Qonaq Kitabı
I Hissə

Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:

– Inşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.

– Anacan, atam gəlir, sən gərək sevinəsən, amma ağlayırsan. – Məhəmməd anasının boynunu qucaqladı.

– O elə sevincdəndir, bala! – Fatı nənə bildirdi.

Zəhra xanım başını buladı:

– Yox, elə deyil, bala. Atan gələcək, bir az qalandan sonra yenə də gedəcək. Bax, o lap çətin olacaq, – deyib təzədən ağladı.

– Yox, ana, bu dəfə qoymarıq gedə. Çox desə, deyərik bizi də özünlə apar.

...Atasının intizarında keçirdiyi günlər Məhəmmədin həyatında ən ağır ay oldu.

 

Məhəmməd bu bir ayda demək olar ki, vaxtının çoxunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğlunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Mahəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.

Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdılar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəvvarların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Məhəmmədi isə dayısı tərkinə almışdı. Qasımağa iki il bundan əvvəl dərs oxumağa başlasa da, Məhəmməd gəlib onu ötmüşdü, hətta ata-anası da bunu Qasımağanın başına çırpanda o: “Nə olsun, mən də çox işlər bilirəm ki, onu Məhəmməd bacarmır”  – deyə özünü sındırmazdı.

Piyada gedənlər gəlib bağların qurtaracağında kölgədə dayandılar. Atlılar isə daha qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:

– Gəlirlər!...

Məhəmməd əllərini dayısının belindən çəkmədən əyilib qabağa baxdı. Tozlu yolla bir dəstə atlı gəlirdi. Oğlanın ürəyi birdən şiddətlə döyünməyə başladı. Axı, atası gedəndə o, üç yaşında idi. Indi isə doqquz yaşına girmişdi. Atasının axırıncı dəfə göndərdiyi şəkil onun xatirində həkk olub qalmışdı. Bəli, şəkildə iki əllərini dizləri üstə qoyub oturmuş bığlı kişi onun atası idi. Atanın gözləri elə bil oğlunu axtarırdı.

Çavuşun səsi eşidildi:

– Vəbər həbib xuda, xətm əmbiya salavat?[7]

Hamı ucadan onun sözlərini təkrar etdi. Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərəfinə barmaq enində ağ parça tikmişdi. Məhəmməd atasını dərhal tanıdı: “Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir” deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb, bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:

– Maşallah, böyük oğlan olmusan!..

Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə orada da qoyun kəsildi. Hər gün dalınca dolanan qoyuna yazığı gəlsə də, Məhəmməd hayıfsılanmadı.

Fatı nənə həyətin içəri üzündə dayanmışdı. Əlində bir xakəndaz od vardı. Hacı Əbdülhəmidin ayağı hə|ətə dəyən kimi, Fatı nənə o biri əlində saxladığı üzərrikləri odun üstünə töküb salavat çevirdi və burnunun altında öz-özünə nəsə mızıldadı.

Üzərriyin xoş qoxusu həyətə doldu. Məhəmmədin atası qarının kefini soruşdu. Sonra başını qadınlar toplaşan otağa uzadaraq çadra ilə oturan qohumlarına:

– Allah sizə də qismət eləsin! – deyib qonaqların yanına keçdi.

Uzun müddət ayrılıqdan sonra anası ilə atasının görüşündən Məhəmmədin gözləri doldu. Özünü ağlamaqdan zorla saxladı.

Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Xanlıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı, yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:

– Niyə durdun, oğlum?

– Hara təşrif aparırsan, ata? – deyə oğlan gözlərini atasının üzünə zillədi.

– Xanın bazdidinə.[8]

– O pis adamdır, ata, oraya getmə!

– Nə üçün pis adamdır, oğlum?

Məhəmməd xanın evindəki əhvalatı yerli-yerində atasına danışdı.

– Onun gözünün qabağında nökər məni yerə çırpdı, göndərdiyin zurnanı cibimdən çıxarıb xanın oğluna verdi. Mən nə qədər ağladım – baxmadılar.

Atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə, ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı. Hafizin: “on dustan mürüvvət, ba düşmənan müdara”[9]şeiri yadına düşdü.

– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də. – O xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:

– Qoy o məni heç sevməsin. Getmə, ata! Mən onu görmək istəmirəm.

Uşağın belə təkidindən sonra ata yenə ayaq saxladı. Öz-özünə dedi: “Çörəyim ondan gəlmir, çırağım ondan yanmır: qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!” – deyib, oğlunun biləyindən tutub geri döndü.

Həmin gün o, mollaların, seyidlərin və qəsəbədən gedəndən bəri adamı ölənlərin evinə (başsağlığı verməyə) getməli idi. Lakin heç yerə getmədi. Axşam Məhəmmədin dayısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona danışdı. Dayısı bu işdən narazı qaldı.

– Əlbəttə, yaxşı iş görməyib, – dedi, – Mən onu razı edərəm ki, sabah getsin. Gətirdiyi sovqatı da aparsın. Yoxsa xan bizi dolaşdırar. Rəhmətlik dadaşım həmişə deyərdi ki, kimin səndən bir çuval samanı artıq oldu, onunla hesablaşmalısan. Məhəmmədin dayısı bu barədə Hacı Əbdülhəmidin özü ilə söhbət edəndə o, qəti dedi:

– Onları yavaş-yavaş adam olmağa alışdırmaq lazımdır. Mən onun görüşünə getməsəm, o qanar ki, pis iş görüb. Bir də belə iş eləməz.

– Amma əvəzində sənə də ağır oturar ha!..

– Ağır oturanda, yəni nə olar? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.

– Sən nə danışırsan, Hacı dadaş? – Dayı çiyinlərini təəccüblə çəkdi.

Hacı təmkinini pozmadı:

– Söz odur ki, dedim: mən xanın görüşünə getməyəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini yaxasına sancıb yola düşdü. Mənim üçün Təbriz, Petrovsk, İstambul – hamısı birdir. İşləyən adam hər yerdə keçinəcək.

– Bəlkə sən mənim yerimə olaydın, onda neylərdin?! Köpək oğlu keçən il məni də döydürdü.

– Sən zəmi ilə bağın üçün əsirsən. Mən nə üçün əsəcəyəm?

Zəhra xanım da içəri girib sözə qarışdı. O da qardaşının tərəfində idi. Ancaq Hacı Əbdülhəmid elə adam deyildi ki, dediyi sözü geri götürsün. O düşünürdü ki, əgər Məhəmmədə verdiyi sözün ziddinə getsə, özünü oğlunun gözündə hörmətdən salar: “Oğul həmişə atadan ibrət alar. Mən xanın yanına getməyəcəyəm!”

…Günlər qısalır, təbiətdə bir hüzn və kədər duyulurdu. Yarpaqlar saralır, zanbaq kimi yaşıl dağlar bozarmağa başlayırdı.

Bu axşam Məhəmmədgili dayısı şəbnişinliyə[10] çağırmışdı. Axşam azanından yarım saat keçmiş yola düşəndə ata dedi:

– Məhəmməd, fanusu[11] götür. Fatı xala, sən də qapını bağla, yat. Biz gələndə qapını döyərik.

Onlar getdilər. Fatı nənə bir qədər ev işləri ilə məşğul olandan sonra yerini salıb uzandı. Gözünə yuxugetmədi. Çox uzaqlarda qalsa da, keçmiş xatirələr hər yerdən qarının üstünə hücum çəkirdi. Uşaqlığı, evlərində keçirdiyi şad günləri, ata-anasının surətləri, öz gəncliyi, nişanlanması, toyu, ər evi, qayınata-qayınanası... sonra vəba xəstəliyinin yaratdığı qırğın, o qədər adamdan bircə özü ilə qayınanasının sağ qalması, evdən-eşikdən əl götürüb, çöllü-biyabana qaçmaları, nəhayət, qayınanasının yolda suya düşüb boğulması, Hacı Əbdülhəmidin atasının ona təsadüf etməsi... o vaxtdan tərki-dünya kimi hər şeyi unutmağa çalışması, bütün ömrünü bu ailədə keçirərək onlara bağlanması bir-bir gəlib gözlərinin qabağından keçdi.

Bu münvalla axşamdan xeyli keçdi. Qarının gözlərindən elə bil yuxunu qovmuşdular. Birdən dəhlizdən hənirti eşidildi. O, çırağı yandırmaq üçün hər zaman yastığının altına qoyduğu kibrit qutusunu götürüb çəkdi. Qarşısında durmuş üzübağlı iki kişini görüb çağırdı:

– Siz kimsiniz?

Onun ağzını dəsmalla bağladılar. Adamlardan biri əlindəki bıçaqla onu hədələyib hərəkət etməməsini tapşırdı. Biri isə çırağı yandırıb, o biri otağa keçdi. Yarım saatadək ondan xəbər çıxmadı. Qarının nəfəsi daralsa da, gözlərini o biri otağın qapısından çəkə bilmirdi. Yanında duran kişi yorğanı onun başına atdı. Haçandan-haçana kişi qayıdıb gəldi və yoldaşına dedi:

– Mən getdim, sən də bir azdan gəl.

Fatı nənə onun otaqdan necə çıxdığını hiss etmədi. Xeyli gözlədi. Səs-səda yox idi. Oturduğu yerdə qurcalandı. Dinən-danışan olmadı. Birdən yorğanı başından atdı. Otaqda heç kəs yox idi. Çıraq astanada işıldayırdı. Sandıqxanadakı sandıqların üçünü də açmışdılar. İçindəkiləri töküb-dağıtsalar da, Zəhra xanımın paltarlarından başqa heç nəyə, hətta qızıllarına da dəyməmişdilər.

Məlum olurdu ki, onlar oğurluq məqsədilə gəlməmişdilər. Fatı nənə üçün bu iş dumanlı olsa da, Hacı üçün hər şey açıq-aydın idi. Gələnlər demək istəmişdilər ki, özündən güclülərlə hesablaşmayanın arvadının tumanını apararlar.

 

8.

Xanın mirzəsinin oğlu Məcidlə Məhəmməd həmişə dalaşardı. Səbəbkar da məktəbdar molla idi. Mirzənin oğlu Məhəmməddən iki il qabaq dərsə başlamışdı. Lakin Məhəmməd gəlib onu da keçmişdi. Molla bunu hər güün Məcidin üzünə vurur, başına çırpırdı. Buna görə də onun Məhəmmədi görməyə gözü yox idi. Məcid neçə kərə müxtəlif bəhanə tapıb, savaşmaq istəsə də, Məhəmməd ona baş qoşmamışdı. Məhəmmədgilin evindən oğurluq haqqında gedən söhbəti Məcid də eşitmişdi. Onun fikrincə həmişə başına qaxınc olan bu oğlandan intiqam almaq vaxtı gəlib çatmışdı. Indi o, anasının paltarlarının yad əllərdə olduğunu Məhəmmədin başına qaxa bilərdi. Adəti üzrə, uşaqlardan əvvəl dərsə gəlib, hamıdan axırda dərsdən çıxan Məhəmməd yenə də uşaqların getməsini gözlədi. Məktəbdən çıxanda Məcidin bir az aralıda durub onu gözlədiyini gördü. Məhəmməd onun fikrini başa düşdüyü üçün yolunu dəyişdi. Məcid də onun dalınca addımladı. Bir tin keçməmişdilər ki, özünü Məhəmmədə çatdırdı:

– Necəsən? – deyə istehza ilə gülümsədi. – Adamın dədəsini yandırıb. anasının tumanını belə apararlar ha!

Məcidin sözü ağzında qaldı. Məhəmməd heybəsini qaldırıb, hirslə nə vaxt Məcidin başına vurduğunu özü də bilmədi. Oğlanın başı gicəldi, kitabları qoltuğundan yerə səpələndi. Məhəmməd vəziyyəti belə görüb götürüldü. Təngnəfəs evə çatanda atası qollarını çirməyib həyətdə dəstəmaz alırdı.

– Nə olubdur? – O, Məhəmmədi pörtmüş görüb təəccüblə soruşdu.

Məhəmməd atasına cavab vermək əzəzinə divara söykənib başını qolları üstünə qoydu və hönkürtü ilə ağlamağa başladı.

Dəstəmazını yarımçıq qoyan ata oğlunun yanına gəlib:

– Nə olub, axund vurub? – deyə nəvazişlə oğlunun başını sığalladı.

– Xeyr.

– Savaşıbsan?

– Bəli.

– Kiminlə?

– Mirzə Qəhrəmanın oğlu ilə.

– O, səni döydü?

– Yox, mən onu döydüm. Amma... – O, içini çəkərək sözünün dalını deyə bilmədi.

– Əcəb oğlansan!.. Özün döyüb, özün də ağlayırsan?

– Axı o mənə başqa söz dedi.

– Nə dedi?

Məhəmməd yenə sözünü axıradək deyə bilmədi.

Səsə Zəhra xanım da otaqdan çıxıb Məhəmmədin yanına gəldi. Ata təkrar elədi:

– Axı nə dedi? – Bu dəfə təkidlə, qətiyyətlə soruşdu. – Danışsana!

– Mənə dedi ki, adamın atasını yandırıb, anasının tumanını belə apararlar!..

Zəhra xanım başını aşağı dikib susdu. Hacının hirsindən əlləri əsməyə başladı. Bu ağır sükutu yenə özü pozdu:

– Bu bəlkə də xeyirliyədir, – dedi. Sonra üzünü arvadına tutub sözünə davam etdi. – Bu saat gedib yır-yığışa başla, amma səssiz, heç kəs bilməsin! Bunlar o qədər alçaqdırlar ki, qabağımıza adam göndərib, yolda soydura da bilərlər.

Zəhra xanım gözünün yaşını axıda-axıda otağa qayıtdı.

Hacı Əbdülhəmid özü dəstəmaz almadan həyətdən çıxdı: “Deməli, həm malımızı oğurlayacaqlar, həm də başımıza qaxınc edəcəklər. Bundan sonra kimə nə deyəsən? Deyəcək ki, sən kişi olsaydın, arvadının namusunu saxlardın. Beş arşın çilvarı bizə namus olubmuş, onu da ki, xan oğurlatdı!” Hacı deyinə-deyinə bazara yetişdi...

Nə Zəhra xanımın yalvarışları, nə onun qardaşının, nə də başqa qohumların nəsihətləri Hacı Əbdülhəmidə əsər eləmədi. Xamnəlilər, xan və xanın adamları Əbdülhəmid ailəsi Təbrizə yetişəndən sonra xəbər tutdular. Bu səfərdən Məhəmməd həm kədərlənir, həm də sevinirdi. Öz evlərindən, gəzdiyi, böyüdüyü qəsəbədən, tanış küçələrdən, bağlardan, qohumlardan, dostlardan, xüsusilə Qasımağa ilə Novruzdan ayrılmaq onu sıxsa da, Təbriz kimi gözəl, böyük bir şəhəri görmək, axund əmi kimilərə dərs verən üləmaların yanında oxuyacağını düşünəndə yerə-göyə sığmırdı.

Onlar Xiyaban məhəlləsinə, atasının dostugilə düşdülər. O da Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğlu Məhəmmədəli sarışın, arıq bir oğlandı. Yaşda Məhəmməddən böyük olsa da boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə birinci gündən tutdu. Ikisi də məşhur məktəbdar Ədibinin yanında oxumağa başladı.

Bir həftədən sonra Məhəmmədin atası Xiyaban məhəlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının alver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının dəftərlərini yazmaqla keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə Rusiya ilə ticarət edirdi. O, Iran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb, müqabilində Təbrizə rus malı yollayırdı...

Məhəmməd bir axşam sevinə-sevinə evlərinə qayıtdı.

– Ana, muştuluğumu ver, Hüseyn dadaşımdan kağız gəlib.

– Nə yazıb, bala?

– Yazıb ki, mənim əvəzimdən ananın əllərini öpüb, Fatı nənəyə salam yetir.

– Hanı? Oxu görüm, – deyə ana gözlərini Məhəmmədə dikdi. Məhəmməd cibindən bükülü zərfi çıxarıb oxumağa başladı. Məktub qurtaran kimi ana dedi: – Bəs deyirdin ki, yazıb ananın əlini öp, Fatı nənəyə salam yetir, hanı?

– Bəs görmədin yazmışdı: “Dəsti-madəri-mehriba-nəmra mibusəm, be Fatı nənə salam bərəsanid.”

Zəhra xanımdan əvvəl Fatı nənə dilləndi:

– Sən Hüseynə yaz ki, anan deyir kağız yazanda qoy öz dilimizdə – ana dilində yazsın, bizim başa düşdüyümüz dildə...

– Deyirlər bizim dildə kağız yazmaq olmur.

– Bıy, onu kim deyir? Niyə, kağız cırılıb paketdən qaçır? Mən Hüseynin öz əli ila yazılan sözləri eşitmək istəyirəm.

– Baş üstə, yazaram. Yəqin ki, dadaş da sənin buyuruğundan çıxmaz, – deyə Məhəmməd ananı arxayın elədi.

Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. Məhəmməd ilə Məhəmmədəli bir məktəbdə oxuyurdular. Məhəmməd təzə gələndə Məhəmmədəli Badamçı[12] ondan çox qabaqda idi. Lakin bir il sonra eşitdiklərini və gördüklərini yerli-yerində yadda saxlayan, nadir hafizəyə malik olan Məhəmməd ona çatmış, öz qabiliyyət və istedadını büruzə vermişdi. Uşaqlar onbeş-onaltı yaşlarına gəlib çatmışdılar. Onlar görüb eşitdikləri ilə kifayətlənmir, tədqiqata başlayır, axtarışlar aparırdılar. Bir gün Badamçı gəlib onu hücrədən çağırdı:

– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.

– Nə kitabıdır?

– Kitab deyil, əlyazmasıdır. Bizim qohumlardan biri Tehranda üzünü çıxartdırıb gətirib. Bu axşam dadaşımgil şəbnişinlikdə oxuyurdular. Çox qəribə kitabdır:

– O, nə kitabıdır, kimindir?

– Mirzə Fətəli Axundzadənin təmsilləridir.

– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Məhəmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nədənsə müctəhid ağanın xoşuna gəlməyib. Gərək özümüz oxuyaq.

…Mirzə Fətəlinin əsərləri Məhəmmədin çox xoşuna gəldi. Neçə gün əvvəl anasına: “Deyirlər, Azərbaycan dilində kağız yazmaq olmur” deməsinə peşman oldu. “Belə gözəl dildə hər şey yazmaq olar!.. Belə yazıçının yəqin ki, başqa əsərləri də var. Kaş, adamın Tiflisə yolu düşə, onun başqa əsərləri ilə də tanış ola”.

– Görürsən, sənin iradət yetirdiyin mollalarda da az yoxdur…

Onlar dindarlıq məsələsində bir-birilərindən çox fərqlənirdilər. Məhəmməd mömin, əmin, namazını keçirməyən, orucunu vaxtında tutan, bir sözlə, əsil müsəlman idi. Badamçı isə onun kimi deyildi: doğrudur dini, imanı danmır; onun ziddinə getmirdisə də, namaza, oruca bir o qədər inanan deyildi. O, hətta bir kərə atasının (hərdənbir) içdiyi şərabdan da yarım stəkan içmişdi.

…Bir gün Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:

– Ağam (atam) məni Istambula göndərir.

– Istambula? Doğrudan? Bəh-bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsilləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirəsən.

– Təəssüf olsun ki, Tiflis yolu getməyəcəyik. Inşallah qayıdanda o yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət edəcəyik.

– Nə mal aparırsınız?

– Xalı-xalça, xına, saqqız. Bizim Hacıağa istəyirdi bir az da Təbriz qanovuzu göndərsin. Dedilər ora Avropadan, Amerikadan o qədər ipək töküblər ki, qanovuzun üzünə baxan yoxdur.

– Malları nə ilə aparacaqsınız?

– Dəvə ilə.

– Doğrudan?

– Bəs yalandan?

– Deməli, buradan Istambula kimi dəvəyə minəcəksən? Bu ki, lap əzabdır.

Məhəmməd güldü:

– Dəvəyə niyə, adama bir yaxşı at alacağıq!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info