Qonaq Kitabı
I Hissə

– Ağalara çay verin, – deyə Əhməd əfəndi tələsik çayxanadan çıxdı.

Çox çəkmədi ki, o, başqa bir adamla qayıtdı. Iran tacirlərinə məxsus qiyafədə olan bu şəxsin qırx-qırx beş yaşı ancaq olardı. Bu, xoylu Hacı Abdudla idi. O, Iran tacirlərinin Ərzurumdakı nümayəndəsi sayılırdı. Müsafirlərin dediklərini eşidəndən sonra soruşdu.

– Yəqin ki, acsınız və istirahətə ehtiyacınız var?

– Bəli, qurban...

O mahir dərzi kimi müsafirləri gözdən keçirdi və “Bu saat” deyib harasa getdi. Bir azdan iki məcməyidə üç-dörd cür yemək gətirdi.

Müsafirlər təzəcə yeyib qurtarmışdılar ki, cavan bir oğlan çayxanaya daxil oldu. Onun qoltuğunda iki böyük boxça vardı. Əhmədə müraciətlə dedi:

– Hacı Ağa buyurdu ki, böyük otağı ağalar üçün hazırlayasan. Bütün hesabını Hacı Ağa ödəyəcəkdir. – Üzünü müsafirlərə tutub sözünə davam etdi. – Mən Hacı Ağanın mirzəsiyəm. Hər şey hazırdır. Buyurub hamama təşrif apara bilərsiniz.

Hamı Mir Hadı ağaya baxdı. O, “Ya Allah!” – deyib yerindən qalxdı. Hacının tapşırığı üzrə mirzə özü onları hamama apardı.

Müştəriyə xidmət müsabiqəsi keçirilsə, Türkiyə hamamçıları yəqin ki, daim birinci olarlar.

Müsafirlər yuyunub qurtaran kimi, onları başqa otağa keçirdilər. Burada xeyli yumşaq təxt qoyulmuşdu. Hər təxtin üstünə təmiz mələfə salınmışdı...

Onlar hamamdan çıxanda qaranlıq hələ düşməmişdi. Mirzə müsafirləri Hacının evinə gətirdi. Hacı onlara əlindən gələn qədər yaxşılıq etdi. Yatmaq üçün müsafirlər durub karvansaraya getmək istəyəndə qapı ağzında Hacı onları dayandırdı:

– Bizlərdə adət belədir ki, qonaqdan haçan gedəcəyini soruşmazlar. Ancaq sizin işiniz belədir ki, gərək özünüzü ya Təbrizə yetirib, kargüzarlığın (xarici işlər nümayəndəsi) vasitəsilə mallarınızı tələb edəsiniz, ya da Trabzona gedib, Iran konsuluna şikayət edəsiniz. Ərzurum valisinə isə şikayət etməyi məsləhət bilmirəm. Mənə elə gəlir ki, bu çapqınları elə Ərzurum valisi özü təşkil edir. Birinci dəfə deyil. Onu dəfələrlə çanqınçıya yoldaş görüblər. Onun rəyi olmasa, Cəlali kürdləri Makudan basa-basa gəlib, Ərzurumun ətrafında – ticarət yolunda qarətçilik edə bilməzlər. Bir də onlar qarət etdikləri malları Azərbaycanda sata bilməzlər. Kürdlər bu malı Anadoluda, yaxud Türkiyənin başqa əyalətlərində əritməlidirlər. – O, səsini yavaşıtdı. – Əlbəttə, bu da yerli paşanın və valinin əli ilə ola bilər. Buna görə də Trabzona şikayət etməyin mənası yoxdur. Təbrizdə şikayət edəndən sonra onlar Tehrana, Tehran da Istambula yazacaq. Mənə elə gəlir ki, düz Istambula gedib, Babialiyə şikayət etsəniz, daha yaxşıdır. Bu qədər. Indi siz hansı tərəfə getməyi bu axşam fikirləşin. Sabah hücrəyə təşrif gətirərsiniz. Sizi istədiyiniz səmtə yola salarıq.

Mənzilə çatan kimi onlar Hacı Abdulla ağanın verdiyi kötüksüz siqarları yandırıb, söhbətə başladılar:

– Gədə, heç belə də iş olar?! Üç gün əvvəl hər şeyin olsun, aduva ümdəti-tüccar desinlər, bu gün çörək puluna möhtac qalasan! – deyə-deyə Mir Hadı ağa bir-iki kərə dizinə döydü.

– Dünyanın işi elə bundadır! – deyə bir ayrısı təsdiq etdi.

– Ticarət dediyin qumar imiş, baba! Məlumdur ki, qumarbazın anası gah döş əti yeyər, gah da döşünə döyər deyiblər.

– Məncə belə söhbətlərin xeyri yoxdur, – Məhəmməd dedi. – İnsan bir az dözümlü olsa, başına gələnlərdən bir nəticə çıxarsa yaxşıdır.

Mir Hadı ağa siqaretinə möhkəm bir qullab vurub istehza ilə soruşdu:

– Sən özünçün nə nəticə çıxarmısan bu oyundan?

– Mən belə bir nəticə çıxarmışam ki, məndən heç vaxt ticarət əhli çıxmayacaq. Bundan sonra bir də malım olmayacaq ki, talana getsin.

– Bəs nə edəcəksən? – Əli soruşdu.

– Mən sərvəti öz qəlbimə toplayacağam. Bu, yolkəsənləri, yoldan azanları yola gətirəcəyəm! – deyə Məhəmməd inamla cavab verdi.

Mir Hadı ağa başını buladı.

– Əstəğfurulla, əstəğfurulla, demək peyğəmbərlik edəcəksən? Məhəmmədi-dövvüm[19] olacaqsan?

Məhəmməd qaşlarını dartdı:

– İnsanları yaxşı yola, təkcə peyğəmbərlər dəvət etmirlər. Onu hər birimiz etməliyik. Amma bu, heç də o demək deyildir ki, mən qarətkarlardan mallarımızın alınmasını istəmirəm. Istəyirsiniz irəli gedək, istəyirsiniz evə qayıdaq.

– Evə? Allah atova rəhmət eləsin, evə qayıtmalı üz qalıb bizdə? Mən ölsəm də Təbrizə bu kökdə qayıda bilmərəm, – deyə Mir Hadı ağa əlini havada yellədi.

– Müsafirlər yer-yerdən səsləndilər.

– Mən də!

– Mən də!

– Mən də!

Nəhayət, Trabzona gedib, konsul vasitəsilə şikayət etməyi qət etdilər. Elə həmin günün səhəri yerli əhalinin yaylı dediyi (arabasayaq) minik vasitəsilə yola düşdülər. Hacı Abdulla onlara bir neçə lirə vermiş, utana-utana əlindən bu qədər kömək gəldiyini söyləyib üzr istəmiş, sonra Trabzonda İran tüccarlarının nümayəndəsi sayılan Hacı Məhəmməd Cəfər ağa İsfahanlının da bir həmvətən kimi onlara əl tutmağa borclu olduğunu əlavə etmişdi.

Ərzurumla Trabzonarası yollar yaxşı idi. Ərzurumdan çıxanda Köp gədiyinin başına kimi yollar yoxuşa qalxırdı.

Dağın ətəyinə çatanda arabaçı Köp gədiyi barədə bir əfsanə danışmağa başladı. Guya burda bir dəfə yaz vaxtı yeddi yüz dəvəni boran dondurubmuş...

Atlar çəkmirdi. Müsafirlər çayxanadan gədiyin başına kimi piyada qalxmalı oldular. Gədiyin lap kəlləsindəki çayxananın çayı, müsafirlərin dediyinə görə, dünyanın ən əziz nemətlərindən də dadlı idi.

Axşam azanına az qalırdı ki, müsafirlər, adına layiq olan Trabzona (“Tərəb-Əfzun” – şadlıq gətirən) bu şəhərə varid oldular. Həyətləri mürəkkəbatla (limon, portağal, narınc) bəzənmiş, üç tərəfdən bağ-bağça, bir tərəfdən dənizlə əhatə olunmuş şəhərin tamaşasından onlar doymurdular.

 

12.

Hacı Cəfər İsfahanlı arıq, uzun, ovurdları batıq bir kişi idi. O, hücrənin dib tərəfindəki miz arxasında əyləşib, çötkə çəkən mirzəyə nə isə deyə-deyə karvansara həyətinə girib-çıxanları gözdən qoymurdu. Elə bu zaman bizim müsafirlər həyətə girdilər. Hacı üzünü mirzəyə tərəf tütüb göstəriş verdi:

– Dur gör, onlar kimdir, haradan gəlib, haraya gedəndirlər?

Mirzə: “Buyurun, buyurun” – deyə müsafirlərlə görüşüb hücrəyə dəvət elədi.

– Ağalar haradan təşrif gətiriblər?

– Vətəndən.

– Bəh, bəh! Yenə əziz vətənin ətri hücrəni doldurdu, – deyə Hacı döşəkçənin üstündən durub, müsafirləri gülə-gülə qarşıladı. Böyük bir canfəşanlıqla əl verib, özünə yaxın bir yerdə oturtdu. Mirzəyə çay gətirməyi tapşırıb, qonaqların kefini xəbər aldı.

Mir Hadı ağa hamının əvəzindən təşəkkür edib, Hacı Abdullanın yazdığı məktubu ona təqdim etdi. Iki göz məktubun üzərində, səkkiz göz isə Hacının sifətində gəzməyə başladı. Məktubda Hacı Abdulla müsafirlərə üz verən bədbəxt hadisəni yazmış, Hacı Cəfərin onlara yardım etməsini xahiş etmişdi.

Hacının üzündəki bayaqkı şadlıq yavaş-yavaş əriyib yox oldu. Hacının uzun-uzadı fikrə getməsi müsafirlərin gözündə bədxəbər gətirən bir qasidin qaraltısı kimi göründü. Hacıda əmələ gələn dəyişikliyi qayıdıb gələn mirzə də anlayıb təəccübləndi. Haçandan-haçana Hacı dedi:

– Siz gərək oradan Irana qayıdaydınız... Keçib. Indi ki, buraya kimi gəlibsiniz, gedib, Darülsəadətdə (İstambulda) şikayət edin. Çünki buradakı Iran konsulluğu ləəğv olub. Hansı vaporla (gəmi ilə) getmək istəsəniz, sizlərçin bilet ala bilərik. Yenə də deyirəm, nə qədər tez getsəniz, bir o qədər sizin üçün yaxşıdır.

Müsafirlər bir-birinin üzünə baxdılar. Mir Hadı ağa hamının əvəzinə Hacıya təşəkkür etdi:

– Inşallah, Istambula çatıb, sizin vəsaiti yollarıq. Orda qohumumuz var.

Məhəmməd onun sözünü kəsdi:

– Mənim Istambulda qohumum yoxdur, mən Batuma getməliyəm. Batumdakı Islamiyyə müsafirxanəsinin sahibi bizim qohumdur.

– Pək eyi, Hacı ağa qoy səni Batuma göndərsin, – Hacı son sözünü də Mir Hadı ağaya dedi. – Verəsiyə (nisyə) vaporu ilə siz də gedə bilərsiniz. Amma bilməlisiniz ki, əgər Istambulda adamınız gəlib, pulu verib, sizi vapordan çıxarmasa, heyət sizi Zonquldağdakı daş-kömür mədənlərinə təqdim edəcək. Onlar da borcunuz ödənənə qədər sizi mədəndə işlədəcəklər.

Məhəmmədin rəngi ağardı, yerində otura bilməyib dik qalxdı:

– Mir Hadı əmi gedəyin. Atalar sözüdür: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!”

Onlar vidalaşmadan Hacının hücrəsindən çıxdılar. Yolda Məhəmməd yoldaşlarına dedi:

– Ürək yanmasa, gözdən yaş çıxmaz. Fələyin çərxinə də çərx deyirlər, dəlləyin çərxinə də.

– Hacı Abdulla da komisyonçudur, ayrı cür edə bilməzdi. – Yaşlılardan biri Məhəmmədi sakitləşdirmək istədi.

– Ya vəlvələdən, ya zəlzələdən! Olan olub, keçən keçib. Indi bizə lazımdır bilək ki, Verəsiyə vaporu gedir ya yox? Getsə, çox korluq çəkməyəcəyik.

– Ağa, belə vapor olsa da, bir neçə gün yaşamaq üçün bizə pul lazımdır. Cəmi birgünlük xərcimiz var. Əgər vapor doğrudan da üç gün sonra varid olub, bizi qəbul etsə, ikicə gün iftardan-iftara oruc tutmaq lazım gələcək.

O birilər danışmırdılar. Deməli, onun fikrini təsdiq edirdilər.

Onlar otaqlarına təzəcə yığışmışdılar ki, qapı vuruldu. Bir adam içəri daxil oldu. O, papaq əvəzinə başına başlıq sarımışdı. Onun cod saqqalı o qədər də uzun deyildi. Əlində tez-tez çevirdiyi kəhrəba təsbehin fındıq boyda danələri bir-birinə dəydikcə şaqqıldayırdı. Dodaqlarından təbəssüm çəkilməyən bu adam evə daxil olan kimi, “Mərhəba” deyərək, sağ əlini əvvəlcə döşünə, sonra da qaşının üstünə apardı.

Müsafirlər baxışdılar. Bununla da, gələn adamın kim və nəçi olduğunu bilmək istədilər. Müsafirlərin fikrini duycaq özü dedi.

– Bəndənizə laz Məmməd deyərlər. Istambula gedən həmşəhrilərin yarıdan çoxunu bən yola salıram. – Cibindən bir kağız çıxarıb göstərdi, – Budur, yüz iyirmi kişinin ismini Verəsiyə vaporuna yazdırmışam. Vapor yarın yox, o biri gün Batumdan gələcək, iki gün burada durandan sonra Qara dənizin sol qıylarındakı bütün isgələlərə vara-vara Istambula gedəcəkdir. Arzu etsəniz, sizi də yazardım.

Həqiqətən bir türk şirkətinin Verəsiyə adı ilə məşhurlaşmış iki köhnə gəmisi var idi. Bu gəmilər o qədər çürümüş, işdən düşmüşdü ki, onları dənizin ortasına buraxmaq olmazdı. Gəmilər sahil boyu az qala yerə toxuna-toxuna gedirdi ki, bu da çox uzun çəkirdi. Elə buna görə də məcburiyyətdə qalmayan adamlar bu gəmilərə minməz, səfərə çıxmaz və onlarla yük daşımazdılar. Bununla belə bu gəmilərin gəliri o birilərdən daha çox idi. Onlar bir vaxt Hindistandan, Ərəbistandan Amerikaya qul aparıb satan gəmilərə çox oxşayırdı. Gəmilərin ikisi də bir gündə Istambuldan çıxar, hərəsi Qara dənizin bir tərəfindən hərəkət edər, səfərləri iki-üç ay çəkərdi. Sərnişinlərinin yetmiş faizi iranlılar, onların da əksəriyyətini azərbaycanlılar təşkil edərdi. Hər kəsin hansı şəhərdə adamı varsa, sifariş göndərər, gəlib borcunu verər, adamını çıxarıb aparardı. Gəmi sahibləri adamı olmayanlara daha çox talib idilər. Onlar belələrini Istambulun yaxınlığındakı Zonquldağ daşkömür mədənlərinə verib, əvəzində daha çox pul alırdılar. Təhvil verilənlər isə borclarını ödəyənə kimi orada işləməli olurdular.

Mir Hadı ağa dilləndi:

– Bizdən dörd nəfəri Istambula yazın. Bu cavan oğlan isə Batuma gedəcək.

– Oho, burası bir az eyi olmadı. Şu əfəndiyə Batuma getmək üçün mütləq nəqd para lazımdır. Yaxud...

Məhəmməd onu dayandırdı:

– Olmaz ki, mən gəmi ilə Istambula kimi gedəm, oradan məni Batuma qaytarıb, yol kirəsini də elə orada alasınız? Batumda mənim qohumlarım çoxdur. Hamısı da varlı-hallı.

– Hay, hay, neçin olmaz? Hər işi yaparsan, olar!..

– Çox yaxşı, bunu belə də edərik – deyə Mir Hadı ağa yarı osmanlı, yarı Azərbaycan ləhcəsi ilə razılığını bildirdi...

Verəsiyə vaporu suyun içində dar bir zindana oxşayırdı. Gəminin iki böyük anbarı adamla dolu idi. Bu anbarlar boşqab boyda çoxlu pəncərələrlə işıqlansa da, hər anbarda ancaq dörd pəncərəni açmağa icazə verilirdi. Dəniz dalğalı olduğu vaxtlar onları da bağlayırdılar. Bir sözlə, anbarların havası həddindən artıq ağır və üfunətli idi.

Gəmi Qara dənizin yaşıl sahilindən çox da aralanmadan gedirdi. Səyahətin üçünçü günü gəmidə bədbəxt bir hadisə üz verdi. Bu, Məhəmmədin ürəyini sıxdı.

Gəmi hərəkət edəndən sonra Məhəmmədlə Əli ney kimi inildəyən bir gəncə təsadüf etdilər. Oğlanı ayaqyoluna yaxın bir yerdə uzatmışdılar. Onun heyva kimi saralmış üzünü tük basmış, gözləri çuxura düşmüşdü. Oğlanın dövrəsində dizlərini qucaqlayıb oturan adamlar əlacsızlıq ifadə edən baxışlarını xəstəyə zilləmişdilər. Məhəmmədlə Əli onların yanına yetişəndə qırx dərəcə hərarət içində yanıb-qovrulan xəstəyə otuz-otuz beş yaşlı bir kişi təsəlli verərək deyirdi:

– Novruz dadaş, ürəyini sıxma. Allah kərimdir, yaxşı olarsan. Birlikdə işlərik. Bunların borcunu da verərik, vətənə də yollarıq.

Xəstə yoldaşının sözlərini eşitmirdi. Birdən arıq əlini yuxarı qaldırıb, dizinə vuraraq çığırdı: “Ay Şeyx Dərviş ocağı, bircə kərə anamı görüm, ondan sonra canım halalın olsun!”

Məhəmməd tez xəstəyə sarı əyildi:

– Novruz, Novruz, sakit ol, Novruz...

Elə bil xəstəyə qüvvə gəldi. Gözlərini ətrafa dolandırdı. “Kaş bir şey olaydı, dayanıb oturaydım” – deyə zarıdı. Hamı bir-birinə baxdı: Əli keçib xəstənin dal tərəfində oturdu. Mehriban bir ahənglə:

– Mənə söykən, – dedi, – qorxma, səndə heç bir şey yoxdur.

O, xəstənin od kimi yanan başını qaldırıb, sinəsinə basdı.

Məhəmmədin yadına ilk dofə Novruzla tanış olduğu gün, onun ata-anası və Fatı nənə düşdü, xəstədən hal-əhval soruşdu.

– Soruşma, qurbanın olum, soruşma! – deyə o, zəif bir səslə cavab verdi. – Sən de görüm necə oldu ki, bu gəmiyə minməli oldun? Mən bu gəmidən salamat qurtarmayacağam... Məhəmməd, Xamnəyə yolun düşsə, anama...

Xəstə qəhərlənib, sözlərinin dalısını deyə bilmədi.

Gəmi hələ Samsona çatmamışdı ki, xəstənin vəziyyəti daha da ağırlaşdı. Onun ətrafında oturanların yarısını öz qara gününə, yarısı da xəstəyə, bu nakama, dünya nemətlərindən məhrum oğlana ağlaşmağa başladı.

Məhəmməd atasından eşitmişdi ki, bir vaxt onunla bərabər Məkkə ziyarətinə gedən xamnəli Hacını gəmidə xəstələndiyi üçün diri-diri dənizə tullayıblar. Bu əhvalat Məhəmmədin yadına düşcək cəsarətləndi, Novruzu suya atmaq istəyən gəmi xidmətçilərinə təpindi. Bu hay-haraya başqa müsafirlər də qəhmər çıxdı. Kimdisə xidmətçinin ayağından çəkib, üzüüstə yerə sərdi. Üz-gözünə neçə yumruq dəydi. Döyüş başlandı. Lakin gəmi xidmətçilərindən beş-altı dəfə çox olan sərnişinlər qalib çıxdılar. Məhəmməd dedi:

– Doğrudan da, böyük qeyrət elədiniz. Təəssübünüzə görə təşəkkür edirəm. Atalar doğru deyib ki, el bir olsa, zərbi gərən sındırar!

– Əbəs yerə deməyiblər ki, dirilik birlikdədir.

Məhəmmədi kapitanın yanına çağırdılar. Nə öz yoldaşları, nə də başqa sərnişinlər onu getməyə qoymadılar. Ancaq Məhəmməd özü kapitanla görüşmək, onunla üz-üzə gəlmək istəyirdi.

Kapitan öz kiçik otağında oturub, ayağını ayağının üstə aşırmışdı. Onun qızarmış gözləri qatil və məst adamların gözlərinə oxşayırdı. Məhəmməd otağa varid olanda kapitan başını qaldırıb, onu diqqətlə süzdü. Bununla da o, Məhəmmədin üsyankar təbiətini cilovlamaq, onu öz ixtiyarına almaq istədi. Lakin əksinə oldu. Bayaqkı vuruşdan qalib çıxan Məhəmməd yaxşı bilirdi ki, bu səyyar zindandakı ağır həyat şəraiti onun sakinlərini elə birləşdirmişdir ki, kənardan dövlət işə qarışmasa, Istambulun özünə kimi nə kapitan, nə də onun köməkçiləri onlara bir şey edə bilməyəcəklər. Elə buna görə də o, ürəyini boşaltmaq üçün tək-tənha kapitan səkisinə qalxmışdı.

– Mənə nə sözün var?

– Sən nerəyə gedirsən, yahu? – Kapitan mülayimliklə soruşdu.

– Batuma gedəcəyəm.

– Biz səni Batuma kimi apara bilmərik. Samsonda düşürəcəyik.

– Onu siz edə bilməzsiniz! Biletim birbaş Batumadır. Məni Batuma aparmalı və paranızı orada almalısınız! Məndən başqa dənizə atmaq istədiyiniz xəstənin də Batumda bilet pulunu məndən alacaqsınız.

Kapitan səsini ucaltdı:

– Yahu, sən bənimlə ortaqmı oldun? Budalanın biri budala, sən də xasta da Samsonda düşməlisiniz!

“Ortaq” və “budala” sözlərini söyüş hesab edən Məhəmməd ondan bədtər qışqırdı:

– Ortaq da, budala da sən özünsən! Sən çarvadar kimi bir şeysən. Məni istədiyim yerə çatdırıb, kirayəni alarsan.

“Çarvadar” sözünün mənasını başa düşməyən kapitana elə bil neştər batırdılar.

– Çıx bayıra, cingənə əcəm, Samsonda iyini-tozunu da görməyim!

– Mən gedirəm, işlər Samsonda bəlli olar.

Məhəmməd kapitanın yanından çıxıb aşağı düşdü. Hamı onu gözləyirdi. O, kapitanla olan söhbəti müxtəsərcə izah edəndə Mir Hadı ağa dedi:

– Qələt eləyir, başını daşa döyür! Məgər dünya sahibsizdir? Istəyəndə soyub malımızı alırlar, bir az xəstələnəndə özümüzü dəryaya atırlar, kefləri çəkəndə çıxarıb şəhərlərdə azdırırlar.

– Vallah Samson konsulxanasında özümə od vurub yandıraram!.. – Nisbətən yaşlı bir kişi onun sözlərinin üstünü götürdü.

– Allah vurub onu! Bizə heç nə eləyə bilməz! Hamılıqca düşüb konsulxanaya doluşarıq...

Cavanların çoxu bu sözü deyənə tərəfdar çıxdı:

– Vəli dayı doğru deyir. Biz hazır!..

Kimdisə bu həyəcanı sakitləşdirməyə çalışdı:

– O, bizə güldən ağır söz deməyəcək. Canım, biz olmasaq, onun gəmisinə kim minəcək! Lirələri ona kim verəcək? Bizə hədə-qorxu gəlir ki, qiymətini artırsın. Amma söz həmindir ki, ağa buyurdu – konsulxanaya!

...Gəmi Samson limanında dayananda dərd nəfər gəlib, Məhəmmədə xəbər verdi ki, şeylərini də götürüb gəmidən çıxsın. O, etiraz etmədən durub gedəndə anbardan hay-küy qopdu. Hamı onun arxasınca gedib vapordan düşdü.

Körpü adamla dolu idi. Buradakı hambalların da çoxu iranlı idi. Onlardan biri irəli gəlib, həmşəhərlilərinin dərdini soruşdu. Əhvalatı biləndən sonra hamıdan qabaqda gedən Mir Hadı ağaya dedi:

– Rüşvət verməyə paranız olmasa, oraya getməyin əfəndim.

Bu sözü eşidənlərin hamısı gülüb, başlarını tovladı.

– Paramız olsaydı, ay rəhmətlik oğlu, Verəsiyə vaporuna nə üçün minirdik?

Elə bu vaxt vaporun xidmətçilərindən bir neçəsi onların yanına gəlib, Məhəmmədlə daha işləri olmayacağını bildirdi və onları vapora dəvət etdi. Camaatın bir çoxu qayıtmaq istəyəndə Mir Hadı mane oldu:

– Xeyr, xeyr! Sizin kapitan elə bilir ki, dünya sahibsizdir? Yox, hərənin özünə görə bir sahibi var!

Bir az sonra saylarının üstünə bir özləri qədər də işsizlər və küçə uşaqları artan müsafirlər şahənşah konsulxanasının qabağına toplaşdılar.

Konsulxana heyəti konsulun özündən, bir fərraş və təzkirəçidən ibarət idi. Bu qədər həmşəhrlinin görünməsi konsulu qorxutdu. Üzünü fərraşa tutub, amiranə

bir tövrlə dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info