Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Sən gəlməmiş, baba, kafərlər

Danışdı, qonur atlı xan Qazanı

Əsir edin, ağ əllərin

Dalısından bağlayın,

Qəfildən başını kəsin

Alca qanın yerə tökün,

Oğlu ilə ikisini

Bir öldürün, od-ocağını söndürün!

Xanım baba! Qorxum budur,

Qonur atın səgirdərkən, sürüşdürüb

Savaşarkən, öz-özünü tutdurasan,

Qəfildən görklü başını kəsdirəsən.

Ağ birçəkli anamı sən oğul deyib,

Ağlayarkən, başım baxti Qazan,– deyə,

Ağladasan. Qayıdıban, canım baba,

Geri döngil, altunluca ban evinə

Sürüb vargil, ala gözlü qız qardaşım

Ağlatmagil, qarılaşmış anamı sən

Sızlatmagil, oğul üçün ata ölmək

Eyb olur. Yaradanın haqqı üçün,

Baba, döngil, evinə vargil,

Qarıcıq anam qarşı gəlsə,

Məni sorsa, babam, doğru xəbər vergil. 

Söylə: – Gördüm, sənin oğlun dustaq degil, 

Dalısından ağ əlləri bağlı degil, 

Qara sicim ağ boynuna taxılı degil, 

Qara donquz ağılında yatır degil, 

Ağır buxov topuğunu dögər degil, 

Yanmış arpa çörəgi ilə acı soğan öyni degil!  

Mənim anam mənim üçün ağlamasın, 

Bir ay baxsın, bir ayatək varanmasam, 

İki ay baxsın, iki aya varanmasam, 

Üç ay baxsın, üç ayatək varanmasam, 

Öldügümü onda bilsin.

Ayğır atım boğazlayıb, aşım versin, 

Yad elli qız həlalıma dəstur versin, 

Mənə qurulan gərdəgə iraq girsin, 

Anam mənim göy sarınıb qara geysin, 

Qalın Oğuz ellərində yasim tutsun, 

Mənim başım sənin üçün qurban olsun.  

Geri döngil!

 

* * *

Oğlan bir daxı söyləmiş, 

Görək xanım nə söyləmiş:

– Qarşı yatan qara dağlar,

Əsən olsa, el yaylaqlar.

Qanlı-qanlı axar sular

Əsən olsa, aşıb-daşar.

Madyan atlar

Əsən olsa, qulun doğar.

Dəvəlikdə qızıl dəvə

Əsən olsa, köşək verər

Ağayılda ağca qoyun

Əsən olsa, quzu verər.

Bəy ərənlər əsən olsa,

Oğlu doğar. Sən əsən ol,

Qadın anam əsən olsun,

Qadir sizə məndən iyi oğul verər.

Ağ südünü anam mənə həlal etsin,

Savaşmadan, vuruşmadan, baba, döngil!

 

* * *

Xan Qazan burada söyləmiş, 

Görəlim, xan, nə söyləmiş:

– Oğul, oğul, canım oğul,

Qarşı yatan Qara dağım başı, oğul,

Güclü belimin qüvvəti, oğul,

Qaranqu gözlərimin aydını oğul,

Ala danla oyandığım, sənin üçün,

Qonur atım yürütdügüm, sənin üçün,

Ağ donuma kir əgləndi sənin üçün,

Mənim başım qurban olsun,

canım, oğul, sənin üçün.

Sən gedəli ağlamağım göydə ikən, yerə  düşdü, 

Gumbur-gumbur davullarım döyülmədi, 

Ağır, ulu divanımsa sürülmədi.  

Səni bilən bəy oğullar ağ çıxartdı, qara geydi, 

Qaza bənzər qız gəlinim ağ çıxartdı, qara geydi.

Qarıcıq anan qan-yaş tökdü,

Ağ saqqallı qoca baban bükülü qaldı.

Qayıdıban buradan mən evə varsam, 

Ağca üzlü anan mənə qarşı gəlib, oğul, desə, 

Ağ əlləri arxasında bağlı deyim?

Qıl örkəni ağ boynunda taxılı deyim?

Kafərlərin yanınca o ayaqyalın yürür, deyim?

Onda mənim namusum bəs harda qalar?

Qıl kəpənək boyuncuğun sürtər, deyim?

Ağır buxov topuqcığın döyər, deyim?

Arpa ətməgi acı soğan yeyimi, deyim?

Qazan yenə aydır:

– Qarşı yatan qara dağlar qarısalar,

otu bitməz, el yaylamaz.

Axıntılı daşğın sular qarısalar, qalxıb daşmaz. 

Qaytabanda qızıl dəvə qarıyarsa, köşək verməz.

Qara qoçlar qarısalar, qulun verməz, 

Ər igidlər qarısalar, oğlu doğmaz.

Baban qarı, anan qarı,

Səndən yeyrək Tanrı bizə oğul verməz.

Verərsə də sənin yerin tuta bilməz.

Asımanda, mavi göydə qara bulut oluban mən, 

Kafərlərin 

Üzərinə gurlayaram.

Ağ ildırım oluban mən, şaxar ollam,

Od oluban kafərləri qəmiş kimi yandıraram,

Doqquzunu bir-birinə saydıraram, 

Vuruşmadan, döyüşmədən,

yer üzünü dolduraram,

Yaradan Allahdan mədəd!

Qonur atdan yerə yendi,

Axıb gedən arı sudan

Abdəst aldı, ağ alını

Yerə qoyub, namaz qıldı.

Ağlayaraq, ulu Tanrı

Dərgahından hacət sordu.

Diz söykəyib adı gözəl

Məhəmməd Mustafanı yada saldı.

Dəvə kimi kükrəyibən

Aslan kimi nərə vurdu.

Təkbaşına kafərlərə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info