Qonaq Kitabı
Bakı şəhəri

Qorodovoy da rüşvətə baş əyib bu sözü təkrarlayar və əlavə edərdi:

– Kəndir gətirin və bunların qollarını bağlayın. Dərhal, Rəhim ortada olmaq şərtilə, lütlərin birini sağa, birini də sola keçirər, qol-qola bağlardılar. Lütlərin hər ikisinin sağ qolu açıq olardı. Bunların dərhal “davası” düşərdi, onlar hərəsi əlinə bir başmaq tayı alıb vuruşmağa başlardılar. Lütlər hər iki qolu balı, özü də çılpaq halda olan Rəhimin üstünə düşüb xeyli vurardılar. Rəhim çox çırpınardı ki, xilas olsun, amma nə fayda ki, qolları möhkəm bağlı idi. Bu zaman Rəhim başa düşərdi ki, bütün bu dəsgahlar bunun üçünmüş. Özünü xilas etmək üçün qolları ilə bunların ikisini baş-başa çırpışdırardı, fəqət görərdi ki, bir şey çıxmır. Axırda üzüqoylu yerə yıxılardı. Tamaşaçılar onun bu halına xeyli gülüb zövq alardılar. Sonra Rəhimin qollarını açardılar. Kim zirək idi qaçardı, yerdə kim qalsa idi, yumruqlaşma başlanardı. Bu oyunun üstündə böyük davalar və ədavətlər törəyərdi.

Tağı külah, Nağı sər oyunu. On beş, iyirmi nəfər dövrə vurub oturar, başda bir nəfər də “molla” olardı. Hərgah oyunda iştirak edənlərin sayı on beş nəfərə çatsa idi, o zaman onların on dördü araqçınını ikiqat büküb öz başına qoyardı. Təkcə mollanın başı açıq qalardı. Sonra hamısı bir ağızdan oxumağa başlardılar. Birinci molla başlardı:

– Tağı külah, Nağı sər.

Oyunçular təkrar edərdi:

– Tağı külah, Nağı sər,

– Yağış yağar, yel əsər.

Oyunçular:

– Yağış yağar, yel əsər.

Bu mahnını oxuyarkən əl çalardılar. Ancaq fikirləri mollanın əlində və öz başlarındakı araqçında olmalı idi. Çünki molla lapdan əl uzadıb yanındakının araqçınını götürüb öz başına qoyardı, yanındakı isə cəld yoldaşının araqçınını alar; o da o birininkini və bu qayda ilə çala-çala, oxuya-oxuya papaqlarını bir-birinin başından götürüb öz başlarına qoyardılar. Molla qəflətən: – Lax-lax, – dedikdə gərək hamı öz başındakı araqçını iki əli ilə bərk tutaydı ki, başından götürülməsin və başı açıq qalmasın. Kimin başı açıq qalsaydı, ona tənbeh edərdilər. Tənbeh isə belə olardı: başı açıq qalan adamı ortaya uzadıb başını üzüquylu mollanın dizi üstə qoyardılar, iştirak edənlərin hamısı əllərini bir-birinin üstünə qoyub tənbeh olunanın kürəyinə qoyardılar. Molla soruşardı:

– Əl-əl üstə kimin əli?

Tənbeh olunan:

– Əkbərin əli.

– Bilmədin. Götürün, götürün vurağın. – İyirmi altı əl yazığın kürəyinə endirilərdi... Tənbeh olunan ən üstdəki əlin kimin olduğunu tapmasa idi, bu qayda ilə xeyli zaman döyülərdi, əgər tapsaydı, oyun yenidən başlardı. Bu oyunun adına Bakıda “Tağı külah, Nağı sər” deyərdilər.

Habudu getdi, Şahbudu gəldi oyunu. Bu oyunda ya iyirmi və ya on beş adam iştirak edərdi. Bunlar dövrə vurub oturar və qıçlarını özlərinə sarı elə yığardılar ki, dizlərinin altında tağ kimi boş yer qalsın. Oyunçular çox sıx oturmalı idilər ki, aralarından heç bir şey görünməsin. Biri araqçınını “molla”nın dizi altından yoldaşına və başqaları da bir-birinə ötürüb bu sözləri deyərdilər: – Habudu getdi, Şahbudu gəldi.

Bu qayda ilə araqçın birindən digərinə diz altı ötürülərək dövrə vurardı. Oyunçulardan bir nəfəri bu araqçını uşaqların əlindən almaq üçün ayaq üstə bunların arxasınca dövrə ilə qaçardı. Bəzən “molla” araqçını öz əlində gizlədib uşaqlarla birgə əllərini tərpədərdi. Ayaq üstündəki araqçının mollanın əlində olduğunu başa düşsəydi, o dayanardı, hərgah başa düşməsəydi yüyürüb-yüyürüb yorulardı. Hərgah iştirak edənlərdən birinin əlində araqçın tutulsaydı, o yerini ayaq üstündəkinə verib, özü onun yerinə keçməli idi. Birdən biri gizlincə araqçını yoldaşının dizinin altına qoyardı. Belə ki, o adam özü araqçının onun dizi altında olduğunu bilməzdi. “Molla” gözləyib görərdi ki, araqçın onun əlinə çatmadı, o vaxt oyunu saxlardı. Araqçın kimin dizinin altından çıxsaydı, o yerini ayaq üstəki ilə əvəz etməli idi. Bu oyunun adına habudu getdi, şahbudu gəldi deyərdilər. Arada intizamsızlıq əmələ gəlsə və ya ayaq üstəki yorulsa idi, “molla” araqçını havaya qaldırıb, oyunçuları sakit edərdi. Bu zaman ayaq üstündəki yorğunluğunu alardı.

Usta-şəyird oyunu. Bu oyun on beş və ya iyirmi nəfər uşağın iştirakı ilə başlanardı. Bir nəfər “usta” olardı. Oynayanlardan biri gəlib “usta”nın qabağında oturardı. “Usta” onun gözlərini əllərilə bərk-bərk örtərdi. İştirak edənlərdən bir başqası onun kürəyinə balaca sillə vurardı, o zaman “usta” əlini onun gözündən çəkib deyərdi:

– Ay canım şəyird, ay gözüm şəyird, səni kim vurdu, kim gördü?

İştirak edənlər bu sözləri xorla təkrar edərdilər:

– Ay canım usta, ay gözüm usta, məni o, vurdu, siz gördünüz.

Əgər tapmasa idi, “usta”:

– Ay kor olasan, səni bu vurdu, biz gördük, – deyə vuran adamı göstərərdi. Xor da həmin sözləri təkrar edərdi. Əgər o, vuranı tapsaydı o zaman usta:

– Ay bərəkalla, səd bərəkəlla, səni o vurdu, biz gördük.

Xor da eyni sözləri mahnı ilə təkrar edərdi. Vuran adam tapıldığı üçün şəyirdin yerinə keçər, şəyird isə dövrəyə daxil olardı. Bu qayda ilə oyun yenidən başlanardı. Bu oyunun adına usta-şəyird deyirdilər.

Yoldaş səni kim apardı oyunu. Beş nəfərdən ibarət bir sıra düzələrdi. Onlardan beş addım dalda haman bu qayda ilə beş nəfər də düzülərdi. Hər dəstənin də bir miyançısı (jurisi) olardı. Arxadakı beş nəfərdən biri barmaq üstə asta-asta gəlib onlardan birinin arxasına üsulluca barmaqla vurardı. Vurulan adam, dala qalmamaq şərtilə, üç addım qabağa gedib dayanardı. Vuran adam astaca qayıdıb yenə öz yerini tutandan sonra miyançı soruşardı:

– Yoldaş, səni kim apardı?

– Həsən.

Əgər tapmış olsaydı, o həmin adamın dalına minib müəyyən məsafəni gedib qayıtmalı idi. Sonra özü onun yerinə keçib onu isə öz yerinə göndərməli idi. Hərgah tapmazsa, o vaxt onu vuran adam onun dalına minib müəyyən məsafəni getməli, qayıdandan sonra isə yenə hər kəs öz yerində qalardı. Bu qayda ilə oyun davam edərdi. Bu oyunun adına yoldaş səni kim apardı deyərdilər.

“Bənövşə” oyunu. Bənövşə oyunu çox qədim oyunlardandır. Burada iştirak edənlər iki dəstəyə bölünüb, on addım məsafədə üzbəüz dayanırlar. Hər dəstədə olan uşaqlar bir-birinin əlindən möhkəm tutub sıra düzəldirlər. Dəstələrdən biri oyuna başlardı.

Bir nəfər o biri dəstəyə müraciət edərək deyərdi:

– Bənövşə!

Onlar cavab verərdi:

– Bəndə düşə.

– Bizdən sizə kim düşə?

– Sizdən bizə Rzaqulu düşə.

Bu zaman Rzaqulu dəstədən aralanaraq bir qədər arxaya çəkilər və qabaqdakıların əllərini “qırmaq” üçün sürətlə yüyürərək özünü onların əlləri üzərinə atardı. Çox zaman əllər davam gətirməyib açıldıqda o adam zərbdən üzüquylu yerə yıxılardı.

Əlləri qıran adam, o biri dəstədən bir nəfəri özü ilə dəstələrinə əsir aparardı. Hərgah qıra bilməsə idi, o zaman özü onların dəstələrində əsir qalardı. Belə ki, bəzən axırda bir dəstə o biri dəstənin adamlarını bütünlüklə çəkib aparardı və iki dəstə birləşərdi.

Al bunu oyunu. Dəstə bir yerə cəmləşər, bir “ana” seçərdi. “Ana”nın əmrilə dəstə yerə əyləşər və oyuna başlardı. Adamlar sıra ilə deyil, dövrə qurub oturmalı idilər, oyunu “ana” başlardı. Bir əlini tərpədərək cərgədəkilərdən birinə deyərdi:

– Al bunu!

– Nədi o?

– Bir kələfdir, sar getsin.

Həmin bu sözü oyunçu bir əlini tərpədərək təkrarən öz yoldaşına, o da o biri yoldaşına söylərdi, ta ki, dövrə gəlib “ana”ya çatardı. Sonra “ana” iki əlini tərpədərək deyərdi:

– A1 bunu!

– Nədi o?

– İki kələfdir, sar getsin.

Uşaqlar bu sözü də bir-birinə ötürərdi. Haman qayda ilə növbə gəlib yenə “ana”ya çatardı. “Ana” bu dəfə iki əlini və bir qıçını tərpədərək təkrar edərdi:

– A1 bunu!

– Nədi o?

– Üç kələfdir, sar getsin.

Yenə də bu qayda ilə uşaqlar bir-birinə ötürərdi. Bu dəfə isə hamı iki əlini və bir qıçını tərpədərdi.

Yenə “ana” başlardı:

– A1 bunu!

– Nədi o?

– Dörd kələfdir sar gctsin,

İştirak edənlər hamısı bunları təkrar edib, iki əl və iki qıçını tərpətməyə başlardı. Yenə “ana” sözə başlardı:

– A1 bunu!

– Nədi o?

– Beş kələfdir sar getsin.

İştirakçılar bir-birinə bu sözü ötürərək gərək iki əl, iki ayaq və bədənlərini tərpədəydilər.

Ana:

– Al bunu!

– Nədi o?

– Altı kələfdir sar getsin.

Bu dəfə uşaqlar bu sözü iki əlini, iki ayağını, bədənini, bir də başını tərpədərək bir-birinə ötürərdilər.

Ana:

– Al bunu!

– Nədi o?

Yeddi kələfdir, sar getsin.

Hamı oturub baş, bədən, qol-qıçlarını tərpədərək, yerlərində tullanardılar. Bununla gülmək başlardı. Hər kəs nizamsızlıq etsəydi, onu cərimə edərdilər. “Ana” o adama nə desəydi, o əməl etməli idi.

Qundaq-qundaq oyunu. İyirmiyə qədər adam dövrə qurub oturardı. Onlar bir-birindən bir arşın məsafədə olardı. İki çuxanı və ya bir yorğanı yumrulayıb qurşaqla top kimi səriyərdilər: O top “ana”nın əlində olardı. Bir nəfər də “ana”nın arxasında ayaq üstə dayanardı. “Ana” topu gah sağa, gah sola tullardı. Yanındakılar tutub yoldaşlarına ötürərdilər. Ayaq üstə duran, bu qundağı oyunçuların əlindən almağa çalışardı. Onlar isə topu tez tutub yoldaşlarına ötürməyə cəhd edərdilər. Top kimin əlində tutulsa idi, o, yerini ayaq üstəkinə verməli idi.

Çumruq-çumruq oyunu. On, on beş nəfər adam dövrələmə oturardı. Birini “ana” seçərdilər. “Ana” bunların hərəsinə bir ad qoyardı. Bu adlar belə idi çumruq, yediyin yumruq; sənin adın bülbül, yediyin qənd; sənin adın dovşan, yediyin qarpız; sənin adın qoyun, yediyin saman.

“Ana” xam, naşı iştirakçılardan birisinə belə ad qoyardı: sənin adın eşşək, yediyin arpa. “Ana” çumruq-çumruq deyə əlini yerə sürtərdi. Bu işi iştirakçılar da etməli idi. “Ana” qəflətən uşaqların birisindən soruşardı:

– Sənin adın?!

Soruşulan dərhal gərək deyəydi: – Dovşan. “Ana” oyunçuları çaşdırmaqdan ötrü birdən üzünü bir başqasına tutub:

– Adın?

O, dərhal gərək adını deyəydi. Lakin çaşdığından yanlış söylərdi və o saat cərimə olunardı. “Ana” cəhd edərdi ki, bunları tez-tez çaşdırsın, kim ki, “usta” idi, fikri “ana”da olardı, dürüst cavab verərdi, kim ki, korazehin idi o çaşardı və onu cərimə edərdilər.

Beş, on beş oyunu. Yenə də yuxarıda söylədiyimız qayda ilə adamlar oturardılar. “Ana” bunlara ad qoyardı – beş, on beş, iyirmi beş, otuz beş, qırx beş, əlli beş, altmış beş, yetmiş beş, həşdad beş, doxsan beş, yüz beş və i.a. “Ana” deyərdi:

– Tarxan satıram.

İştirakçılardan biri:

– Neçəyə?

– Beşə.

Beş kimin adı isə dərhal gərək deyəydi:

– Beşə niyə olur, olsun on beşə.

– On beşə olmaz, olar qırx beşə.

Qırx beş dərhal gərək deyəydi:

– Qırx beşə niyə olur, olsun doxsan beşə.

Doxsan beş gərək tez deyərdi:

– Doxsan beş olmaz, olar əlli beşə.

Bəzən iki nəfər arasında cinağ düşərdi (yarış). Bunlar bir-birilə deyişməyə başlardı:

– Beş niyə olur, olsun iyirmi beşə.

– İyirmi beşə olmaz, olar beşə.

– Beşə olmaz, olar iyirmi beşə.

– İyirmi beşə olmaz, olar beşə.

Kim çaşsaydı, ya gec desəydi, onu da cərimə edərdilər. Bu qayda ilə oyun davam edərdi.

Uşaqların başı oyuna o qədər qarışardı ki, baxıb görərdin, gecə keçib. Uşaqlardan biri deyərdi:

– Kim bir-birinin ardınca on dəfə plov, plov deyər. Bu şərtlə ki, hər dəfə də səsini ucaltsın.

Uşaqlardan biri əvvəlcə lap yavaşdan:

Birinci: plov.

Ikinci: – plov (bir qədər bərkdən).

Üçüncü:           “____”     “____”     “____”

Dördüncü:       “____”     “____”     “____”

Beşinci:           “____”     “____”     “____”

Altıncı: plov (daha bərkdən)

Yeddinci:        “____”     “____”     “____”

Səkkizinci:      “____”     “____”     “____”

Doqquzuncu:   “____”     “____”     “____”

Onuncu:           “____”     “____”     “____”

deyib, get-gedə səslərinin tonunu yüksəyə qaldırardılar. Belə ki, beş-on uşaq ağız-ağıza verərək, plov-plov-plov deyib bağırardılar. Gecəyarısı, yatmış camaat və qonum-qonşu səsə ayılardı. Yuxudan yarımçıq ayılanlardan biri də Kəblə Novruzqulu olardı. Şəbkülah başında, ağ köynək əynində, qıçında ağ yalınqat dizlik, çiynində sarı kürk, ayağı yalın, saqqalında çay qurğuşunlu xına, çənəsi göy yaylıqla bağlı, tumanbağısı da qabağına sallanmış halda yol üstünə çıxardı.

– Nə bağırırsınız? Belə qara dərd, çor!.. Dəng olasınız, çənəniz qovuşsun, köpək uşağı, gecənin bu vaxtında nə plov-plov, salıb camaatı dəng eləyirsiniz?.. Niyə camaatı yatmağa qoymursunuz?! Adə Kərim! Kərim!

– Hə?

– Zəhrimar, it küçüyü! Bəs deyil, yorulmadın? Gəlib köpsənə.

Kəblə Novruzqulunun qışqırığından sonra uşaqlar bir-bir evlərinə dağılardı.

Bağın hər məhəlləsində tanınmış, nüfuzlu şəxslərin xüsusi otaqları olardı. Axşam saat doqquzdan sonra cavanlar bu otaqlara yığılıb məşğuliyyətə başlardılar. Görərdin ki, biri başladı oxumağa, o birilər də vagirəlik edərdilər. Birisi də hövsər tabağı götürüb çalardı:

Sarı qovunun dilimi.

Xor: – Lay-lay gülüm hay, ay gülüm hay!

– Uçurtdum bülbülümü,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Bir otaq xelvət elə,

– Lay-lay gülüm hay, ay gülüm hay!

– Damşım dərd-dilimi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info