Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Sərmüzəni atımmı?

Qara dırnax ağ üzümə

Çalımmı? Ağır şivən

Ordun içrə salımmı?

Oğul-oğul deyə-deyə,

Bozlayımmı?

Dəvəlikdən qızıl dəvə

Burdan keçdi, köşəkləri

Bozlayıban belə keçdi.

Köşəkimi aldırmışam,

Bozlayımmı?

Qara qoçda, Qazılığ atlar

Burdan keçdi, qulunları

Kişnəyibən, belə keçdi,

Quluncuğum aldırmışam,

Kişnəyimmi?

Ağayıldan ağca qoyun

Burdan keçdi, quzuları

Mələşibən, burdan keçdi.

Quzucuğum 

Aldırmışam, mələyimmi?

Oğul, deyə, bozlayımmı?

 

***

Xatın bir daha söyləmiş:

– Qalxıbanı yerimdən duram, deyərdim.

Qara yallı Qazılıq atıma minər, deyərdim.

Qalın Oğuzun içinə girim, deyərdim.

Ala gözlü bir gəlin alım, deyərdim.

Qara yerdə ağ otağlar tikim, deyərdim.

Yürüyübən oğlumu gərdəgə salam, deyərdim.

Muradımla, mətləbimə yetirmədin, Qazan, məni,

Qara başım qarğışları, görüm tutsun, 

Qazan, səni! Bircə bəyimi nə elədin?  

Deməz olsan, yanar-göynər qarğaram səni!

Burla xatın böylə decək,

Qazan xanın ağlı-huşu

Başdan getdi, qara bağrı sarsılıban,

Ürəyi yerindən oynadı, qaranqu gözləri 

Qan yaş doldu, xatınına, belə dedi:

– Ay görklüm! Oğul gəlsə idi,

Məgər səndən soruşardım?

Qorxma gilən, ovda qalıb,

Ovda qalan oğul üçün

Qüssələnmə, yeddi gecə-gündüz

Mən Qazana möhlət vergil,

Yerdə olsa, çıxararam,

Göydə olsa endirərəm,

Tapa bilsəm, tapmışam,

Tapanmazsam, Tanrı verdi,

Tanrı aldı, nə edəlim?

Qara şivən, sənlə belə eliyəlim.

 

Xatın aydır: – Mərə, Qazan,

Oğlancığın ovda qalmış olduğunu 

Ondan billəm ki, sən yorğun atın ilə,

İşdən düşmüş cidan ilə, 

Onun ardına düşəsən, axtarasan.

Salur Qazan geri döndü,

Qayıtdığı yollar ilə

Gecəni gündüzə qatıb

Ha yürüdü. Xatınından

Gizlədərək, əl altından

Buyruq verdi: – Doxsan tümən

Gənc Oğuz silahlansın,

Daldan gəlsin, oğlancığım

Dustağ olmuş, bəylər bilsin,

Sürüb gəldi, yağıların

Basıldığı yerə çıxdı.

Baxdı gördü, oğlancığın

Qırx iyidi qırılmış.

Atı isə oxlanıban

Ləş içində yıxılmışdır.

Ölülərin için gəzdi,

Oğlancığın tapanmadı,

Altun qəmçisini tapdı,

Oğlunun dustaq olduğun,

Yəqin etdi, ağlayaraq belə dedi:

 

– Qara dağım ucası, oğul,

Qanlı suyum daşğını, oğul,

Qocalıqda itirdigim, yalnız oğul!

Deyib, kafərlərin izin izlədi.

Qanlı Qara Dərbənddə,

Kafər dahı qonmuş idi,

Oğlancığa qara kəpənək geydirib

Qala qapı keçirində

Üzü quylu salmışdılar,

Girən-çıxan ayaxlayıb

Keçirdilər. Tatar oğlu

Qarı düşman, əlimizə girmişkən,

Cəza ilə öldürəlim, – deyə,

Qala qapı eşiyində

Quru yerdə qoymuşdular.

Bu məhəldə salur Qazan

Çapar yetdi, at oynatdı.

Kafər Qazanın gəldigin

Görən kimi qorxdu, hürkdü. 

Kimi qaçıb atın minər,

Kimi tələsik covşən giyər.

Oğlan başını qaldırıb

Sordu: – Kafər, bu nə haldır?

Kafər aydır: – Atan gəldi,

Varıb tutmaq istəyirik.

Oğlan aydır: – Aman, mərə, kafər, aman,

Haqq Tanrının birliginə yoxdur guman.

Quduz kafər oğlancığa aman verib, 

Əlin açdı, gözün açdı, babasına 

Qarşı qoydu.

 

***

Uruz burada söyləmiş, 

Görək, xanım, nə söyləmiş:

Bəri gəlgil, a bəy baba!

Mənim dustaq olduğumu

Hardan bildin, ağ əllərim

Bir-birinə bağlandığın,

Ağ qıl sicimin boynuma

Taxıldığın? Qara gözlü

İgidlərim qırıldığın?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info