Qonaq Kitabı
I Hissə

– Dadaşım deyir, Istambul burda nə gəzir!.. Ora atla getməkmi olar?

– Istambulun özünə kimi atla getməyəcəyik ki… Cəmi səkkiz-doqquz gün yolumuz var. Ərzurumda at bahadır. Orada atları satıb, Trabzona kimi arabayla, ordan oyana da gəmiylə gedəcəyik. Deyirlər elə gəmi var ki, adamı üç günə Istambula yetirir.

– Kaş, bu səfərdə mən də səninlə yol yoldaşı olaydım!

– Nə yaxşı olardı! Deyirlər Istambulda böyük bir kitabxana var. Nə oradakı kitabları oxuyardıq!..

– Heyf!

– Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.

– Niyə, bu pis xəbər deyil...

– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam burada qəribdir, heç kəslə get-gəli yoxdur; iki aydan çoxdur ki, xəstə yatır. Mənim belə uzaq səfərə çıxmağım ona pis təsir bağışlaya bilər. Allah eləməmiş, onun başına bir bəla gəlsə, təqsirkar mən olaram. Atam çox pis vaxtda məni Istambula göndərir.

– Indi ki, belədir, getmə.

– Getməsəm də olmaz... Bu zəhrimar malları burada kim alar?

O başını aşağı salıb fikrə getdi. Anası ilə görüşüb ayrılacağı ağır dəqiqələr yadına düşdü, gözləri yol çəkdi…

 

9.

Günəş hələ qızıl cıqqasını yer kürəsinin başına qoymamışdı ki, Məhəmmədlə Hacı Əbdülhəmid Təbrizin Istambul qapısından eşikdə dayanıb kimi isə gözləyirdi. Hacı Rəşt tütünündən eşdiyi cığarasını uzun Şiraz müştüyünə taxaraq sümürürdü. Məhəmməd sağ əli ilə boz atın cilovundan yapışıb, atasının verdiyi nəsihətlərə qulaq asır, sol əli ilə çiynindən asdığı həmayil-Quranın meşindən tikilmiş qabını sığallayırdı. O, daha anasından xatircəm idi. Atası onun öz yanında demişdi ki, mən Məhəmmədi bu cığırla yola salaram, inşallah sən yaxşı olan kimi, biz də Rusiyyətə – Teymurxanşuraya gedərik. Bu xəbər uzun müddət oğlu Hüseyni görməyi arzu edən ananı sevindirmişdi...

O qədər çəkmədi ki, Məhəmmədin səfər yoldaşları da gəlib çıxdılar. Onlar da Məhəmməd kimi çiyinlərindən Həmayil-Quran asmışdılar. Birisi şalvarının balağını corabına keçirmişdi. Ikisi şalvarını dizə kimi çirmələmişdi. Cilovu sağ əli ilə tutub, özlərini yəhərin üstünə yıxmalarından görünürdü ki, minici deyildilər. Onlar da atların tərkinə içi xalça ilə dolu xurcun bağlamışdılar. Səfərə çıxanların hamısından kiçiyi – on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. O vaxt Iran tüccarına məxsus qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.

Səfər də, Əli ağa da onun kimi cavan idi. Qalan yoldaşlarının yaşı qırxdan keçmişdi.

Dəvəçilər gecəyarı yola düşüb getmişdilər. Bu gün birinci mənzil Sufiyan kəndi idi. Otuz kilometrlik yolu müsafirlər altı saata qət etmişdilər. Yaman xamlamışdılar: atdan düşəndə ayaqlarını güclə ata bilirdilər. Dəvəçilər kəndin kənarında düşüb, yükləri üç yerdə barxana vurmuşdular. Sarbanın atını cidarlayıb, başına bir torba keçirmişdilər. Dəvəçilərdən biri onu tumarlayırdı. Karvanbaşı özü barxanaların birinin kölgəsində yatmışdı.

Müsafirlər yol üstündəki karvansaraya düşdülər. Payız fəsli olsa da, havalar hələ isti idi. Atlarını karvansara həyətindəki axurlara bağlayıb, yemlədikdən sonra hər kəs öz xurcununu götürüb, dalanın üstündəki balaxanaya çıxdı. Məhəmmədin ayaqları xamladığı üçün kələ-kötür, palçıq pillələrdən çox çətinliklə çıxa bildi. Həyatında birinci gecə idi ki, Məhəmməd ata anasından kənarda yaşayır, bu ona çox ağır gəlirdi.

Günəşin batmasına az qalırdı. Müsafirlər hər şeydən əvvəl dəstəmaz almağa tələsirdilər. Onlar səki kimi yerə döşənmiş həsirlərin üstündə düzülüb namaza başladılar. Məhəmmədin namazı çox uzun çəkdi. O birilər günortadan sonra (əsr) namazını qurtaranda, Məhəmməd bu namaza təzə başlayırdı ki, Əli dedi:

– Səfərdə olanda namazı qısa qılarlar ha!..

Namazdan sonra onlar həyətə düşdülər. Hərə öz atını qaşovlayıb tumarladı, sonra suvarmağa apardı.

Müsafirlər karvansara sahibinin evində bişib gələn şorbanı yeməyə oturdular.

Süfrə təzəcə yığılmışdı ki, müsafirlərdən ən yaşlısı – Mir Hadı ağa üzünü Məhəmmədlə Əliyə tutaraq:

– Hər şeyin kiçiyi olsan da, yoldaşın kiçiyi olmayasan, – dedi. – Gedin atların qabağını bir daha möhkəm doldurun, gəlin. O vaxta kimi dalandar da yerləri

salar. Tez yatmaq lazımdır. Inşallah, obaşdan dəvə buradan ötüb keçəndən sonra yola çıxmaq lazımdır.

Uşaqlar atları yemləyib qayıdanda Məhəmmədin ayağı büdrədi, üç-dörd pilləkən aşağı yıxıldı. Əli onu tez yerdən qaldırdı:

– Bir yerin əzilmədi ki?

– Yox, narahat olma, düşdüyüm yer karvansara sahibinin bizə verəcəyi döşəkçə qədər yumşaqdı, – deyə Məhəmməd gülə-gülə cavab verdi.

Əli başını buladı:

– Dilənçilik belə alverdən yaxşıdır!

– Nə etmək olar? Allah hərənin ruzisini bir yerdən yetirir, naşükür olmayaq…

 

10.

Onlar Xoy şəhərindən çıxandan sonra Seydava kəndinə kimi, demək olar, məhrə divarlarla əhatə olunan, şəhərdən daha çox kəndə oxşayan, əyri-üyrü küçələrlə keçib getdilər. Qapıların qabağına peyin tökərək basmalıq salmışdılar. Bəzi açıq qapılardan onlara itlər hücum edirdi. Küçədə oynayan uşaqlar arx kənarında gizlənib, onlara çınqıl atırdılar.

Məhəmmədgil Seydavadan çıxandan bir saat sonra Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız

olmazdı. Müsafirlər atlarını tövlədə bağlayaraq, qabağını doldurduqdan sonra əl-üzlərini yumaq üçün çayxanadan çox da uzaqda olmayan Qoşabulağa getdilər.

Təbiətin qəribə-qəribə işləri var. Bir-birindən çox da aralı olmayan, büllurtək parlayan bu suların biri adi, digəri tumturş idi. Adi bulaqda əllərini yuyanda Məhəmməd Əliyə dedi:

– Xoyda karvansaraçı danışırdı ki, o turş sudan çox için, başdan-ayağa dava-dərmandır.

– Onu mən də eşitmişəm, – Mir Hadı ağa hamıdan qabaq dilləndi.

Hamı qırmızı çınqıllıqdan çıxaraq dərənin təkinə tərəf axan bulağın başına gəldi. Mir Hadı ilə o biri yoldaşları qoşa ovuclarını doldurub içəndən sonra Məhəmməd dedi:

– Mir hadı əmi, özgə vaxt deyərsiz ki, su kiçiyindir, süfrə böyüyün... amma burada hamıdan qabaq özünüz su içirsiniz.

Əli gülümsəyib dedi:

– O, süfrə başındakı suyu deyib.

Müsafirlərin hamısı güldü. Əli ilə Məhəmməd üzüüstə uzanıb, doyunca su içdilər. Onlar çayxanaya dönəndə Mir Hadı ağa dedi:

– Hələ bu nədir ki, içərisindən keçib-gedəcəyimiz Qara-eyni mahalında Tığnıt deyilən bir kənd var. Orada da bir-birindən iki-üç addım aralı iki cür su çıxır; birinə qaynarlıqdan, digərinə soyuqluqdan əl vurmaq olmur. Bir hovuz qayırıblar ki, hər iki sudan oraya axır. Camaat orada çimir. Deyirlər o sular bütün dərdlərin şəfasıdır.

Onlar gəlib çayxananın səkisində oturdular. – Çayçı çay gətirəndə Mir Hadı ağa ondan soruşdu:

– Səkmənabad mahalına çoxmu qalıb?

– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.

– Bu gün Qara-eyniyə çata bilərikmi?

– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?

– Dəvələr yox, yükləri bizim idi. – Məhəmməd cavab verdi.

Çayçı başı ilə onu təsdiqləyib, əlavə etdi:

– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atları birbaş ora sürün. – Paşa bəyin çadırlarına. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır. Həm malınızın yanında qalar, (o, Məhəmmədlə Əliyə işarə edərək) həm də bu cavan oğlanlar onun gözəl Dürdanəsini görüb bilərlər ki, həqq-taala dünyada necə canlar, necə mərifətli insanlar yaradıb!..

Ikinci, üçüncü stəkandan sonra müsafirlər qalxıb getməyə hazırlaşanda Mir Hadı ağa çayçıdan soruşdu:

– Paşa bəyin obası harada düşüb?

– Zorava kəndindən yarım ağac (dörd kilometr) keçib, sərçeşmə adlanan Ağçayın kənarı ilə sol tərəfə gedəndən sonra sıra ilə uzanan Ələnd dağlarının ətəyində, ağcaqayınlıqda düşün. Çadırlar uzaqdan görünəcək.

Çayçının izahından razı qalan Mir Hadı bir sual da verdi:

– Mən heç soruşmadım ki, Paşa bəy kürddürmü?

– Xeyr, bizlərdəndir. Deyirlər, nəsli İravan tərəfdən gəlmədir. Maku sərdarından yaylaq və qışlaq alıb, on ildən çoxdur ki, burada yaşayır. Bu tərəflərdə böyük hörməti var...

Atlar yavaş-yavaş yoxuşu dırmanırdı. Əli ilə Məhəmməd qabaqda yanaşı gedirdi.

Məhəmməd soruşdu:

– Sən heç elatlara qonaq olub, çadırda yatmısan?

– Yox, sən necə?

– Mən heç çadır görməmişdim. Keçən il aşura günü Sərbazxanada gördüm, elə bil məscid günbəzi idi.

Onlar çadırlara çatanda günün batmasına iki saatdan da çox qalırdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə açıqlığa çıxmaqla müsafirlərə xoşgəldin etdilər.

Çoxlu dirəkləri olan qara çadırlar Məhəmmədlə Əliyə qəribə görünürdü. Uşaqlar daha çox onlara hücum çəkmək istəyən itlərdən özlərini qoruyurdular. Çadırlara yaxınlaşanda bir kişi ilə iki qadın dəyənəklə itləri vurub qovdular.

Paşa bəyin qırx yaşlı, ancaq otuz yaşında görünən arvadı Bahar xanımla, gözəlliyi və mərifəti ilə el içində ad çıxarmış onbeş-onaltı yaşlı qızı Dürdanə qonaqları gülərüzlə qarşıladı. Ananın əynində abı, qızın əynində kənarlarına enli zəncirə tutulmuş məxmər güləcə vardı. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıqdı. Rus çitindən geydikləri paltarın çin-çin ətəyi az qala ayaqlarının üzünü örtmüşdü. El xatınları kimi, ikisi də enlidaban, hündür ayaqqabı geymişdi. Boyunlarında qızıla tutulmuş iki-üç cərkə şəvə və müxtəlif dövlətlərin qızıl sikkələri olan muncuq silsiləsi vardı.

Çadırlardan çıxan kişilər atları tutdular. El qaydasınca qonaqlara xoşgəldin deyib, onları böyük çadırdakı qonaqxanaya apardılar. Xanım ərinin şikara getdiyini, uzağı iki saatacan qayıdacağını xəbər verəndən sonra qonaqların yanından çıxdı.

Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq, həm də utanmadan kişilərlə söhbət edən bu qadınlara Məhəmməd lap mat

qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Zira din və müsəlmançılıq qadınlara göz dolusu baxmağı qadağan etmişdi. Lakin Məhəmməd fürsət düşdükcə, qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb, istər-istəməz qıza baxırdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.

Qonaqxana deyilən yer meydan boyda çadırın dörddə bir hissəsini tutmuşdu. Bəzəkli çığlar ilə ayrılan qonaqxana istənilən vaxt yekəldilib-kiçildilə bilərdi.

Ağ samovar hələ qaynamamışdı ki, qara şişək kəsildi. Məhəmməd Əliyə nəsə pıçıldadı.

Mir hadı ağa başa düşdü ki, uşaqlar bu qonaqpərvərliyə məəttəl qalıblar.

– Bura Sufiyan karvansarası deyil, Paşa bəy adlı, qapısı açıq bir adamın evidir, – deyə məmnun halda yerini rahatladı.

Qonaqlara təzədən çay vermək istəyirdilər ki, ev sahibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub öküzün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaqları öküzü araya almışdılar. Dağ günəşi, küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi. Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evində qonaq olduğunu hələ çox uzaqdan bilmişdi.

Paşa bəyə otuzdan çox yaş vermək olmazdı. Əslində yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adamdı. Bəy çadıra az qalmışdı ki, qızı ilə arvadı onu çox xoşlandığı sözlə qarşıladı:

– Ovun qanlı, ay bəy!..

– Sağ olun… Maşallah, qonaqlarımız deyəsən ruzisi bol adamlardır, – deyə hələ üzlərini görmədiyi qonaqlara öz münasibətini bildirdi və elə şikar paltarında qonaqxanaya daxil oldu; qonaqlarla görüşüb, o da oturdu.

Paşa bəyin ayağında şatırı çarıq, əynində nazik arxalıq vardı. O, qonaqlarla o qədər səmimi danışırdı ki, kənardan baxan onların ən yaxın tanış və ya qədimdən dost olduqlarını zənn edərdi.

Bəy qonaqlarla söhbət eləyən vaxt Bahar xanımla qızı böyük sacı üç böyük daşın üstünə qoyub, elat arasında ən əziz xörək sayılan sacqovurması tədarükündə idilər.

Bahar xanımın başıaşağı gəzməsini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:

– Elçiyə gələnə oxşayırlar ha!..

– Çaşmayın!.. Adamın evinə qonaq gələr.

– Bilirik qonağı. – Bir qız söz atdı. Bahar ona acıqlandı:

– Qız elə bil dəlidir ha!

– Dəli niyə oluram, xanım? Indiyə kimi məgər az elçi gəlib sizə?

– Səfeh, elçiliyə gələn məgər yüklə gələr? Görmürsən, hərəsinin tərkində bir yekə tənbəlit (xurcun) var?! Bunlar hər kəssə uzaq səfərə çıxana oxşayırlar.

Bahar xanım nə üçünsə çadıra girəndə külfət yenə Dürdanəyə pıçıldadı:

– Mən göz qoyurdum, o cavan oğlan səndən gözünü güclə çəkirdi. Yaman utancaq oğlana oxşayır.

– Nə yaman bicsən, ay qız! Gör nələrə göz qoyur ha!.. – deyə Dürdanə ona sataşdı. – Yəqin şəhərdəki oğlanların hamısı elə belədir, utancaq.

– Bax, beləsi yaxşı olar. Yoxsa o nədir, o səfərki, xan oğlu adamı az qala gözü ilə yeyəcəkdi.

– Yaxşı, nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, elçi olsalar daha o birilər kimi qovmayasan.

– Ay qız, bəs eşitmədin, anam nə dedi?

– Nə dedi?

– Demədi ki, onlar uzağa gedən müsafirlərdir?

– Uzağa gedən müsafirlərdən məgər elçi olmaz?

– Ay qız, bəsdir, az danış, sən adamın lap abrını, həyasını aparırsan.

Qızlar söhbət eləyəndə Məhəmmədlə Əli atların hörüyünü dəyişmək üçün qonaqxanadan çıxdılar. Bu vaxt Paşa bəyin səsi eşidildi:

– Ey, orada kim var? Qonaqları itdən qoruyun.

Çadırın yanında odun doğrayan kişi onlara tərəf yüyürdü:

– Buyurun, bu tərəfə, – deyə onları Durdanəgil söhbət eləyən tərəfdən apardı. Bu dəfə Məhəmməd qızın lap yanından keçdi. Indiyə kimi eşitdiyi moizələr

onun bu füsünkar gözələ baxmasına mane ola bilmədi. Iki gəncin baxışları toqquşdu. Qızla külfətin söhbəti bir anlığa kəsildi. Dürdanə bir papaqlı görən kimi özlərini itirən kənd qızlarına oxşamırdı. Bu dağlar gözəli Məhəmmədə çox əzəmətli göründü. O, sanki bu saat şöhrəti dillərdə gəzən, adları həmişə hörmətlə çəkilən Zeynəbin[13], Həcərin[14], Tahirənin[15] qarşısından keçirdi.

Qızla anasının özlərini bu cür sərbəst aparmaları Məhəmmədə hər şeydən çox təəccüblü görünürdü. Elə buna görə də atların hörüyünü dəyişib çayın kənarında oturanda Əliyə dedi:

– Heç müsəlmana oxşamırlar...

– Nə üçün?

– Görmürsən üzüaçıq gəzirlər.

– Hələ bu nədir ki!.. Deyirlər, onlar lazım gələndə tüfənk götürüb, kişilərlə çiyin-çiyinə vuruşurlar da. Yoxsa bizimkilər kimi... Deyir getmə gözümdən, gedərəm özümdən. Mənimki lap pis.

– Məgər sən evlisən, Əli?

– Evlisən də sözdür, hələ bir yaşında oğlum da var. – Ani sükutdan sonra əlavə etdi: – Babalını sal mənim boynuma, evlənmə, əgər evlənsən də, beləsinə evlən, həm sənə arvad olsun, həm də qardaş...

Yoldaşlar gözlərini Ağçaya zillədilər. Əli arvadı ilə oğlunun, Məhəmməd də burada görüb bəyəndiyi qızın xəyalıyla fikrə getdi.

Sükutu Məhəmməd pozdu:

– Allaha da xoş gəlməz ki, belə bir gözəli aparıb, o aləmdə qara torbaya salasan. “Bülbül bağda, maral dağda yaxşıdır” deyiblər. Məhəmmədlə Əli Ağçayda atları sulayandan sonra çadıra döndülər. Qız əlini böyrünə vurub, çadırın sol tərəfində corab toxuyan qadınla danışırdı. Yenə qonaqları saymadı. Qonaqlar hələ keçib çadırda oturmamışdılar ki, xeyli aralıda, təpələrdən gələn haray səsini açıq-aydın eşitdilər. Paşa bəylə qızının silahlanıb, başqa çadırlardan çıxan silahlı adamlarla bərabər səs gələn tərəfə qaçmaları müsafirləri heyrətləndirdi. Onlar bu sakitliyi pozan hay-küyün səbəbini bilmirdilər.

Mir Hadı ağa hələ də şam yeməyi hazırlamaqla məşğul olan ev sahibəsinə müraciətlə soruşdu:

– Nə olub, xanım?

Qonağın sualına gülümsəyən qadın:

– Heç nə... Osmanlı kürdləridir. Qarabulaqlı Qale ağanın sürüsünü aparmaq istəyirlər... Narahat olmayın, indicə saldırarlar, – deyə adi bir iş haqqında danışırmış kimi izahat verdi.

Dalbadal bir neçə güllə atıldı. Müsafirləri ən çox təəccübləndirən qızın da silah götürməsi idi.

Məhəmməd pıçıltı ilə dedi:

– Beşimiz bir elatlı qızca yoxuq. Bizim də silahımız olsaydı, atmağı bacarsaydıq, qoşulardıq onlara.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info