Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Buğacıqla tuş oluban,

Süngü sancıb yerə saldı,

tərpənmədən başın kəsdi.

Boyu uzun Burla xatın

Qara Qoğan pəhləvanı, qılıncladı,

Yerə saldı. Təkur sındı.

Kafər qaçdı dərələrə, qırğın

Düşdü. On beş min nəfər

Kafərdən, kimi öldü,

Ölmiyəni əsir oldu.

Qazan, oğlu üzərinə

Gəldi, yetdi əlin çözdü,

Ata oğul qucaqlaşıb

Görüşdülər. Üç yüz igid

Oğuzlardan şəhid oldu.

Salur Qazan oğlancığın 

Qurtarıban geri döndü.

Vuruş-döyüş xoş qurtardı,

Qalın Oğuz bəylərinə doyum oldu.

 

Ağca Qala Sürməliyə

Gəlib, Qazan qırx otaq

Tikdiribən yeddi gecə, 

Yeddi gündüz yemək oldu,

İçmək oldu, qırx qul ilə

Qırx cariyə, oğlu Uruzun

Başına dolandırıb azad etdi.

Qoçaqlara, ərənlərə

Para verdi, ölkə verdi,

Cübbə verdi, çuxa verdi.

Dədəm Qorqud gəlir oldu,

Şadlıq çaldı dastan qoşdu,

Belə dedi: İndi hanı

O dedigim bəy ərənlər?

Hara getdi dünya mənim söyləyənlər?

Əcəl aldı, yer gizlətdi.

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya, 

Son ucu ölümlü dünya.

Yum verəlim, yerli qara

Dağlarınız yıxılmasın.

Kölgəlicə qaba ağacın

Kəsilməsin, qamın axan

Gur suların qurumasın,

Qanadların qırılmasın.

Qadir səni namərdə möhtac etməsin,

Çapar ikən ağ-boz atın büdrəməsin,

Çalışanda qara polad üz qılıncın kütləməsin,

Allah verən ümidiniz üzülməsin.

Ağ alnında beş kəlmə dua qıldıq,

Qəbul olsun, yığışdırsın,

Duruşdursun günahınızı

Adı gözəl Məhəmmədə bağışlasın!



[1] Əslində bu dağın adı eposdakı kimi Ağlağandır. Bir vaxtlar Borçalı cama­atı­nın yaylaqları burada yerləşirdi.

[2] “Başıaçıq Tatyan qalası” olmalıdır. Belə ki, “Başıaçıq” sözü Meqreliya hakimi Dadianiyə (Tatyana) yox, onun tabe olduğu İmereti çarı III Baqrata aid­dir (Bu haqda bax: Fikrət Süleymanoğlu. “Başıaçıq Tatyan qələsı” və bu topo­nimin eposa düşmə tarixi haqqında. AMEA Xəbərləri. Humanitar və icti­mai elmlər seriyası. â„– 1-4, 2003. s. 260-266).

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info