Qonaq Kitabı
I Hissə

– Fatı nənə, dur, deyəsən çilləlik gətirirlər!

Özü qapını açmağa getmək istəyəndə anası onu çağırdı:

– Sən gəl, otur. Qapını Fatı nənə açar.

Məhəmməd anasının yanında oturub, gözlərini düz otaq qapısına zillədi.

Gələn dayısı evinin xidmətçisi idi. Onun qucağında üstünə məxmər örtük çəkilmiş bir məcməyi var idi. Örtüyün kənarından sallanan enli zəncirlərin saçaqları tərpənir, otağa işıq salırdı. Xidmətçi qadın məcməyini kürsünün üstünə qoyub çəkildi. Zəhra xanım xonçanın üstündən örtüyü götürdü. Məcməyidə rəngbərəng peşmək, neçə dənə qırmızı alma, nar və bir boxça var idi. Boxçaya bir çarqat, neçə metr də çit qoyulmuşdu. Zəhra xanım şeyləri götürəndən sonra boşqablardan birinə on şahı xırda pul atdı. On şahını görən xidmətçinin gözləri işıqlandı:

– Allah sənə ömür versin, – deyə məcməyini götürüb getdi.

Qapını bağlamaq üçün Fatı nənə də onunla bərabər həyətə düşdü. Zəhra xanım bir alma, bir nar. bir nəlbəki peşmək oğluna verib, bir o qədər də Fatı nənə üçün ayırdı. Sonra qalan şeyləri götürüb sandıqxanaya keçəndə Məhəmmədin səsi eşidildi:

– Ana, bəs qarpız?

– Dayan, Fatı nənə gəlsin, gedib zirzəmidən gətirərsiniz.

Bu vaxt həyətdən zınqırov səsi eşidildi.

– Bu nə səsdir, anacan? – Məhəmməd vahimələndi.

Zəhra xanım işi anlayıb güldü. Yarım dəqiqə keçmədi ki, dəhlizdə xısın-xısın danışan adamların səsi eşidildi. Fatı nənə gülə-gülə qayıtdı:

– Canı yanmış kişilərdir, Kosa-gəlin çıxardıblar...

Söz arvadın ağzından qurtarmamışdı ki, qavalın müşayiəti ilə üç-dörd adam otağa girdi. Məhəmməd ilk dəfə idi ki, Kosa-gəlini görürdü. Yekəpər bir adam qulaqlarına başmaq tayı bağlayıb, üzünü un ilə ağartmışdı, sifətinə də uzun bir saqqal taxmışdı. Aşağısı geniş, təpəsi dar olan papağından iri bir zınqırov asılmışdı. Əlində yekə dəyənək var idi. Ondan xeyli alçaqboy bir oğlan isə qadın libası geyib, üz-gözünü arvadlar kimi bəzəmişdi. Dəfçalan adam ilə o biriləri qapı qabağında dayanıb oxumağa başladılar:

“Bayram gəlir, qohum-qardaş şad olsun,

Sağlıq olsun, ləzzət olsun, dad olsun.

Tanış-biliş uzaq yaxın yad olsun,

Qoy düşmənin canı çıxsın, işi fəğan, dad olsun.

Bircə qismət verin, Kosa şad olsun...”

 

Qaval ağır-ağır çalındıqca, Kosa ilə gəlin də oynayırdı. Kosa gəlini tutmaq istəyir, o isə nazlanıb o tərəf bu tərəfə qaçırdı. Sonra mahnı birdən sürətlənir, gələnlər yeyin-yeyin oxuyub çalırdılar. Kosa yıxılır, oxuyanlar mahnılarına davam edirdilər:

“Kosam ölmək istəyir.

Dərdin demək istəyir.

Bir qazan xaşıl aşı

Olsa, yemək istəyir”.

 

Gəlin Kosanın başı üstündə oturub ağlayırdı:

“Kosamız öldü, aman!

Işimiz oldu yaman.

Ona ver bircə qran,

Kör nə dirilmək istəyir!”

 

Məhəmməd, Fatı nənə və Zəhra xanım onlara baxıb gülürdülər. Nəhayət, Zəhra xanım on şahı qara pul çıxarıb verən kimi Kosa dirildi, onların qabağında baş əydi. Zınqıldaya-zınqıldaya otaqdan çıxdılar.

Hamı gedəndən sonra Məhəmməd soruşdu:

– Onlar kim idilər? Niyə belə edirdilər?

Zəhra xanım öz-özünə deyindi: “hə də, yenə sorğu-sual başlandı”.

– Onları Fatı nənə yaxşı bilər. Qoy sənin üçün danışsın.

Kosanı dəhlizdən yola salan Fatı nənə otağa qayıdan kimi Məhəmməd anasına verdiyi sualı ona da verdi.

Fatı güldü:

– Sən elə gərək hər şeyin axırına yetəsən? Hər fəslin özünə görə oyunu olar, camaatı əyləndirər. Bu da qış oyunudur, bala.

Kosa barədə Fatı nənə bir xeyli izahat verəndən sonra Məhəmmədlə bərabər düşüb zirzəmidən qarpızı gətirdilər. Qarpız kəsildi. Zəfəran kimi çıxan qarpızın içi azca ötmüşdü.

Məhəmməd günləri barmağı ilə ötürüb, çaharşənbə və bayramı gözləyirdi. Dayısının “Inşallah, sizdəh[3] keçən kimi səni məktəbə qoyacağam”, – vədi yadına düşdü. Səbri lap tükənirdi.

Kiçik çillədən on gün sonra havalar xoşalmağa başladı. Həyət-bacadakı qar yığınları anbaan kiçilir, şam kimi əriyirdi. Bir axşam Fatı nənə canamazdakı təsbehi götürüb, nəyi isə hesabladı və inamla dedi:

– Bu gələn cümə axşamı Xıdır Nəbidir:

Sabahdan qovud hazırlanması qərara alındı. Fatı nənə xeyli qarğıdalı və buğda qovurub, bir-birinə qatdı. Məhəmmədi də özü ilə götürüb Zəhra xanımın siğə bacısıgilə getdi. Qovurğalar onların böyük əl dəyirmanında üyüdülüb una çevrildi. Qovud evə gələndən sonra onu mis məcməyiyə töküb namazxanaya gətirdilər. Unu təpə şəklinə saldılar. Yanına da su dolu aftafa-ləyən, bir qab doşab, bir şamdan, bir gülabdan gülab qoyub çıxdılar. Şamdanın yanına kibrit qoymağı da unutmadılar.

Bütün bu işləri diqqətlə seyr eləyən Məhəmməd kürsünün başına qayıdan kimi anasından soruşdu:

– Fatı nənə deyir ki, gecə Xızır peyğəmbər bizə qonaq gələcək, doğrudur?

– Doğrudur, bala:

– Xızır peyğəmbər kişidir, ya arvad?

– Fatı nənə əllərini əlinə vurub güldü:

– Heç arvaddan da peyğəmbər olar?

– Niyə olmur!

– Allah-taala belə buyurub.

Məhəmməd bir az fikrə gedəndən sonra soruşdu:

– Sən dedin ki, Xızır peyğəmbər kişidir?

– Əlbəttə, kişidir:

– Onun bizim evimizdə nə işi var?

O gələcək, üzünə gülab vuracaq, əllərini yuyub, doşabla qovud ovub yeyəcək. Sonra da pəncəsini qovuda basıb gedəcəkdir.

Bütün xamnəlilərin evinə girib hər evdən ən azı bir nəlbəki qovud yeyən Xızır peyğəmbər, Məhəmmədin gözündə dəvədən də böyük göründü. Uşağa elə gəlirdi ki, bu qədər qovud yeyən adamın qarnı, heç olmasa, un çuvalı yekəlikdə olar. Belə yekəpər bir adam karvansaranın darvazasından güclə keçə bilər. Bəs o, namazxananın balaca qapısından içəri nə cür keçəcək? Bundan başqa, namazxanaya girmək üçün o, gərək bu otaqdan keçib getsin. Məhəmmədlə anası da elə bu otaqda yatırdılar. “O yekəlikdə kişi mənim anam yatan otaqdan gəlib keçəcək? Bu, ola bilməz! Qoy peyğəmbər, ağam evdə olanda gəlsin”.

Məhəmməd bunları fikirləşdikcə qaşlarını çatıb, birdən Fatı nənəyə tərəf döndü:

– Nənə, qapıları möhkəm bağla, dəhlizin qapısına da qıfıl vur.

– Niyə bala? – deyə Fatı nənə təəccüblə ona baxdı.

– Qoy Xızır peyğəmbər bizə gəlməsin.

– Niyə, oğlum? – Bu dəfə anası təəccüblə soruşdu.

– Qoy ağam evdə olanda gəlsin.

– O bizim əlimizdə deyil, bala.

– Bəs kimin əlindədir?

– Allahın.

– Allahın adamları hamısı belə zorakıdırlar? O yekəlikdə kişi gəlsin, sən də, Fatı nənə də burada yatasınız? Elə iş olmaz. Qoy getsin dayıcangilə. Nə qədər istəyir, onlarda yesin. Mən qoymaram Xızır peyğəmbər bura gəlsin!..

Fatı ilə Zəhra xanım gülməkdən uğunub keçindilər. Xızır peyğəmbərin bağlı qapılardan, bacadan, qapı arasından da keçməyə qadir olması barədə oğlana xeyli danışdılar. Məhəmməd isə öz dediyinin üstündə durmuşdu:

– Yox, Xızır peyğəmbər bağlı qapıları aça bilməz! – Keçib qapıları içəri tərəfdən bağladı.

Səhər işıqlanan kimi hamıdan əvvəl duran Məhəmməd namazxanaya keçdi.

– Gördünüz, sizə dedim ki, bağlı qapıdan heç kəs keçə bilməz. Hər şey axşam qoyduğumuz kimidir!

Xızır peyğəmbərin keçib getməsi üçün Məhəmməd çox sevinirdi. Indi uşaqların səbirsizliklə gözlədiyi axır çaharşənbə və Novruz bayramına lap az qalırdı.

Novruz bayramı günlərinin ömrü qızılgülün ömrü qədər az olacaqdır. Sizdəhdən sonra Məhəmməd məktəbə gedəcəkdi.

Qarın əl-ayağı tamam yığılmış, təbiət uzun qış yuxusundan oyanmışdı. Ağır örtüyünü üstündən atan otlar baş qaldırıb dağı, bağı, çəməni, çölü yaşıllığa bürüyürdü. Həyətdəki meyvə ağacları da tumurcuq bağlamışdı. Dünənə kimi donub qalan Güney arxı dil açmış, bahar nəğməsini oxumağa başlamışdı.

Bir axşam Fatı nənə Məhəmmədə demişdi: “Dörd gün keçər, beşinci gün axır Çaharşənbə axşamıdır”. Məhəmməd indidən özünə uzun bir şal hazırlamışdı. Çaharşənbə axşamı səhər tezdən Fatı nənə qırmızı xoruzu kəsdirib gətirəndə Məhəmməd anasından aldığı on şahını cibinə qoyub, qarağacın dibindəki kuzəsatanın yanına qaçdı. Iki şahı verib özünə bir dənə gözəl naxışlanmış balaca “Çaharşənbə kuzəsi” aldı. Bu kuzəni o, sabah tezdən novun altından keçəndə su ilə

dolduracaqdı. Sonra fışqı[4] satanın yanına kedib, yeddi şahılıq cürbəcür fışqı aldı. Evlərinə qayıdanda yolda dayısı oğlu Qasımağaya rast gəldi. Qasımağa dərsə gedirdi. O, Məhəmmədin aldığı şeylərə baxandan sonra:

– Mən məktəbdən çıxanda alacağam. Sən axşam məni gözlə, bir yerdə şal salmağa gedərik, – dedi. – Tək getmə ha, səni döyərlər!

– Məni Döyərlər? – Məhəmməd dik-dik onun üzünə baxdı və yoluna davam etdi.

Hava bir az buludlu idi. Azançı minarədən düşəndə ətraf tamamilə qaralmışdı.

Fatı nənə həyət qapısını açıq qoyaraq gündüzdən xiyabanın arasında bir yerə topladığı yovşanlara od vurdu:

– Gəl ey!.. Fatı nənə yovşanları yandırdı! – deyə Məhəmməd anasını səslədi. Zəhra xanım şölələnən yovşanların yanına gəldi. Onun yaşı qırxa çatsa da, gənclik təravətini hələ də saxlayırdı. Evdə büründüyü çit çarşabını çiyninə salıb, odun yanına çatanda dedi:

– Bu axşam adam yaxşı sözlər danışar... – Oğlunun yetikliyini bilən və indicə sorğu-suala başlayacağından qorxan ana tez sözünə davam etdi: – Axı, bu axşam camaat niyyət eləyir, qulaqasdıya çıxır; hər adam eşitdiyi birinci sözü gələn il üçün mizan tutur, fal qurur. Odur ki, qapıları açıq qoyub yaxşı sözlər danışırlar.

Məhəmməd alovun üstündən sıçramağa hazırlaşırdı ki, gözü onlara yaxınlaşan və xısın-xısın gülən iki çadralı qadına sataşdı.

– Allah balacığazını saxlasın, Zəhra xanım, doğrudan halalzadasan! – Nisbətən yaşlı qadın Zəhraya xeyir-dua verdi. – Neçə ildir ki, mən qulaqasdıya çıxıram, amma bu cür uyarlı sözlər eşitməmişdim.

Ikinci qadın cavan gəlin idi, yaşlı qadın danışdıqca o da utana-utana gülürdü. Yaşlı qadın gənc qadına işarə edərək:

– Elə ikimizin də falına cavab verdin. Üç-dörd ildir ki, yazıq uşağa qalmır. Deməli, gələn il bağlı qapılar üzümüzə açılacaq, işlərimiz yaxşı olacaq, inşallah, gəlin də bir oğlan doğacaq, – deyəndə cavan qadın xəcalətdən əlini üzünə apardı.

– Inşallah, inşallah – deyə Zəhra xanımla Fatı nənə də onlara ürək verdilər.

Qadınlar qayıdıb getmək istəyəndə yaşlı qadın Məhəmmədə tərəf dönərək:

– Bizə şalatdıya gələrsən, – dedi. – Sənin üçün bir dənə bərk yumurta saxlamışam.

– Çox sağ olun, Xırda xala... Zəhra xanım onlara dil-ağız edib həyət qapısından yola saldı. O, təzədən odun yanına qayıdanda Məhəmməd “Atıl-batıl çərşənbəm, baxtım açıl çərşənbəm” – deyə-deyə alovlanan yovşanların üstündən atılırdı. Uşaq yeddi kərə atılandan sonra anasına dedi:

– Gəl, ana, indi də növbə sənindir.

Zəhra xanım çadrasını Fatı nənəyə verib, odun üstündən tullandı:

Fatı nənə toyuqplov bişirmişdi. Şam çox tez yeyildi. Süfrəni təzəcə yığışdırmışdılar ki, dəhliz qapısından içəri bir şal tulladılar. Zəhra xanım qardaşının şalını o saat tanıdı. Şalı atan Qasımağa idi. Şalın ucuna bir qırmızı alma, bir dənə nar bağlayıb, “hə, çək!” – deyə çığırdı. Şal çəkiləndən sonra Qasımağa içəri gəldi. Məhəmmədi də götürüb birgə şalatdıya getdilər.

Məhəmməd birinci dəfə idi ki, şalatdıya gedirdi. Damlar, küçələr qulaqfalına çıxmış qadınlar, qızlar, əli şallı yeniyetmələrlə dolu idi.

Iki-üç saatdan sonra Məhəmməd evə qayıtdı. Onun cibləri qırmızı yumurta və meyvə qurusu ilə dolmuşdu (Xamnə qəsəbəsi bağlı-bağatlı olduğundan, dadlı meyvə qurusu bol idi).

Anası Məhəmmədə dedi:

– Indi soyun yat, səhər tezdən nov altına gedəcəyik.

Günəş hələ çıxmamışdı ki, dəyirmanların ətrafı adamla dolmuşdu. Ətəklərini çirməyib dağın başına çəkilən, kövrək qar altından baş qaldıran növruzgülü, qar çiçəyi və bənövşələr də sanki bu bahar bayramını təbrikə gəlmişdi. Yeni ildə öz muradlarına çatmaq üçün niyyət edən qadınlar, qızlar, oğlanlar, hər biri yeddi dəfə novun altından keçirdi. Bəziləri isə təzə kuzələrini novun suyundan doldurub, dinməz-söyləməz qəsəbəyə qayıdırdı.

Məhəmməd, anası, Fatı nənə və iki nəfər qonşu qadın novun yanına təzəcə yetişmişdi ki, bir neçə adam camaatı o tərəf-bu tərəfə itələyib irəli soxuldular və arxalarınca gələn dörd qadına yol açdılar. Zəhra xanım oğlunun qolundan tutub kənara çəkildi. Gələnlərdən biri Fatı nənəyə yetişəndə istehza ilə güldü:

– Kaftara bax! Gününü görüb, dövranını sürübsən, guya sən nov altından keçməsən dünya uçar? – deyə onun döşündən itələdi. Bu, Məhəmmədə bərk toxundu. Bədənini üşütmə tutdu. – Istədi ki, yerdən daş götürüb, onun başına çırpsın. Zəhra xanım oğlunun niyyətini duyub, dərhal qolundan yapışdı:

– Oğlum, bu yana gəl, Allah özü onların bəlasını verəcək, – dedi.

– Onlar kimdir ki, Fatı nənəni itələyirlər?

– Onlar bu qəsəbənin sahibidir, oğlum, eşitsələr, bizim də abrımızı tökərlər.

Məhəmməd hirsindən dodaqlarını çeynəyə-çeynəyə qaldı. Qəzəbindən gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Dişlərini qıcıb yumruqlarını düyümlədi.

– Onlar adamdır, biz yox? – deyə qışqırdı.

Zəhra xanım əli ilə onun ağzını qapayıb, pıçıltı ilə dedi:

– Sus, bala, evdə hər şeyi sənə başa salaram...

Xanımlar çıxıb gedəndən sonra Məhəmmədgil də novun altından keçdilər. Bu vaxt Məhəmməd Qasımağanı gördü. O, təzə kuzəsini su ilə doldurub qayıdırdı. Məhəmməd onu nə qədər danışdırdısa, cavab ala bilmədi. Zəhra xanım Qasımağanın Cangülüm üçün su apardığını deyəndən sonra Məhəmməd də ona qoşuldu. Bu suya Qasımağanın ərlik bacıları, əmisi arvadı “Cangülüm”ü salacaqdılar. Bunu keçən gecə şal saldıqları zaman Qasımağa Məhəmmədə demiş, hətta onu bu mərasimə tamaşa etməyə də çağırmışdı. Qasımağa gedir, Məhəmməd də onu təqib edirdi. Qayda belə idi ki, “Cangülüm” üçün su aparan adam evə çatana qədər ağzını açıb bir kəlmə də danışmamalıdır. Buna görə də yolda Qasımağanı dindirənlərə Məhəmməd cavab verirdi.

Qonşu qızları və gəlinləri Qasımağanın “Cangülüm” suyu gətirəcəyini sanki əvvəldən bilirdilər. Su dolu kuzə ağacdan asılan kimi hardansa beş-altı qadın peyda oldu. Qasımağanın əmisi arvadı ilə bacıları da onların arasında idi. Indi altı-yeddi yaşında bir qız uşağı lazım idi ki, “Cangülüm” mərasiminə başlasınlar. Qonşu qadınlardan biri dərhal küçəyə qaçdı və o qədər keçmədi ki, əli-ayağı xınalı balaca bir qızın əlindən tutub gətirdi. Suyu böyük bir badyaya töküb ortalığa qoydular. Qızı suyun yanında oturtduqdan sonra başına bir çarşab atdılar. Sonra hərə üzükdən, iynədən, mis puldan çadranın altına uzatdı. Qız da həmin şeyləri alıb, bir-bir suya saldı.

Qasımağanın əmisi arvadı cibindən çıxardığı bir açarı çarşabın altına uzadaraq qıza verəndə hamı bir səslə oxumağa başladı:

“Məscidin bucağında – can, gülüm, can.

Şam yanar ocağında – can, gülüm, can.

Allah muradın versin – can, gülüm, can.

Bir oğlan qucağında – can, gülüm, can”.

Ondan sonra saçlarına təzəcə dən düşmüş, lakin öz gözəlliyini hələ də itirməmiş qonşu qadın yerdən bir şey götürüb, əlini çadranın altına uzatdı. Yenə xor dilə gəldi:

“Tut ağacıdı pıtraq – can, gülüm, can.

Məskən salaq, oturaq – can, gülüm, can.

Qürbətdən tez qayıt gəl – can, gülüm, can.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info