Qonaq Kitabı
I Hissə

Geniş dərənin sağ tərəfində, yaşıl pərdənin üstündə boz xal kimi görünən Əlişeyx kəndindən çıxan üç atlı getdikcə genişlənən dərədə yaşıl zəmilərə, yoncalıqlara, neçə at hörüklənmiş çəmənlərə, qobularda otlayan mal-qaraya, dağa səpələnmiş sürüyə, hərdənbir də qabaqlarından pırıldayıb uçan quşlara baxa-baxa

gedirdi. Qabaqdakı iyirmi beş yaşlı gəncin tez-tez mızıldaması arxadan gələn yaşlı atlılardan utandığını bildirirdi.

Paşa bəyin Trabzondan birbaş Təbrizə yük gətirən dəvələri də bu gün obaya çatmışdı. Paşa bəyin tapşırığına görə dəvəçilər bir həftə burada qalıb dincələndən sonra səfərlərinə davam edəcəkdilər. Uzaqlarda, Ələnd dağının ətəyində otlayan dəvələr qoyun boyda görünürdü. Üç yerindən dəmir çəkilmnş ticarət mallarını bir-birinin yanında dördgözlü ev kimi düzəldib, üzərinə qara keçə çəkmişdilər. Ailəsi obada olmayan dəvəçilər burada gecələyirdilər.

Yekmala dağı arxasında gizlənməyə tələsən günəş hələ öz qızıl saçlarını Ağçaydan yığmamış naxırçı və çobanlar dərələrə, düzlərə dağılan heyvanları çadırlara tərəf qaytarırdılar. Elə bu vaxt boz yoldan çıxan atlılar təpələrin ətəyində göründülər. Yüklərin yanında dəvəçilərlə söhbət eləyən Paşa bəy onları görən kimi qarşılarına üç nəfər göndərdi ki, qonaqların atını tutsun. O isə ağsaqqallarla bərabər böyük çadıra tərəf getdi.

Gələnlər çadırın qabağında atdan düşdü. Içəri keçib, qonaqlara məxsus yerdə oturub, silahlarını da çadırı divar kimi çöldən ayıran cığa söykədilər. Qonaqlardan birinin qırx, o birinin qırx dörd yaşı vardı. Onlar yuxarı başda, Paşa bəylə üzbəüz döşəkçə üstündə oturan gəncin məsləhətçiləri idilər. Elin adətincə, Bahar xanım da qonaqlara xoşgəldin demək üçün çadıra gəldi. Bahar xanımın getməsindən istifadə edən qulluqçu qız Səlimə özünü tez Dürdanənin yanına verdi:

– Pis oğlan deyil, ay qız... Kaş, elə qismətin bu olsun. Maşallah, üz-gözündən nəciblik yağır:

– Bunun nəyini deyirsən? – Dürdanə dodaqlarını büzdü. Sənin gözün pis görür... Keçən il bizdə qonaq olan o tacir oğlan yadındadırmı? Həyalı ona deyərlər!

Bahar xanım qonaqların yanından qayıdanda qulluqçu o tərəfdə on satıl su tutan böyük qazanın altını yandırdı. Dürdanə atası üçün başladığı corabın quncunu toxuyurdu. Bahar xanımın gözlərinin gülüşündən anlamaq olardı ki, oğlan xoşuna gəlmişdir.

– Qızım, gələn Qaraeynili Mir Abdulla ağanın oğludur. Atasının var-dövləti həddən aşıb. Bu da səni istəyənlərdən biridir! – deməklə ana qızının fikrini bilmək istədi.

– Anama bax ha, hər gələn qonağı elçi adlandırır...

– Adam çörəyi qulağına yeməyib ki, qızım. Oğlanın o cür utana-utana oturmağı, danışanda lalə kimi qızarması deyir ki, qız almağa gəlmişəm. Bu, qiyamət sövdasıdır, bala. Yaxşı-yaxşı bax ki, sonra deməyəsən dədəmlə nənəm elədi.

Tuluq çalxalayan qadın da söhbətə qoşuldu:

– Sən Allah, ay kiçik xanım, bu qədər oğlanlardan birini bəyən, bu düzdə bir toy çaldırıb biz də süzək.

– Zeynəb dostu düz deyir. Adam bu qədər vasvası olmaz. Bu işdə gərək bir az da Allaha təvəkkül deyəsən. “Ya bəxt səndən mədəd!”

– Yəqin sən atama Allaha təvəkküllə gəlmisən? – deyə Dürdanə güldü.

– Mən heç... mən yazıq atanı heç görməmişdim. Atam rəhmətliklə atası sövdələşmişdilər. Biz dörd bacı idik, hamımız da görməz-bilməz getmişik. Amma sən...

– Bahar xanım köks ötürdü. – Allah heç kəsin qabağında çörəyini bir dənə eləməsin. Bilmirəm sən getsən mən neyləyəcəm! Yox, heç atan da sənsiz dözməz. Allah kərimdir, görək necə olacaq.

– Siz dözsəniz də, ana, mən bir gün sizsiz qala bilmərəm...

Bahar xanım qızına ürək-dirək verdi:

– Atan deyir ki, qızımı o adama verəcəyəm ki, əvvəla Dürdanə bəyənsin, ikincisi, o da köçüb bizdə qalsın.

– Dürdanə xanımdan heç biz də uzaq düşməyə razı olmarıq, – deyə tuluq çalxayan qadın da qıza olan məhəbbətini bildirdi.

...Oğlan qızı bəyənmişdi. Paşa bəylə Bahar xanım da oğlanı xoşlamışdılar.

Arvad ərinə dedi:

– Kişi, tutaq ki, bu gün-sabah nişan içdik, bir ay, bir il sonra toy edib aparacaqlar. Dürdanəsiz neyləyəcəyik?

– Elə mən də onu fikirləşirəm. Amma yox. Mir Abdullanın beş oğlu var. Bu ortancıldır. Mən bilən o, bunun bizdə qalmasına razılıq verər.

– Belə olsa, mən də razıyam. Mənim elə ölümüm budur ki, qız gözümdən o yana getməsin.

Ata ilə ana o gecə qızı çağırıb fikrini soruşdular. Daha özünü təngə gəlmiş kimi göstərən qız:

– Mən bilmərəm, ixtiyarım sizdədir, – dedi, – başımı hayana kəssəniz, qanım o yana axacaqdır.

Paşa bəylə Bahar xanım Dürdanənin gözlənilməz cavabından sevinib, qızlarını öpdülər.

...Oğlanın yanınca gələn ağsaqqallar da işin belə asanlıqla düzəlməyindən məmnun halda geri qayıtdılar. Lakin onlar Paşa bəyin şərtinə Mir Abdullanın razı olub-olmayacağından nigaran gedirdilər. Elçilər nişan içmək üçün əlli atlı ilə iki gün sonra gələcəklərini bildirmişdilər.

Paşa bəy həmin günün səhəri nişan tədarükünə başladı. Yaxın qəsəbədən düyü, qənd almağa adam göndərdi. Qonşu obaların başçılarına, ağsaqqallarına, qəbilə rəisləri və qayfa böyüklərinə xəbərçi yollayıb onları nişan məclisinə dəvət etdi.

Böyük çadır iki hissəyə bölünmüşdü. Qız-gəlinlər təzə paltarlarını geyinmişdilər. Kəbin kəsmək üçün Qaraquşlu Hacı Mir Rəhim ağanın dalınca atlı göndərilmişdi. Vaxtı-müəyyəndə dəvət olunanlar dəstə-dəstə Paşa bəyin çadırları qurulan düzəngaha axışırdılar... Oğlan adamları hamıdan qabaqda idi. Əlli atlıdan ibarət bu dəstənin beş nəfəri qadın (biri oğlanın anası, ikisi bacıları, biri əmisi arvadı, biri də xalası) idi. Oğlanın atası Mir Abdullanın kefi çalır, damağı oynayırdı. O özünə böyük bir arxa tapmış oğlunu böyük bir sərvətə çatdırmış, gələcəyini təmin etmişdi. Yolda nişan məclisinə gedənlərlə salamlaşır, onların ehtiramına ehtiramla cavab verirdi.

Birdən hamı heyrət içində qaldı: Paşa bəyin çadırları yox idi, lələ köçüb, yurdu qalmışdı. O qədər çadırdan, atdan, dəvədən, qoyun-keçidən, tay kimi vurulan ticarət mallarından bir nişan qalmamışdı. “Bu necə olan işdir?! Əgər Paşa bəy qızı vermək istəmirdisə, nə üçün bu qədər camaatı yığıb buraya tökmüşdü? Hacı Mir Rəhim ağa kimi böyük bir alimi kəbin kəsməyə çağırmışdılar... Bu necə olan işdir, İlahi?” Bu sual ildırım sürətilə Mir Abdullanın qəlbindən keçsə də, başqaları kimi o da geniş açılmış gözlərini düzənliyə zilləyib baxırdı:

– Əstəğfurullah, bu necə hikmətdir?!

Bu hikməti bilmək üçün bir gün əvvəli təsvir etməliyik.

Təzəli tayfası üçün ən əziz gün gəlib çatmışdı. Obanın adamları şadlanacaq, tayfanın yeganə qızı, nadir gözəli üçün şirni içiləcəkdi. Birdən uzaqlarda, başı ağ dağların zirvəsində görünən qara-buludlar günəşin qabağını kəsdi, hava qaraldı, qara yel əsdi. Göyləri yer-yerdən doğrayan şimşəklərin işığı qaranlıq gecəni işıqlandırdı. Şiddətli yağmurun dalınca qoz boyda dolu hamını çadırlara dolmağa məcbur etdi. Çox çəkmədi ki, dünəndən bəri kəndə, obaya qaçıb, əldən-ayaqdan düşüb, yorulan çobanlar, naxırçılar, tuluq çalxalayanlar yuxuya daldılar. Axı, sabah hamının əzizi Dürdanəyə nişan gəlirdi, səhər tezdən durmaq lazım idi.

Bütün obada iki nəfər yatmamışdı – Paşa bəylə arvadı Bahar xanımın gözlərinə yuxu getmirdi. Qara çadırın dirəyindən asılan fanarın zəif işığı onların üzünü saraltmışdı. Özünü narahat hiss edən Bahar xanım bir bəd hadisənin baş verəcəyini irəlicədən duyurmuş kimi, tez-tez ərinə deyirdi.

– Allah özü saxlasın kişi, həyatımda ikinci dəfədir ki, belə oluram. Bir də rəhmətlik anam ölən günü belə olmuşdum.

– Salavat çevir, dua oxu, inşallah, heç nə olmaz.

Dolu güclənirdi. Dağlardan axan sular dərələrdə çaya dönmüşdü. Sel qabağına çıxan hər şeyi vurub dağıdırdı. Yerin gurultusu göyün gurultusuna qarışmışdı. Hayqıra-hayqıra çadırlara hücum çəkən bu qorxunc daşqından ən əvvəl xəbər tutan itlər ulaşıb qaçmağa. arxayın-arxayın yatan sahiblərini oyatmağa başlasalar da, yorğun adamlar yorğanı başlarına daha möhkəm çəkmişdilər. İtlərdən sonra qoyunlar ürküb dağılır, canavar görəndə insana pənah gətirdiyi kimi indi də çadırlara doluşurdular. Gözlərini ovuşdura-ovuşdura yuxudan oyananlar isə gələn bəladan hələ də baş açmırdılar. Xətərin yaxınlaşdığını hiss edən madyanlar kişnəyib balalarını çağırır, ürküb çadırların tənəfinə toxunurdular. Nəhayət hamı durub çadırdan çıxmağa məcbur oldu. Adamların hay-harayı bir birinə qarışdı.

Şimşək dayanmadan çaxır, göy qızmış nər kimi nərə çəkirdi. Paşa bəy arvadı ilə sevimli qızının əlindən yapışıb çadırdan çıxanda lap yaxında şimşək oynadı. Onun işığında biyaban açıq-aydın göründü. Obada özünü itirməyən bir adam vardısa, o da Paşa bəy idi. O, bilirdi ki, ata minməklə də bu selin qabağından qurtarmaq olmaz. O, yubanmadan arvadı ilə qızını ticarət yükləri yığılan yerə çatdırdı. Su onların dizinə çıxır və getdikcə artırdı. O, əvvəlcə qızını sonra da arvadını yüklərin üstünə çıxartdı. Dönə-dönə tapşırdı ki, yüklərin dəmirindən bərk-bərk tutsunlar. Paşa bəydən başqa bir neçə adam da yüklərin üstünə çıxıb oturmuşdu. Dağ seli bir göz qırpımında çadırları uçurdub, tayların toplandığı yerə çatdı. Paşa bəy qışqırdı:

– Özünüzü itirməyin, dəmirlərdən möhkəm yapışın:

Bu onun axırıncı tapşırığı oldu: sel yüklərin yığımına əvvəlcə aşağı tərəfdən toxundu. Elə bil ki, zəlzələ oldu. Taylar bir-birinə toqquşub bərkdən silkələndi. İkinci təkanda pənahgahın bəndi ayrıldı. Paşa bəyin özü də üzərinə mindiyi tayla birlikdə suya yıxıldı. Lilli sudan başını çıxaran kimi arvadı ilə qızını səslədi. Onun səsinə cavab verən olmadı. Neçə dəfə qışqırdısa dəhşətli gurultular içərisində səsini eşidən olmadı. Paşa bəy yenə özünü itirmədi. Bir əlini tayın yan dəmirindən qoparıb üst dəmirinə bənd elədi. Güc-bəla ilə tayın üstünə minə bildi. Yenə səsləndi:

– Bahar!.. Bahar hey!.. Dürdanə hey!..

Hər bağırtıdan sonra bütün qüvvəsini qulaqlarına toplayıb qulaq asdı. Bu gurultular içərisində bir səs eşitdi: “Ata, ata!..” Bu səs o qədər zəif idi ki, Paşa bəy onun qəlbindən gəldiyini zənn etdi. Sel onu istədiyi səmtə aparırdı, O, indi gəmisi qərq olub, özü bir taxta paranın üstündə qalan kapitana oxşayırdı. Yenə ildırım çaxdı, hava işıqlandı. Özündən xeyli qabaqda suyun üzündə bir neçə qaraltı gözünə dəydi. Paşa bəy bilmədi ki, o qaraltılar arvadı ilə qızıdır, yoxsa başqalarıdır. Bəlkə də heç adam deyil, gözünə elə dəyirdi...

Paşa bəy selin qabağında axırdı. Lakin bu halında da fikri ancaq arvadı ilə qızının yanında idi.

Paşa bəy bilirdi ki, əgər sel onu dağa-daşa çırpmasa, mindiyi bu tay onu Qaraquş çəmənində yerə oturdacaqdır. O, ümid edirdi ki, arvadı ilə qızını da burada tapacaqdır.

Paşa bəyin düşündüyü kimi də oldu: Qaraquş çəməninə çatanda sel gücdən düşdü. Indi su adamın dizindən bir az yuxarı idi. Paşa bəy bunu bir neçə qanqal kolunun başının sudan çıxmasından bildi. O, dərhal tumanını budlarına kimi çirmələyib tayın üstündən yerə endi. Əli ilə tayı saxlayıb sahilə tərəf çəkdi.

Səhər açıldı. Günəş Qaraquş çəmənində gölməçələnib qalan sularda özünü göstərdi. Dünən bu vaxt hər şeyi – eli, obası, varı-dövləti, vəfalı arvadı, gözəl qızı olan Paşa bəy bu gün bir tuman-köynəkdə çöllərə düşüb öz əzizlərini axtarırdı...

 



[1] İndiki Mahaçqala

[2] Əfsanəsi adamdır. Guya o qədər hündürboylu imiş ki, dənizdən balıq tutub, günəşə qaldırar, orada bişirib yeyərmiş.

[3] Novruzdan on gün sonra

[4] Fişəng

[5] İranda o zaman məktəblərin çoxu məscidlərin nəzdində olurdu (Redaktorun qeydi)

[6] Ayaqqabı çıxarılan səki (red)

[7] Allahın dostu, peyğəmbərlərin axırıncısına rəhmət olsun!

[8] Yaşayış yeri

[9] Dostlara rəhm et, düşmənlərlə yola get.

[10] Gecə söhbətinə

[11] Fanarı

[12] O vaxt məktəblərdə uşaqların adına atasının peşəsini əlavə edib çağırırdılar (redaktorun qeydi)

[13] XX əsrin əvvəlində Təbrizdə üsyan qaldırıb, varlıların ərzaq anbarlarını talan elətdirən təbrizli qadın

[14] Əri Kərəmlə İran şahına qarşı üsyanlarda iştirak edən azərbaycanlı qadın

[15] Alim və şair, Nəsrəddin şahə zövcə olmağı rədd edən azərbaycanlı qadın. Sonralar şahın əmri ilə boğdurulmuşdur.

[16] Sümük vərəmi

[17] Əcnəbi

[18] Karvansara

[19] İkinci Məhəmməd

[20] Körpü

[21] “Əhmədin gözəl məsləkləri”.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info