Qonaq Kitabı
I Hissə

Intizardan qurtaraq – can, gülüm, can...”

 

Qasımağanın iyirmi yaşlarında olan bacısı əlini çadranın altına uzadaraq cibindən çıxardığı iynədanı badyaya salanda xor oxudu:

“Armud ağaçı haça – can, gülüm, can.

Əlim dolaşdı saça – can, gülüm, can.

Bir oğlan istərəm – can, gülüm, can.

Məni götürə qaça – can, gülüm, can...”

 

Mərasim qurtarandan sonra qız salınan şeyləri çıxarıb qadınlara payladı. Öz verdiyi şey özünə qismət olmuş qadınlar guya muradlarına çatacaqları üçün sevinirdilər. Bəxti düz gətirməyənlər isə pərt oldular.

“Cangülümdən” sonra qadınlar həyətin o biri tərəfindən tüstüləyən ocağın başına gəldilər. Ocağın üstündə yekə bir qazan asılmış, yan-yörəsinə çoxlu odun yığılmışdı. Bir qadın əlindəki kürək sapına oxşar ağac ilə qazanı qarışdıra-qarışdıra oxuyurdu:

“Səməni, çaldım səni,

Saxla məni,

Ildə göyərdərəm səni..”.

 

Bunu deyən kimi, o biri qadınlar da ona qoşuldular

Şənlik axşamadək davam etdi...

Üç gün sonra bayram idi. Yaz girəcək, il təhvil olacaq, təbiət diriləcək, dağ-dərə güləcək, adamlar köhnə ili sağ-salamat başa vurduqları üçün bir-birinə gözaydınlığı verəcəkdilər.

Balaca Məhəmməd də təzə ildən məktəbə gedəcəkdi.

4.

Böyük şəhərlərdə Novruz bayramı çox uzun sürür. Lakin Xamnə kimi qəsəbələrdə üç gündən artıq çəkmir. Birinci gün qəsəbənin hakimn, xanı, molla və seyidləri evlərindən bayıra çıxmır, camaat onların görüşünə gedir. Ikinci, üçüncü günlər isə qəsəbə əhli bir-birinin evinə gedir, bir-birinin təzə ilini təbrik edir.

Bayramın birinci günü idi. Xan sübh tezdən çiyinlərini, sinəsini ata-babasından miras qalmış nişanlarla bəzəyib, qızıldan qayrılmış şir-xurşid ordenli qara papağını başına qoymuşdu. O, pəncərə qabağında oturub sulu qəlyan çəkirdi. Təxminən günortaya yaxın onun bayramını təbrik etməyə gələnlərin qabağı açıldı. Əyan, əşrəf, qəsəbənin ağsaqqalları, tacirlər hamıdan qabaq xanın qapısından içəri keçdilər. Sonra qəsəbə camaatı, böyükdən kiçiyə xanın evinə tərəf axışmağa başladı. Günorta vaxtı xanın həyətində böyük bir izdiham yarandı...

Məhəmməd də təzə paltar geymiş, atasının göndərdiyi çəkmələri dizə kimi çəkib qapı ağzında dayanmışdı. Uzaqdan Qasımağa göründü. Məhəmməd onun qabağına yüyürdü. Qolundan tutdu. Çəkə-çəkə evə gətirdi. Zəhra xanım qardaşı oğlunun bayramını təbrik etdi, üzündən öpdü və ona bir dənə qırmızı yumurta verdi. Əyninə geydiyi təzə abı məxmər arxalığının cibini yemişlə doldurdu. Uşaqlar sevincək həyətə düşdülər.

– Xanlıq evini görmüsən? – deyə Qasımağa Məhəmməddən soruşdu.

– Yox, görməmişəm.

– Onda gedək. Bu saat camaat oradadır, xanın təzə ilini mübarəkə gediblər.

Onlar atıla-atıla xanın evinə tərəf getməyə başladılar.

...Xanın böyük darvazalı qapısının qabağındakı meydan sulanıb süpürülmüşdü. Çoxlu adam durmuşdu. Bəzisi silahlı idi. Qapının o tərəf-bu tərəfində duran iki nökər xanın görüşünə gəlmiş köhnə, cırıq paltarlı adamları kənara itələyir, içəri buraxmırdı. Bu arada bir dəstə kəndli gəldi. Qabaqda gedən kəndxudadan başqa hamısı keçə papaq qoyub, çarıq geymişdi. Boynundan üç-dörd qumrov asılmış bir ağ qoçu, onlar əlvan rənglərlə boyayıb gətirmişdilər. Qara papaqlı bir kişi qoçun xaltasından çəkirdi. Qapı qabağında dayanıb, adamları içəri buraxmayan nökərlərdən biri onu görüncə, kənara çəkilib baş endirdi:

– Fərəc kəndxudanın bayramı mübarək olsun, – deyə əlini ona tərəf uzatdı. Kəndxuda da ciblərini araşdırıb nə isə çıxardı və onun ovcuna basdı:

– Sizinlə bahəm, ay Məmi bəy!

Kəndxuda ciblərini bir də yoxlayıb, bu dəfə əlini o biri nökərə tərəf uzatdı:

– Həsən bəyin də bayramı mübarək olsun, – dedi.

Nökərlər kəndxudaya yol verdilər. Kəndlilər də onun dalınca içəri keçdilər. Bunu görən Qasımağa:

– Tez gəl, biz də onlara qarışaq, – deyə Məhəmmədi dalınca dartdı.

Onlar xanın həyətinə keçdilər.

Xan qonaqları ilə söhbətə məşğul olsa da, fikri həyətdə idi; gəlib-gedəni gözdən qoymurdu. Altı yaşlı oğlu da yanında oturmuşdu. Xanın gözü kəndxudaya və onun dalınca gələn bəzəkli qoça sataşanda gülümsəyib oğluna dedi.

– Gör Fərəc kəndxuda sənə necə qoç gətirib!

Oğlan tez pəncərənin qabağına yüyürdü. Xanı pəncərədən görən kəndxuda iki əlini sinəsinə qoyub təzim etdi; kəndlilər də ikiqat oldular. Onların arxasınca gələn Qasımağa ilə Məhəmməd də xanı və oğlunu gördülər. Xan oğluna dedi: 

– Bax, kəndxudanın oğlanlarıdır. Get onlarla oyna.

Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:

– Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qabağında içsinlər. Kəndxudanı isə çağır dəhlizdə otursun.

Xanın oğlu lələsi ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bütün Iranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmədin qəşəng, yaraşıqlı çəkmələrindən ayıra bilmirdi.

– Bunları haradan almısan?

Məhəmməddən qabaq Qasımağa dilləndi:

– Ağası Urusiyyətdən göndərib, – dedi. – Sonra Məhəmmədə dönərək: – Çıxar zurnanı da görsün.

Məhəmməd qoltuğundan zurnasını çıxardı. Püflədi. Xanın olu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:

– Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm... Ver mən də çalım.

– Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Məhəmməd camaatdan uzaqlaşaraq, həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bilməyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:

– Ver, mən də çalım...

Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir həvəslə zurnanı çala-çala pəncərənin altında cərkə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:

– O tərəfə getmə, ayıbdır.

Xanın oğlu isə onu eşitmirmiş kimi addımlarını bir az da yeyinlətdi. Bu dəfə Qasımağa özünü ona yetirdi:

– Ayıbdır, getmə:

– Kimdən ayıbdır? – deyə xanın oğlu soruşdu.

Məhəmməd kəndliləri göstərdi:

– O kişilərdən.

– Bıy, onlar niyə kişi olur?

– Bəs nədirlər?

– Kəndli! – deyə xanın oğlu yenə yoluna davam etdi.

Oğlan kəndlilərin yanına yetişəndə Qasımağa hirslə onun ətəyindən çəkdi:

– Gəl bu tərəfdə nə qədər istəyirsən çal...

Xanın oğlu dartınıb irəli cummaq istədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qapdı. Ərköyün böyümüş xan oğluna bundan böyük

təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxaraq atasının anında özünü yerə vurdu. Ömründə bəlkə də oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:

– Sənə nə oldu? Sənə nə oldu?..

– Kəndxudanın oğlanları, – deyə boğula-boğula danışan uşaq sözünün ardını gətirə bilmədi.

– Kəndxudanın oğlanları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda isə dəhlizdə ləzzətlə çay içirdi.

– Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütməkdir?! Uşaqların Əlixan ağanı döyüblər...

Özlərini xana göstərmək istəyən lələ də dedi:

– Sənin qoduqların Əlixan ağanı döyüblər?

Hər yerdən kəndxudanın başına yumruq yağdırdılar.

– Baba, vallah mənim qoduqlarım kənddədir. – Kəndxudanın boğula-boğula dediyi bu sözləri heç kəs başa düşməsə də, xanın oğlu kəndxudanın uşaqlarında olan zurnanı istədiyini atasına qandıra bildi. Xan tez nökərlərini çağırdı:

– Bir adam gəlsin! – Pişxidmətlərdən biri tez içəri daxil oldu. – Özü ilə işiniz olmasın, qoduqlarında bir zurna var, onu alıb bura gətirin.

Nökərlər kəndxudanı sıxma-boğmaya saldılar:

– Tez ol, zurnanı ver, filan filanşüdənin oğlu:

– Baba, and olsun mərhum Sərtibin ərvahına (xanın atasıdır) mən yanımca uşaq gətirməmişəm. Zurna nədir, zad nədir?

– Axmaq oğlu, axmaq, o yekəlikdə xan yalan danışır?

– Əstəğfürullah, mən elə ərz eləmədim, deyirəm, bəlkə xan səhv eləyir. Əgər mənə inanmırsınız, bax, bu ağsaqqallardan soruşun, qoy onlar desinlər.

Nökərlərdən biri kəndlilərin yanına gəlib soruşdu:

– Burda siz uşaq gördünüz?

Ağsaqqallardan biri dedi:

– Hə, iki oğlan uşağı Əlixan ağa ilə oynayırdı, əllərində də zurna vardı, çalırdılar. Elə burada idilər. Əlixan ağa çalanda uşaqlar qapıb qaçdılar.

– Vay, köpək oğlu! – deyə nökər kəkələndi. – Kəndxuda bir dənə zurnadan ötrü utanmadan Sərtibin ərvahına da and içirdi.

Xan başını pəncərədən çıxardı:

– Gədə, füzul oğlu, füzul, bəs necə oldu?

– Qurban, kəndxuda yalan deyir ki, uşaq gətirməmişəm. Budur, bu kəndlilər deyir ki, onun uşaqları Əlixan ağanın əlindən o şeyi alıb qaçdılar.

– Yüyür yerin altında da olsa, o vələdüznaları tap, bağırda-bağırda gətir bura!

Nökər həyət qapısına tərəf qaçdı.

Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb hənəkləşə-hənəkləşə gedirdilər. Meydana çatmamışdılar ki, nökər uşaqlara yetişdi. Ancaq geyimindən onları heç də kəndli balasına oxşada bilmədi: “Bəlkə xanın qohumlarının, ya başqa xanların uşaqlarıdır” – deyə əvvəlcə tərəddüd etdi. Sonra onların qabağına keçərək soruşdu:

– Siz indi xanlıqda idiniz?

Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

– Oradaydıq, nə olsun?

– O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınızdır?

Məmməd “o mənim özümküdür” deyən kimi nökər uşaqların ikisini də yaxasından tutub dik qaldırdı: “Köpək oğlu kəndxuda, indi sənə göstərərik. Gör necə dikbaş uşaqlar böyüdüb!”

Bu, novun yanında Fatı nənəni itələyən nökər idi. Qasımağa ağlayır, Məhəmməd isə “Burax! Burax!” deyə çırpınıb, onun əlindən çıxmağa çalışırdı. Canavar sürüdən qaçırdığı qoyunu dişində sürüyən kimi, o da uşaqları pəncərənin qabağına sürüdü. Onlar pəncərənin qabağına yetişəndə başqa bir nökər kəndxudanı pillələrdən endirirdi.

– Köpək oğlu, köpək, bəs deyirdin uşaqlarım kənddədir. Bunlar kimin qoduğudur?

– Mən nə bilim, a başına dolanım? Mən şəhər uşaqlarını nə tanıyıram?

Xan ilə oğlu pəncərədən baxırdı. Oğlan Məhəmmədi göstərərək ağlamağa başladı:

– Bax, o çəkməgeyən oğlandadır zurna...

Nökər Məhəmmədin cibindən zurnanı çıxaranda bu dəfə o qışqırmağa başladı:

– Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!

Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı:

“Ağam Urusiyyətdən göndərib” – deyə onu yamsıladı, –Ağan qələt eləyib!

Məhəmməd yerdən qalxınca nökər pillələri yeyin-yeyin çıxdı...

Xan oğlunun pəncərə qabağında oturub zurnanı çalması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nəkərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdan eşiyə atsınlar...

...Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəmmədin xatirəsindən silə bilmir, o, xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı...

 

5. 

Yazın ən gözəl vaxtı idi. Həyətdə meyva ağacları çiçəklənmişdi. Elə bil hər yerə ağ çadır sərilmişdi. Məhəmməd qışda qar yağanda da öz həyətlərini belə gözəl görmüşdü. Ancaq indiki gözəlliyin ayrı hüsnü vardı! Bir-birinə macal verməyən bal arıları güldən-gülə qonub, öz yüklərini tuturdu. Nəğməli quşlara tamaşa etməkdən könül doymurdu.

Məhəmməd səhər tezdən durub həyətə enmişdi. O, ağacların altında dayanıb, altdan yuxarı çiçək salxımlarına baxır, onların xoş ətrini udurdu. Həyətin bir tərəfində pişik marığa yatıb, yerdə dən yeyən sərçələrin üstünə atılmaq istəyirdi... Uşağın sərçələrə ürəyi yandı, tez səkidən süpürgəni götürüb pişiyə tərəf tulladı. Pişik götürüldü, səsə quşlar da uçub ağaca qondu. Onlar budaqlarda civildəşərək, sanki Məhəmmədə öz minnətdarlıqlarını bildirirdilər.

...Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayısından çəkmirdi. Yaxşı bilirdi ki, dükançılar müştərini hamıdan, hətta öz bacıoğlanlarından da çox sevərlər, onların alver söhbətinə qarışmaq olmaz.

Müştəri gedəndən sonra dayısı onu yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü:

– Nə var, xeyir ola?

– Buyurmuşdunuz ki, bayramdan sonra məni məktəbə qoyacaqsınız, ona görə gəlmişəm.

– Hə, demişdim, bərakallah! Demək oxumaq istəyirsən?

– Bəli, dayıcan.

Dayı oturduğu döşəkçənin üstündən bu tərəfə keçib, dabanıyatıq ayaqqabılarını geydi, sonra qəfəsələrin birində satmaq üçün yığdığı kitabların arasından balaca bir çərəkə çıxarıb, Məhəmmədə uzatdı:

– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırmayasan ha!.. Gedək.

O, Məhəmmədin qolundan yapışıb məscidə[5] tərəf yollandı. Məhəmməd kitabı qoltuğunda bərk-bərk tutub, dayısının dalınca dinməz-söyləməz gedirdi. Dayısı məscidin hücrələrindən birinin qarşısında durdu. Içəridən qarışıq səslər eşidilirdi. Pəncərə qabağında oturmuş molla gələni görən kimi boğazını arıdıb onun salamını aldı.

– Və əleykümsalam, ey hafizi-xoşkəlam. Yuxarı niyə təşrif gətirmirsiniz? Buyurun, çay meyl eləyin...

– Sağ olasınız, axund ağa, mərhəmətiniz artıq olsun. Siz bu bacoğlu haqqında səy eləsəniz, bizim üçün hər şeyə dəyər.

– O barədə xatiri-şərifiniz asudə olsun. Onu yanımda oturdub, dərslərinə özüm baxacağam. Inşallah, Urusiyyətə gedən olsa, Hacı Əbdülhəmid ağaya yazın ki, gələn bahar bu zaman oğlunun Quran çıxmasıdır. Qoy sovqatı yağlı göndərsin. – Molla üzbəüzündə cərkə ilə oturan uşaqlardan birinə müraciət etdi: – Ay gədə, dur kitablarını da götür, get o Məhəmməd Hüseyn ilə Əlinağının arasında otur, – dedi. Sonra da balaca Məhəmmədə baxaraq başı ilə işarə etdi. – Başmaqlarını kəfşəkəndə[6], çıxar, keç otur burada.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info