Qonaq Kitabı
I Hissə

Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Böyükağa, Kiçikağa adlı iki qardaşı da burada gördü. Sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.

Uşaqlar əyilib yırğalana-yırğalana dərs oxuyurdular. Məhəmməd gözlərini Qasımağaya dikib dururdu. Binə başında oturub, qırğı kimi hər tərəfi görən mollanın başqa səmtə baxmasından ani istifadə edən Qasımağa Məhəmmədə baxıb qımışdı. Ancaq, bu mollanın gözündən yayınmadı, onun xırıltılı səsi eşidildi. Qasımağa özünü yığışdırdı.

Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra, molla üzünü Məhəmmədə tutdu:

– Indi növbə sənindir, gəl görüm:

Bir quş cəldliyi ilə yerindən qalxan Məhəmməd düz mollanın oturduğu döşəkçənin qabağında dizlərini yerə vurdu. Əl boyda kitabı açıb qabağına qoydu.

– Dərsini düzgün qoy. Molla özü kitabçanı çevirdi, sonra birinci səhifəni açdı. Səhifədə birinci sətrin əvvəlindən axırına çəkilən “Bismillah” sözünü və onun dalınca sığışdırılıb yazılan “rəhmanirrəhim” sözünü əlindəki çubuğun ucu ilə Məhəmmədə göstərərək dedi:

– Deyinən bismillahirrəhmaninrəhim.

Məhəmməd dinmədi. Molla təkrarladı:

– Sənnənəm, ey! Deyinən bismillahirrəhmaninrəhim.

Məhəmməd yenə də dinmədi.

– Olmaya, anan sənə hələ bismillah öyrətməyib? – deyə molla bərk hirsləndi. – Hər ananın borcudur ki, uşağı dil açan kimi ona bismillahı öyrətsin...

– Anam mənə öyrədib, axund əmi...

– Yaxşı, bəs niyə demirsən?

– Axund əmi, anam öyrədən bismillah bundan uzundur, axı:

– Eybi yoxdur sən elə qısasını de: – molla başını buladı.

–  Bis...mil...lahir...rəh...manir... rə...him„, – deyə Məhəmməd səsini uzatdı.

– Görürsən, deyə bildin. Bax, bu uzun xətt ilə o yanındakı sözlər birlikdə bismillahirrəhmanirrəhimdir. Yadında saxla ki, hər bir işə başlayanda əvvəlcə bismillah deyərlər. – Axund özü bir daha bismillahı təkrarladı.

– Elədir, axund əmi, anam çırağı yandıranda, namaz qılanda, astanadan girəndə də bismillah deyir. Bir dəfə anamdan soruşdum ki, onu niyə deyirsən? Dedi ki, elə belə deyərlər. – Məhəmməd qara gözlərini axundun üzünə zillədi. – Axund ağa, onu niyə elə deyirlər?

Molla gözucu Məhəmmədə baxıb, damarları çıxmış əlini uzun saqqalında gəzdirdi:

– Sən ananı başa düşməyibsən, bala. Bismillah elə belə deyilmir. O ancaq hər işin başlanğıcında deyilir. Indi keçək o birisinə; deyinən hüvəl fəttahül əlim. – Səninləyəm, deyinən: hüvəl fəttahül əlim.

Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:

– Axund əmi, mən haradan bilim ki, bu “hüvəl fəttahül əlimdir?”

Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynəyinin altında xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə bu ilk şagird idi ki, öz dərsi haqqında belə sual verirdi.

Doğrudan da hələ əlif-beyi bilməyən bir şagirddən hüvəl-fəttahül əlimi soruşmaq qəribə iş idi.

Məscidə sükut çökmüşdü. Deyəsən uşaqlar da Məhəmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:

– Yaxşı, sən əlif-beydən başla.

Günorta azanı verilən kimi, uşaqlar taxçaya tərəf yüyürdülər. Buraya uşaqların yeməkləri qoyulmuşdu.

Böyük uşaqlardan biri taxçanın qabağında durub:

“Bu kimindir?” – deyə taxçadan götürdüyü çörək dəsmalını qaldırır, sahibi gəlib öz dəsmalını alırdı.

Bəzisi: “Mən nahara evə gedəcəyəm” – deyə dəsmalının hamısını yerə sərdikləri dəstərxana boşaldır, dərhal məsciddən çıxıb, sevinə-sevinə evlərinə qaçırdı.

Kimisi də öz çörəyindən bir əl boyda kəsib, axundun dəstərxanına atırdı.

Axund bir az pendir-çörək yeyəndən və uşaqların verdiklərini bir nəfərlə evə göndərəndən sonra durub namaza getdi. Indi uşaqları, həmişə axundun yanında oturan yaşlı oğlan – xəlifə idarə edirdi.

Namazdan qayıdandan sonra molla dedi:

– Uşaqlar, mən bir quş yuxusu alıram, birinizdən səs çıxsa, atanızı yandıraram ha!

Molla nazik əbasını başına çəkib uzandı. Uşaqlardan kimisi himcimlə danışır, kimi milçək tuturdu. Qasımağa Məhəmməddən üç yaş böyük olsa da, qohumluq onları yaxınlaşdırmışdı.

Onlar mollaxanadan birgə çıxanda dərsdə Qasımağanın yanında oturan Novruza rast gəldilər. Bu qarayanız oğlan qəsəbənin aşağı tərəfinə doğru qaçırdı. Onun bir-birinə qarışmış qıvrım saçları ildə bir kərə yuyulan qoyunların yunu kimi elə bil daraq görməmişdi. Bir əlində dörd dənə şam var idi. O biri əlində bir çil toyuğu başıaşağı sallamışdı.

– Hara belə? – deyə Qasımağa soruşdu.

– Ocağa... Şeyx Dərviş ocağına:

– Sənin ocaqda nə işin var?

– Nəzirim var, onu aparıram.

– Sənin nə nəzirin ola bilər? Ata-anan harada qalıbdır ki, sən nəzir deyirsən?

Uşaq özünü saxlaya bilməyib hönkürdü:

– Elə mən... onların barışması üçün nəzir eləmişəm.

– Necə, atanla anan savaşıblar? – Bu dəfə Məhəmməd ona sual verdi.

Uşaq ağlaya-ağlaya dedi:

– Savaşsalar yaxşıdır. Iki aydır ki, atam anamı boşayıb, anam dayımgildə yaşayır, mən aralıqda qalmışam.

– Sən bunları Şeyx Dərviş ocağına aparanda nəzirin qəbul olacaq? Atan ilə anan barışacaq? – deyə yenə Məhəmməd soruşdu.

– Bəs neyləyim? Deyirlər Şeyx Dərviş ocağı hamının arzusunu, mətləbini verir, bəlkə mənə də kömək elədi.

Novruzun bədbəxt həyatı uşaqların ikisini də düşündürdü.

“Kaş, nəziri qəbul ola” – Məhəmmədin üzünə xəfif bir kədər çökdü.

Oğlunun evə pərt və qəmgin qayıtdığını görən Zəhra xanım, təlaşla soruşdu:

– Olmaya savaşıbsan?

– Yox, niyə savaşıram?

– Mollan döyüb?

– Yox.

– Bəs niyə pərtsən?

– Anacan, heç nə olmayıb.

Novruzun dərdi bütün günü Məhəmmədi narahat etdi. “Böyük olsaydım, onları barışdırardım...” O gecə yatağına girəndə də Məhəmmədi düşündürən bu fikir oldu.

...Oğlunun ürəyi sıxılmasın deyə Zəhra xanım Novruzun ata-anasını çağırıb, heç nəyin üstə ayrılan bu ər-arvadı barışdırdı.

 

6.

– Ey camaat, malımızın və canımızın sahibi Nəsrulla xanın əmridir, hamı məscidə yığılsın!

Bir saatın içində adamlar bu səsi eşidib məscidə toplaşdılar. Heç kəs bir şey bilmir, verilən bütün suallar cavabsız qalırdı. Molla da uşaqları buraxıb məscidə gəldi. Adamlar bir-birinə qısılıb oturmuşdular. Məscidin səqfində yuva bağlayan qaranquşlar həmişə açıq saxlanan kiçik pəncərədən girib-çıxırdı.

Nəhayət, xan gəldi. Onun arxasınca nökər-nayiblər və kəndlərdən xanlığa gələn ərizəçilər gəldilər. Məsciddəkilər ayağa qalxıb, xana təzim etdilər. Yuxarı başda, lap mənbərin üzbəüzündə qiymətli xalı döşənmiş hücrə xana məxsus idi. Xan hücrəsinə keçib oturana kimi, camaat ayaq üstə durdu. Xanın özünün məscidə gəlişi hamını nigaran qoymuşdu. Axı, xan adi bir iş üçün camaatın arasına çıxmazdı.

Xanın mirzəsi gəlib mənbərin qabağında ayaq üstə dayandı. Hamının diqqətn ona cəlb olundu. Camaat nəfəsini çəkib danışmırdı. O böyüklükdə məsciddə milçək uçsaydı qanadının səsi eşidilərdi. Bu sükutu mirzənin cır səsi pozdu:

–Camaat, bilin və agah olun, Allah-taalanın qəzəbi insanları tutubdur. Təqdir ilə tədbir üz-üzə durub. Mahala çəyirtkə gəlib; hara ki, düşür bir o qədər çəkmir ki, hər şeyi yoxa çıxarır. Bu bəlaya bir çarə görülməsə, bir tədbir tökülməsə, iki-üç gün çəkməz ki, çəyirtkə bizim qəsəbəyə gəlib çatar, yaşı, qurunu da yandırıb yaxar, hamını qara günə qoyar...

Adamlar təəccüblə bir-birinə baxdılar. Araya cansıxıcı sükut çökdü. Nəhayət, mənbərin yanında oturan adamlardan biri ayağa qalxdı, xandan icazə alıb danışmağa başladı:

–Mənim yaşım yüz olmasa da, yüzə yaxındır. Hələ mən uşaqdım ki, bu bəla bir dəfə də nazil oldu. Camaat müsəllaya çıxdı, həm də quşa iki atlı göndərdilər. Atlıların gedib-gəlməsi üç gün çəkdi. Dördüncü gündə iki çanaq darının sayıyca quş gəlib çıxdı. O quş bu bəlanı rədd elədi.

Bu sözləri deyən kişi hələ yerində oturmamışdı ki, xanın hücrəsindən mənbərə tərəf gələn adam hamının diqqətini cəlb etdi. O, mənbərin yanında dayanaraq:

– Elə bu saat müsəllaya çıxmağı xan məsləhət görüb. Quşa isə xan özü adam göndərəcəkdir, – deyib yenə öz yerinə qayıtdı.

– Allah xana ömür versin! – camaat yer yerdən səsləndi.

Elə o saat da müsəllaya çıxdılar.

Xanın özü də qızıl nişan tikilmiş papağını çıxarıb, ayaqyalın gedirdi. Bu. hadisənin çox mühüm olduğunu bildirirdi. Başlarına saman səpə-səpə gedən adamlar: “Tövbə, tövbə, ya Allah! Tövbə, əstəğfurullah! – deyə səs-səsə verib oxuyur, dua edir, ağlayır, bu bəlanın kəndlərdən uzaq olmasını Allahdan arzu edirdilər.

Məktəb də bağlandı. Qəsəbədəki oğlan uşaqları da kişilərə qarışıb gedirdilər. Camaat qəsəbədən çıxandan sonra bir düzənlikdə dayandı. Saqqalına palçıq yaxan bir seyid: “Əyləşin, elə burada əyləşin!” – deyə camaata yerə oturmağı məsləhət gördü. Hamı arxacda yatan sürü kimi bir-birinə qısılıb oturdu.

Məhəmmədlə Qasımağa da dizlərini yerə verib oturdular. Qəsəbəninən məşhur rövzəxanı rövzə oxudu. Həyatları təhlükə qarşısında qalan adamlar onsuz da ağlamağa bəhanə gəzirdilər. Hamı ağladı: Məhəmmədlə Qasımağa da onlara qoşuldu. Məhəmməd düşünürdü: “Doğrudan da bu çəyirtkələri Allah göndərib? Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adamlar yazıq deyilmi?”

Bu vaxt mollanın səsi eşidildi:

– Günahlarınızdan tövbə edin, tövbə qapısı açıqdır. Tövbə eləməyincə bəla rəf olmaz. Heç olmazsa hər adama bir günah tövbə etməsəniz, Allah-taalanın rəhmət qapısı üzümüzə açılmayacaq.

Məhəmməd o saat Qasımağaya pıçıldadı:

– Sən hansı günahını tövbə edəcəksən?

– Mən molla əmiyə yalan danışmağı, bəs sən?

– Mən, mən? – deyə Məhəmməd kəkələdi. –  Axı mən bir günah eləməmişəm ki, tövbə də edim. Qoy xan ilə oğlu günahlarından tövbə etsin ki, özgə zurnasını alıb, sahibini gözü yaşlı yola salmasınlar.

Yenə də mollanın səsi eşidildi:

– Öz qəlbinizi təmizləyin, dünya malının məhəbbətini qəlbinizdən çıxarın! Sonra adama iki rükət hacət namazı qılın, öz günah əməllərinizi tövbə edin. Allah rəhm edəndir.

Hamı iki rükət namaz qılmaq məqsədilə bir az o tərəfdə insanların iztirabına əhəmiyyət vermədən başı aşağı axan Güney arxına tərəf qaçdı. Dəstəmaz alındı. Namaz başlandı. Günahlar tövbə olundu. Axşamüstü camaat qəsəbəyə qayıtdı.

Müsəllanın üçüncü günü idi ki, çəyirtkənin qabaq dəstələri qəsəbəyə hücum etdi. Əkin yerləri, zəmilər, yoncalıqlar, bağlar çəyirtkə ilə örtüldü. Onlar uçanda bulud kimi yerə kölgə salır, sanki yüzlərlə at arpa yeyir, xırpa-xırpdan qulaq tuturdu.

Elə bu gün quş üçün yola çıxanlar da qayıdıb gəlmişdilər. Onlar tutu üç günlük yoldan gətirmişdilər. Deyirdilər ki, sabah səhər iki çanaq darının sayı qədər quş gələcək. Çəyirtkənin yolu üstündə enli bir xəndək qazıb, oraya su buraxmışdılar. Bundan başqa, kiçik-kiçik arxlara da su buraxıb, qabağını boğmuşdular.

Məhəmməd ha düşünür, bu işə bir məna verə bilmirdi.

Dayısı onu başa saldı:

– Quşlar tutu çox sevirlər, çəyirtkələr də tutu sevir, ona görə də bunlar düşməndir. Quşlar çəyirtkələri məhv etməkdə bir-birinə macal verməyəcəklər...

Səhər tezdən yenə də camaat qəsəbənin kənarına axışırdı. Yüzlərlə əli belli adam arxlara hücum çəkən çəyirtkələrin üstünü torpaqlayırdı. Buna baxmayaraq, çəyirtkə yenə keçib zəmilərə qonur, hər şeyin axırına çıxırdı. Çox adamın ağlamaqdan gözləri şişmişdi. Ona-buna dalbadal əmr verən, bəzilərini pis söyüşlə söyən xanın bağırmaqdan səsi tutulmuşdu. Camaat həm işləyir, həm də dönüb qiblə tərəfinə baxır, səbirsizliklə quş gözləyirdi. Vaxt keçdikcə camaatın səbri də tükənirdi. Xanın əlindən təkgözlü durbin düşmürdü. Onun nökərləri iki dənə qoyun saxlamışdı, quşu görən kimi qurban kəsəcəkdilər. Günorta da oldu, quş gəlib çıxmadı. “Allah özü fəryadımıza çatsın!.. Quş gəlməsə işlər lap yaman olacaq!” sözləri ağızlarda gəzirdi. Qasımağa yavaşdan pıçıldadı:

–Deyirlər, yəqin günahını tövbə etməyən adam qalıb ki, Allah-taala öz rəhmini əsirgəyib.

Xanın və mollanın əmrilə camaat işdən əl çəkərək bir yerə toplaşdı. Özü camaatdan yüksəkdə dursun deyə molla yenə də camaatı oturmağa dəvət etdi. Hamı çöməlmə oturdu.

“Ey rəhm edənlərin rəhm edəni Allah. Bəndələrinə rəhm elə!” – deyən kiminsə səsi eşidildi. “Amin-amin, yarəbbəlaləmin!” Camaatdan qıyya qopdu. Onsuz da məhərrəm, səfər aylarında ağlamağa adət edən adamların göz yaşı dayanmırdı. Kişilərin çoxu yerdən torpağı götürüb başına sovururdu.

– Günah əməlindən tövbə etməyən adamı tanısam, vallah vurub başını yarardım, – deyə Qasımağa qəzəblə əlini havada oynatdı.

Molla yenə də camaatı günahlarını tövbə etməyə çağırdı. Axşam oldu. Hava qaraldıqca, çəyirtkələrin də xırıltısı azalırdı. Camaat böyük məyusluq içərisində evə qayıtdı. Bu gecə qəsəbə və qəsəbəyə yaxın kəndlərdə bütün söhbətlər yenə çəyirtkədən idi. Hamı namaz qılır, dua oxuyur bu bəladan qurtarmağı Allahdan istəyirdi.

Günəşin çıxmasına xeyli qalmış adamlar yola düşdülər. Çəyirtkə qırmağa tez yetişsinlər, deyə Qasımağa da gecəni Məhəmmədgildə qalmışdı: “Bax, bizi lap obaşdan oyadarsan ha!” – deyə Fatı nənəyə tapşırıq vermişdi.

Iki dost xakəndazlarını götürüb küçəyə çıxanda hələ göz-gözü görmürdü. Ancaq yollar bütün gecəni yatmayıb Allaha yalvaran adamlarla dolu idi. Hamı tələsirdi. Günəş məşriq tərəfə toplaşan ağ buludları təzəcə qızardırdı ki, xan gəlib çıxdı. O, bütün həyatı boyu özünü bu iki gündəki qədər zəhmətə salmamışdı.

Çəyirtkələrin bağlara yetişməsinə beş yüz qədəm ancaq qalırdı. Xanın ən böyük bağı və üzümlüyü – bağın sol tərəfində, ucu-bucağı görünməyən buğda zəmilərini atəş kimi yandırıb keçən bəlanın yolu üstündə idi. Bu vaxta kimi bütün çətinliklərdən asanlıqla çıxan xan indi var qüvvəsini sərf etsə də, nəticə vermirdi. Hirsindən ayağını yerə döyür, yumurtası tərs düşən toyuq kimi ora-bura vurnuxurdu.

Hər tərəfdən ümidi kəsilən xan yenə də təkgözlü durbinini gözünə tutub, qiblə tərəfə baxdı. Aydın havada kiçik bir qaranquş onun gözündə böyük quş dəstəsinə oxşadı. O, həyəcanla: “Budur, gəldi!..” – deyə durbini yanında durmuş mirzəyə verdi.

Ömründə xanı təsdiq etməkdən başqa bir şey bilməyən mirzə dərhal: “Bəli, bəli, quş budu gəldi! Allah, sənə çox şükür!” – deyə sevincək çığırdı. Lakin bunun boş söz olduğu aşkar olan kimi xan durbini hirslə onun əlindən dartdı.

– Sənin gözün də mənimkitək pərpər çalır!

Bu dəfə xan durbini mirzəyə deyil, yanında duran mollaya uzatdı.

Molla durbini alıb baxdı.

– Bəli, böyük bir qaraltı görünür. Bu, quşdan qeyri bir şey ola bilməz! – dedi.

Elə bu vaxt xəbər yetişdi ki, çəyirtkənin qabaq dəstəsi bağlara tərəf hücuma keçib. Arxqazanlar nə qədər çalışsalar da, bir şey çıxmadı. Qış ruzusu talanmaq qorxusu altında qalan adamlar uşaq kimi ağlaşmağa başladılar.

Neçə dəstəyə bölünmüş quşlar özünü yetirəndə xan qışqırdı:

– Gədə qurbanları kəsin! Tez olun, tez!

Quşlar dəstə-dəstə yetişir, ağac və kölgəliklərə qonurdu. Düşmənini görən çəyirtkələr canlarını qurtarmaq üçün o yan-bu yana uçmağa başlasalar da, gec idi. Quşların dincəlməsi on beş iyirmi dəqiqədən çox çəkmədi. (Adamlar basılmaq, məğlub olmaq ərəfəsində kömək alan qoşuna oxşayırdılar).

Yarım saatlıq vuruşdan sonra quşların birinci dəstəsi qayıtdı. Dimdikləri və döşləri qana bulaşmışdı. Quşlar dimdiklərini açıb, sinəgər adamlar kimi tövşüyür, suda çimir, yuyunurdular. Arxlar azlıq etdi. Adamlar yeni arxlar qazıb su buraxdılar. Buna baxmayaraq, yenə özünü vaxtında suya çatdıra bilməyən quşlardan neçəsi zəhərlənib öldü.

Quşlarla çəyirtkələrin vuruşu üç gün davam etdi.

Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə dayısı gülə-gülə onu qarşıladı:

– Hə, nə verərsən, sənə bir yaxşı xəbər deyim?

Məhəmməd bir söz demədən gözlərini dayısının üzünə dikdi. Onun məsum baxışları sanki deyirdi: “Mən sənə nə verə bilərəm?..” Uşağın bu halı dayısını güldürdü.

– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı ziyarət edib bura gələcək.

Məhəmmədə elə bil qanad verdilər. Ildırım surətilə qaçıb, özünü təngnəfəs evə çatdırdı:

– Ana, ay ana, müjdəmi ver, – deyə elə həyət qapısından çığırdı.

– Nə olub, bala? Xeyirdirmi?

– Xeyirdir, xeyirdir! Ağam bir-iki aya kimi gəlir.

Fatı nənə Zəhra xanımdan qabaq əlini göyə qaldırdı:

– Sənə çox şükür, Allah!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info