Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Bir ya iki bölük olur,

Bu gələnlər yağıdırlar, bilin, – Dedi.

Toz yarıldı. Günəş kimi,

İşıldadı, dəniz kimi

Yayxalandı, meşə kimi

Qaraldı. Onaltı min

İp rikaplı, keçə börklü,

Azğın dinli, quzğun dilli

Kafər birdən çıxa gəldi.

Salur Qazan qonur atın

Çəkdiribən bütün mindi.

Oğlu Uruz cilovunu yığışdırıb 

Bədöy atını oynatdı, 

Qarşı gəldi belə aydır: 

– Bəri gəlgil ağam Qazan,

Dəniz kimi o qaralıb gələn nədir,

Alov kimi işıldayan, 

Ulduz kimi parıldayan 

Nədir, ağam, ağız dildən 

Beşçə kəlmə xəbər mənə.

Qara başım, qurban olsun

Babam sənə!

Qazan Aydır: – Bəri gəlgil,

Aslanım oğul, dəniz tək 

Yayxalanan, kafərin ləşkəridir.

Günəş tək işıldayan, kafərin

İşığıdır, ulduz tək parıldayan

Kafərin cidasıdır, yürüş edən

Azğın dinli kafərlərdir.

 

Oğlan Aydır: – Baba,

Yağı nə deməkdir?

Qazan Aydır: – Oğul,

Yağı o deməkdir,

Biz onlara çatan zaman

Öldürürük, onlar isə

Bizə çatsa, öldürürlər.

Uruz aydır: 

– Baba, əgər içlərində 

Bəy igidlər öldürülsə,

Qanın almaq istəməzlər?

Qazan aydır: – Oğul,

Minlərcə kafər öldürsən,

Kimsə səndən qan istəməz.

Ancaq, azğın dinli kafər

Yaxşı yerdə tuşa gəldi,

Vəli, sənsə yaman yerdə 

Duşaq oldun.

Uruz burada söyləmiş,

Görək, xanım, nə söyləmiş:

– Bəri gəlgil, ağam Qazan,

Qalxıbanı yerimdən mən

Bədöy atımı saxlardım,

Bu gün üçün, günü gəldi.

Ağ meydanda səgirdərəm

Sənin üçün. Ala uzun

Sür cidamı saxlayardım,

Bu gün üçün, günü gəldi.

Qaba qarın, gen köksü də 

Oynadaram sənin üçün.

Qara polat üz qılıncım 

Saxlayardım bu gün üçün,

Günü gəldi. Sası dinli

Kafər başın kəsər ollam

Sənin üçün. Əynimdəki

Dəmir donum saxlayardım,

Bu gün üçün, günü gəldi.

Yan-yaxalar tikdirərdim

Sənin üçün. Başımdakı, 

Dəbilqəni saxlayardım,

Bu gün üçün, günü gəldi.

Qaba çomaq altında yoğradardım

Sənin üçün. Qırx igidim

Saxlayardım bu gün üçün, 

Günü gəldi. Kafər başın

Kəsdirəyim sənin üçün.

 

Aslan adım saxlayardım

Sənin üçün. Yaxa tutub

Kafərlərlə uğraşalım,

Sənin üçün. Ağız dildən

Bir qaç kəlmə xəbər mənə,

Qara başım qurban olsun,

Ağam, sənə!

 

Qazan burada söyləmiş, 

Görək, xanım, nə söyləmiş:

– Oğul, oğul, ünüm anla, 

Sözüm dinlə, ol kafərin 

Üçün atıb birin yarmaz

Oxçusu olur. Hey, demədən

Başlar kəsən cəlladı olur,

Adam ətin, yıxnı qılan 

Aşpazı olur, sən varası

Kafər degil. Qalxıbanı

Yerimdən mən duraram,

Qonur atımın belinə

Minərəm, gələn kafər mənimdir. 

Mən vararam, qara polat üz

Qılıncım çalaram.

Azğın dinli kafərlərin

Başlarını kəsərəm,

Dönə-dönə savaşaram,

Dönə-dönə çəkişərəm,

Qılınc çalıb baş kəsdigimi

Görgilən öyrəngilən,

Qada başına gələndə gərəkli olur. 

Uruz burada söyləmiş 

Görək, xanım nə söyləmiş:

– A bəy baba, eşidirəm,

Ərəfatda ərkək quzu

Qurban üçün. Ata-oğul

Qazanırı şöhrət üçün.

Oğul da qılınc quşanır

Ata üçün, qeyrət üçün.

Mənim isə başım, canım

Qurban olsun sənin üçün.

Qazan burada söyləmiş

Görək, xanım nə söyləmiş:

– Oğul, can oğul,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info