Qonaq Kitabı
Bakı şəhəri

– Salaməleyküm, ay Ağabacı!

– Əleykəssalam! Gəlib otursana.    

– Gülpəri! Məşədi Püstə bacıdır da... tanımırsan?!

Məşədi Püstə bacının nəzəri Gülpəriyə düşür.

– Ay Ağabacı, qız maşallah böyüyüb.      

Məşədi Püstə bacı əyləşərkən Ağabacı Gülpəriyə işarə ilə mis satılı göstərir. Qaydaya görə hamamda qoca arvadlar birisinə yanaşıb yanında oturarsa, ona öz məhəbbətini bildirmək üçün qocanın başına bir satıl su tökərdilər. Bu bir növ hörmət və ehtiram əlaməti idi. Bəzən səhvən isti su yerinə qocanın başına cavan qızlar soyuq su da tökərdilər. Bu adətin adına “hamam suyu ilə dost tutmaq” deyərdilər ki, bu misal indi də bizim aramızda işlənməkdədir.

Ümumiyyətlə, hamam xəznələrinin qapısı kiçik olduğundan və burada qadınlar növbəyə durduğu üçün daima basırıq olardı. Burada toplaşan qadınlar, mərcanı fitə bağlamış, boyunlarında sarılıq, qulaqlarında şəvə sırğa olan qadınlardan qorxardılar. Daima dava salan belə qadınlar olurdu. Bir də görərdin ki, xəznə üstə qalmaqal qopardı. O bunu, bu onu itələyərdi. Bir başqası da yanındakını qülleteynə itələrdi. Yıxılanın boğazına bir qədər çirk sudan getdikdə daha da əsəbiləşib kənara çıxardı, öz fitəsini açıb düşərdi birinin canına, o da canının dərdindən əlindəki satılı bunun başına çırpardı. Bir-birini saçlayıb ağızlarına gələn söyüşü yağdırardılar. Qoca qarılar harayçılıq edib bunları aralaşdırardılar. Burada yeniyetmə qızlarla qocalara bir qədər güzəşt edərdilər. Qızlar xəznədən növbəsiz su da götürə bilərdilər.

Gülpəri satılı su ilə doldurub Məşədi Püstə bacının başına tökərdi. Məşədi Püstə bacı sözü təzələyərdi.

– Ağ baxt olasan! Allah sənə bir halal süd əmmiş yetirsin. – Sonra üzünü Ağabacıya çevirərək: – A balam, nöşün bunu verib başından eləmirsən? – deyərdi.

– Nə eləyim, a Məşədi Püstə bacı! Kişi qocalıb, yavaş-yavaş əldən düşür. Mənə bir elə adam gərəkdir ki, həm oğul olsun, həm kürəkən. Bir özü, bir çuxası, başmağını çıxartsın, girsin mənim evimə...

– A... a... a... Qaragün canım, heç bu vaxta qədər mən bunu eşitməmişəm. Minnətini çəkərlər, ayağının altından öpərlər. Qoy qonşumuz Kəblə Paşanın yasından başım açılsın, mən bir qazan qaynadaram ki...

Nurcahan xala əvvəl çirkli paltarları hamamın bayırında yuyub, qızının başının xınasını tökərdi. Sonra onu təmiz yuyub qurtarardı. Dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı. Bir vədə baxıb görərdi ki, gün batıb, hamamçı cumadarı göndərib ki, axşam olduğu üçün camaatı bayıra çıxartsın. Qadınlar axşamın düşdüyünü ancaq bu zaman hiss edər və xeyli təşvişə düşərdilər. Tez başlarına su töküb pak olduqdan sonra hamamdan çıxardılar. Nurcahan xala da tez yuyunub evə gedərdi.

Məlum olduğu kimi, keçmişdə bütün Azərbaycanda, o cümlədən Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. Onların işi uşaq doğmaq və kişiyə qulluq etmək idi. Qadınların insanlıq və vətəndaşlıq hüququ yox idi. Onlar ictimai yerlərə çıxmazdılar. Onların getdiyi yer toy, yas və hamam idi. Dövlətli qadınlar toya və hamama ümumiyyətlə özlərini göstərməyə, varlı olmayanlar qarşısında lovğalanmağa gedərdilər. Bir də görərdin ki, dövlətli qadın on iki taxtalıq alışdım-yandım tumanını, al xaradan tikilmiş, yaxası baftalı köynəyini, pəncə-pəncə donunu geydi, başına qızıl çütqüqabağı bağladı. Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı, qollarına qızıl qolbaqlarını keçirib, belinə qızıl kəmərini, barmaqlarına əlvan qaşlı qızıl üzüklərini taxıb, ayağına gümüşdaban başmağını geyib, başına al rəngli Şirvan ipək çarşabını salıb, satıl boğçasını qaravaşa[7] verib hamama gedərdi. Bu qadın bu qədər ziynətlə hamama gəlib soyunardı və bütün suslu-bəzəkli əşyasını bir boğçaya bağlardı və hamamçıya tapşırardı. Hamamçının yanında isə yüzdən yuxarı boğça olardı. Belə hadisə olurdu ki, bəzən qeyri bir qadın dövlətli qadının boğçası rəngdə boğça bağlayıb hamamçıya verdikdən sonra içəri girib tez yuyunardı və qayıdıb tez öz boğçasının əvəzinə həmin dövlətli qadının boğçasını alar, cəld geyinib aradan çıxardı.

Məsələ məlum olduqda, necə deyərlər, ara qarışıb məzhəb itərdi, zənənə hamamının nə olduğunu indi siz özünüz düşünməlisiniz. Ağız deyəni qulaq eşitməzdi. Hamamçı nə qədər axtarsaydı heç bir şey əldə edə bilməzdi. Yazıq qadın ağlaya-ağlaya evlərinə dönüb əhvalatı nağıl edərdi. Əri də onu bir xeyli döydükdən sonra: – Belə arvad mənə lazım deyil, – deyərək, onu atası evinə göndərərdi. İş düşərdi məhkəməyə. Məhkəmə idarasi bir çox vasitələrlə bəzən dövlətli qadının itkisini tapardı. Bundan sonra kişi pristava, aqalodoçnika, yasovula qızılların bahası qədər rüşvət verdikdən sonra malı əlinə gələrdi. Çox vaxt belə itkilər heç tapılmazdı. Arvad bədbəxt olub atası evində ömrünün axırınadək gözüyaşlı qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talağ davası edərdi.

Nurcahan xala hamamdan çıxıb evə tələsər, Kəblə Novruzqulu da axşam olduğu üçün dükanı bağlayıb ahəstə addımlarla Nurcahan xaladan qabaq gəlib evə çıxardı. Bu zaman qapının qıfılını və lampanın yanmadığını görüb qanı qaralmağa başlardı. Yanını su boçkasının üstünə qoyub deyinə-deyinə arvadı gözlərdi. Nurcahan xala həyətə girər, nəzəri kişinin turşumuş sifətinə sataşdıqda qıçları quruyardı. Kişi arvadı o ki var biabır edəndən sonra deyərdi:

– Bu gün niyyət axşamı olmasaydı, mn bilərdim sənə nə edərdim.

– Ay kişi! Mən nə eləyim, yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də. Toya, qonaqlığa, ixtilata getməmişdim ki?!

Şamdan sonra kişi və arvad bir ay oruc tutmağı niyyət edərdilər.

Orucluq ayının özünəməxsus süfrəsi vardı. Firni, tərək, bal halvası, nazik yuxa, şorqoğalı, bəyimçörəyi, paxlava, südlü sıyıq və sairə. Bozbaşla plov da başda olardı. Axşama yaxın bütün evlərdə süfrələr salınar, samovar qaynadılardı. Nurcahan xala uşaqları süfrənin başına yığar, Kəblə Novruzqulu da daş səkinin üstündə oturub, qonşusu Kəblə Vəli ilə azanı gözləyərdi. Azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücuma başlardı. Bakının avam, yoxsul camaatı bir ay orucluğu bir sayaq başa vurar, qocalar və ağsaqqallar isə din xadimlərinin hərbə-qorxusu ilə vaxtlarını məsciddə dua və namazla keçirərdilər. Cavanların əksəriyyəti isə zorxana və fincan oyunu ilə məşğul olardı.

Zorxana oyunu. İçərişəhərdə, Yuxarıbazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. Qapısı bazarın içindən idi. Zirzəmi çox qaranlıq idi. Ortada sementlə suvanmış böyük bir hovuz vardı. Bütün oyun məşğələləri bu hovuzun içində keçərdi. O hovuza “süfrə” deyərdilər. “Süfrə”nin 10 metr eni və uzunu, metr yarım dərinliyi vardı. Zorxana oyunu alətlərinin birincisi zorxana mili idi. Bu alət şumşaddan, azaddan və yaxud da palıd ağacından qayrılardı. Bunun bir çərək yoğunluğu, beş çərək uzunluğu olardı. Bu alətin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru idi. Zorxana alətlərinin ikincisi, metr yarım uzunu, yarım metr eni, üç santimetr qalınlığı, qapıya oxşar ortası, dəstəli taxta ekbagirlər (səng) idi. Ekbagirlərdən başqa, üç santimetr yarım qalınlığında, bir metr uzunluğunda girdə, ucları bir metr uzunluğunda zəncirlə birləşdirilmiş dəmir alət də var idi. Zəncirin ucu qarmaq kimi olub, özü də iti dəmir parçalarla nəsb edilmişdi. Belə ki, o aləti bir əllə dəmirin ortasından, digər əllə zəncirin ortasından yapışıb, dik başlarının üstünə qaldırardılar. Sağa və sola aparıb sonra başlarına keçirərdilər. Bu proses çalınan dumbulun tempilə əvvəlcə ağır, sonra bir qədər sürətlə davam edərdi. Bu aləti başına geyindirən adam zəncirin ucundakı iti qarmaqları üzünə toxundurmamalı idi. Yoxsa üzü siyrilib dağılardı. Bədənini və üzünü parçalamayan adam oyun qurtarandan sonra məharətli sayılardı. O alətin adı kamada idi.

Bunlardan savayı oyunda iştirak edənlər bir pudluq, iki pudluq, üç pudluq daşları da havaya atıb bir əllərilə tutardılar. Ekba oynayanlar hovuzun içində arxası üstə uzanıb ekbagirlərin hərəsini bir əlinə alar və bütün bədəni ilə sağa və sola hərəkət edərdi. Bu hərəkət zamanı sağdan-sola arxası üstə hərəkət edərkən, sağ qolu yuxarı, sol qolu aşağı enməli idi. Soldan-sağa hərəkət edən zaman həmin iş əksinə təkrar edilməli idi. Bu oyun da dumbul çalınması ilə davam edərdi. Dumbul əvvəl ağır, sonra sürətli templə çalınardı. Hər kəs yuxarıda qeyd etdiyimiz hərəkəti iyirmi dəfə təkrar etsəydi, o böyük bir pəhlivan sayılardı. O oyunun xüsusi bir mahnısı da vardı. Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar:

Əlif Allah, adın eylədim əzbər,

Bey buyurdu lütf siyan çağıdır.

Tey tarallah, söz sünbəsəy,

Cim cəmalın görcək əqlim dağıdır.

Hey hesab çəkər,

Xey xiyaldadır.

Dal gəncüm üstə istemaldadır.

Vo vəlidir,

Müşkülləri həll elər.

Laməlifla

Mömünləri yol elər.

Yeyə yalvar

Murad səni qul elər.

Qibləgahə ərz etməyin çağıdır,

Ayın əli kəsər üstə sağıdır.

 

Zorxana oyunlarından biri də sino oyunu idi.

Sino oyunu. Sino oyununda iştirak edənlər cərgə ilə “süfrə”nin içində üzüqoylu uzanıb, ayaqlarını divara dayayardılar. Sonra iki əllərinin üstə yerdən bir qarış yuxarı yeriyər, əvvəl sağa, sonra sola, ən axırda aşağı enər, yerə çatar-çatmaz təkrar qalxardılar, lakin onların sinələri yerə dəyməməli idi. Bunun sayı 120 idi. Hər kəs bu rəqəmi yerinə yetirsəydi, bədəni sağlam hesab olunardı. Bu rəqəm tədricən qalxa da bilərdi. Yaxşı və məşhur oyunçular sino oyununa gedərkən arxalarında xırda bir uşaq oturdardılar. Bu o adamın qüvvətli olduğunu göstərirdi. Bu oyun orucluğun 1-dən 18-dək davam edərdi. Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. Cavanlar təkcə daş oyunu ilə kifayətlənməyib mil oyunu da oynayırdılar.

Mil oyunu. Novruz bayramının ortasında hərə əlinə bir mil alıb başının üstünə qaldırardı. Dumbul çalmağa başlardı. Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə yuxarı qalxıb yenə də enərdi. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyirdi. Oyun qurtardıqdan sonra camaat onları alqışlardı. Bəziləri camaatın xatiri üçün mili tək əlilə yuxarı atıb yenə dəstəsindən tutardı. Yaxşı mil oynadanlar mili qıçının altından atıb havada tutardı. Axırda qurşaq (güləşmə) tutardılar. İştirak edənlər: Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhlivan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli pəhlivan (Əli Himmət), Zorba Rzaqulu, Hapış Məmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlfə Süleyman olardı (adamlara ləğəb qoymaq keçmişin qəbih adətlərindən idi).

Bu adamlar məşğələdən sonra hər gün hamama getməli idilər. Oyunun axırına bir qədər qalmış, pəhləvanların birindən əhali təvəqqə edərdi ki, gənclərlə güləşsin. Altıaylıq Əbdüləli qazamatı papağını başından yerə qoyar, sarı ipək qurşağını açar, ipək ələcə köynəyini çıxarardı, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardı. Altıaylıq “süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas xanəndə Hacı Zeynal oğlu Ağa Kərim qurşaq tutulmadan qabaq Altıaylığın şəninə pişro deyərdi.

Altıaylıq özü nazik, başı heydərili, uzun qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar əllərini qoltuq cibinə aparıb ona üçlük, beşlik, onluq, əskinas (kağız pul) bağışlardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı qurşaq tutanlar da gələrdi. Mənim yadımdadır, bir dəfə orada mən bir hind pəhlivanı görmüşdüm. Bu günlərdə zorxanada onlar da iştirak edərdilər. İran əhlindən olan, lakin Bakıda yaşayan pəhləvanlar da vardı. Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və i.a. belələrindən idi. Yığılan pullardan zorxanaya xərc və iştirak edənlərə hamam pulu verilərdi.

Fincan-fincan oyunu. Bu oyun çox vaxt çayçı dükanlarında oynanardı. Çayxanaya girən yerdə, qapının sağında və ya solunda bir kvadratmetr yer ayrılardı. Orada bir metr hündürlüyündə taxtadan stol kimi bir şey qayırıb onun üstünə kərpic döşəyər, samovar üçün ayaq yeri qayırıb böyük samovarı oraya qoyardılar. Samovar üçün dəmir truba düzəldib ucunu pəncərənin bir gözündən qırağa çıxarardılar ki, kömür qızaranda buxar və tüstü dükana dolmasın. Samovarın böyründə palçıqdan bir ocaq olardı. Oraya köz töküb üstünə dəm almaq üçün çaynik qoyardılar. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. Dükanın ortasında, dükanın boyu bərabəri uzun stol olardı. O stolun üstündə 2-dən 10 stəkanadək su tutan müxtəlif çayniklər, qəndqabı, stəkan-nəlbəki, sulu qəlyan, Şiraz qəlyanı da olardı. Çayçı şəyirdləri bazar-dükanlara çay daşıyardılar. Divarın dibində 50 santimetr hündürlüyündə, 75 santimetr enində, dövrə skamya olardı. Onun qabağı qırmızı şilə ilə örtülü olardı. Dükanın yuxarı başında ayrılmış yer olardı ki, ona pəsdükan deyərdilər. Pəsdükanın yeri bir metr hündürlüyündə taxt olardı. Onun altına samovar üçün kömür tökərdilər, üstünü isə xalça, palaz, həsir ilə döşərdilər. Dükan sahibi və şəyirdi gecələr burada yatardı, başqa vaxt orada qumar oynardılar. Orucluqda isə gecələr burada fincan-fincan oyunu oynanardı.

75 santimetr diametrli bürünc məcməyini götürüb çərçivəsinin bir yerində rumkaya oxşar bir mis, ya bürünc və ya taxta fincan qoyardılar. Buna “molla” adı verilərdi. Bundan sağa və sola bir qədər aralı, altı fincan düzərdilər. Bunlardan başqa birini də “molla”nın qarşısına, məcməyinin o biri tərəfində başbabaş qoyardılar. Bu fincana başbabaş, “molla”nın sağında və solundakı iki fincana isə qoltuq deyərdilər. Qoltuqdan aşağı olan sağ və sol iki fincana ikilik deyərdilər. İkilikdən aşağı sağ və sol fincana üçlük deyərdilər. Üçlükdən aşağı iki sağ və sol fincana dördlük deyərdilər. Dördlükdən aşağı iki sağ və sol fincana beşlər deyərdilər və beşlərden aşağı soldakı və sağdakı iki fincana başbabaşın qoltuğu deyərdilər. “Molla”dan başqa, fincanların birisinin altında bürünc və ya mis üzüyə oxşar halqa gizlədərdilər. Buna gül deyərdilər.

Oyunda iştirak edənlər dəstələrə ayrılardı. On və ya on beş nəfərdən ibarət olan dəstələr dükanın künclərinə yığılardılar. Öz çuxalarını və ya bir böyük süfrəni küncdə bir pərdə qayırıb asardılar, fincanları orada qayda ilə düzüb, halqanı birisinin altında gizlədərdilər. Onların məşhur gül düzən və bir gül tapanları vardı. Məcməyini dəstənin biri düzüb, o biri dəstə üçün gətirərdi ki, tapsınlar. Özü üçün məcməyi gətirən dəstə gərək o gülü tapaydı. Məcməyini araya alıb deyərdilər:

– Adə, gül qoltuqdadır.

– Yox, gül başbabaşdadır.

– Sən bilmirsən! Gül dördlərdədir.

– Adə, sən tikanlıqdan dəvə tapa bilməzsən! Sən niyə danışırsan. Gül yəqin ikilikdədir.

Onlardan biri:

– Heç biriniz bilmədiniz! Bircə məcməyini bəri ver!

Məcməyini alıb yerdə fırladıb fincanlara diqqətlə baxardı. Bir qədər düşündükdən sonra şəhadət barmağını dikləyib, “molla”nın sağ tərəfindən başbabaşa qədər barmağilə boş, boş, boş... deyib fincanlan bir-bir sıradan çıxarardı. İttifaqən sıradan çıxmış fincanın birinin altından üzük çıxsaydı, o vaxt uduzmuş olardı. Halqanı geri qaytarardılar və fincanı təzədən düzərdilər. Məcməyinin içində bir altılıq və bir başbabaş qalanda üzük tapılmış hesab olunurdu. Çünki axtaran dəstənin iki dəfə gül çəkməyə ixtiyarı vardı və gül çəkməmiş fincanların hamısını boş, boş deyərək sıradan çıxarardı. Gül çəkmək prosesi belə olardı: qabağında məcməyi duran adam, birdən bir əlini uzadıb fincanı üsulluca məcməyinin ortasına çəkərdi. Sonra onu yavaş-yavaş tərpədərdi. Fincanın altında üzük tərpənərdi. Odur ki, dizi üstə qalxıb fincanı zərblə yerindən çevirdikdə üzük fincanın içindən sıçrayıb evin tavanına doğru qalxardı. Ona görə də deyərdilər: Filankəs bikr gül vurdu.

Bəs gül neçə dəfə tapılmalı idi? Bunun miqdarı 10 dəfə idi. Hərgah dəstə bir dəfə bikr tapsaydı, o udmuş olardı. Əgər 9 dəfə tapmayıb onuncu bikr tapsaydı, doqquz dəfə uduzmağına baxmayaraq yenə udmuş hesab olunurdu.

Bu oyunu bu qədər əzab çəkib nədən ötrü oynardılar? Məlumdur ki, dükana oyuna yığılan cavanlar (hər iki tərəf) çay içərdilər, şorqoğalı yeyərdilər, qəlyan çəkərdilər. Bunların pullarını isə uduzan tərəf verməli idi. Hətta tamaşaya yığılan həvəskarların da pulunu uduzan dəstə verməli idi. Bu oyunun adına fincan-fincan deyərdilər. Oyun zamanı bəzən Rüstəmnamədən və İsgəndərnamədən nağıl deyərdilər, dərviş, aşıq oxutdurardılar. Çox zaman oyun gecə yarısına qədər davam edərdi.

Oyun qurtarandan sonra hər kəsən evinə gedib obaşdanlığını eləyib yatardı.

Orucluqda bir axşamdan, bir də obaşdan yeyərdilər ki, bütün günü ac qalmağa dözüm olsun.

Oruc tutanların çoxu günortayadək yatardı. Günorta vaxtı, saat 12 tamamda, ağzı oruc məşədilər, hacılar, möminlər və başqa dindarlar Allaha xoş gəlsin deyə, dəstəmaz alıb hər kəs Quranı qoltuğuna vurar, təsbehini əlinə alıb məscidə gedərdi. Məscidin içində isə başqa bir aləm vardı. Burada üzü mehraba sarı, sıra ilə səf çəkib oturardılar. Bu vaxt pişnamaz gəlib zöhr, günorta əsr namazını qılardı. Vaiz minbərə çıxıb bir qədər yerdən-göydən danışdıqdan sonra mərsiyəxan Kərbəla vaqiəsindən danışmağa, yalanlarla camaatı aldatmağa çalışardı. Sonra gedənlər gedər, yerdə qalanlar müqabiləyə (Quran mütaliəsinə) oturardılar. Məscidin ortasında səsli uşaqlardan dörd-beşini sıra ilə əyləşdirərdilər. Qare (Quran oxuyanlardan biri) avazla oxumağa başlardı. Qare yorulanda uşaqlardan biri sonuncu ayəni bərkdən təkrar edər və qare üçün dincəlmyə imkan yaradardı.

Bu qayda ilə gündə bir cüz Quran oxunub qurtarmalı idi, çünki ay 30 gündür, Quran da 30 cüz idi, Quranı qurtarandan sonra hamı iftara gedərdi. Orucluq ayının (Ramazanda) ayının 19, 21, 23-cü günlərində əhya axşamı və ya sadəcə əhya deyərdilər. Bu günlərdə məscidlərə halva-çörək bişirilib göndərilərdi. Əhyalarda gecə yarısı avam camaat məscidlərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələrini dinlər, sonra hər kəs evinə qayıdardı. Alverçi hacılar, baqqallar, müamiləçilər, dəllallar bəzən səhərədək yatmazdı, namaz qılıb zikr edərdi. Gördüyü pis əməllərdən tövbə edərdi, Allaha yalvarardı ki, alış-veriş edəndə nə qədər adam aldatmışamsa, yalandan and içib köhnə malı təzə mal əvəzinə satmışamsa, görməyə-görməyə, bilməyə-bilməyə şəhadət verib xalqın oğullarını Sibirə göndərtdirmişəmsə də günahımdan keçsin. Əmzikli yoxsul analar isə şənlik əvəzinə qonşu qapılarında, ocaq qabağında səhərədək çalışdıqda yuxusuz, evləri, uşaqları başsız qalardı. Bundan başqa evdə anaların döşlərinin südü belə quruyardı. Qonşu qadınlar yığılıb onu süd quyusuna aparmağa hazırlaşardılar, onlar qonum-qonşudan bir qədər un, yağ, doşab tapıb, Xan sarayına (keçmişdə cəzaya məhkum edilmişlərin meyiti atılan quyunun üstə) gedərdilər. Orada, Süd quyusu deyilən yerdə südü çəkilmiş qadının döşündən bir qədər oraya süd sağıb ocaq quraraq halva çalardılar və evə qayıdardılar.

O halvanı özləri yeyərdilər və paylayardılar ki, ananın döşlərinə süd gəlsin. Paylanmış halvaya tütyə deyirdilər. Fəqət buna baxmayaraq, qadının döşlərinə süd adlı şey gəlməzdi. O, bir qədər yedikdən və istirahət etdikdən sonra döşləri südlənərdi. Avam qadınlar bunu “süd quyusunun kəraməti” adlandırıb etiqad edərdilər.

Bəzən uşaqların diş çıxarması orucluq ayına təsadüf edərdi. Orucluqda qadınların işi çox olduğundan uşağı özbaşına buraxardılar, qəflətən uşağın gözləri qan çəkər, ağzının suyu axar, bədənində bir az qızdırma əmələ gələr, evdə Xanpəri, Gülpəri, Fatmanisə yığılıb uşağın dərdini başa düşməzdilər, olmazın türkəçarə davaları ilə bu uşağın qarnını doldurardılar. Yazıq uşaq daha da şiddətli şıltaqlığa başlayardı. Bir həftədən sonra başa düşərdilər ki, uşaq diş çıxarır. Uşaq üçün təzədən bir dəsgaha başlayardılar. Noxudu, buğdanı, mərcini, lobyanı bir-birinə qarışdırıb, qazana töküb hədik bişirdikdən sonra qonşulara paylayardılar. Bunun adına diş çıxarma hədiyi deyərdilər.

Səməni bişirmə. Böyük tabaqlara buğda töküb isladardılar. Buğda göyərərdi, belə ki, rişələri bir-birinə qarışardı, sonra onu parça-parça doğrayıb əzərdilər. Onun ağ rəngli rişəsini sıxıb qablara yığardılar, sonra ona bir qədər su qatıb, həyətdə ocaq qurub, iki pud, üç pud bişirən böyük mis qazanlarda iki-üç gecə qaynadardılar. Bişənə yaxın rəngi yavaş-yavaş qızarardı. Onun içinə qabıqlı qoz, fındıq tökərdilər. Qonum-qonşu arvadlar hərə bir bəzəkli xonça düzəldib aparardılar və “Allah qəbul eləsin” deyib həyətə düzərdilər. Qaydaya görə, həyətə düzülən xonçalar evə qoyulmazdı. Belə ki, həyətdə ayaq qoymağa yer tapılmazdı. Həyətin hər yeri əlvan xonçalarla bəzənərdi. Gecə hamı oturub gözlərdi ki, görsün filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsa idi, demək qəbul olunmuşdur. Qadınlar çalıb-oxuyub oynayardılar, əgər şirin olmayıb acıtma olsaydı, deməli qəbul olmamışdı. Ancaq bunu söyləmək lazımdır ki, camaat o qədər avam idi ki, qazanın altının odu çox düşdüyündən dibi yandığı üçün acı tam verdiyini başa düşməzdilər.

Səməniyə çağırılan qadınlar oynar, çalar yorulardılar, sübhə yaxın sabah yeli onlara dəyib, yuxulardılar, ev yiyəsi vaxtdan istifadə edərək, gizlincə səməni qazanının ağzına qoyulmuş məcməyinin içindəki una əl basardı və yenə qayıdıb üsulluca öz yerinə girərdi. Bu ondan ötrü idi ki, qonşular səməninin qəbula keçməsini təsdiq etsinlər, əgər səməninin ununda əl izi olmasaydı: – Fatmeyi Zəhra nəzirimizi qəbul etməyib – deyərdilər.

Əhyalardan sonra axundlar minbərlərdə səxavətdən, fitrədən söhbət açıb camaatı qızışdırardılar. Fitrə, bir ay orucun “qada və balasını qaytaran” nəzir demək idi. Ailədə neçə adam olsaydı, adambaşı axunda bir çərəkyarım buğda verməli idilər. Axund onlara deyərdi ki, əziyyət olmamaq üçün çərəkyarım buğdanın pulunu hesab edib, adambaşı o qədər pul versinlər. Fitrələr hazırlanardı, hər ev iki, beş, on manat toplayıb mollaya təqdim edərdilər. Molla pulları cibinə qoyar və camaatı aldadardı ki, pulları yoxsullara paylayacaqdır. O isə bütün pulu həzmi-rabedən keçirərdi. Mollaların bu fırıldaqlarını çox adam bilməzdi. Ruhanilər, camaatı belə soyardılar.

Orucluğun axırına yaxın göydə ayı axtarardılar. Bəzən hava bulud olduğundan Ay görünməzdi. Bəzən şəhərə belə bir səs düşərdi ki, gün və ya ay tutulmuşdur. Bir də görərdin hərə əlinə bir mis qab alıb dama çıxar və onu döyəcləyərdi. Bir para evlərdə uşaqların atası çaxmaqlı tüfəngi doldurub gurhagur ilə güllə atardı ki, ay və ya gün “tilsimdən” xilas olsun.

Məsələdən xəbərdar olmayan polis məmurları tüfəng səsini eşidib küçələrə düşərdilər. Taqsırı olmayan fəhlələri, qocaları evlərdən çıxarıb həbs edərdilər. Əlsiz-ayaqsız avam, biçarə qadınlar və qoca qarılar çadrasını başına salıb, balağını çəkə-çəkə məhəllə boyu düz Hacı Kazım bəyin üstə gedərdilər. Hacı Kazım məhəllədə ağızlı və sözü ötən adam idi. O da məsələni başa düşüb, kiçik kağızda bu əhvalatın mənasını pristava yazaraq camaatı bir təhər buraxdırardı.

Orucluq aylarında, havalar açıq və təmiz olanda camaat dəstə-dəstə çölə, qoca kişilər isə dama çıxardılar və ayı axtarardılar. Bəzən ayın 30-cu günü belə, ay görünmürdü. Bir də görərdin ki, bir nəfər axundun qapısına gedib: – Mən ayı görmüşəm! – deyə bağırır. Camaat dərhal onun başına yığılardı. Axund onun yaşını soruşardı və 60 olduğunu öyrənərdi.

– Quran oxuya bilirsənmi?!

– Bəli.

Quranı oxutdurandan sonra onun savadı olduğunu bilərdilər.

– İndi sən Qurana and içməlisən ki, yalan demirsən və lap ayın özünü görmüşsən! – Kişi də and içərdi ki, Ayı görmüşdür.

Bəzən də Şəkidən, Şirvandan və ya Qarabağdan bu aşağıdakı məzmunda gülməli teleqram gələrdi: “Ay görünüb, bayramınız mübarək olsun, oruc-namazınız qəbul olsun. İmza: Molla Fərəculla”.

Gecə ilə azançıları qalaya çıxarıb, minacat çəkdirər, sabah bayram olduğunu məlum edərdilər. Səhər tezdən mövhumatçı kütlə dəstəmaz alar və birinci növbədə fitrə pulunu gətirib, məsciddə min bir fırıldaqla camaatın beynini zəhərləyən, gözünü pərdələyib cəhalətdə, avamlıqda, hüquqsuzluqda saxlayan axundun ovcuna basardı. Axund pulları ehmalca yaylığa bağlayıb əbasının altına vurar, tez evə sürüşərdi ki, görən olmasın. Yoxsa onun hiylələrinin üstü açıla bilərdi.

Qurban bayramı. Qurban bayramı da varlılar bayramı idi. Qurban ayına bir həftə qalmış, pulu başından daşanlar qoyun alıb həyətə buraxardılar. Bayram günü bəslənib yemlənmiş, kökəlmiş qoyunu həyətə çıxarıb, gözünə sürmə çəkib, sulayıb, ağzına bir parça qənd verərdilər. Qurban duasını oxuduqdan sonra qoyunu kəsərdilər. Fəqir-füqaraya paylamaq əvəzinə, dərisini soyub ya satar və ya molla üçün göndərərdilər. Quyruğunu da əridib bankalara tökərdilər. Ətini parçalayıb varlı və tanınmış qonşulara və qohum-əqrabaya payladıqdan və əvəzində onlardan ət payı aldıqdan sonra, oturub kabab yeyərdilər. Fəqir-füqara, əlsiz-ayaqsızlar, yoxsullar, dilənçilər gəlib sədəqə istədikdə, min cür danlaqdan sonra, ağalar qoyunun sür-sümük və şəndir-şündüründən verib rədd edərdilər. Bayram günləri Bakıda və ətraf kəndlərdə 10 minədək qoyun kəsilərdi. Əgər biri 2 manatdan hesab edilərsə, bu 20 min manat pul edir. Buna bir məktəb və ya bir xəstəxana açmaq olardı. Lakin bunun əvəzinə, pullar müftəxor və boynuyoğun ruhanilərin, acgöz, fırıldaqçı axund və mollaların cibinə tökülərdi.

Qız bəyənmə. Məşədi Püstə bacı hamamdan çıxıb Kəblə Xeyransa xanımın evinə gəlir.

– Salaməleyküm, ay Kəblə Xeyransa bacı!

– Xoş gəlmisən, xoş gəlmisən, ay Məşədi Püstə bacı, həmişə sən gələsən, Zöhr ulduzuna dönmüsən, səni əməlisaleh adamlar görə bilər, balam.

– Dil-ağızçın var olasan, əcəb camalın, çoxdandır səni görməmişəm, ürəyim istədi gəldim sənlə bir az dərdləşək.

– Gəl əyləş, gəl əyləş. – Üzünü öz qızına tutaraq:

– Ay qız, döşək!

Tükəzban bir döşək gətirib Məşədi Püstə bacının altına salır.

– Uşağa zəhmət verməyün!.. İstəməz a... istəməz. Məşədi Püstə bacı... qadavi alsın – deyə qızı qucaqlayıb, öpəndən sonra döşək üstə oturur, lənkə çarşabını çiyninə salaraq, cibindən burunotu çıxarıb çəkir və bir-iki dəfə asqırır. Qız podnosun içində bir stəkan çay gətirib Məşədi Püstə bacının qabağına qoyur. Məşədi Püstə bacı içməkdə olsun, o biri otaqdan Kəblə Xeyransa xalanın oğlu İnayət içəri daxil olur.

– Xoş gördük, ay Məşədi Püstə bacı, xoş gördük, bizi lap yaddan çıxarıbsan! Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən.

– A xala boyuna qurban! Hər yerdə olsan duagunam, sənin kimi oğlanı heç mən yaddan çıxararam?!

İnayət əl uzadıb mıxdan çuxasını götürərək əyninə geyir.

– Ay Xeyransa bacı, İnayəti nöşün evləndirmirsən? Sən razı olarsan ki, a... mən İnayətin toyunu görməyib ölüm?.. Onunçün gərək mən bir qız tapam ki, gözəlliyi dünyada dastan olsun.

– Ay balam, mənə elə bir adam lazımdır ki, həm əsil-nəcabəti, həm də atası atama, anası da anama tay olsun.

–Ay Xeyransa bacı, budur Ağca xanımın qızı Gülpəri?!

– A... a... a... balam, Allah imanıvi kamil eləsin, ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. Əsl mənim evimin adamıdır.

– Dilsiz-ağızsız, sərri-sahmanlı, hər şeyin yerini bilən, dilini bilən, yırtıqlı-yamaqlı, şirəli şəftəli, bir dəqiqədə ələyər, yoğurar, yapar. Qız döyül, balam, yıxılmış evin dirəyidir. Belə tikəni əldən vermək olmaz... Hələ günü bu gün dur mənilən qəfildən gedək evlərinə. Qızı görməyə gedəndə, qəfildən getmək yaxşıdır ki, bəzəyi-düzəyi olmasın.

– A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək.

– A canım, əvvəlcə gedək qıza baxaq, bəyəndin, sonra əlbəttə, kişiyə deyərsən. Bəlkə heç bəyənmədin.

– Hə... hə... hə... yaxşı deyirsən. Bir az dayan, qovraqlanıb gedək.

Qərəz, Kəblə Xeyransa Xorasan qanovuzundan tikilmiş çaxçurunu, abı firəng parçasından köynəyini geyib, dörd rəng ipək düyürdünü başına salıb, ördək boynu qanovuz çadrasına bürünərək Məşədi Püstə bacı ilə bərabər Ağca xanımın həyətinə girib çağırırlar:

– Ay ev yiyəsi, ay ev yiyəsi!

Ağca xanım səsi eşitcək:

– Ay qız, Gülpəri, gör nə səsdir.

Qız əlində samovarın qara qapağını sürtə-sürtə saçı, başı nizamsız özünü bayıra atır nəzəri Kəblə Xeyransa xalaya dikilir və məsələni başa düşür.

Ucaboylu, şümşadbiləkli, incəbelli, mərmərsinəli, minagərdənli, qönçədodaqlı, mirvaridişli, çatmaqaşlı, alagözlü, alyanaqlı qız utanaraq, qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır.

– Ay ana, həyətə iki arvad gəlib, tanımıram, – deyərək anasının başı üstündən ceyran kimi vaz atıb o biri evə qaçır.

Anası:

– Yaxşı, ay qız, az qala məni tapdalamışdın, nə olub məgər? – deyərək özünü bayıra atır. Bir neçə saniyə baxdıqdan sonra:

– Kəblə Xeyransa xanım deyilsən? A!.. Gəlin içəri də, özgəsi deyilsiniz ki! Qız başıbağlı üstümdən elə keçdi ki, məni də çaşdırdı.

Xeyransa:

– İstəməz, yaxşıdır, qıza deyinən bizə su gətirsin gəlsin, içib gedirik.

Ağca xanım:

– Qardaşımın canıyçün, canınçün olmaz. Ay ötüb, il dolanıb, aləmdə düşər şənbəyə Novruz, bir dəfə bizə gəlmisən, boş sudan nə olsun? Sən olasan oğluvun canı birce evə gəl, heç olmazsa bizim bu kasıb daxmamızda iki stəkan çay iç.

– Ay Ağca xanım, uzun çəkər, işimiz var. Bircə qıza deyinən bizə su gətirsin gəlsin içək.

– Ay Xeyransa xanım, iş həmişə var. Dünya malı dünyada qalacaq. Oğluvun canı üçün, qızımın canıçın qoymaram.

– Gülpəri, tez ol samovara od sal. Heç bilirsən bizə kim gəlib? İnayətin anası Xeyransa xanımdır e...

Qız üst-başını düzəldərək samovara od salır.

Ağca xanım:

– Yaxşı bir deyin görüm ay, gün hayandan çıxdı ki, siz bizi yada saldınız?

– Nə bilim? A başuva dönüm, evdə oturmuşdum, Məşədi Püstə bacı gəldi, üzümü bir az danlayandan sonra qəbir üstə gedib, əhli qübura bir fatehə verdik, qayıdanda yolumuz süzün qapıya düşdü, dedik bir az su içək gedək.

– Elə həmişə sən gələsən, qədəmin mübarək olsun.

Bu zaman qız saçını, birçəyini kəlağayı altında gizləyib, süfrəni bunların qabağına döşəyib, qaynar samovarı gətirib süfrəyə qoyub, çay dəmləyib ləbləb stəkanlara tökərək qonaqların qabağına qoyur. Qızın ala gözlərini, şümşad barmaqlarını görən Kəblə Xeyransa xala çox xoşlanır və dərhal onun nəzərini cəlb edir. Ağca xanım Kəblə Xeyransa xanımın qıza bu qədər diqqətlə baxdığını görüb, məsələni başa düşür.

Xeyransa xanım çay içdikdən sonra, çarşablana-çarşablana Ağca xanımdan soruşur:

– Bu qızın neçə yaşı var?

– Ay Xeyransa bacı, heç yadımda döyü, bu anadan olanda üzüm vaxtı idi, qardaşım yasin çərəkəsinin arxasına yazıb.

– Ay qız Gülpəri! Gülpəri! O yasin çərəkəsini bura gətir.

– Gərək döyül, yasin çərəkəsini tutaq ki, hələ gətirdin, bəs bunu kim oxuyacaq? Heç birimiz oxumaq bilmirik.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info