Qonaq Kitabı
I Hissə

1.

Ərvənəq, Ənzab, Şəbüstər və bütün Güney mahalının adamları kimi Xamnə əhalisi də qürbətkeş idi. Çalışqan və zirək olsalar da, işsizlik öz şəhər və kəndlərində onları fəlakətdən-fəlakətə sürükləyirdi. Adamlar qohum-qardaşlarını, əziz balalarını qoyub qaçır, ərpiyan toxumu kimi dünyaya səpələnirdilər. Xamnədə çox az adam qalmışdı. Axşam naxır və sürü gələndə heyvanların səs-küyü olmasaydı, buranı Xamuşanlar şəhəri adlandırmaq olardı.

Yuxarı başdan axıb gələn Güney arxı qəsəbəni yarıya bölür, bazar meydanının baş tərəfində dövrəsinə qalın kölgə salan qarağacın yanından keçib, qəsəbənin aşağısından çıxırdı. Uzaqdan baxanda yaşıl günbəz kimi görünən bu ağacın altındakı səki yerdən çox hündür deyildi. Bu balaca səkinin üstündə müxtəlif sənətləri olan dörd adam oturub, kəsbkarlıqla məşğul olurdu.

Yayın girməsinə az qalırdı. Arxın suyu indidən qurumuşdu. Barmaq naziklikdə sızıb gələn su bir neçə yerdə gölməçələnmişdi. Qarağacın qabağındakı baqqal, arxalığının ətəklərini qurşağına sancaraq, gölməçələrdə toplanıb qalan sudan çömçə ilə götürür, dükanın qabağına səpir və hərdənbir qırxıq başının təpəsində qaralan tərliyini çıxarıb, alnından saqqalına süzülən tərini silirdi. O, hər dəfə su çiləyəndə meyvə tabaqlarına qonmuş yüzlərlə milçək qalxır, havada dövrə vurur və təkrar tabaqlara qonurdu.

Qarağacın o biri tərəfində həsir parçası üstündə oturan adam yanındakı balaca sandığa dirsəkləndiyi halda mürgüləyirdi. Sağ əldə kötüyün üstünə qoyulmuş çərməki və qabağında saxsı dibçəkdə islanan bir tay çust onun pinəçi olduğunu bildirirdi.

Qarağacın o biri tərəfində stol hündürlüyündəki səkidə sarı bir samovar cızıldayırdı. Onun yanında ayaq üstə duran uzun, arğac kişi qabağındakı ləyəndə stəkanları yaxalayır və hərdənbir “təzədəm çay” deyə qəribə bir nida ilə tənbəl-tənbəl çığırırdı.

Qarağacın şimal səmtində şaqqayarım yağlı qoyun əti asılmışdı. Yerə sərilmiş dəridə isə heyvanın içalatı yığılmışdı. Belinə qırmızı fitə bağlamış kişi əlindəki bıçağı fitənin üstündən asdığı məstə çəkib itiləyirdi. Bu da çayçı kimi arabir: “Gəl, kasıb, gəl apar! Pulun yoxdur, xəbərin?” – deyə səslənir, müştəri axtarırdı.

Qarağacın cənub tərəfində balaca bir döşəkçənin üstündə dəvə kimi dizlərini yerə vurub oturan adamın dövrəsinə çoxlu kuzə və küpə yığılmışdı. Çiynində boz xurcun, əlində yekə dəyənək olan bir oğlana kuzələri göstərib öz malını tərifləyirdi. Oğlan kuzələri bir-bir götürüb püfləyir, xoşuna gələni seçib kənara qoyurdu. Onun ovurdları zurnaçı üzü kimi şişir, gözləri kəlləsinə çıxırdı. O, bəzən üfürməklə kifayətlənməyib, kuzələri barmağı ilə vurub cingildədirdi.

Qarağacdan o yana dar bir küçə başlayırdı. Bu küçədə o birilərə nisbətən böyük bir qapı nəzərə çarpırdı. Qapıya yaxınlaşanda elə bil çoxlu arı pətəyi saxlanan həyətə girirdin. Bura Xamnə qəsəbəsinin yeganə məktəbi və məscidi idi. Həsirlə döşənmiş hücrədə uşaqlar dizlərini qatlayıb, üzüquylu yırğalana-yırğalana dərs oxuyurdular. Həyətin ortasındakı hovuzun suyu göyümtülə çalırdı. Uzunsov hovuzun ətrafında bir neçə mömin kişi dəstəmaz alaraq namaza hazırlaşırdı. Pəncərəyə yaxın oturan mollanın qabağındakı taxta qutunun üstündə lülə kağız, qələmdan, möhür və bir neçə çubuq var idi. Bu, onun həm müdərris, həm möhürqazan, həm də ərizə və duayazan olduğunu bildirirdi.

Alnı günəşdən qaralmış, başı sarıqlı, ağ saqqalında hələ də qan qızaran bir kişi mollanın qabağında çömbəlib deyirdi:

– Yaz, qadan alım, yaz, mən necə deyirəm, eləcə də yaz... Yaz... Yaz ki, ey müctəhid ağa, bu it balası itin, sənin mübaşirin Kərimin zülmü ərşə dayandı. Hamını didərgin saldı, kənddə daha qalan olmadı. Özün gəlməsən bu camaatın dərdini bilməzsən. Bu it oğlu itin cəzasını verməsən, qalanlar da arvad-uşaqlarını qoyub birbaş Urusyətə qaçacaq.

Molla qələmi dayandırdı və enli qaşlarının altından kəndlini süzərək hirsli-hirsli dedi:

Belə sözləri müctəhid ağaya yazmaq olmaz!

–       Niyə yazmaq olmur, axund ağa?

–       Dedim olmaz, olmaz! Ağa adamın atasını yandırar.

–       Müctəhid ağa bəyəm cəhənnəm malikidir ki, xalqın atasını yandırsın?

Molla qələmi yerə qoydu; üz-gözünü daha da turşutdu, qeyzlə kəndlinin üstünə qışqırdı:

– Get gözümün qabağından, mülhüdün biri mülhüd! Belə-belə sözlər danışırsız ki, bu günə qalmışıq da!.. Cəhənnəm olsun sənin verəcəyin bir abbası da, sənin özün də; rədd ol burdan!

Daha nə deyəcəyini bilməyən kəndli alnını qaşıya-qaşıya fikrə getdi:

– Hə, yəni deyirsən müctəhid ağaya yazmaq olmaz ki, bu it balası sənin rəiyyətini dağıtdı? 

Molla özündən çıxdı:

– Əcəb xətaya düşmədim?! Əşşi, nə qırsaqqız olub yapışmısan yaxama?

Eşikdən gələn on-oniki yaşlı bir oğlan kəndlinin arxa tərəfindəki dəhlizə girib, oradan da hücrəyə keçdi. Onun içəri girməsi ilə bayaqdan avazla höccələyə-höccələyə dərs oxuyan uşaqların səsi kəsildi. Molla sınıq tərəfinə sap saldığı eynəyini çıxarıb, qızarmış gözlərini yarım qaranlıq hücrədə gəzdirdi:

–       Rəhim ağa, gəldin, bala?

–       Bəli, gəldim, molla əmi.

–       Oğlan, ya qız?

–       Oğlandı, molla əmi, oğlan.

Kəndlinin səbri tükəndi:

–       Molla ağa, mənim işim var axı...

– Mən sənə dedim ki, yaza bilmərəm! Mən heylə ərizələri yazmağı bacarmıram. Bildin, yoxsa yox?!

– Yaza bilməzsən, heç də yazma!.. Elə düz deyiblər ki, qoyun quzunun ayağını basmaz. – Kəndli deyinə-deyinə uzaqlaşdı.

Molla üzünü uşağa tərəf tutub soruşdu:  

– Oğlum, birdən o dəfəki kimi qız olar ha?

– Yox, molla əmi, anamı eşiyə çağırıb onun özündən soruşdum.

Rəhim ağa qəsəbədə mamalıqla məşğul olan, hamının “Xatın xala” çağırdığı arvadın oğlu idi. Molla bu oğlanın vasitəsi ilə qəsəbədə qadınlardan kimin oğlan, kimin qız doğduğunu hamıdan qabaq öyrənərdi. Doğulan uşaq oğlan olsa, molla tez uşaqlardan bir neçəsini gözaydınlığına göndərərdi.. Uşaqlar mollaya qənd, çay ya da nəqd pul alıb gətirərdilər. Molla da bunun əvəzində o gün uşaqları saxlamayıb evə buraxardı.

– Hacı Əbdülhəmid Urusiyyətdədir, bəs indi kimin üstünə gedib gözaydınlığı alacaqsınız? – deyə molla üzünü uşaqlara tutdu.

On altı-on yeddi yaşlı çəpgöz oğlan irəli keçdi:

– Molla əmi, Hacı Əli bibioğlu buradadır, ondan alarıq.

– Hımm. Hacı Əli Ağa...

Mollanın gözləri güldü.

Zəhra xanım altı qardaşın yeganə bacısı idi. Onun xatiri ərinin qohumları yanında nə qədər əzizdirsə, qardaşlarının yanında daha artıq əziz idi. Qardaşı Əli Ağa hələ gənc olsa da, qəsəbədə öz əliaçıqlığı ila ad qazanmışdı. Uşağın dünyaya gəlməsindən bir saat keçməmişdi ki, Təbrizə tərəf bir atlı çapırdı. O, birbaş Təbrizdəki Hind-Avropa teleqrafxanasına gedərək oğlanın atasına, Petrovskidə[1] ticarətlə məşğul olan Xamnə taciri Hacı Əbdülhəmidə şad xəbər verəcəkdi.

O qədər keçmədi ki, mollanın gözaydınlığa göndərdiyi uşaqlar qayıtdılar. Hacı Əli Ağa doğrudan da həddindən artıq səxavət göstərmişdi: bir kəllə qənd, bir girvənkə Papov çayı, bir də molla əminin arvadına dörd arşın güllü çit göndərmişdi. Mollanın keyfi duruldu, uşaqları birdən-birə iki gün dərsdən azad edib evlərinə buraxdı...  

 

2.

Günlər, aylar ötdükçə körpə Məhəmməd dirçəlir, gah sevinir, gah qəmlənir, gah iməkləyir, gah da yeriyirdi. O, qaranı ağdan seçir, yaxşı yamanı başa düşür, altı yaşına qədəm qoyurdu.

Axşamdan yarmaça kimi başlayan qar Məhəmməd yuxudan duranda kəsmiş, günəş pəncərədən süzülüb, otağı həmişəkindən artıq işıqlandırmışdı. Bunu görən balaca sevindi, yerindən durub geyindi, həyətə qaçdı. Qardan gözləri qamaşdığından həyətə enən baş pilləkənin yanındakı səkidə dayandı. Yarım arşından artıq qar düşmüşdü. Ondan əvvəl həyətə düşənlərin ayaq izləri nədənsə uşağa daha dərin göründü. Həyətdəki meyvə ağaclarının üstünə elə bil ağ çadır çəkmişdilər. Evin damından “Adam olmasın ha!” – deyən qar kürəyənin səsi eşidildi. Qar tozanağı Məhəmmədin üzünə, açıq sinəsinə səpələndi. Uşaq nə fikirləşdisə tez içəri qaçdı, dəhlizdə cızıldayan balaca samovarın yanındakı kiçik xakəndazı götürüb, əvvəlcə pillələrin qarını təmizlədi, sonra isə mətbəxə tərəf nazik bir cığır açdı. Oğlunun hərəkətlərini gözaltı seyr eləyən ana sevindi:

– Məhəmməd, bala, gəl çayını iç, qızış.

– Mən üşümürəm, ana, qoy mətbəxə gedən yolu təmizləyim, gəlirəm, – deyə oğlan təkrar işə girişdi.

Səhər çayından sonra Məhəmməd bir müddət qardan dağ qayırmaq və ev düzəltməklə vaxtını keçirdi. Sonra darıxmağa başladı. Özünü anasının yanına verib soruşdu:

– Bəs bu qış haçan qurtaracaq?

– Sənin qışın qurtarması ilə nə işin var, bala?

– Necə nə işin var, qız deyiləm ki, evdə oturam!..  Bəs bayramda dayım məni məktəbə qoymayacaq? O, mənə qəzə paltar alacaq, ağam bizə konfet göndərəcək, xalam mənə qırmızı yumurta verəcək. Nənəmlə bağa yemlik yığmağa gedəcəyik.

Ana iftixarla oğluna baxıb gülümsədi. Sonra dərindən köks ötürüb qeyri-ixtiyari gözlərindən süzülən yaşı oğlu görməsin deyə üzünü yana çevirdi. Çarqatının ucuyla gözlərinin yaşını sildi. “Yazıq bizə, sənin ömrün qürbətdə, mənim günüm həsrətdə keçdi” – deyə öz-özünə pıçıldayıb ərini xatırladı. Anasının qüssələndiyini duyan oğlan onun boynunu qucaqladı:

– Bəs sən deyirdin, qış qurtaranda Hüseyn də, ağam da gələcək. Qoy tez gəlsinlər də: – Oğlunun atasından söz salması bir neçə ayın gəlini ikən əri qürbətə getmiş qadını daha artıq kədərləndirdi.

– Gələcəklər, gələcəklər, oğlum, – deyə qadın özünü ələ alıb oğluna təsəlli verməyə çalışdı.

– Bu dəfə gələndə daha qoymayacağam getsinlər...

– Olmaz, oğlum onlar gedib Urusiyyətdə pul qazanmasalar, biz burada dolana bilmərik.

– Bibioğlumgil də Urusiyyətdədirlər?

– Nə bilim, oğlum, bəlkə də hə... Adamlarımızın çoxu indi qürbətdədir.

– Hansı şəhərdədirlər, ana?

– Məşhəddədirlər, bala.

– Niyə, burada pul qazanmaq olmaz?

– Nə bilim, belə işləri arvadlar bilməz, bala. Deyirlər ki, burada hər kəs pul qazansa, qəsəbənin sahibi tutub onlardan alır.

– Buy, qəsəbənin sahibi bəs Allah deyil?  

– Allah hamının sahibidir. Qəsəbənin sahibi keçən il dayıcanı ağaca bağladıb döydürən adamdır.

– Ona heç kəsin güçü çatmaz?

– Yox, bala.

– Devin də gücü çatmaz?

– Çatmaz, bala, çatmaz. Onu Allah özü xan eləyibdir.

– Allah niyə onu xan eləyirdi ki? Eləməyəydi də...

Oğlanın bu baş-ayaq suallarından yaxa qurtarmağa çalışan ana:

– Mən nə bilim, ay oğul, – deyib dəhlizə keçdi. Məhəmməd də çəkilib kürsüyə girdi. Arxasını mütəkkəyə söykəyib yorğanı boğazına kimi çəkdi, xumarlandı. Yadına Fatı nənənin danışdığı “Buz ilə buzov nağılı” düşdü.

“... Qarı buzovu suya aparanda yol buz idi, buzov birdən sürüşüb yerə dəydi, ayağı sındı. Qarı qəzəbləndi: “Ay buz, sən nə yaman zalımsan!”

Buz dilə gəlib cavab verdi: “Mən əgər zalım olsaydım, günəş məni əritməzdi”. Qarı qaçıb üzünü buludların arxasında gizlənən günəşə tutdu: “hara qaçıb gizlənirsən, ay zalım?” Günəş ah-nalə elədi: “Zalım olsaydım, qara buludlar mənim qabağımı kəsə bilməzdi”. Bulud gözlərinin yaşını axıdıb dedi: “Mən zalım olsaydım, yağış məndən ayrılmazdı”. Yağış ağlaya-ağlaya cavab verdi: “Əgər zalım olsaydım, torpaq buğda bitirməzdi”. Lap axırda buğda əkib becərən dedi: “Əgər mən zalım olsaydım, zəhmətlə əkib-biçdiyim buğdanı xan əlimdən almazdı”.

“Xan” sözü, anasının dediyi sözləri Məhəmmədin yadına saldı və onu düşündürdü. “Deməli, qəsəbənin sahibi olmasaydı, Allah onu xan eləməsəydi, o mənim dayımı döydürə bilməzdi. O, camaatın pulunu əlindən almaz, atam, dayılarım qürbətə qaçmazdılar. Atamla dayılarım qürbətə qaçmasaydı, anam ağlamazdı”. Uşaq bu dolaşıq fikirlə də yuxuya getdi. Nə qədər ki, qar yağmamışdı, hər axşam anası uşağı məscidə aparardı. Hafizəli, şüurlu olan oğlan da görüb-eşitdiklərini zehnində nəqş edirdi. Iki gecə bundan əvvəl mollanın məsciddə qiyamət günü, mizan-tərəzi, haqq-hesab və ədalət haqqında dedikləri də balaca Məhəmmədin zehnini az məşğul etməmişdi. Indi o, yuxulayan kimi mollanın təsvir etdiyi məhşər gözünün qabağında canlandı: Xamnə bazarı meydanında, qarağacın düz qabağında yekə bir tərəzi asılmışdı. Tərəzinin bəlimdən toxunmuş gözlərinə dəri tikmişdilər. Tərəzi qolları elə möhkəm qayışdan qayrılmışdı ki, yüz batman da qoyulsaydı qırılmazdı. Mizanı ucubunuq[2] boyda bir adamın əlində idi. Kişinin boyu o qədər uzun idi ki, əgər əlini atsaydı, ulduzları bir-bir göydən qoparardı.

Meydanın bir tərəfində qızıldan qayrılmış bir taxt qoyulmuşdu. Üzündən-gözündən nur yağan, qar kimi ağ saqqalı sinəsinə düşmüş, mehriban baxışlarla Məhəmmədə baxan bir kişi taxtın üstündə oturmuşdu. Bu, Allah özü idi. Onun sağ-solundakı pəhləvanlar qılınclarını çəkib sıra ilə dayanmışdılar. Qəsəbə camaatı meydana toplaşmışdı. Arvad, uşaqlar damlardan baxırdılar. Elə bu vaxt kəndin ərbabı beş-altı atlı ilə meydana daxil oldu. Bütün adamlar yerlərindən durub, onlara təzim edəndə Allahın acığı tutdu. Camaatdan soruşdu:

– Bu köpək oğlundan kimin şikayəti varsa, desin!

– Heç kimdən səs çıxmadı. Məhəmməd o saat anasına qısıldı.

– Dayıcanı döydürən bu deyil? Bəs niyə demir?

– Qorxur, bala, qorxur.

– Sən deyirdin bəs hamı Allahdan qorxur? Qoy dayıcan desin də.

– Yox, bala, yox! Allah indi durub tərəzi-mərəzisini yığıb gedəcək. Xan sabah adamın dərisinə saman təpər.

Məhəmməd özünü saxlaya bilməyib çağırdı.

– Ay Allah, o mənim dayımı döyüb, divanını elə...

Kürsünün bu tərəfində oturub corab toxuyan ana oğlunun qışqırığını eşidib, dərhal uşağın yanına yüyürdü:

– Məhəmməd, Məhəmməd, bala... Dur, daha bəsdir. Yuxu görürdün, hə?

Gördüyü yuxu Məhəmmədin xəyalından silinmirdi. O, gözlərini məchul bir nöqtəyə zilləyib baxırdı.

– Yuxu görürdün, bala?

– Köpək oğlu xan qorxudan siçan deşiyini satın alırdı, – deyə Məhəmməd gördüyü Yuxunu anasına, Fatı nənəyə danışdı. Onlar gülüb Məhəmmədi öpdülər...

3.

Məhəmməd çay içəndən sonra durub həyətə düşmək istəyirdi ki, Fatı nənə onu dəhlizdə saxladı:

– Hara? Bu əziz axşamda hara getmək istəyirsən?

– Bu axşam niyə əziz oldu?

– Bəs bilmirsən? Bu axşam çillə qarpızı kəsəcəyik Bütün qardaşlar bacılarına, atalar qızlarına, oğlanlar öz nişanlılarına xonçada çilləlik hədiyyə göndərəcəklər.

– Bəs sənə kim çilləlik göndərəcək, nənə?

Qadının gözləri yaşardı:

– Mənim kimim var ki, çilləlik də göndərsin? Dayıcan xanımına göndərəcək.

Fatı nənənin kimsəsizliyinə Məhəmmədin yazığı gəldi:

– Qoy yekəlim, – dedi, – sənə də özüm göndərərəm, Fatı nənə. – O, qadına ürək-dirək verdi. Sonra otağa, anasının yanına qayıtdı. – Fatı nənə deyir ki, ana, o yekə qarpızı bu gecə kəsəcəyik, doğrudur?

– Doğrudur, oğlum.

– Fatı nənə deyir, sənə çilləlik gələcək?

– Elədir, bala.

– Çilləlik nədir, ana?

– Axşam görərsən.

Məhəmməd daha bir söz demədi. Otağın bir bucağına çəkildi. Rəngbərəng aşıqlarını, atasının göndərdiyi rezin topunu qabağına töküb oynamağa və axşamı səbirsizliklə gözləməyə başladı. Uşaq hər beş-on dəqiqədən bir dönüb pəncərəyə baxır, darıxmış halda deyirdi:

– Eh, bəs axşam niyə belə gec gəlir?

Nəhayət, Fatı nənə çırağı taxçadan götürüb kürsünün üstünə qoyanda, uşaq da oyuncaqlarını yığışdırıb, kürsünün başına gəldi:

– Bəs hanı, çillə gəlmədi?

Anası Zəhra xanım mehribanlıqla gülümsədi:

– Çillə bu gün səhərdən gəlib. Çilləlik gələcək, – dedi.

Məhəmməd təəccübləndi.

– Bəs, ana, çillə gələndə mən harada idim ki, görmədim?

Anası özünü saxlaya bilməyib, ucadan güldü. Fatı nənə də ona qoşuldu. Zəhra xanım oğlunu başa saldı:

– Qış fəsli ağır fəsildir, bala. Adamlar işə getmirlər. Işə getməyən adam darıxar. Ona görə də qışı dörd yerə bölüblər. Birinci böyük çillədir – qırx gün olur. Sonra iyirmi gün – kiçik çillə gəlir. On gün çillə – becərlərdir. Yerdə qalan on altı gün də çar-çarlardır, rəğeyibdir. Rəğeyibdən sonra bəh-bəh, toydan sonra nağara, xoş gəldin, bayram ağa; bir də görürsən ki, havalar qızdı.

Xıdır Nəbi, Xızır Ilyas,

Çiçəkləndi, gəldi yaz...

 

Anasının dediklərinə qulaq asan Məhəmməd heyrətlə qışqırdı:

– Oho, nə qədərdir?! Bunların hamısında qarpız kəsirlər? Onda bizim bir qarpız çatmaz ki...

– Yox, oğlum, onların hərəsinin ayrı-ayrı adətləri var. Xıdır Nəbidə qovud qoyarlar. Xızır peyğəmbər gecə gəlib qovuddan bir az yeyər, sonra pəncəsini qovuda basar. Səhəri həmin qovudu qonşulara paylarlar. Kiçik çillə təkcə arvadların bayramıdır, kişilər arvadlara hədiyyə verər. Hər kəs öz arvad qohumunu yada salar. Hallı halına görə ona pay göndərər.

Anası sözünü qurtarmamışdı ki, həyət qapısı döyüldü. Məhəmməd tez səsləndi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info