Qonaq Kitabı
Bakı şəhəri

– Xala oğlu, sən düş, mənim oduma sən də yanarsan, mən tək gedəcəyəm. Mən nə qədər yalvardımsa, sözümə qulaq asmadı. Məni düşürtdü, özü tək getdi. Mən də qorxudan bir özgə faytona minib getdim. O fayton mənim qabağımca gedirdi. Ürəyim döyünürdü ki, bu saat güllə atılacaq və bu bədbəxti vuracaqlar. Bənd üstə Hacıbala bağının yanında bir meydança vardı. Oradan daş çıxarılardı. Burada bir hamam vardı. Fayton ora çatmamış bir güllə açıldı. Bu bədbəxti vurdular. Mənim faytonum ora çatcaq saxlatdırdım, baxıb gördüm ki, bədbəxt yıxılıb can verir. Meydanda bir nəfər adam qalmamışdı. Hamı qaçmışdı. Görənləri şahid çəkəcəkdilər. Əgər bir nəfər adam vuranı hökumətə desəydi, sabahısı ikinci gülləni də ona vurardılar, bir gün bir gecə o bədbəxtin meyiti haman meydançada qaldı.

O vaxt Bakıda neft firmaları, hər firmanın özünə görə mədənləri vardı. “Nobel”, “Rotşild”, “Zubalov” və başqaları. Azərbaycan əməkçilərinin qanını soran, Azərbaycan xalqının dövlətini Avropa banklarına axıdan bu neft dəllallarının mədən qaraulluğunu Sabunçunun qoçuları çəkərdi. Bu qoçular da buruqlarda dağıstanlıdan, iranlıdan qarovulçular qoyardılar. Firmaların qarovulu nə üçün qoçulara tapşırılardı? Bu ondan ötrü idi ki, hamı qoçulardan qorxurdu.

Lotulardan birisi oğurluq etmək istədikdə, gözünün qabağına o saat mədənin qaravulçusunu gətirərdi və qorxusundan o mədənə oğurluğa getməzdi. Lakin mədənçolər xırda oğrudan qurtarıb, böyük oğruya düçar olardılar. Hər mədənin yanında həmin qoçunun bir böyük neft dükanı vardı. Gündüz dükanın qabağındakı neft çənləri bomboş olardı. Gecə isə o çənlər ağızbağız neftlə dolardı. Bəs necə olardı ki, o çənlər dolardı? Çənin yanlarından neft turbaları çəkilmişdi. Gecə turbalardan birin deşib nefti öz çənlərinə axıdardılar. Çən dolduqdan sonra turbanın deyişiyini prohkalayıb üstünü torpaqlardılar. Qəflətən kontor işçilərindən və ya fəhlələrdən birisi oğurluğun üstünə çıxsa idi, o adamı gecə öldürüb neft çalalarına tullardılar. Bunlara nə polis, nə hökumət bir söz deyə bilməzdi. Heç kəs də qorxusundan səsini çıxarmazdı. Çünki qaravulçular polislə əlbir idilər. Əgər işi ağartsaydılar və qaravul sahibi (qoçu) tutulsaydı, bütün mədən yandırılardı, çünki mədənlərdə xozeyin bir firma sahibi deyildi. Mədən və neft işlərində dərəbəylik hakim idi. Bakı qoçularının dalında Bakı kapitalistləri durmuşdu. Qoçulardan birini hökumət həbsə alsaydı, Bakı dövlətlilərindən birisi çalışıb onu qazamatdan qurtarardı.

Əslinə qalanda bu vəhşilərin həyatı qazamatda da pis keçmirdi. Çalmaq, oxumaq, oynamaq, yemək, içmək bunların peşəsi olardı. Tanış-bilişlərin əlinə nə gəlsə, kimin gücü nəyə çatsaydı aparıb o qoçunun könlünü alardı. Qazamata o qədər kəllə qənd, sini-sini plov, papiros göndərilərdi ki, yeyib-içməklə, işlətməklə qurtarmazdı. Qazamat qulluqçuları onlardan qorxub adamlarını içəri sərbəst buraxardılar. Dustaqxanaya, hətta, oxuyan və çalan da aparardılar. Qazamat qulluqçularının da qarnı fisincan, turşu-qovurma və toyuq-plov ilə yağlandırılardı. Qazamata düşmək belə adamlar üçün şən-şövkət olmuşdu. Dost-aşnalardan biri onun görüşünə gəlməsəydi, ona bir düşbərə və ya qutab bişirtdirib gətirməsəydi, haman qoçu qazamatdan çıxdıqdan sonra o adamla görüşdükdə: – Sənin üçün eyib deyil, mənim görüşümə niyə gəlmədin? – deyə hədələyər və onu tezliklə cəzasına çatdırardı.

Bu adamlar qazamat qapısından bayıra çıxanda qoyun qurbanı kəsər, onu faytona mindirib təntənə və dəbdəbə ilə, zurna və balabanla evə gətirərdilər. İkinci qurbanı da evdə kəsərdilər.

Bəli, bir zaman adam öldürüb qazamata düşmək lap moda halını almışdı. Hər lotu belinə bir tapança bağlar, başına bir şişpapaq qoyar, birisi ilə sözü çəp gələndə dərhal tapançalar beldən çəkilib işləyərdi. Kimin gülləsi qabaq dəydi, dəydi. Ölənin qayğısına qalmazdılar. Vuranı tərif edərdilər: – Pay atonan adə, nə igid adamdır, tapançanı belindən çıxarması ilə hərifi yerə sərməyi bir oldu. Zalım oğlunun əli elə bil maşındır.

Bir başqası bu “igid” haqqında belə deyərdi: – Adə! O filankəsin bacısı oğludur da... dayısı da... dayısı da igid adamdı... məsəl var, yaxşı igid dayısına oxşar, yaxşı cava-nəzən xalasına.

Keçmişdə Bakıda bir qalabəyi Qasım bəy vardı. Bu adam özü mülkədardı. Həm də böyük tacir və sözüötən adam idi. Bir dəfə orucluq zamanı bu cənab öz divanxanasının qabağında stul qoyub oturubmuş və camaata tamaşa edirmiş. O vaxtın yeni yetişmiş cavanlarından iki nəfərinin ayaqlarında dikdaban başmaq, qıçlarında xaçmazı şalvar, əyinlərində döşü düymeli hiro qədəyindən don, üstdən baftalı çuxa, başlarında yanaki qazamatı papaq, barmaqlarında findıqça xına (manikür kimi), əllərində üç arşın uzunluğunda bir yüsür təsbeh, ikisi bir təsbehi çevirə-çevirə etinasız bazarbaşı yuxarı gedirlərmiş. Səkilər dar olduğu üçün bunlar camaatın gediş-gəlişinə bir qədər mane olurmuşlar. Bu hadisə Qasım bəyin nəzərini cəlb edir. Yasovulunu göndərib, cavanların hər ikisini öz hüzuruna çağırtdırır. Bunları başdan-ayağa nəzərdən keçirdikdən sonra birisini tanıyıb soruşur:

– Kimin oğlusan, adə?!

Bu gənc atasının adını deməyib, dayısının adını deyir:

– Gülünün bacısı oğluyam.

Gülü o zamanın məşhur qoçularından idi. Bu iş Qasım bəyin acığına gəlir. O, ayağa qalxaraq:

– Adə, köpək oğlu, mən səndən atanın adını soruşuram, sən mənə dayının adını deyirsən? Mən sənin dayından qorxacağam, adə! Sən Dildilinin oğlu deyilsən? Atanın adını niyə demirsən? İndi ki, sən Gülünün bacısı oğlusan, mən də sənə tənbeh edəcəyəm, – deyə ona möhkəm bir sille ilişdirir. Yasovuluna əmr edir ki, aparıb onu damlasın.

Qalabəyi silləni elə bərk vurur ki, yazıq uşağın qulağı sillənin zərbindən bir həftə batır.

İçərişəhərdə Prator adlı bir pristav vardı. Onun aylıq maaşı 80 manat ancaq olardı. Bu pristav indiki Çkalov küçəsinin yuxarısında, keçmiş “İttihad” məktəbilə yanaşı dörd mərtəbəli bir ev tikdirmişdi. Məlumdur ki, bu ev ayda 80 manatın işi deyildi. Bu bədbəxt camaatın bir-birini qırıb qan batırması pulları idi. O zaman kim çox pul versəydi, cinayəti nə qədər dəhşətli olursa olsun onun işi yeriyərdi. Pulu olmayanın haqq sözü nahaq olar və qanı batardı. Zavallının çarəsi kəsilər, axırda “mollalar, axund və üləmalar Allah bəndəsidirlər, bəlkə onlardan bir çarə oldu” – deyə üləma yanına gedərdi ki, dərdini desin. Ancaq çox təəssüf ki, avam camaat bu vicdansızlardan ən alçaq hərəkətlər, ən vəhşi münasibət, ən əclaf sözlər eşidərdilər.

O zaman bu müftə yeyənlərin və parazitlərin işi, peşəsi olmazdı. Məhəllənin gözə görünən adamları əbalı-qəbalı, ağzıdualı qocaları gündə bir yerə yığılıb qiraət oxuyub, “məğzubi” deyib, həmd-surə düzəldib şəkki səhv öyrənərdilər. Dərdini demək üçün buraya gələn əlsiz-ayaqsız və yoxsulları ələ salıb onlara gülərdilər və ona belə deyərdilər:

– A kişi, səbir eylə, üsuli-din bilirsən? Bilmirsən gərək öyrənəsən. Gərək qiraət öyrənəsən. Səbir eylə! Allah səbir eyliyənləri dost tutar. Allahın bır adı səbir idi. Kərbəlada səyyidi şübhədanın başına nələr gətirmədilər?

Bundan sonra o boşboğazlığa başlar, Kərbəla yanğısından danışmağa, yalan quraşdırmağa qədəm qoyardı. Məclis yasxanaya çevrilərdi. Bu kişi də ürəyi odlu olduğundan başına döyər, ağlar, məyus və möhzun, əli qoltuğunda evinə qayıdardı.

Hər yerdən əli üzülən bu gözübağlı, avam, kimsəsiz adamlar, varlılardan kömək umaraq, onların qapısına gedərdilər. Cahıllar çayçı dükanlarına yığılan kimi, varlıların da yığıncağı otaqlarda olardı. Buraya yığılan yekəbaş küt və xudpəsənd, boynuyoğunlar vaxtlarını yemək-içməklə, hiylə və fırıldaq işlətməklə, yalan danışmaqla, ikiüzlülük etməklə, nağıl danışmaqla keçirərdilər. İran lotularından birisi başında mövləvi əmmamə əbanın qollarını geyib, qabağına da bir “Hüseyn Kürd” kitabı qoyub nağıl danışar, camaat da diqqətlə ona qulaq asardı. Nağıldan sonra boş və mənasız mübahisə və höcətlər başlardı. Nağılçıya sual verərdilər:

– Mirzə, əsli var ki...a. Hüseyn kürd kəmərbəstə idi?

– Bəli, bəli! Həzrət Əli onun belinə qılınc bağlamış. Onun arxası yerə dəyməzdi.

– Necə yəni qılınc bağlamışdır? Bunu mən başa düşmürəm. Kəmərbəstə nə olan şeydir?

– Ay kişi, onlara əl aparma.

– Necə əl aparma?! Bilmək günahdır? Bilmək istəyirəm də.

– Sənin tarixdən xəbərin yoxdur.

– Əgər tarixi bilirsən cavab ver. Dəvənin ayağının altında yumurta qalsa, sınar, ya sınmaz?

– Mən qanmıram tarix nədir? Dəvənin ayağının altı nədir? Heç başa düşə bilmirəm ki, siz nə danışırsınız.

– A balam, Rüstəm-Zala nə sözün var? Oğlunu öldürdü, vətən yolunda kəmərbəstə olmasaydı, öldürməzdi ki.

Meydan qızışardı. Hərənin boş başından boş və axmaq bir mühakimə çıxardı. Ağız deyəni qulaq eşitməzdi. Axırda biri ayağa qalxıb bağırardı:

– Atam! Höcət nə üçün? Bu saat bir adam göndərək axunddan bu məsələni öyrənib gəlsin.

Adam göndərər, yalvarardılar ki, axund sabah bizə bu barədə söhbət eləsin. Axund gələrdi. Yalan-palanla avam başları doldurub gedərdi.

Kömək üçün varlıların yanına gələnlər, ağızlarına vurulub buradan da qaytarılardı. Onların əlii hər yerdən üzülərdi, bıçaq sümüyə dayanardı. Onlar ev-eşikləri, sənətləri, vətənləri ilə vidalaşıb, tüfənglərini götürüb, qanlılarını, özlərinə və özləri kimi yoxsul və çarəsizlərə zülm və əzab verənləri öldürüb qaçaq düşərdilər. Bu qayda ilə məcburən, zorla qaçaq olub çöllərə düşənlər keçmişdə çox idi. Bahadır oğlu Xanbala bu qaçaqlardan idi.

Xanbala 30 yaşlarında, arıq, qısaboylu, xırda və itigözlü, qaraqaş, qaragöz bir kəndli idi. Əynində qırmızı flaneldən, üstü qara xallı şalvara salınmış köynəyi, bunun da üstündən yun qurşağı və onun da üstündən meşin yarımpaltosu vardı. Xanbala cavanlıqda gəmidə muzdurluq edərkən onunla həmin gəmidə bir cavan da çalışarmış. Günlərin birində gəmidə dava düşür. Gəmi işçiləri bu davada həmin oğlanı taqsırlandırır və hədələyirlər. Xanbala ona qahmar çıxır. Bu işdən sonra Xanbalanın özünü də hədələyirlər. Ancaq bunlar birtəhər başlarını xilas edirlər. Gəmi gəlib Abşeron qabağına çatan zaman Xanbala bu oğlanla suya düşür və üzərək gəlib sahilə çıxır. Mayak qaravulçusu bunları tutub saxlayır. Gəmi də gəlib Abşerona çatır. Gəmidən su gətirməyə çıxanlar onları görüb mayak qaravulçusuna deyirlər ki, bunlar gərək divan əlinə verilsin. Çünki bunlar bizim gəmidən oğurluq edib qaçmışlar. Xanbala qazamata düşür. Buna iş verirlər. Lakin o, həbsxananın zülm və əziyyətinə davam gətirməyib qazamatdan qaçır. Bir az keçdikdən sonra onu tuturlar. O ikici dəfə də qaçır. Bu dəfə qaçanda özü ilə bərabər bir erməni dustağını da qaçırır. Bunlar uzun zaman Bakı kəndlərinin ətrafında dolanırlar. Onları təkrar tutub Quba meydanında çubuğa salırlar. Hərəsinə 150 çubuq vururlar. Erməni ağac altında ölür, Xanbalanı isə yarımcan qazamat xəstəxanasına aparırlar. O, bir qədər müalicədən sonra sağalır. Xanbala üçüncü dəfə qaçanda iki Nikolay soldatını da özü ilə aparmışdı. Şəhərə səs düşmüşdü ki, Xanbala qaçıb, özü ilə də iki soldat aparıb. Bunların dalınca çox gəzdilər. Nəhayət, bir gün xəbər çıxdı ki, Bahadır oğlu Xanbalanı yoldaşları ilə bərabər tutmuşlar. Qaçan zaman ətinin dərisi su yolunun divarlarında qalmışdı. Doğrudan da onları tutub qazamata salırlar. Lakin dördüncü dəfə o, yenə su yolu vasitəsilə qaçıb qurtarır. Bir qədər Bakı kəndləri və onun ətrafında qaçaqlıq edir. Lakin bir dəfə olsun soyğunçuluq və qarət etmir. Xalqın qabağını kəsib pul almaq ona ağır gəlir. Fəqət ac da qala bilmir. Çarəsiz qalıb İrana qaçır.

1884-cü illərdə Bakı ətrafında dolanan ovçu Ağarəhim nəvəsi Sonqulu (Hüseynqulu – red.) adlı “qaçaq” da çox məşhur olmuşdu. Bu adam 40 yaşlarında, hündür, kök, enlikürək, uzunqollu, açıqalınlı, parlaq irigözlü, ağ-qırmızı sifətli, nazik qarasaqqallı, rəssam fırçasına layiq bir görkəmli şəxs idi, O, ağırlığına baxmayaraq, çox çevik idi. Üzündə şirin bir təbəssüm vardı. Keçə çuxa, keçə şalvar və ayağına şal-çarıq geyərdi. Qışda qara, uzun yapıncısını çiyninə salardı.

Sonqulu gəncliyində kənddən şəhərə gəlib bir tacirə nökər durur. Onun birinci ağası yağlı dillərlə üç il qarınafətir işlədib pul verməmişdi. Sonqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir onu öz yanında faytonçu durmağa dəvət edir və ona gözəl şərait təklif edir. Sonqulu həmin tacirin yanına getmək istədikdə, köhnə ağası ona nə məvacib verir, nə də azad edir. Nəhayət, Sonqulu özü qaçıb gedir və yeni ağasının verdiyi vəzifədə qulluğa başlayır. Bunu görən köhnə ağası paxıllıqdan Sonqulunun üstünə oğurluq atıb tutdurur. Yeni ağası pul qoyub onu qazamatdan xilas edir. O, yeni ağasının belə rəftarını görüb, dübarə onun yanına qayıdır və faytonçuluq edir. Bir qədərdən sonra köhnə ağası Sonqulunun yeni ağasının qapısını neftləyir (Bu təhqir işarəsi idi – müəllif). Gecələr üstünə gedir və ona sataşmağa başlayırlar. Vəziyyəti belə görən Sonqulu köhnə ağasının yanına gəlib ona deyir:

– Mən aciz-avara adam deyiləm. Sən məni aldadıb üç il havayı işlətdin. Sonra mənim üstümə şər atıb tutdurdun. O kişi mənim üçün pul qoyub məni çıxartdırdı. Qoy başımızı aşağı salıb kasıbçılığımızı eləyək. Bizdən əl çək və onu da bil ki, sən ona bir şey eləsən mən tək əlimlə sənə cavab verməyi bacararam. Yenə deyirəm ki, mənim boynuma təklif qoyma, mənim ağamdan əl çək.

Bunu dedikdən sonra Sonqulu qayıdır. Fəqət köhnə ağası olduqca qəzəblənir. Sonqulunun bu rəftarından xoşu gəlmir və onun yeni ağasının oğlunu öldürtdürür. Bu işdən sonra Sonqulu kimsəyə məsləhət etmədən tüfəngini əlinə alıb gecə köhnə ağasının evinə girib onu öldürür, var-yoxunu yığıb-yığışdırıb şəhərdən kənara çıxır və qaçaqlığa başlayır.

Sonqulu bir müddətdən sonra şəhər naçalnikinə bir məktub yazır. Həmin məktubda əhvalat və macəranı olduğu kimi, təfsilatı ilə şəhər naçalnikinə yazır: “Mənim ağamda taqsır yoxdur. Taqsır öləndə və məndədir. Onun başından bir tük əskik olsa, mən dinc dayanmaram və düşmənimin südəmər uşağınadək qıracağam”.

Hökumət bu işi Qafqaz canişinliyinə yazır və oradan aşağıdakı məzmunda cavab gəlir: “Sonqulunu tutanadək bu işi saxlayın və iki düşmən tərəfi barışdırmağa çalışın”. Sonqulunu çox axtarırlar, ancaq xəbər tuta bilmirlər. Bir qədərdən sonra Sonqulu titrəmə-qızdırmaya düşüb Bakıya, xozeyingilə gəlir. Bir-iki gün onlarda qalır. Ağası ona, onun evində qalmağı təklif edir. Sonqulu düşünür ki, əgər məni burada tutsalar, sonra bunlara əziyyət olar. Razı olmayıb oradan Çənbərəkəndə bir dostunun evinə gəlir. Onlar buna yaxşı qulluq edirlər. Bir-iki həftə qaldıqdan sonra bir gün onu yenə bərk qızdırma tutur və o, dərin yuxuya gedir. Bu zaman onun köhnə “dostu”, köhnə ağasının adamlarından 5-6 şahı almaq üçün gəlib divana xəbər verir. Polis gələrək Sonqulunu yataqda, qızdırmalı halda tutur. Sonqulu ayıldıqdan sonra özünü qazamat xəstəxanasında görür. Onu müalicə edib sağaldırlar. Tiflisdən adamlar gələrək onu mühakimə edirlər. Bütün şəhər o günü Sonqulunun tamaşasına çıxmışdı. 6 soldat arasında ayağında 17 girvənkəlik qandal, əynində uzun qazamatı şinel həbsxanadan çıxarkən, izdiham onun məğrurluğuna, ayağındakı qandalın cingiltisinə, qollarının ağır nəvazişinə təəccüb edirdi. Sonqulu üç gün istintaq olundu, əvvəlki sözləri olduğu kimi söylədi və yeni ağasını doğrultdu. Günahkar köhnə ağası və özü olduğunu göstərdi. Qanun nə tələb edirsə, o cür rəftar etməyi tələb edirdi. Sonquluya 10 il katorqa işi kəsildi. Əllərini bağlayıb başının yarısını qırxdılar (bu katorqaya sürgün olunanların nişanı idi). Sonqulunu Sibirə göndərirlər. O, yolda qaçır. Bir neçə il qaçaqlıq edib heç kəslə işi olmur, ancaq dövlətlilərə düşmən kəsilir. Qabağına dövlətli çıxanda dərhal göz açmağa qoymayıb soyur. Bütün qaçaqlığı müddətində Sonqulu ancaq bir nəfər adam öldürür ki, o da köhnə ağasıdır. Qaçaqlıq həyatı axırda onu təngə gətirir. Qaçıb İrana gedir.

Mən 15 yaşlarında idim. İndiki kimi yadımdadır. Pirşağı bağlarına sərnişin daşıyan faytonlar Quba meydanından gedərdilər. Günortadan sonra saat iki-üç radələrində sərnişinlər yığıldı. Beş fayton, qabağında da dörd atlı dilcan bir yerdə yola düşdü. Mən o faytonların birinə əyləşdim və bağa yola düşdük.

Şəhərdən çıxıb Biləcəri qayasını endik. Binəqədinin ətəyindəki şorun o biri başına çatanda faytonlar dayandı, sənişinlər bir-birinə: – Nə olub, nə olub? – deyə ayağa qalxdılar və bir-birinin çiynindən qabağa baxır, bir-birinə: – A... a... Candadaş! Yaman yerdə axşamladıq. Bu bizi təmiz soyacaq.

Bir başqası:

– Soymaq yaxşıdır, əgər öldürməsə.

Candadaş da öz insanlıq haqqını tələb etmək üçün əlinə silah alıb çöllərə düşmüş və qaçaqçılığa məcbur edilmiş adamlardan idi. Çox çalışqan, əməksevən, namuslu, qeyrətli və igid bir oğlan idi. Soyğunçuluq eləməzdi. Varlıların və çar çinovniklərinin amansız düşməni idi.

Candadaş adını eşitdikdə mən onu görmək üçün faytondan düşdüm. O, məni gördü və cəld mənə dedi:

– Qoçaq, əyləş faytona!

Qorxumdan heç bilmədim özümü faytona necə soxdum. Faytonun böyründən boylanırdım ki, bu adama baxım, onun mülayim tərzdə dediyi sözləri eşitdim:

– Mən Candadaşam. Mənim üçün iş düşüb, qəza-qədər məni qaçaq eləyib. Elə xəyal eləməyin ki, Candadaş da adi bir qaçaqdır, sizin qabağınızı kəsib sizi soyur. Ola bilsin ki, bu faytondakılardan biri məni tanıyır. Soyğunçuluq, adam öldürmək mənim əlimdən gələr, ancaq mən bunu hər kəs üçün etmərəm. Yoldan keçən taqsırsız və əlsiz-ayaqsız adamlara əziyyət verib incitmərəm. Ancaq indi sizdən təvəqqe edirəm, mənə bir az xərclik verəsiniz. Əgər bu xərcliyi mənə qorxudan verirsinizsə və gedib bağda camaata, “Candadaş bizi soydu” – deyə yayacaqsınızsa, onda mən istəmirəm.

Sərnişinlərdən birisi:

– Yaxşı sözdür, camaat, eşitdiniz ki? Bu kişi bizi soymur. Kimin qulpundan nə çıxır, hər kişi hallı-halına görə bu kişiyə xərclik versin, çıxaq gedək.

Bir başqası həyasızlığa salıb: – Bizə nə var qaçaqsan, acsan. Qaçaq olmayaydın, ac qalmayaydın. Biz sənə bir qəpik verən deyilik, – deyə mırıldandı. Sərnişinlər yer-yerdən onun üstünə düşdülər.

– Zalım oğlu, zalım, bizi qırğına vermək istəyirsən? Kişi bizdən təvəqqe edir. Sən vermirsən vermə, biz verərik,

Sərnişinlər Candadaşa müraciətlə bir ağızdan:

– Candadaş! Qadovu alım, bunun sözünə qulaq asma. İzin ver biri pulu yığsın, faytondan düşüb gətirib sənə versin.

Candadaş təmkinlə: – Eybi yoxdur, ancaq o adam qurban olsun sizə. Mən onun kim olduğunu da bilmək istəmirəm, onun pulu da mənə lazım deyil, ancaq onu bağda əhali arasında mənim barəmdə artıq-əskik danışmağa qoymayasınız, – dedi.

Uşaq olduğum üçün məni pul yığmağa çağırdılar. Əlim, ayağım əsə-əsə, ürəyim titrəyə-titrəyə ayağa durdum. Faytondan düşüb pul yığmağa başladım. Faytonların birində bir qoca kişi vardı. Onun əlində bir səbət alma-armud vardı. Səbəti mənə uzadıb dedi: – Bunu da mən verirəm. Buna gücüm çatır, ana südü kimi halal edirəm.

Bir az əvvəl etiraz edən şəxs də pul vermək istədikdə Candadaş dedi:

– Xeyr! Xeyr! Sənin pulun mənə lazım deyil.

Mən də onun pulunu almadım. Pulu yığdım, səbət də əlimdə faytondan bir qədər aralandım. Ona tərəf getdikdə səslədi:

– Bala, yaxın gəlmə, qoy yerə, siz gedəndən sonra mən götürərəm. Səbəti də apar yiyəsinə ver, o mənə ağırlıq edər. Çox sağ olun.

Pulu yerə qoydum, qayıdanda mən ona gözaltı baxırdım. Onun görkəmi, səmimi baxışı, gülümsəyən dodaqları nəcibliyini büruzə verirdi. Üzündən oxumaq olardı ki, bu adam, əlacsızlıqdan qaçaq olmuşdur.

Səbəti aparıb yiyəsinə verdim. Faytona mindim, hərəkət etdikdə uzaqdan: – Sizdən çox təvəqqe edirəm ki, məni bağışlayasınız – sözləri eşidildi. Cavab olaraq sərnişinlər bir yerdə: – Allah bağışlasın! Bu nə sözdür, kaş hamı qaçaqlar sənin kimi olaydı, – deyə cavab verdilər. Sonralar Candadaş düşmənlərinin dalınca gedib üç oğul və bir ata öldürdükdən sonra kəndə gəlib uzun illərdən bəri kimsəyə ərə getməyərək onu gözləyən adaxlısı ilə görüşür və deyir:

– Mən özümü divan əlinə verib Sibirə gedəcəyəm, sən məndən ötrü qalıb özünü bədbəxt etmə, kimə istəyirsən get.

Adaxlısı isə cavabında: – Candadaş! Mən ömrümün çoxunu keçirmişəm. İndi bütün ömrüm boyu sənin yolunu gözləyəcəyəm. Səndən sonra mən ərə getməyib gora gedərəm.

Nişanlısı ilə xudahafizləşib evdən çıxan Candadaş, bir baş divanxanaya gəlir və deyir: – Mən Candadaşam, dörd adam öldürmüşəm, bu tüfəngim, bu da mən. İndi nə edirsiniz edin. Ona iş kəsib Sibirə göndərirlər. Sibirə getdikdən sonra Candadaşdan bir xəbər gəlmir. Adaxlısı Zümrüd Candadaşın yolunu gözləyərək, atası evində saçını ağardıb qız ölür. Candadaşın isə öldüyü və qaldığı məlum olmur.

Qəddar və cinayətkar jandarmların, kapitalistlərin, tacirlərin, alverçi və ruhanilərin xəyanət, aldadıcılıq, cahillik, vicdansızlıq və ikiüzlülük tələb edən iyrənc mühitindən öz hüququnun müdafiə olunmayacağını görən və qaçaqlığa gedən adamlar təkcə burada söylədiklərimdən ibarət deyil.

Bunlardan başqa Bakıda xırda qaçaqlar çox idi. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. Hər dövlətli başına beş-on qoçu yığıb, qan tökməklə, həyasızlıqla pul qazanıb adlanar və məşhur olardı. O zaman kənddə və şəhərdə 100-dən artıq cinayətkar qoçu bandası vardı. Qoçu Ağakərimin dəstəsi, Aşurovlar, Rəsulovlar, Teymur bəy, Qoçu Nəcəfqulu, Kəblə Abdulla, Şiruyə, Kürdəxanlı Adil, Türbət və b. Şəhərin küçələri dava meydanına dönmüşdü. İki dəstə bir-birinə harada rast gəlsəydi, partapart başlanar, qaça-qaç düşər, camaat bir-birinə qarışardı. Atışma kəsildikdən sonra küçədə ancaq hambal, yoxsul, kəndli, qadın, uşaq, əlsiz-ayaqsız və kimsəsiz adamların meyitlərini görmək olardı.

Inqilabdan qabaq Bakı əhalisinin vəziyyəti belə həşərat və müzür anarxistlərin, banditlərin, qoçuların törətdiyi fırıldaqlar, cinayət və fəlakətlər nəticəsində faciə halını almışdı. Hər yerindən qalxan istədiyini edərdi. Bir özü və bir də tapançası bütün ixtiyarı onun əlinə vermişdi. Bunların qarşısını nə polis, nə də divanxana kəsə bilirdi. Əksinə çarizm üsuli-idarəsi, polis və çar çinovnikləri bu cinayətlərin gündən-günə artmasına, xalqın bütün təbəqələrini əhatə etməsinə çalışırdılar. Xalqın cəhalət bataqlığında boğulması, din zəhəri ilə zəhərlənməsi, ədavət və qanlılıqla bir-birini qırıb məhv etməsi çar hökumətinə və onun müstəmləkəçilik siyasətinə kömək edirdi. Bununla çar cəlladları eyni zamanda xalqın inqilabi əhval-ruhiyyəsini, sinfi kin və nifrətini öldürmək istəyirdilər; buna görə də vəziyyət getdikcə daha kəskin bir hal alırdı.

Bu zaman Bakıda yaşayan xalqın sinfi mənafeyi bütün təbəqələrini əhatə etməsinə çalışırdılar. Xalq Çar üsuli-idarəsinin, burjuaziyanın qanlı hökmranlığı və özbaşınalığından ən çox zərər görən fəhlə və əməkçi kütlələr idi. Kapitalizm qurulşundan onlar özlərinə heç bir ictimai və mənəvi dayaq və istinadgah tapa bilmirdilər. Azərbaycan əməkçi və yoxsul kütlələrinin vəhşicəsinə istismar edilməsini, onların aclıq, yoxsulluq və səfalət girdabı içərisində boğulduğunu, onların köhnə quruluş, kapitalistlər və ruhanilər tərəfindən məhv olmağa doğru getdiyini hələ çoxdan hiss edən Kommunist (bolşeviklər) partiyası qəhrəmancasına, fədakarlıqla əməkçi xalqı bu acınacaqlı haldan çıxarmağa çalışırdı.

Azərbaycan bolşevikləri gündən-günə canlanır, möhkəmlənir, sayca artır, geniş əməkçi kütlələri arasında nüfuzunu artırırdı. Xalqın bu açıqfikirli, qabaqgörən, igid və namuslu oğulları yenilməz inqilabi bayraq altına toplaşaraq alçaq düşmənlərlə öz mübarizəsini daha artıq gücləndirirdi. Rusiyada Leninin rəhbərliyi ilə yaranmış Böyük Oktyabr sosialist inqilabının günəşi Azərbaycan bolşeviklərinin, fəhlələrinin, əməkçi və yoxsul kəndlilərinin mübaizə yolunu işıqlandırırdı.

Bakı proletariatının sarsılmaz sinfi mübarizəsi alovlanıb inqilab yanğınına çevrildi və nəticədə Azərbaycanı öz vəhşi dırnaqları arasında əsrlərdən bəri uçurumlara sürükləyən düşmən siniflər – onların alçaq, xain niyyətləri daşa çırpılıb əzildi və məhv edildi.

Azərbaycan xalqı qəhrəman rus xalqının ən yaxın qardaşlıq köməyi ilə məğrur azadlıq bayrağını göylərə ucaltdı. Hökmranlığı əlinə alıb proletar diktaturası elan etdi.

İnqilabi Bakı zülm, istismar, cəhalət və mövhumat zəncirini parçalayıb yeni sevincli, gözəl, misli görünməmiş parlaq həyatın qoynuna atıldı. Bugünkü Bakı – sizə uzun-uzadı təsvir etdiyim, o keçmiş, zavallı, solğun bənizli, bədbəxt Bakıya oxşamır. Bu hələ on səkkiz yaşlı cavan Bakıdır. İyirmi səkkiz, otuz səkkiz, qırx səkkiz yaşlı Bakı, heç şübhəsiz, on səkkiz yaşlı Bakıya bənzəməyəcək. O zaman Bakı daha gözəl, daha şən, daha parlaq olacaqdır... Bütün Sovetlər ölkəsinin şəhərləri kimi Bakının da parlaq gələcəyi, xoşbəxt aqibəti vardır.

1938

 



[1] İndiki Azərbaycan İqtisad Universitetinin binası

[2] İndiki Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası

[3] İndiki Azərbaycan Milli Elmlər Akademiyasının binası

 

[4] Bu məscid Bazar küçəsindəki böyük Qasım bəy məscidindən başqa idi – müəllif.

[5] İndiki Əmirhacıyan kəndi – müəllif

[6] Keçmişdə pul əvəzinə dəmir əşya, köhnə paltar, saxsı qab, çay və bu kimi şeylərlə də alış veriş edərdilər – red.

[7] Qədim zamanlarda Məkkəyə gedən hacılar qayıdarkən Ərəbistandan qul-qaravaş alıb gətirərdilər. Bu iş böyük bir şan-şöhrət hesab olunurdu – müəllif.

[8] Yer adıdır – red.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info