Qonaq Kitabı
I Hissə

– Müavinlə dəftərdarı tez çağır!

Fərraş özünü itirmədi:

– Qurban, müavin mülk işi üçün valinin yanına gedib, dəftərdarı da şəhər idarəsinə özünüz yolladınız.

– Süvarilərdən kim var? Tövlə həyətinə bir bax... Həsən bəy, Heydər bəydən birini çağır:

Fərraş yenə də təzim etdi:

– Qurban, Həsən bəy şirkət haqda maliyyə idarəsinə, Heydər bəy isə Bəybulağa, jandarm komandanı ilə görüşməyə gedib.

Mir Hadı ağada konsulun quldurlardan malları alacağı ümidi çoxaldı. Konsul üzünü Mir Hadıya tutub soruşdu:

– Nə hadisə üz verib?

Mir Hadı hər şeyi olduğu kimi danışdı.

Əhvalatı anlayıb biləndən sonra həm konsulun, həm də fərraşın gözləri güldü. Yaxşı tütünü ilə məşhur olan bu şəhərdə iranlılardan iyirmi-otuza yaxın alverçi, əlliyə yaxın kəndli, bir o qədər də fəhlə, hambal ailəsi yaşayırdı. Təbii ki, bu, yarımkonsulluğu lazımınca yaşada bilmirdi. Axı, o zaman Iranın kifayət qədər büdcəsi yox idi. Əksər hallarda yerli idarələr öz başlarını dolandırmalı olurdu. Idarənin əmlakı konsulun öz malı idi.

Təxminən, qırx yaşlarında olan konsul arıq, qaraşın adam idi. Nazik qara bığlarını osmanlılar kimi burub yuxarı qaldırmışdı. O zaman türklərin Alafranka modası dedikləri qara surtuk, ağ jilet, zol-zol şalvar onu bir xalqın xidmətçisindən daha çox, mehmanxana sahibinə oxşadırdı.

Konsul bir qədər fikirləşəndən sonra üzünü qapı qabağında dayanan fərraşa tutub dedi:

– Əli bəy, bu saat iskələyə gedib, əhvalatı bilərsən. O, axmaq oğlu kapitanı da özünlə götürüb bura gələrsən. Indi ki, istəmir, qoy bunları haradan götürüb, aparıb oraya da qoysun. Yoxsa onun əlindən Babi-aliyə şikayət yazıb, bunların bütün xasirətini alarıq.

O, danışdıqca, “Bəli, bəli” – deyə Əli bəy də təzim eləyirdi. Axırda “bə çeşm” deyib həyətdən çıxdı.

Mir Hadı ağa Məhəmmədə baxıb qaşlarını oynatdı. Bununla da, “İşə, bax, belə baxarlar! – demək istəyirdi. – Konsul belə olanda gör onda səfir cənabları bu laməzhəblərin başına nə oyun gətirər!”

Əli bəy körpüyə tərəf gedəndə kapitan da müavini ilə konsulxanaya, bir sözlə, öz müştərilərinin ardınca gəlirdi. Başındakı qarpıza oxşar qara papağın üstündəki nişandan onlar Əli bəyi tanıyıb, sərnişinlərin əleyhinə danışmağa başlayanda, köhnə fərraş gah Babi-alidən, gah Xarici İşlər naziri Ziya paşadan, gah sədr-Əzəmdən, gah da onlarla Istambul səfirinin dostluğundan, sultanın özündən o qədər danışdı ki, ömrünü xəyanətkarlıqla keçirən kapitanla müavini qorxudan əsməyə başladılar. Odur ki, konsul həzrətləri işə sülh yolu ilə baxarsa, hər sərnişin hesabına ona bir quruş verməyi boyunlarına götürdülər.

Kapitanla müavini görən sərnişinlər şad oldular. Mir Hadı ağaya talanmış mallarını alıb versəydilər, bu qədər sevinməzdi. “Pədər süxtə, adamı ayağa belə gətirdərlər!”

Əfəndilər otağa daxil olub, salam və əl verəndən sonra konsulun göstərdiyi səndəllərdə əyləşdilər. Konsul söz açmaq istəyəndə kapitan onu qabaqladı:

– Bəy əfəndi, yəqin ki, şu din qardaşlarımız biz olmadan zati-alilərinizə kəndi sözlərini söyləmişlər. Bəy əfəndi bizi də onlarsız dinləsə, ədalətli olmazmı?

Əli bəy konsulla baxışdılar:

– Olar, olar, – deyə konsul Mir Hadı ağa ilə o birilərə baxdı.

– Neyləyək, qoy nə sözləri var, desinlər, – deyə Mir Hadı ağa durub otaqdan çıxdı. O birilər də çölə çıxdılar. Qonşu otağın pəncərəsindən öz həmşəhrlilərinə baxıb, kədərlənən təzkirəçi Məhəmmədi yanına çağırıb dedi.

– Siz nahaq yerə şikayət etdiniz. Şikayət edəndən sonra da gərək konsulla kapitanı tək buraxmayaydınız.

– Nə üçün?

– Deyəsən birinci kərədir ki, sənin bu xarabaxanalara işin düşür. Onlar konsulun yanından çıxandan sonra bilərsən.

– Sizcə, konsul da ədalətsizlik edəcək?

– Əlbəttə! Bu konsullar ki, var, qoyun dərisinə girmiş canavar kimi bir şeydir.

– Çox qəribədir.

– Burada qəribəlik yoxdur. Məvacibsiz nökər hər cür rəzalətə əl atar.

– Konsulun məvacibi yoxdur?

– Hətta fərraşınkı da yoxdur.

– Bəs sizin?

– Mənə bir cüzi para yardım edilir.

Məhəmməd heyrətləndi:

– Nə üçün sizə məvacib verirlər, onlara yox?

– Axı təzkirəçilik üçün savad və xarici dilləri bilmək lazımdır. Konsul isə savadsız da ola bilər.

Təzkirəçinin bütün dedikləri Məhəmmad üçün təzə idi. O, təzkirəçinin otağından çıxıb, gəmi kapitanının konsula rüşvət verəcəyini yoldaşlarına söyləyəndə, kobud bir səs eşitdi:

– Əcəb başıpozuq adamlarsınız?! Gəmidə oturub, gəmiçi ilə dava eləyirsiniz. Axı, nə işiniz var ki, gəminin daxili işlərinə qarışırsınız.

– Gəminin daxili işləri hansıdır, cənab konsul? – Məhəmməd tez xəbər aldı.

– Gəmiçilər xoşu gələn adamı yaxşı yerdə oturda bilər, xoşu gəlməyəni pis yerdə. Elə şarlatan adam olar ki, onu gəmi sahibi lap döyə də bilər. Gəmidə xəstələnənləri, əgər yoluxucudursa, dəryaya da ata bilər. Bunların kimə nə dəxli var?

Məhəmmədin səsi daha da gurlaşdı:

– Yox, cənab, gəmi sahibi canı ağzından çıxmayınca, heç kəsi dənizə ata bilməz!

Kapitan özünü saxlaya bilmədi:

– Kimi dənizə atmaq istəyirdilər? Yahu, bu iftiradır!

– Mənim həmyerlim Novruz Cəlil oğlunu...

Konsul Məhəmmədi camaatdan ayırmaq istəyərək dedi:

– Ay oğlan, sən çox diliuzunluq eləyirsən, – Mir Hadı ağaya işarə edərək: – Bu boyda kişi dura-dura sənin atılıb düşməyin yersizdir.

– Cavanlığına baxmayın, onu biz vəkil təyin etmişik. – Yaşlı bir kişi dilləndi.

Mir Hadı ağa da onun sözlərini təsdiqlədi:

– Onun sözü bizim sözümüzdür!

Arxadan bir neçə adam səsləndi:

– O, bizim vəkilimizdir:

Indiyə kimi başına min oyun açdığı millətdən belə bir ittihad və birlik, dəyanət və möhkəmlik görməyən konsul bir az yumşaldı, səsinin ahəngini dəyişərək dedi:

– Qanı qan ilə yumayıblar, su ilə yuyublar. Yola getmək lazımdır. Kiçik bir işdən ötrü belə mərəkə düzəltmək nəyə lazım?!

Bir qədər də danışıqdan sonra sərnişinlər gəmiyə qayıtdılar. Gəmi dərhal yola düşdü...

 

13.

Istambul iskələsində[20] qeyri-adi canlanma vardı. Verəsiyə vaporunun bu gün gələcəyini eşidən iranlılar əzizlərindən bir xəbər tutmaq üçün buraya toplaşmışdılar.

“Məhəmməd xalaoğlu”, “Əli dayıoğlu”, “Qulu bibioğlu”, “Həsən dadaş” deyə çığırışırdılar. Adamlarını görüb sevinənlərin, görməyib kədərlənənlərin, habelə hönkürtü ilə ağlayanların səsi bir-birinə qarışmışdı.

Gəmi xidmətçisi pillənin başında durub, hesabını, borcunu verənləri buraxır, verməyənləri isə geri itələyirdi.

Məhəmməd bir bucağa qısılıb o tərəf, bu tərəfə şütüyən qayıq və gəmilərə, körpüdə gəzən işsizlərə baxır, gözlərinin yaşını saxlaya bilmirdi: “Bədbəxt millət, sən nə vaxt tərəqqi yoluna qədəm qoyacaqsan!”

Axşamüstü bir nəfər təbrizli Mir Hadı ağa ilə yoldaşlarının borcunu ödəyib aparmağa gələndə Məhəmmədi də onlardan ayırmaq istəmədi. Lakin Məhəmməd Novruzu buraxıb, getməyi namərdlik hesab edirdi. Mir Hadı ağadan Novruzun atasını tapmasını xahiş etdi.

Sabahı Mir Hadı ağa ilə yoldaşları təkrar gəmiyə gəldilər. Onlar Novruzun atasını tapa bilməmişdilər. Əmisi Xəlilin çoxdan vəfat etdiyini və varissiz olduğundan əmlakına konsulxananın yiyələndiyini xəbər verdilər. Təbrizli yenə də Məhəmmədi Istambulda düşürtməyə cəhd etdi. Mir Hadı ağa hətta səfirin qarət olan malları alacağına söz verdiyini bildirdi. Məhəmməd gülümsəyərək:

– Məni daha dünya malı maraqlandırmır, – dedi. – Mən Qafqaza, oradan da Təbrizə qayıdıb, təhsilimi davam etdirəcəyəm!

Öz millətinin fəlakətli həyatını görən Məhəmməd nə cür olursa xalqa xidmət etməyi qərarlaşdırmışdı.

Nəhayət, onlar Məhəmmədə bir qədər yolxərci verib, ondan böyük həsrətlə ayrıldılar. Elə həmin günü gəmi Zonquldağa sarı yola düşdü. Istambula gətirdiyi sərnişinlərin böyük hissəsini düşürən vapor qalanlarını daşkömür mədənlərinə təhvil verib, hesablarını alacaq, sonra Qara dənizin sol sahili ilə öz səfərini davam etdirəcəkdi.

Vapor dənizə doğru uzanan iskələnin başında taxtadan qayrılmış birmərtəbəli evlərə, daxmalara sarı irəliləyirdi. Körpünün başına toplaşan, əvvəlcə qarğa boyda görünən adamlar anbaan böyüyürdülər. Məhəmmədlə Novruzdan və Odeesaya gedən bir neçə yoxsul fəhlədən başqa yerdə qalan sərnişinlərin hamısını qayıqlara doldurub quruya çıxardılar. Quldarlıq dövründə olduğu kimi, insan alveri başlandı. Insanlar da qoyunsayaq dərəcəbənd olundu. Yaşca cavan, bədəncə sağlam olanlar o birilərə nisbətən baha qiymətə satılırdı.

Axşam qaranlıq düşəndə iyirmiyə qədər sərnişin vapora mindi. Onlar işləyib, borclarını ödəyənlər idi. Yüzlərlə yoldaşını burada itirən bu adamların da yarıdan çoxu iranlı, ən çoxu da azərbaycanlı idi.

Novruz yavaş-yavaş sağalır. Kayutun divarlarından yapışa-yapışa hərəkət edə bilirdi. O, həyata qaytarılmasında Məhəmmədin zəhmətini bilirdi. Novruz yəqin etmişdi ki, atası onu hamıdan əvvəl vapordan çıxarıb aparacaq, Məhəmmədin ona etdiyi yaxşılıqların əvəzini çıxacaq, dostunun kapitana olan borcunu verib, onu da azad etdirəcəkdir. “Yaxşı, əmimin əmlakına konsulxana yiyə durub, bəs atam necə olub? – dedi. – Axı, o, quş qanadında olsa belə, mənə xəbər çatdırardı. Yəqin ki, atamın başında bir qəza var!..”

Novruz indi öz xəstəliyini unudub ancaq və ancaq atasını düşünürdü.

Məhəmməd isə Cəlilin tapılmamasını tamam başqa cür izah edirdi. Samson konsulunun əməli onda bütün konsullara qarşı şübhə yaratmışdı: “Xəlilin əmlakını yeyən adamlar Cəlil kimi varisi üzə çıxmağa qoyardılarmı? Kim bilir, yazığın başını harada batırıblar...”

Məhəmməd ürəyindən keçənləri Novruza söyləmirdi. Onun atasını Batumda tapacağına söz verir, xəstəni kədərlənməyə qoymurdu.

Zonquldağdan yola düşdükləri gecənin səhəri Məhəmməd hava almaq üçün göyərtəyə çıxmışdı. Dənizin üstünü çən almışdı. Təkcə vaporun burnu görünürdü. O qədər çəkmədi ki, sərnişinlərdən və gəmi əmələlərindən bir neçəsi də göyərtədə göründü.

Məhəmmədin diqqətini bir qoca cəlb etdi. Bu, dünən axşam Zonquldağda gəmiyə minənlərdən idi. Məhəmməd onu harada isə görmüşdü. Çox fikirləşdi, ancaq yadına sala bilmədi. Kişi gəlib, Məhəmmədin yanında durdu. Onu diqqətlə süzdü. Başındakı qara tacir papağından, əynindəki qara mahud paltarından bu oğlanın iranlı olduğunu yəqin edən kişi soruşdu:

– Oğlum, haradan gəlirsən?

– Irandan gəlirəm, əmi.

Cavan oğlanın cavabı kişiyə qəribə gəldi. Axı, bu gəminin Istambuldan gəlib, Batuma yol aldığını bilirdi.

– Yəqin məni yaxşı başa düşmədiniz? Iranlı olduğunuz bəllidir. Mən haradan gəldiyinizi soruşdum, – deyə kişi sualını təkrarladı.

Irandan Trabzona gəlmişdim, oradan da Batuma gedirəm.

– Azərbaycanlısan, eləmi? Hansı yerdən olduğunuzu bilmək olarmı?

– Nə üçün olmaz? Təbrizin yaxınlığındakı Xamnədənəm.

Kişi sevinclə qışqırdı:

– Oğlum, mən də xamnəliyəm ki! – Məhəmmədi bağrına basandan sonra soruşdu, – hələ bir de görüm köpək oğlu Nəsrulla xan sağdırmı?

– Sağdır, necə məgər?

– Məni yurd yuvamdan didərgin salan o it oğludur!..

Kişi arvad-uşağından, qohum-qardaşından, dost-aşnadan əvvəl, həyatını dağıdan zalım xandan danışdı.

– Nəsrulla xan da durur, oğlu da. Deyirlər oğlu özündən də zülmkardır. Bizim Xamnədən qürbətə düşənlərin hamısının baisi Nəsrulla xanla oğludur.

– Xamnədə, kimlərdənsən, oğlum?

– Hacı Əbdülhəmidin oğluyam.

Kişi uşaq kimi sevindi:

– Hacı Əbdülhəmidin oğlu?! Zəhra xanımın oğlu?! Bəs məni tanımırsan? – Dözməyib özü öz sualına cavab verdi: – Yox, tanıya bilməzsən. O vaxt sən uşaq idin, mən də indiki kimi qocalmamışdım. Sənin anan Zəhra xanımın dayısı evində nökər idim. Kaş ki, ömrüm boyu onların evində qalıb, dərbədər düşməyəydim!.

Məhəmmədi xəyal apardı O, dənizlərdən keçib, düzənləri aşıb, dağlardan addayıb özünü uşaqlıq günlərinə yetirdi. Fatı nənə, Gövhər xala, anası. Ilk dəfə Novruzla görüşdüyü gün... daha nələr, nələr xəyalından keçdi. Məhəmməd, qarşısında dayanmış bu qocanın ağ saqqalına, bir şikayətnamə kimi alnına yazılan qırışlara baxıb birdən qışqırdı:

– Buuy, Cəlil əmi, sənsən? – deyib qocanın boynunu qucaqladı.

Xeyli ağlaşdılar, sevindilər.

– Oğlum, bəs sən bu lənətə gəlmiş, vaporda neyləyirsən?

– Danışaram, sənə danışaram.. Əvvəlcə siz deyin, Zonquldağa necə düşmüsünüz? – Məhəmməd kişinin sualına cavab verməmişdən qabaq onun halından xəbər tutmağı münasib bildi.

– Zonquldağ demə, oğlum, cəhənnəm de! Elə bil o dünyadan qayıtmışam. Oradan sağ-salamat qurtarmaq özü bir möcüzədir. Indi nigarançılığım bircə Novruzdandır. O, uşağı da mən yerindən oynatdım. Dərbədər salıb bədbəxt elədim. – Qoca gözlərinin yaşını saxlaya bilmədi.

Məhəmməd onu muştuluqladı:

– Novruz salamatdır, qorxma, – dedi. O, səndən nigarandır, ancaq bir az xəstədir.

– Xəstədir? Mənim balam xəstədir? Bəs haradadır?

– Elə buradadır. Ancaq, Cəlil əmi, bir az səbirli olun. Səni qəfildən görsə, qorxar. Gözlə burda mən gedim sənin burada olduğunu ona xırda-xırda çatdırım.

Ata istər-istəməz bu şərtə razı olsa da, qəlbindəki oğul həsrəti tufan kimi anbaan güclənir, onu Novruza sarı itələyirdi.

...Məhəmməd Cəlil kişini çağırmağa gedəndə Novruzun çuxura düşmüş gözləri qapıya zilləndi. Atasını tapdığına inana bilmirdi. “Atam ya Batumda, ya da Istambulda olmalı idi. O, Zonquldağa haradan gedib çıxıb?!” Novruz atasının Zonquldağa getmək səbəblərini nə qədər araşdırsa da, araşdıra bilmədi. Birdən gözləri həddindən çox zəifləmiş atasına sataşdı. Qalxmaq istədi, sevincindən ürəyi getdi.

– Oğlum! Ata yüyürüb balasını qucaqladı. – Mənim balam!..

Ata ilə oğulun görüşü hamının gözlərini yaşartdı.

Cəlil kişi öz sərgüzəştini oğluna nağıl etməyə başladı:

– Batumdan sənə məktub yazdırandan sonra özüm Istambula yola düşdüm, həm də konsul vasitəsilə əmoğluya bir teleqraf yolladım. Yəqin eləyirdim ki, o məni Istambulda qarşılayacaq. Istambulda hamının adamı gəldi çıxdı, bircə əmoğludan savay. Küçədə qoltuğumda boxça gəzirdim ki, bir həmşəhriyə rast gəldim, əmoğlunu soruşdum. Tanımadı. O, məni karvansaraya apardı. Dalandarından tutmuş böyük tacirinə qədər iranlı idi. Iranın elə şəhəri yox idi ki, bu karvansarada oranın bir neçə adamı olmasın. Kimdən Xəlili soruşdum, dedi ki, o iki ay olar rəhmətə gedib. Həmin karvansarada yaşayan axundun əli ilə arvadının kəbinini, həştyekini çıxandan sonra bütün var-yoxunu mənə bağışlamışmış. Amma çifayda ki, konsulxana hamısını nəqd eləyib, guya Irana, mənə göndəribmiş. Qaldım xərcsiz. Konsulxanaya çox get-gəl elədim, bir şey çıxmadı. Tək deyildim... mənim kimiləri çox idi. Onlar da konsulxananın yolunu ağartmışdılar. Nəhayət, bir gün cənab konsul bizi yanına çağırıb dedi ki, buradakı həmşəhriləri biqeyrətlik basıb; indi ki, vətənə qayıtmaq üçün sizə borc vermirlər, mən verərəm. O, hər birimizə yarım lirə yol xərci verib, bir kağız yazdı, biz də barmaqlarımızı basdıq. Bir başıbağlı paket də verib dedi ki, gəmi idarəsinə verərsiniz, sizə Batuma kimi bilet verərlər. Elə həmin gecə, bax, bu gəmi ilə yola düşdük. Səhər sübh işıqlananda gəldilər ki, durun, yetişdiniz. Mən lap məəttəl qaldım! Axı, gələndə o yekəlikdə gəmi bizi üç günə gətirib çıxarmışdı, necə oldu ki, bu cür pis gəmi Batuma bir gecədə çatdı?..

Sən demə, Batum yox, Zonquldağ imiş. Nə isə, bizi idarə kimi bir yerə aparıb, xəbər verdilər ki, hər biriniz cənab konsula beş lirə borclusunuz. Borcunuzu

ödəyincə, burada işləyəcəksiniz! Biz çox dedik, onlar az eşitdi. Nə başınızı ağrıdım, işləməyə məcbur olduq. Oradakı adamların çoxu iranlı idi. Onların da əksəriyyəti konsulların əli ilə bəlaya düşmüşdü. Bizi yerin altında işlədirdilər. Daşkömür çıxardırdıq. Mən orada olduğum müddətdə mədən iki kərə yatdı, nə qədər adam torpaq altında qaldı...

 

14.

Məhəmməd Batumda iki gündən artıq qalmadı. Üçüncü gün bilet alıb Cəlil kişi ilə Novruzu Bakıya yola saldı, özü isə Tiflisə getdi. Təbrizdən çıxalı ikinci dəfə idi ki, Məhəmməd səfər yoldaşlarından ayrılırdı...

Istambul da hesaba alınsa, Tiflis onun gördüyü beşinci şəhər idi. Bu şəhərdə onun ən vacib işi – Mirzə Fətəli Axundzadənin qalan əsərlərini tapıb oxumaq idi. Axı, dostu Badamçıya söz vermişdi ki, imkan olan kimi, əsərlərin üzünü köçürüb ona da göndərəcək.

Tiflisdə qaldığı müddətdə dəfələrlə əsərlərinə məftun olduğu o böyük şəxsiyyətin məzarını ziyarətə getdi.

Burada “Kitabi-Əhməd məsaliki – möhsün”[21] müəllifi Talıbovla tanışlığı Məhəmməd üçün ikinci xoşbəxtlik oldu. Marağalı tacir Azərbaycan və Iran haqqında yeni, maraqlı fikirlər söyləyir, Məhəmmədin indiyədək eşitmədiyi söhbətlər edirdi.

...Tiflisdən Mahaç-Qalaya gələn Məhəmməd bütün vaxtını Qərb ədəbiyyatını mütaliəyə sərf etdi... Nəhayət, o, Təbrizə gəlib arzuladığı talibiyyə mədrəsəsinə daxil oldu. Bu vaxtacan o, iki alimin yanında dərs almışdı: Hacı Mirzə Həsəndən fiqh-üsul elmini, Mirzə Əbdüləli Təbrizidən iso nücum elmini öyrənmişdi.

Günlər ötür... Hər ötən gün isə ona bir yenilik gətirirdi. Təbriz gəncləri arasında özünə yeni dostlar, yeni həmməsləklər tapmışdı...

 

15.

Abağa, Ələnd dağlarından sərçeşmə alan Ağçay, Səkmənabad, Çaypara, Mərəkan mahallarının arası ilə axıb Arazla qovuşur. Qışın yağıntılı və yağıntısız keçməsindən asılı olaraq Ağçayın suyu gah çoxalır, hədd-səddini aşır, gah da azalır, mahalın əkin yerlərini susuz qoyurdu. Aranda gül-çiçəklər solanda, yaşıl otlar bozarmağa başlayanda, dəniz kimi dalğalanan zəmilər qızıl kimi qızaranda, məcməyilər ağ tutla dolanda, bostançının bayramı başlananda yaylaqlara bahar gəlir, yaz gəlir, bülbül oxuyur, gül-çiçək üzə gülür, atlar kişnəyir, qoyun-quzu mələşir. göy guruldayır, çiskinli yağış aram-aram çiləyir, göy qurşağı kaman kimi əyilir, dağ başını duman-çən alır, çoban-çoluğun səsi dağlara, düzlərə düşür; bir tərəfdə bubbu saçını darayır, o tərəfdə kəklik fərəsini arayır, rəngbərəng kəpənəklər uçuşur...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info