Qonaq Kitabı
I Hissə

Hava təzəcə qaralmağa başlamışdı ki, havarçılar qayıdıb gəldilər.

– Qalenin sürüsünü saldırdınızmı? – deyə soruşan anaya:

– Bəli, saldırdıq. Oğrulardan birini də tutub Qaleyə verdik, – deyən qız qürurla irəli yeridi. – Yaman susuzam, ana, nəyin var?

Həddindən çox tərli olmasına baxmayaraq, qız qulluqçunun gətirdiyi bir kasa ayranı başına çəkdi...

– Qale ağaya deyərdin, ay Dürdanə, gəlib Fərəcin oğlunun yarasına baxaydı.

Paşa bəy qızından qabaq dilləndi:

– Demişəm, çox mümkün ki, elə indi gəlsin.

O, qonaqlara tərəf dönərək başa saldı ki, qonşunun uşağının ayağı yaradır, nə çarə edirlərsə, sağalmır, deyirlər ilancıqdır[16].

– Paho, ilancıqdır?! – Mir Hadı ağa heyrətlə qışqırdı. – Vay, vay, vay!..

Paşa bəy təmkininn pozmadı.

– Bəli, “sümük silli” müşkül xəstəlikdir, ancaq Qale ağa onu sağaltmağı boynuna götürüb.

– Bu həkimliyi o, harada oxuyub? – deyə Məhəmməd soruşdu.

– Savadı yoxdur. Ata-babadan bu sənətin sahibidirlər.

– Bəs dava-dərmanı haradan alır?

– Hamısını özü ot-ələfiyyatdan hazırlayır.

Qale ağa alçaqboy bir kişi idi. Üzdən ona qırx-qırx beşdən artıq yaş vermək olmazdı. Özünün dediyinə görə, yetmiş iki yaşı var. Həkim böyük oğlunu da özü ilə gətirmişdi. Onun əlli yaşı olardı. Atasının yerini tutmaq istəyirdi. Buna görə də Qale ağa hansı xəstənin yanına getsə idi, onu da özü ilə aparırdı. Onlar gələn kimi şam yeməyi gətirildi.

Şamdan sonra Qale ağa xəstəni görməyə getməmişdən qabaq dedi.

– Biz gərək xəstə sümüyü kəsib çıxaraq, qalsa, qalanlarını da xəstələndirər, uşağı öldürər.

Mir Hadı maraqlandı:

– Sümüyü kəsib götürsən, xəstə ömürlük şikəst olmazmı?

– Niyə olur?

Məhəmməd soruşdu:

– Kəsdiynmiz sümüyün yeri bəs boş qalmır?

– Onun yerinə başqa sümük qoyuruq, oğlum.

– Nə sümüyü?

– Oğlanın atasına demişəm, gərək bir köpək tapsın. Oğlunun ayağından çıxarılan sümüyün yerinə köpəyin təzəcə çıxarılmış sümüyünü qoyacağam. – Qale ağa inamla cavab verdi.

– Allah qoysa, xəstə nə vaxta sağalar? – Paşa bəy sevincək oldu.

– Çox çəksə, ikicə həftə... Ondan sonra davara, naxıra da gedə bilər.

Məhəmməd Əlinin qulağına pıçıldadı:

– Sabahı burada qalsaydıq, görərdik. – Sonra Qale ağadan soruşdu: – Heç indiyə kimi belə xəstə sağaldıbsınızmı?

– Ən azı əllisini: – Qale ağa özündən razı halda cavab verdi:

Çox çəkmədi ki, hamı çadırlara çəkildi. Qonaqlar da yatdıdar. Səhər yenə yod gedəcəkdilər.

Müsafirlər bir gün yol gedib Türkiyə ilə Iran sərhəddinə, Qızıldizəyə yetişdilər. Kəndin girəcəyində Ağa Sadıq komisyonçu müsafirləri qarşıladı. Bu gödəkboy, arıq və balacaüz kişinin hər qulağının dalından qulaqcığa oxşar artıq ət çıxmışdı. Elə buna görə də ona tanışları Dördqulaq Sadıq deyirdilər. O, həddindən artıq zirək, işaşıran adam idi. Qızıldizədəki Türkiyə gömrükxanasında Iran tacirlərinin vəkili hesab olunurdu.

Evdən çıxandan bəri müsafirlər bircə burada – Ağa Sadığın mehmanxanaya oxşar evində nuşicanlıqla şam edib rahat yatmışdılar. Ağa Sadıq nə qədər hörmətcil, yeyib-içən olsa, bir o qədər də xam tacirləri soyan adam idi. Fövqəladə rüsum, gömrük, qurşun parası, dəmir parası, qapı parası, muşa (hammal) parası, anbar parası... Nə bilim yüz cür para! Iranla Türkiyə gömrüyü naminə banderol, ədlbəndi, sarayçı, ənam və başqa adlar altında xərclər yazar, pendir-çörəyin hər tikəsini tacirlərə az qala bir tümənə satardı.

Savadlı, alim görünsün deyə, mollalar həmişə ərəbcə qırıldadan kimi, Ağa Sadıq da osmanlı istilahı ilə danışardı.

Birinci gün Ağa Sadıq qonaqların ancaq istirahəti ilə məşğul oldu. Ertəsi gün səhər yeməyindən sonra qonaqları götürüb, Iran gömrükxanasına gəldi. Gömrükxana rəisi ucaboy, enlikürək bir adam idi. O, qara mahud papağını qulaqlarına kimi başına bassa da, keçəlliyi bilinirdi. Narıncı rəngə çalan boynu lak kimi parıldayırdı.

Burada rəisdən başqa üç nəfər gömrükxana fərraşı, iki nəfər süvari da var idi. Onları başqalarından fərqləndirən papaqlarındakı gümüşü şir-xurşid nişanları idi.

Iki otaqda rəisin ailəsi yaşayır, birində isə özü yanına gələnləri qəbul edirdi. Dikər otaqda iki kürd kilimi salınmışdı ki, bu da dörd fərraş və iki süvarinin oturması üçün idi. Həyətin bir tərəfində tövləyə oxşar böyük bir anbar var idi.

Ağa Sadıq müsafirləri qəbul otağında qarşıladı və Hacı Mir Hadı ağaya işarə ilə onları təqdim etməyə başladı:

– Əfəndim, Hacı Mir Hadı ağa Təbrizin ən məşhur tacirlərindən mərhum Hacı Seyid Hüseyi ağanın oğludur.

Məhəmməd o dəqiqə dönüb Əliyə baxdı. Bu baxmaqla da o, Ağa Sadığın Mir Hadı ağanı “Hacı Mir Hadı” deyə tanıtdırmasından təəccübləndiyini bildirdi.

Ağa Sadıq o birilərin də adının üstünə bir şöhrət əlavə edib, gömrükxana rəisinə təqdim elədi.

Sonra beş pasportun qiymətini verib hər adama özü demişkən, bir pasport alıb, gömrükxana işlərini qurtardı. Gömrükxana rəisi pasportları verəndə və aldığı gömrük haqqını dəftərə qeyd edəndə Məhəmməd yenə də Əlini dümsüklədi:

– Ora bax!

– Nə var ki?

– Görmürsən, soldan-sağa yazırdı?!

– Əli diqqətlə baxdı.

– Doğru deyirsən...

Başı yazmağa məşğul olsa da, rəis uşaqların danışığını eşidir, onların nəyə işarə etdiklərini görürdü. Elə buna görə də qələmi dayandıraraq dedi:

– Deyəsən soldan-sağa yazmağım sizə qəribə gəlir...

– Bəli, qurban, – deyə Məhəmməd cavab verdi.

– Oğlum, Iranın gömrükxana gəliri özünün yox, başqa dövlətlərin girovundadır. Gömrükxananın böyük rəisləri belçikalılardır. Onlar fars dilini bilmirlər. Elə bunun xatirinə bütün gömrükxana işləri fransız dilində aparılır. Inşallah, siz böyüyəndə farsca yazarsınız.

– Azərbaycanlıların min nəfərindən biri farsca təmiz bilmir.

Məhəmmədin bu sözü rəisi tutdu.

– Sənin buyurduğundan belə çıxır ki, biz gərək osmanlı dilində oxuyub-yazaq?

– Xeyr, cənab rəis!

– Bəs nə?

– Elə danışdığımız dilda yazsaq, işlərimiz də asan olar. Böyük müctəhidlər, vaizlər bizim dildə moizə etməsə, şəri məsələləri başa düşən bircə adam da tapa bilməzsən. Mərsiyəxanlar bizim dildə mərsiyə deməsə, Kərbəla hadisələrinə heç kim ağlamaz.

Rəis eynəyinin üstündən Məhəmmədə diqqətlə baxsa da bir söz demədi.

İran və Türkiyə gömrükxanalarının işi qurtaran günün sabahı dan yeri qızarmamış əvvəlcə dəvələr, sonra da müsafirlər yola düşdülər. Onlar birinci gecəni Bayaziddə qalıb, ikinci gün Qara Kəlisaya yetişdilər. Sabah Həsənqalaya, o biri gün Ərzuruma çatacaqdılar.

Məhəmmədlə Əli artıq yola adət etmişdilər. Daha birinci gün kimi əzgin və yorğun olmurdular. Buralarda da hər şey İrandakı kimi idi. Ancaq bunların yeməklərinin və adamlarının adları İrandakı kimi deyildi.

Sökmənabad mahalından başlayaraq, yollar get-gedə yüksəklərə qalxır, havalar sərinləyir, bəzən hətta müsafirlər də səhərlər üşüyürdülər.

 

11.

Məhəmməd bu gecə anasını yuxuda görmüşdü. O, ağ çadraya bürünüb harayasa getmək istəyir, Məhəmmədi Fatı nənəyə tapşırırdı.

Məhəmməd daha yata bilmədi. O, anasının büründüyü ağ çadranı kəfənə yozdu. Ağlamaqdan özünü zorla saxladı. Yoldaşları rahatca yatsalar da, o, yorğanın içində fikrə getmişdi. Xəyalı onu çəkib uzaqlara, doğma Xamnəyə aparmışdı. Mollaxana, axund, onun balış boyda əmmaməsi, eynək üstündən göz ağartması, qəzəbli olanda saatlarla dinməməsi, Qasımağa, Novruz habelə xanın acgöz oğlu gözləri qarşısında canlanırdı.

Məhəmmedin qəlbində təkcə Xamnə qəsəbəsi xanına deyil, bütün xanlara, zorakılığa qarşı tükənməz nifrət hissi oyanmağa başlamışdı.

Dəvəçilərin hay-küyü onu fikirdən ayırdı. Bir saat çəkmədi ki, hay-küy kəsildi. Zənglərin yeknəsəq və ahəngdar səsi onu qoynuna alıb nənni kimi yırğaladı. Bir o qədər çəkmədi ki, Məhəmmədi təzədən yuxu apardı. Şirin-şirin yatırdı ki, Mir Hadı ağa öskürə-öskürə yuxudan oyandı. Kibrit yandırıb saatına baxdı:

– Paho, hələ yarım saat da gecikmişik, – deyib çırağı yandırdı.

Hamı oyandı. Tövləyə qaçıb atları yemlədilər. Karvansaraçı çay qaynatmışdı. Müsafirlər adama bir stəkan çay içib, şor-çörək yeyib, atları bayıra çəkdilər. Onlar hələ karvansara həyətindən çıxmamışdılar ki, bir nəfər bərkdən asqırdı. Mir Hadı ağa: “Allah xeyir eləsin. Bir az dayanın, səbir keçsin” deyə narazılıqla burnunda danışdı. Axşam eşib səliqə ilə tütün qutusuna yığdığı siqarlardan birini çıxartdı. Mərmərə ağacından kəsib düzəltdiyi müştüyə taxıb çəkməyə başladı. Ağanın alışdırdığı papiros heç yarı olmamışdı ki, həyətə bir şəxs daxil olub, ucadan karvansaraçıya dedi: karvansaraçıya dedi:

         – Əfəndim, şu dəvə karvanını buraxmamalıydınız.

         – Nə üçün, əziz əfəndi?

         – Dün bizə bir müsafir gəldi. O söyləniyordu ki, İranda cəlali kürdlərindən bir qrup çapqın dün Həsənqalaya tərəf keçmişlər.

         – Nə söylüyorsun, yahu?

         – Elədir ki, var, əfəndim.

         Bu sözləri eşidincə Mir Hadı ağa dedi:

         – Səbir nahaq yerə gəlmirmiş... Ya Allah, özün kömək ol!.. Çaparaq gedib dəvələri qaytarmaq lazımdır, yoxsa böyük fəlakət ola bilər.

Karvansaraçı ilə həmin xəbəri gətirən adam:

         – Doğrudur, əfəndim, doğrudur, – deyə təsdiq etdilər.

         Müsafirlər yola çıxdılar. Onlar atları sürə-sürə dua oxuyur, mallarının hifz edilməsini Allahdan arzulayırdılar. Mir Hadı ağa özünü hey danlayırdı. “Bir işə bax! Hər gün əyatəlkürsü oxuyurdum, bədbəxtlikdən bu gün oxumamışam”.

         Gün nizə boyu qalxmışdı ki, onlar dəvələri gördülər. Hamısı: “Şükür sənə, ey böyük Allah!” – deyib sakitcə nəfəs aldılar.

         Karvanın axırıncı qatarı oyan-buyanı qayalıq olan dar dərəyə girməkdə idi. Dərənin dibindən axan çayın gurultusu dəvələrin zəngindən qopan səsləri boğurdu. Tərləmiş atlar fınxırır, tövşüyürdü. Dərəyə yaxınlaşanda Mir Hadı ağa atın cilovunu yığdı:

         – Qoyun heyvanlar bir az nəfəs alsın, – deyib Məhəmmədlə Əlini səslədi. Yenə də yoldaşın kiçiyi! Çapın sarbana deyin, qoy karvanı qaytarsın.

         Məhəmmədlə Əli dərənin sağ tərəfindəki fayton işləyə bilən (nisbətən geniş) yolda dəvələrə yetişdilər. Bağırsaq dərə deyilən bu yerin üçdə bir hissəsi hələ qabaqda idi. Yolun da ən qorxulusu elə burada idi. Karvan irəlilədikcə qorxu azalırdı. Buna baxmayaraq, sarban karvanın qaytarılmasına əmr verdi. Karvan təzəcə dönməyə başlamışdı ki, müsafirlərin başı üstündən dörd güllə vıyıldayıb keçdi. Mir Hadı ağa dərhal atın cilovunu çəkdi:

– Evimiz yıxıldı, dayanın! Deyəsən dəvələri cərdə aparacaqlar.

– Gədə, əl-ayaq edin! – Sarban ona məhəl qoymayıb atını geri döndərdi. Məhəmmədlə Əli də onun dalınca çapdılar. On-on beş qədəm getməmişdilər ki, hər daşın dibindən bir silahlı kürd qalxıb: “Durun!” – dedi. Sarban vecinə almayıb, yoluna davam etmək istəyəndə dalbadal neçə güllə açıldı. Sarbanın atı büdrəyib yıxıldı. Güllələr uşaqların yaxınlığında yerə dəyib, toz qaldıranda Məhəmməd atını saxlayıb dedi:

– Dayan, qardaş, yoxsa bunlar bizi qırarlar.

Çapqınçılar dəvələri dal tərəfə çəkdilər. Məhəmmədlə Əlinin və sarbanın saymamazlığı soyğunçuların başçısına xoş gəlmədiyi üçün onları möhkəm döydürdü. Dəvələrin zəngini açıb, adamların gözlərini bağladılar. Karvan hərəkətə başladı. Iki-üç saat yol gedəndən sonra dincəlmək üçün dayanıb, hamını bir yerə topladılar.

– Ay kirvə, vallah, billah, mən öz razılığımla bütün mallarımı sizə halal eləyirəm. Təki bu piyada getməkdən məni azad edin.

Mir Hadının səsini eşidəndə Məhəmməd soruşdu:

– Sizi də tutublar, ağa? Biz elə bildik ki, siz dərəyə girmədiniz?

– Əəə, dilinizi kəsin, yoxsa işiniz pis olar! – Yol kəsənlərdən biri onları hədələdi.

Çapqınçılar tacirləri bir gün dolandırandan sonra bir çayın kənarına gətirib gözlərini açdılar.

Sarban üzünü quldurların başçısına tutaraq dedi:

– Sən kürd ola-ola elatlıqda xəyanət edirsən. Paşa bəy də sənin kimi elatdır. Onun dəvələrini niyə aparırsan?

– Dəvələr Paşa bəyindir?

– Bəli, onundur... – Sarbandan qabaq Mir Hadı ağa dilləndi.

– Yaxşı, öyrənərik. Onun olsa, sizi buraxarıq. Indi isə hərəkət etmək lazımdır. – O kürd dilində nəsə deyib Məhəmmədgilin hərəsinə bir dənə təndir çörəyi, bir də ağ məcdiyə (pul) verib, iki tərəfi göstərdi: – Bax, belə getsəniz, Həsənqalaya çatarsınız, beləsinə getsəniz, düz Ərzuruma çıxacaqsınız. Xoş gəldiniz...

Özləri dəvələri sudan keçirib, şərqə tərəf getdilər.

Müsafirlər çayın kənarında bir qədər dayanıb, zınqırovları açılan, səssiz-sədasız gedən dəvələrin ardıncə həsrətlə baxdılar. Onlar ailələrinin həyat sərmayəsini arxalarında aparan dəvələrdən gözlərini çəkə bilmirdilər. Dəvələr uzaqlaşdıqca, onların arzuları da uzaqlaşırdı. Tacirlər soyulub müflisləşdiklərini elə bil ki, indi başa düşdülər. Sərmayadarlıq aləmində yoxsulluq elə bir yanğıdır ka, adamı odsuz ocaqsız yandırır. Əli ilə Məhəmməd bu dərdi hələ yaxşı dərk etmirdilər. Var-dövləti əlindən çıxmış tacirlər oğlu ölmüş analar kimi, ağlayırdılar.

Məhəmməd durub çayın kənarına gəldi. Yuyunub sərinlədi. Sarbanla çapqınçıların söhbəti yadına düşdü. Neçə gün əvvəl Ağçayın qırağında Paşa bəyin gözəl qızı Dürdanə ilə oğrun baxışmaları gözünə dəydi. Qızın təbəssümü, nurlu çöhrəsi xəyalında canlandı. Dərindən köks ötürdü. Hələ də ağlayan yoldaşlarına müraciətlə:

– Ağlamaqdan bir şey çıxmaz! Ərzurum yolunu tutub gedək, görək başımıza nə gəlir.

Mir Hadı ağa ona ağlaya-ağlaya cavab verdi:

– Beşdə alacağın yox, ay oğul, üçdə verəcəyin, iyirmi beş ildir ki, gecəni gündüzə qatıb çalışıb, vuruşub, təzəcə əhli-əyalımı firavan dolandırmağa başlamışdım ki, əlim hər şeydən üzüldü. Bu yaşda indən belə nə edə bilərəm?

– Çarə yoxdur. Mir Hadı əmi, özümüzü Ərzuruma yetirib şikayət edərik. Dünya başlı-başınadır məgər? Nə qədər olsa, Türkiyə hökuməti buna cavabdehdir.

Kimsə Məhəmmədin sözlərini təsdiqlədi:

– Məhəmməd doğru deyir. Bizim dərdimizin əlacı Ərzurumdadır. Böyük şəhərdir. Orada İran konsulu oturur ki, bizim kimilərə kömək eləsin. Durun gedək.

– Getməmiş, buranı kəsib oturan deyilik ki! Amma mənə elə gəlir ki, Həsənqalaya getsək yaxşıdır. Oradan İrana qayıdıb, öz yerimizdə şikayətə başlarıq. – Bu sözlərlə Mir Hadı ağa yoldaşlarının fikrini bilmək istədi.

– Öz yerimizdəkilər buradakı oğurluğa baxa bilməzlər, – deyə müsafirlərdən biri etiraz etdi.

Onlar xeyli məsləhətləşəndən sonra Ərzuruma getməli oldular. Yolu min bir müsibətlə qət etdilər. Ərzuruma çatanda hamısının ayaqları şişmişdi. O qədər əzgin idilər ki, qırx günlük yatalaq xəstəliyindən təzəcə duran adama oxşayırdılar.

Müsafirlər nə olur-olsun, özlərini Iran konsulxanasına yetirmək istəyirdilər. Burada əcəm[17] konsulu olmaz” – sözünü eşidəndə elə bil başlarına qaynar su tökdülər. Mir Hadı ağa yenə burnunda deyindi: “Cəhd elə işin bəd gəlməsin, gələndə lap dədəli-nənəli gəlir”.

Nəhayət, soraqlaşa-soraqlaşa, günortadan bir az sonra gəlib Qanbur xananı[18] tapdılar. Bura iranlıların düşərgəsi kimi bir yer idi. Xançı Əhməd əfəndi gələn müsafirləri gülərüzlə qəbul edib, onların rahatlığını təmin elədi. Ancaq onlar adi müsafirə oxşamırdılar. Nə atları, nə silahları, nə üzəçıxmalı libasları, nə də xalça-xurcunları vardı. Elə buna görə də Əhməd əfəndi soruşdu:

– Əvvələn, doğrusun söyləyin, siz kimsiniz və nerədən gəlirsiniz?

Üç gündən bəri dillərinə çay dəyməyən çayxorları cızıldayan samovarın səsi elə valeh etmişdi ki, Əhməd əfəndinin nə dediyini başa düşə bilmədilər. O, sualını təkrarlamalı oldu:

– Doğrusunu söyləyin, şu qiyafə nə?

Mir Hadı ağa dedi ki, biz İran tüccarıyıq.

– Tüccar? – Əhməd əfəndi və orada olan başqa adamlar qah-qah çəkib güldülər. Onları şübhəli baxışlarda süzməyə başladılar. – Şu nasıl tuccar, yahu! Qalibi dilənçi də böylə olmaz!

Məhəmməd pərt halda cavab verdi:

– Bizi sizin torpaqda bu hala saldılar. Heç bilmirik dərdimizi kimə deyək...

Onlar pasportlarını Əhməd əfəndiyə göstərərək, başlarına gələn macəranı da danışdılar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info