Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Sağ yanında qarındaşı

Qaragünə oturmuşdu.

Sol yanında xan dayısı

Aruz qoca oturmuşdu.

Salur Qazan sağına baxdı,

Qas-qas güldü, soluna baxdı, 

Çox sevindi, qarşısına baxdı,

Oğlancığı Uruzu gördü,

Əlin çalıb ağlar oldu.

Babasının bu işindən

Bəy igit xoşlanmadı,

Yaxın gəldi dizə çökdü

Babasını çağırıban belə dedi:

– Ünüm anla, sözüm dinlə, ağam Qazan!

Sağına baxdın qas-qas güldün,

Soluna baxdın çox sevindin,

Qarşına baxdın məni gördün

Ağlar oldun, səbəb nədir?

Degil mənə, qara başım

Qurban olsun babam sənə!

Deməz olsan qalxıbanı

Mən yerimdən duraram,

Qara gözlü igitlərim

Boyuma alaram, qalın Abxaz

Ellərinə mən vararam,

Altun xaça əl basaram,

Pilon giyən keşişin

Əlini öpərəm, kafər qızın

Mən alaram, daxı sənin

Üzərinə mən gəlmərəm.

Ağlamağının səbəbini

Degil mənə, qara başım

Qurban olsun ağam sənə!

 

Salur Qazan qızardı,

Oğlanın üzünə baxdı,

Çağırıban söyləmiş,

Görək Qazan nə söyləmiş:

– Bəri gəlgil, qulunum oğul,

Sağım ələ baxdığımda

Qarındaşım Qaragünəni

Durar gördüm, baş kəsibdir,

Qan tökübdür çöndü alıb,

Ad Qazanıb. Solum ələ

Baxdığımda Aruzu gördüm.

Baş kəsibdir, qan tökübdür,

Çöndü alıb, ad qazanıb.

Qarşım ələ baxdığımda

Səni gördüm. Onaltı yaş

Yaşlamısan, bir gün ola

Düşəm öləm, sən qalasan,

Yay çəkmədin, ox atmadın,

Baş kəsmədin, qan tökmədin,

Qanlı Oğuz ellərində

Çöndü almadın. Yarınkı gün

Zəman dönüb sən qalasan,

Tacım-taxtım, ola, sənə

Verməyələr, bunu andım,

Ağlar oldum, oğul! – Dedi.

Uruz burada söyləmiş,

Görək, xanım nə söyləmiş:

– A bəy baba, dəvə boyda,

Böyümüşsən, köşək qədər,

Ağlın yoxdur. Təpə qədər,

Böyümüşsən, darı qədər

Beynin yoxdur. Söylə görüm,

Bir hünəri oğul atadan öyrənir,

Yoxsa, atalar oğuldan?

Söylə, haçan sən məni alıb

Kafərlərin sərhəddinə çıxardın,

Qılınc çalıb başlar kəsdin?

Söylə, səndən nə gördüm ki,

Nə öyrənəm?

Qazan əlin ələ çalıb

Qas-qas güldü, belə dedi:

– A ərənlər, oğlum Uruz

Xub söylədi, şəkər yedi.

Sizlər yeyin-için,

Söhbət izi dağıtmayın,

Mən bu oğlanı götürüm

Ova gedim, yeddi günlük

Azuqə ilə yola çıxım,

Ox atdığım, qılınc çalıb

Baş kəsdiyim yerləri ona

Göstərim. Qanlı kafər

Sərhəddinə – Cızıqlara,

Ağılğana[1], Göycə dağa

Alıb çıxım, sonra oğlana

Gərək olar, bəylər.– Dedi.

Qonur atını çəkdirdi

Bütün mindi. Üç yüz

Mürəssə donlu ər boyuna aldı.

Uruz isə ala gözlü

Qırx igidin yanına salıb

Qazan oğlunu götürdü.

Qara dağlar üzərinə

Ova çıxdı, ov ovladı,

Quş quşladı, sığın, keyik

Vurub yığdı, əlvan güllü

Göy çəmənə çadır tikdi,

Bir neçə gün bəylər ilə 

Yedi, içdi.

 

Sən demə ki, Başıaçıq

Tatyanın qalasından[2],

Ağısqa qalasından

Kafərin casusları

Bunu görüb təkura gəldi,

Belə dedi: – Nə durmusan,

İtini ulatmayan, pişiyini movuldatmayan

Alplar başı Qazan,

Oğlu ilə sərxoş olub

Yatır! – Dedi.

Onaltı min qaradonlu

Kafər mindi. Qazan Xanın

Üzərinə ilğar yetdi.

Baxıb böyük toz gördülər,

Kimi keyik tozu sandı,

Kimi baxdı yağı sandı, 

Qazan baxdı: – Keyik olsa,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info