalğının ahəngdar səsləri, məşəllərin güclü şüası qaranlıq küçədə qəribə bir mənzərə yaradardı. Qayda belə idi ki, kəbin kağızı ya oğlanın dayısında, ya da əmisində olardı. O, gəlib üsulluca qızın dayısına yan alardı və kəbin kağızını ona təqdim edərdi. Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. Kişilər küçədə dayanardı, oğlan evindən gələn qadınlar gəlin olan otağa gedərdilər. Xoş-beş, dil-ağız və bir az çalıb-oynayandan sonra oğlan evindən gələn bir uşağın əlinə bir qurşaq verərdilər. O da gedib gəlinin belini bağlardı. Bu işin mahnısı vardı:

Anam, bacım qız gəlin,

Əli, ayağı düz gəlin,

On bir oğul istərəm

Bircə dənə qız gəlin. –

deyib əlindəki qurşağı gəlinin belinə sarıyardı. Qızın anası o uşağın başına bir təzə araqçın qoyardı. Oğlan evinin adamı qız evindən nə isə bir şey oğurlamalı idi. Fəqət ev sahibi görməməli idi, ev sahibləri isə göz-qulaq olardılar ki, oğlan evindən gələn adamlar bir şey apara bilməsinlər. Qızın anası uşağın başına araqçın qoyduqdan sonra, üzünü oğlan evindən gələnlərə tutub deyərdi:

– Bax, saçlı-birçəkli, boylu-buxunlu, ədəb-ərkanlı, gözəl-göyçək qız bəsləmişəm. Mənim qızım divardan, qapıdan, pəncərədən baxan deyil. Ağır evdən gedir. Mənim balamı yaxşı saxlayın.

– Ay ana! Bu nə sözdür danışırsan? Sənin balan bizim balamızdır. Nə təfavütü var? Elə gəlin saxlayaq ki, aləm mərhəba desin.

Qızın atası içəri girərək:

– Kişiləri məəttəl eləməyin! – deyib qızının yanına gəlir. Başını sığallayaraq onu qucaqlayıb ağlayır:

– Get, qızım, get!.. Xoşbaxt olasan. Bilmirəm gələcəyin nə olacaq, qəza sənin başına nə gətirəcək?

Qızın başında al duvaq, sağdışı və soldışı yanında, əllərində ağ kartof şamlar yana-yana gəlini ağ miçətkənin altında küçəyə çıxarıb faytona mindirərdilər. Miçətkəni isə faytonun üstünə salardılar.

– Hə! Allah xeyir versin. Cahıllarıvızçun olsun, sür bala!

Fayton oğlan evinə tərəf hərəkət edərdi.

Gəlini gətirməyə gedəndə oğlan da (bəy) gedərdi. Bəylə birgə sağdış-soldış da gedərdi ki, bəyi qorusunlar. Bəyin papağını gəlin gələn gecə götürüb qaçmaq qayda idi və aparılan papaq qız evinə verilərdi, əvəzində bir araqçın və ya tafta köynək baxşış alınardı. Səhərisi sağdış və soldışın sərvaxt olmayıb papağı oğuruya verdikləri məhəllədə danışılardı.

Qədimdə belə bir qayda vardı: gəlin aparan zaman o məhəllənin cahılları faytonun qabağını kəsərdi. Onlar oğlan adamından xələt almayınca, gəlini aparmağa qoymazdılar. Bu adətin adına qazaqyana deyərdilər. Əgər qız evində toy olan zaman məhəllə cahıllarının yarısını çağırıb, yarısını çağırmasaydılar, onlar da sözü bir yerə qoyub deyərdilər: “Qazaqyana” almamış gəlin buraxdı yoxdur”.

Həmin o cahıllar gəlib atların başından bərk-bərk yapışardılar.

– Sürmə!

Oğlan adamları faytonçuya müraciət edərək:

– A balam, sürsənə! Nə üçün məəttəlsən?

– Ay əmi oğlu, məhəllə cahıllarıdır... özün bilirsən də, daha nə deyim?

Oğlan adamının başçıları dil anlayan olsaydı, burnuna şam iyi dəymiş olsaydı:

– Hə, hə, başa düşdüm, deyə cibindən bir iyirmi beşlik çıxarıb cavanlara bağışlardı; ya da ki, ucadan:

– Cahıllara bir qoyun verildi!

Onun sözü veksel kimi idi. Odur ki, ona inanardılar.

– Allah mübarək eləsin, Allah xeyir versin! – deyib əl çəkərdilər. Məsələ bununla bitərdi.

Bəzən oğlan adamları da tərs olardı və boyunlarına düşərdi:

– Biz heç bir şey verməyəcəyik. Sür adə!

– Biz də buraxmayacağıq, aparın görək nece aparırsınız?! Siz vurandan qan, biz vurandan su çıxmayacaqdır. Biz də atın başını buraxmarıq.

– Bu məhəllədə kişi zad yoxdur bəgəm?! Verən də belə-belə olsun, almayan da belə-bele olsun. Alın görək necə alırsuz.

– Adə... adə!.. O kimdir? Yetim Məhəmməd döyül? Mənə Bahadıroğlu Xanbaba deyərlər, qoymaram ayağıvuzi ayağıvuzun üstündən götürəsüz, hamıvuzi xingal kimi doğraram!

– Adə, belə ağız-burun bəhəm eləmisən ki, mənim sözümün qabağına söz deyirsən. Mənə Şeytan Bağır deyərlər. Buyurun bu meydan, bu da süz.

– Mənə də Şırdan Ağadadaş deyərlər. Sibirin yolunu mən yaxşı öyrənmişəm.

– Sənə deyirəm, burax atın başını.

Balabançıoğlu Məhəmməd, Çopur Sayad oğlu Xalıq, Qaftan Bağır, Axmaq nəvəsi İsrafil, Pota Baxşəli, Mandırı Məmmədrəhim, Xır-xır Əzim, Tarta nəvəsi Kəlbə Hüseyn, Cücə Nəcəfqulu, Hapış Məmmdalı, Palton Abasqulu, Pendiryeməz Zeynalbadın, İt Abtalıb, Qanlı Qədir, Part-part nəvəsi Hacıağa, Yağsatan Yapdıməli, Qütkə Cəfər, Şonu oğlu, Həsən, Oşar Həsən, Şombulum Ələkbər, Şır-şır Dadaş, Daşdi oğlu Cabar, Gözüoğlu Ağabala, Başmaqçıoğlu Xalıq, Koxa oğlu Qasım, Qələbəyi Səməd, Dursun nəvəsi Əkbər, Burazay nəvəsi Balappa, Nurcahan oğlu Rza, Yetim Məmməd, Xingal nəvəsi İsmayıl, Cum-cum Bağır, Mırıq Ağabala, Kafir Məmmədəli, Pişik Kazım, Qapçaq Cəfərqulu, Xostərəngi Məlik, Kosa Abasqulu, Malbaş Yusif, Dil-dil Qafar, Topal Məhəmməd, Tazı Hənifə, Qaragöz Abasqulu, Hoppataran nəvəsi, Xıdır nəvəsi Cəbrayıl, Şahgəldi nəvəsi Tağı, Çəkçəki Süleyman, Çəro Süleyman və başqa bu kimi “qəhrəmanlar” bir-birilə əlbəyaxa olub əvvəl yumruqla, sonra zoğal ağacları ilə vuruşa başlardılar. Nəhayət, bunlardan da heç bir şey çıxmazdı, qəddarələr və xəncərlər işə düşərdi. Siyirməxəncər bir-birini doğramağa başlardılar. Qızın adamları gəlini faytondan düşürüb atası evinə aparardılar. Xəbər polis idarəsinə, polis idarəsindən polismeysterə, oradan da qubernatora çatardı. Qubernator da əmr edərdi ki, bir rota soldat gəlsin, afitser görür ki, işlər xarabdır, camaat bir-birini doğrayır; əmr edərdi ki, havaya güllə atsınlar ki, vuruşanlar qorxub qaçsın. Havaya bir-iki zalp atardılar. Fəqət afitser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr edərdi ki, vuruşanları gülləyə bassınlar. Tüfənglərin ağızları bir-birini didən adamlara çevrilərdi. Bir neçəsinə güllə dəyib yıxıldıqdan sonra başı-gözü yaralı, əl ayağı qanlı, üstü-başı cırıq, kimi börkünü, kimi xəncərini, kimi çuxasını qoyub qaçar, evlərə soxular, damdan dama qaçıb gizlənərdilər. Çox adama güllə dəyib ölərdi və meyitləri səhərə qədər küçədə qalardı. Səhəri geniş xalq kütlələrinin həyatı, məişətilə qəti surətdə maraqlanmayan, onlar arasına bu yolla ədavət və qanlılıq salan, xalqı vəhşiliyə sürükləyən çar hökuməti rüşvətxorları gəlib istintaqa başlayardılar. Hər kəs gəlib öz ölüsünü aparardı. Davadan bir həftə sonraya qədər şəhərdə kimin əl-ayağında yara görsəydilər, dərhal tutardılar ki, sən davada iştirak eləmisən.

İçərişəhərdə Qasım bəy hamamının yanında Qəzvinlioğlu Kəblə Abasqulunun qızı Hacı Qayıb üstünə[8] Əbdüddəyyanın qardaşı üçün gəlin gedərkən belə bir hadisə baş vermiş və onlarca adamların qanı axıdılmışdı.

Gəlinin qarşısına adam çıxmasa idi və ya cahıllar xələt alıb onu xoşluqla buraxsaydılar, “urra” ilə onu oğlan evinə gətirərdilər. Küçə qapısının ağzında bir qoyun qurban kəsərdilər. Onu məhəllə cahılları çırpışdırardı. Camaat həyətə girərdi, ev qapısının ağzında yengə gəlini saxlayardı: – Hanı gəlinin qayınanası?

Gəlinin qayınanası evdən çıxar, gəlin baş əyərdi.

Yengə – Hacı ağa, gəlinin sənə salam verir, ona nə bağışlayırsan?

Qayınata da ona ya 10 imperial, ya bir bağ, ya bir ev, ya da bir uşqun (iki dorlu yelkən gəmisi) bağışlardı. Gəlin ikici dəfə baş əydikdən sonra onu evə aparardılar. Gəlinin başında çörək parçalardılar. Onun başına qənfet, pul atardılar. Dəf, dumbulu qızışdırıb gəlini pərdə dalına aparar, taxtın üstündə oturdardılar.

Taxt belə düzələrdi: evin yuxarı başında, küncdə iki qalın, qırmızı, üzü zərli döşək, kəllədən yumru böyük mütəkkələr, onun üstündən böyük bir püştü olardı. Sağ divardan sol divara bir mıx çalıb, gəlinin ipək çarşabını o ipin üstünə atardılar. Bu, boy ilə gəlin üçün bir guşə təşkil edərdi. Gəlin pərdənin dalında qalardı.

Kəndlərdə pərdə aparmaq dəb idi. O belə olardı; kənddə gəlini gündüz aparardılar. Bu kənddən o biri kəndə və ya şəhərə gəlin gətirəndə, gəlini çıxarıb faytona oturdardılar. İyirmi, otuz nəfər atlı olardı. Gəlin yola düşdükdən sonra pərdəni atlılardan birinə verərdilər, onlar da atlarını çapmağa başlardılar. Kim qabağa düşsəydi, pərdəni o birindən alardı. Bunlar çapa-çapa bir-birindən pərdəni alardılar. Axırda əvvəlcə oğlan evinin qapısına hansı atlı çatsa idi, o atlıya xələt bağışlardılar və atın da alnına bir yumurta çırpardılar. Çox vaxt yolda çox atların nəfəsi kəsilib bağrı çatlardı.

Bəyin anası əyninə misqalı tirmədən don geyərdi. Başına tirməşal salardı. Qonaqları o biri otağa dəvət edərdilər. Evdə yaxın qohum-əqrəba qalardı. Gedənlər də çıxıb gedərdi. Birisi əlində ağ dəsmal, mis aftafa-ləyən, canamaz içəri girib gətirdiklərini evin bir tərəfinə qoyar, lampaların bir-ikisini aparardı. Evin işığı birə-iki azalardı. Bəy qapını açıb gəlin olan otağa daxil olardı.

Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü görmək istərdi. Gəlin iki əlilə üzünü tutub açmağa qoymazdı. Gəlini öyrədərdilər ki, bəy gələndə sağ ayağını ondan qabaq onun ayağının üstünə qoysun, onda həmişə gəlinin sözü onun yanında kəsərli olar. Gəlin ayağını bəyin ayağının üstə qoyduqda, bəy də başa düşərdi ki, gəlin ondan üzgörməsi istəyir. O zaman oğlan əlini cibinə salıb qıza ya bir qızıl saat, ya sapoşkar, ya bir bacaqlı, ya da ki, üzük bağışlardı. Bu bəxşiş gəlinin halal malı hesab edilərdi. Bu dəqiqədə iki cavanın düşüncəsini, bir-birini görməmiş, tanımamış, bir-birinə qərib və yabançı olan iki gənc könlün çırpıntısını ifadə etmək çətindir. Qız: – görəsən mən oğlanın xoşuna gələcəyəmmi və ya oğlan mənim xoşuma gələcəkmi? Oğlan: – Görəsən qız mənim xoşuma gələcəkmi və mən qızın xoşuna gələcəyəmmi? – deyə düşünərdi. Gənclərin bu dəqiqələri, onların gələcəkdə quracaqları həyatın ilk saniyələridir. Burada ya keçmiş zamana məxsus adi, yeknəsəq, rövnəqsiz bir həyatın təməli qurular və ya inqilabdan qabaq Azərbaycan xalqını fəlakətlərə və uçurumlara sürükləmək istəyən çar üsuli-idarəsinin murdar niyyətlərilə xalq arasında intişar etdirilən cəhalət və avamlıqdan doğan qanlı faciələrin ilk dəqiqələri başlanardı. Çünki evlənən bədbəxtlər əvvəldən öz düşüncə və mühakimələrilə iş görməyə imkan tapmamışlar. Çünki bunlar bir-birinin xasiyyət və xüsusiyyətləri ilə tanış olmamışlar. Çünki bunları ata-ana almış və ata-ana satmışdır. Bunlar mənfur adətlərin əsiri olmuşlar.

Qız utana-utana üzünü açıb oğlana göstərir. Bundan sonra söhbət və tanışlıq başlayır.

Oğlanın atasını təbrik edirlər ki, oğlu kürəkən olmuşdur və qız atasına xəbər verirlər ki, qızı tapşırıldı.

Bir neçə vaxtdan sonra oğlan evdən soyumağa başlardı. Qız qayın-qudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. Qıza bir darbalaq tuman geydirib, əlinə bir parça şirapus verib gününü göy əsgiyə düyünlərdilər. Belə ki, təzəgəlin üst-başı cırıq, çətir balabirçəyi üzünə tökülmüş, başı kilkə, qönçə dodaqları gül kimi solmuş, üzü saralmış zavallı bir şəklə girən qulluqçuya dönərdi. Əri qızı bu halda gördükdə, ondan daha da soyuyardı. Yazıq qızın ata-anasını onun yanına qoymazdılar, özünü də atası evinə buraxmazdılar. Qohumluq düşmənçiliyə və ədavətə çevrilərdi. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. Cavabında isə bu zavallı qız atadan və anadan bu sözləri eşidərdi: – Qızım, səbir elə, ər ki var, arvadın ikinci Allahıdır, ev sözsüz, gor əzabsız olmaz. Sən ərin evindən gora gedərsən, papaq deyilsən ki, başdan-başa qoyulasan.

Bir azdan sonra kişi bu yazığın üstünə ikinci bir arvad alardı. Hər iki gününün arasında böyük mübarizə başlanardı. Bəzən bunlar bir-birini zəhərləyib öldürərdilər. Atadan-anadan, qohum-qardaşdan bir kömək olmazdı. Kənardan küpəgirən, işsiz, peşəsiz, avam və cahil qarılar meydanı daha da qızışdırardılar. Gəlin bir gün fürsət tapıb özünün ağ-qızılını yığıb, evi alt-üst qoyub küçələrə düşər, ya özünü boğar, zəhərləyər, yandırar, yaxud da səfalətin murdar ağuşuna və caynaqlarına atardı. Orada onun gənc ömrü puç olardı. Bu xəbəri eşidən el və əqrəba: – Bu qız bizim papağımızı yerə soxdu – deyə həyəcana gələrdi. Şəhərdə bu ailəyə düşmən olanlar və gözü götürməyənlər istehza etməyə başlardılar. Dəliqanlılar coşardı. Qızın qardaşından, əmisi və ya dayısı oğlundan biri gedib zavallı qızı doğrayardı. Bu qayda ilə öz çürük əsrinin acı meyvəsi olan bu zavallı gəlinin ömrünə son qoyulardı. Bundan sonra hər iki tərəfin peşəsi divanxanalar qapısında vəkil tutmaq və rüşvət vermək olardı. Var-yoxdan çıxardılar, nəticədə isə qatil ya qurtarardı, ya da ki, sürgün olub cavan ömrü Sibirdə çürüyərdi.

Oğlan evinə gedən günün səhərisi, adətə görə qızın ata-anasına muştuluğa gedərdilər ki, qızın ağbaxt oldu. Gəlin qayınananın xoşuna gələrdi. Qayınana qudaları qonaq edərdi. Bir müddətdən sonra yeni xoşbəxtlik üz verərdi. Gəlin hamilə olar və ağrı çəkərdi. O saat xəbər göndərib İçərişəhərdə, Xıdır dalanının altında, Qara Nəcəfqulunun anası, əldəqayrılma küçə maması Amad xalanı çağırardılar. Amad xala dəm-dəsgahını yığışdırıb, gecəyarısı balağını çəkə-çəkə gələrdi.

– Ay xala, balandan görəsən.

– Bilirəm balam, bilirəm, mənim əlim yüngüldür, inşallah salamatlıqdır.

Amad xala əlini-qolunu çırmalayıb evin bir tərəfinin palaz-parçasını yığar, iki böyük qazanı ağzı üstə bir-birinin yanına qoyub onun üstünə də köhnə-kültədən bir şey salar, iki qazanın arasına da kül tökərdi. Bunun adına çala deyərdilər. Sonra hamilənin qoltuğuna girib onu evdə gəzdirməyə başlardı. Nəhayət, onu çala üstünə çıxarardılar. Hamilə hər bir qıçını qazanın birinin üstünə qoyub sallağı oturardı.

– Anam, güc elə, ya Xıdır Nəbi, Xıdır Niyaz bəndəni bəndədən xilas elə.

Bu dəmdə gəlinin anası içəri girib, piri, peyğəmbəri, Allahı, imamı yığıb bu evə tökər, səs-küy salar, ağız deyəni qulaq eşitməzdi. İş çətinə düşərkən:

– A, balam gedin, çolaq Səlimin dükanı ilə üzbəüz evdə yaşayan mama Mələknisəni çağırın.

Mələknisə gələrdi. Çatan kimi xəstəyə baxmamış:

– A, nöşün dayanmısuz? Gedin bir səhəng gətirin zahıya verin, piləsin.

Zahı yazıq sancının qorxusundan nə desəydilər onu edərdi və səhəngi alıb var qüvvəsi ilə piləməyə başlardı. Bundan da bir şey çıxmazdı. İki mama bir-birilə höcətləşərdi. Zahının nəfəsi kəsilər, ürəyi gedər, nəhayət, çalanın üstündən yerə yumbalanardı. Beləliklə, yazıq arvadı həlak edərdilər. Bəziləri iki-üç mama gətirərdilər, ancaq bundan da bir şey çıxmazdı. Qızın anası bir qədər anlaqlı olsa idi:

– Yüyür bir urus mamasını çağır – deyə yalvarardı. Buna çətinliklə razı olardılar. Rus maması gələn kimi evdəki qadınların hamısını otaqdan qovar, əlini, ayağını təmiz yuyub qayda ilə işə başlardı. Evdəki qadınların əlləri hər şeyden üzüləndən sonra canamızı açıb qabaqlarına qoyardılar. Quran oxuyar, Allaha dua etməyə başlardılar. Yevdokiya İvanovna bunlara əhəmiyyət verməyib, gəlini əziyyətdən xilas edib, lazımi tapşırıqlar verdikdən sonra çıxıb gedərdi. Yenə meydan əldəqayrılma mamalara qalardı.

– A balam, gəlin evi möhr eləyək.

Bir kabab şişinə üç soğan keçirib, şişin ucunu otağın dörd bir divarına sürtərək aparıb xəstənin başı üstündə qoyardılar. Zahıya deyərdilər ki, yatma, yatsan al anası gələr, ciyərini çıxarar.

O biri mamaça sözə başlardı.

– A balam, xəbərüvüz var ki, İtotaran Daşdəmirin qızının başına nə gəlib?! Doğub, salıblar kürsüyə. İsti kürsü, arvadı yuxu aparıb, al anası da gəlib əlini salıb, arvadın ciyərini çıxarıb aparıb, arvad da ölüb.

– Ay yazıq! Ay yazıq!

– Bunların hamısı yazıdı, a başuva dönüm! Adamın alnına nə yazılıb, başına o gələcək.

Birinci mamaça yeni bir yalan toxumağa başlardı:

– A...a...a... qarageymiş... heç xəbərüvüz var ki... a, bizim kənddə Kəblə Qayxanım doğub, yatıb kürsüdə... deyir ki, elə məni huş apara-aparmaya, gördüm ki, bir hündür, yekədöşlü arvad dayandı qapının ağzında, astanada. Gördü ki, ara xəlvətdir, üsulluca girdi içəri. Birdən yadıma düşdü ki, ey dili-qafil, bu al anasıdır. Özümü itirmədim, dedim: – Hə, gəlsənə, nə istəyirsən? – Gördüm bu yazıq özünü itirdi və dedi:

– Hə, bəs mən süzün qonşuvuz Qaradəniz xalayam da. Məni tanımırsan? – Mənə o kürsüdən bir parça od ver. Dedim ki, gəl kürsüdən götür, apar. O, gəlib yorğanı qalxızıb başını kürsüyə soxanda əlüstü mən durdum ayağa. Yaxamdan iynəni çıxartdım, onun yaxasına sancdım və dedim: – Kafir, sən al anasısan, gəlmisən mənim ciyərimi çıxardasan, Allahın izni ilə mən səni əsir elədim. O başladı mənə yalvarmağa: – Allah xatırına məni bağışla, məni öldürmə, mən sənə qulluqçu olaram, iynəni mənim yaxamdan çıxart.

Belə deyirlər ki, al anasının döşündə nə qədər iynə var, o heç yerə gedə bilməz, özü də iynədən qorxduğu üçün onu döşündən çıxara bilməz. O adam axtarardı ki, iynəni döşündən çıxartdırsın. Əgər balaca qız və ya oğlan uşağından görsəydi, iynəni döşündən çıxartdırıb qaçardı.

Bu kimi yalan və uydurmalar danışmaqla mamaçalar qadınların gözlərini bağlar, öz etibarlarını möhkəm saxlamağa çalışardılar.

Məlumdur ki, qadın doğduqdan sonra bütün damarları boşalır və əzələlər zəifləşir, o zaman onu yatmağa qoymazlar. Çünki yatarsa, onu qan aparar və ölər. Ona qəhvə verərlər, kamfora vurarlar ki, yuxusu qaçsın. Küçə mamaları isə bunlardan bixəbər idilər.

Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımi tapşırıq və dərmanlar verər, şişi-zadı yığıb evdən bayıra tullardı. Zahı xəstəlikdən durduqdan sonra Yevdokiya İvanovnanın pulunu və xələtini artıqlaması ilə verərdilər və hörmətlə yola salardılar. Mamaça gedəndən sonra yenə qapı köhnə daban üstə işlərdi. Avam qadınlar yenə yazıq qadının başına yığılıb kişinin köhnə donunu, çuxasını parçalayıb, çirkinə, pasağına baxmayaraq, uşaq üçün əsgi düzəldərdilər. Bu əsgiləri uşağın altına sərdikdən sonra onun üstündən bir parça brezent qoyar, brezentə əlif yağı çəkərdilər ki, su buraxmasın. Ona müşəmbə deyərdilər. Sonra uşağı yorğançaya büküb uzun bələk bağı ilə möhkəm sarıyardılar. Uşağın yeri həmişə yaş olardı. Əsginin çirki və rütubəti uşağın canını olduqca incidərdi və zavallı ağlamağa başlardı. Avam ana, uşağın yerinin narahat olduğunu anlamazdı. Qonum-qonşular cürbəcür məsləhətlər görərdilər.

– Ay bala, qonşumuz Gülmirzənin də uşağı yatmırdı, ona xügəri verərdilər, sən də ver, yuxusu gəlsin.

Əttar Molla Məhəmmədin dükanından xaş-xaş qabığı alardılar, onu qaynadardılar, suyundan bir-iki qaşıq uşağın boğazına tökərdilər. Əgər bu da kömək eləməsəydi tiryək isladıb uşağın boğazına tökərdilər. Səhər uşağın bələyini açanda görərdilər ki, onun qıçlarını rütubət yandırır. Uşağın əndamına quru xına sürtməyə başlardılar. Uşağın zərif bədəni xügəriyə, tiryəkə, xınaya davam gətirməzdi. Uşaq naxoşlardı. Uşağı həkimə göstərməzdilər, avam qadınlar bir yerə yığılıb cürbəcür ağılsız mühakimələr yürütməyə başlardılar:

– Uşaq çiləyə düşüb, bunu kəmənddən keçirmək lazımdur.

Uşağı hamam külxanına aparıb külxançıya deyərdilər ki, əlindəki hisdən uşağın üzünə yaxsın. O da əlini hisə batırıb uşağın üz-gözünü qaralardı.

O biri arvad deyərdi:

– Yox, bunu boyaqxana küpünün üstünə aparmaq lazımdur.

Uşağı boyaqxanaya gətirib, boyaqxanaçıya onun üz-gözünü boyatdırardılar. Nəhayət, uşaq üçün fala baxdırıb, tas qurdurar və dua yazdırardılar. Yüzlərcə sağlam uşaqlar avam qadınların əlində bu yolla həlak olub gedərdi. Bütün bu əzaba, işgəncəyə tab gətirən uşaq min bir əzabla böyüyərdi. Onun boynundan dua, qulağından heydəri sırğa asardılar. Bəzən uşağı tərəzinin bir gözünə qoyub, o birisinə də uşağın ağırlığı qədər ət qoyub çəkərdilər. Sonra həmin əti aparıb qəbiristanlıqda basdırardılar. Bununla uşağın ömrünün uzun olacağını qət edərdilər. Bu adətin adına əqiqi deyərdilər. Bəzən qadınların ağzından – filankəs öz uşağını əqiqi eləyib, onun ömrü uzun olar – sözlərini eşitmək olardı.

...Bu cür tərbiyə ilə böyümüş uşaq mollaxanada da nadinclik edərdi, o biri uşaqlara sataşardı, molla da bunun ayaqlarını falaqqaya salıb çubuqla döyərdi. Sonra uşaq molladan qaçardı. Uşaqar da bunu harda görsəydilər mahnı oxuyub əl çalmağa və onu ələ salmağa başlardılar:

– At nalı, eşşək nalı, molladan qaçan Hüseynalı.

Uşaq ağlaya-ağlaya anasının üstünə gedərdi. Anası da qapıya çıxar, uşaqları söyər və qarğış edərdi. Bunun söyüşünü eşidən bir başqa qonşu qadını gəlib qapı ağzında dayanar və ona cavab verməyə başlardı:

– Uşağun molladan qaçıb, mənim uşağımun taqsırı nədir söyürsən? Canı çıxsun qaçmasun.

– A... a... kül başuva Şərif, hamamçı səndən pul istəyir. Kül başuva xindi! Başuva milçəklər qondi!

– Ağız! Sənin danışmağa dilin də vardır. Ay filan-filan şüdə!.. Açma mənim gül ağzımı, açaram sandığı, tökərəm pambığı, dəli Şirinin nəvəsi deyilsən?! Dünənəcən qapılarda qulluqçuluq etmirdün? Ay yazıq.

Bu qalmaqala arvadların kişiləri gəlib çıxardı. Əvvəlcə ağız işi, daha sonra yumruq bazarı başlardı. Məhəllə adamları yığılıb hərəsi bir söz deyərdi:

– Ay Kəblə Fərəculla, salavat çevir. Allah şeytana lənət eləsin.

– Ay Məşədi Balaqədəş! Arvad-uşaq işinə qarışmayın, uşaqdırlar, indi dava edib, yarım saatdan sonra barışarlar.

– Əşi, eyib-zaddır qonşuluqda. Hövsələnizi basın.

– Maçaxar haramzadalar, həşturabların sür-süfətinə bir baxın. Gəlin barışın! – deyib uşaqları barışdırardılar. Uşaqlar da bir-birinə əl verib hırıldaya-hırıldaya barışardılar. Guya aralarında heç bir şey olmamışdır.

Mollaxananın adamın beynini zəhərləyən küt, yaramaz mühitindən, falaqqa əzabından qaçan uşaqları palçıqçılığa, xarratlığa, malakeşliyə, dəmirçiliyə, papaqçılığa, zərgərliyə, kababçı və çayçı şəyirdliyinə qoyardılar. Bir neçəsi alış-verişə başlar, bir neçəsi də nökər dayanardı. Başqa çarələri yox idi.

Oğlundan bezar olmuş kişi kənddən və ya şəhərdən öz oğlunu aparıb dövlətli bir tacirə nökərçiliyə verərdi. Bunların şərti belə olardı:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info