Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Atamı özümdə yaşayar gördüm.

 

Yenə gözlərimlə yaşardı gözü,

Yenə doluxsundu, yenə ağladı.

O, ağlamaq deyil, çağlamaq idi,

Boğulmuşdu, məni gördü, çağladı.

 

Dünyada ən böyük qayə həyatdır,

Əvvəl, özün ulu sandı, ağladı.

Məni görcək, kor görmədi ocağın,

Özünü yaşayar gördü, çağladı.

 

***

Çağla, ata, qorxma, hələ mən varam,

Qoymaram, qoymaram sönsün ocağın.

Hayıfdır o mərdlik, o şərəf ölə,

Hələ yüz min çiçək açacaq bağın.

 

Mən də ölüb getsəm, yurd-yuvanda,

Kölgəli, kölgəli budaxların var.

Dişi əslanların yerli-yerində,

Qaplan təbiətli uşaqların var.

 

Bu açan güllərin hər pıtasında,

Sən yaşayacaqsan, sən qalacaqsan.

Həlal əməgivə and içərəm, and,

Əbədiyyətədək varsan ki, varsan.

 

Haqq, mərd igitlərin mədədkarıdır,

“Vurğun”suz bu gözəl məna doğrulmaz.

“Əlinlə qurduğun barlı baxçalar,

Tufanlar qopsa da saralıb solmaz”.

 

Lakin, zəmanəmiz pis zəmanədir,

Qorxulu yolların karvanıyıq biz.

Tarixin uçurum keçərlərindən,

Keçib getməlidir məhkum nəslimiz.

 

Odur ki, yorğunlar yorulub qalıb,

Əfsanəyə dönüb mərdlik-igitlik. 

Küp sınıb, peymanə yerə calanıb,

Boşluqlardan umud, qayğı gəzirik.

 

Üzüm ağacların çor vurub bütün,

Bağı çayır basıb, hər yer tıkandır.

Sular başsız axır, su suvaran yox,

Qoca bağbanın da ürəgi qandır.

 

Haqq badə verməyə badə tapmayır,

Baydalar boşalıb, üzü quyludur.

Xumarlıq öldürür mey vuranları,

Əl-ayaq çəkilib, yol qorxuludur.

 

Aşıq, canım aşıq, çal qopuzunu,

Söhbət mərdlikdəndir, saza zəxmə vur.

Sarı sim hardadı qolun qurbanı,

Qoyma kökdən düşsün, qulağını bur.

 

Qüssədən sümüklər sürməyə dönüb,

Şirin nəğmələrdən qıyamət qopar.

Yügürən ayaqlar xamlayıb qalıb,

Yolun yorğunluğun canlardan çıxar.

 

Danış, şirin candan əlini çəkib,

Haqq üçün nahəqlə vuruşanlardan.

Danış gecələri gündüzə qatıb,

Şərəf-həyat üçün vuruşanlardan.

 

Danış, qoy, bağban həvəsə gəlsin,

Çubuğun, buxçusun belinə taxsın.

Yol çəkən gözlərin otdan, çayırdan,

Çevirsin, suları bağa buraxsın.

 

Hasılsız ağaclar qol-budaq atsın,

Qoralar yetişsin, şirəyə dolsun.

Sıraya düzülsün küplər, küpələr

Qaynasın, durulsun, al şərab olsun.

 

Mərd igitlər içsin, gözlər qızarsın,

Bir də bədöv atlar covlana gəlsin.

Qatı yay çəkilsin, qılınc çalınsın,

Ərənlər meydana mərdana gəlsin.

 

Məşəllər yanmasa, işıq salmasa,

Haçan işıqlanar bu qara zülmat.

Diriliklə ölüm yaxa tutmasa,

Haçan dəyişilir bu yorğun həyat?!

 

***

Günlərin bir günündə

Ulaş oğlu salur Qazan

Öz yerindən durmuş idi.

Qara yerin üzərində 

Otaqların qurmuş idi.

Min bir yerdə ipək-ipək

Xalçası döşənmişdi.

Ala seyvan göy üzünə

Aşıtmışdı.

Doxsan tümən gənc oğuz

Söhbətinə dərilmişdi.

Ağzı böyük xümrələr

Ortalığa salınmışdı.

Doqquz yerdə badıyələr qurulmuşdu,

Altun ayaq sürahilər düzülmüşdü.

Doqquz gözəl qara gözlü, hörmə saçlı,

Ağ əlləri biləgindən xınalı,

Barmaqları nigarlı,

Quş boğazlı, işvə nazlı,

Yanaxları al qırmızı kafər qızı

Əllərində altun ayaq

Al şərabi Qalın Oğuz

Bəylərinə gəzdirirdi.

 

Hər birindən Ulaş oğlu

Salur Qazan içmiş idi.

Çərxab-çərxab çadır-otaq 

Bağışlardı.

Qatar-qatar qızıl dəvə bağışlardı.

Qarşısında oğlu Uruz

Yay söykənib dayanmışdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info