Qonaq Kitabı
TƏPƏGÖZ

 

Çadırlardan uca çadırın quran,

Qartal quşu kimi düşmən şığıyan,

Qırışda yağının önündə duran,

Alpımız ərənlər ərəni – Qazan.

 

Atam Uruz Qoca – qocalar başı,

Adım Basat, Qıyan Səlcuq qardaşı,

Südünü əmdiyim anamdır aslan,

Anasını öymək mənə yaraşı.

 

– Bircə gözüm qurban sənə

Bəs qardaşıq, qıyma mənə!

 

Aslan Basat söy söylədi,

Acıqlanıb nələr dedi:

– Mərə, zalim, Mərə, qavat!

Ağ saqqallı babamı buzladıbsan,

Ağ birçəkli anamı ağladıbsan,

Qarındaşım Qıyanı öldürübsən,

Ağca üzlü gəlinin dul edibsən.

Ala gözlü igidləri yeyibsən,

Qoyarammı sağ qalasan səni mən?!

 

Qara poladüz qılınc əsməyincə,

Qafalıca bürklü başın kəsməyincə,

Kürəyivə ölüm lərzi salmayınca,

Qardaşımın qisasını almayınca,

Sanırsanmı buraxaram mən səni?

Olarmı gör diri qoyam mən səni?!

 

Düşkün quduz canından əl üzərək,

Nələr demiş, nələr söyləmiş görək:

 

– Qalxıbanı bir gün duram deyirdim,

Əhd-peymanımı qıram deyirdim,

İgidlər qanını soram deyirdim,

Bir adam ətindən doyam deyirdim.

 

Kaş Oğuz basqınını görəydim,

Sallaqxana qayasına girəydim,

Ağır mancanaqdan daşlar yağanda,

Başıma bir daş düşəydi, öləydim.

 

İgid, ala gözdən ayırdın məni,

Tanrı şirin candan ayırsın səni!

Yaman günə saldın, görüm heç igid

Görməsin bəlalı başım görəni!

 

Yenə də söy söylədi,

Bir daha nələr dedi:

 

– Ağ saqqallı qocaları

Çox bozlatdım,

Ağsaqqallar qarqadılar,

Gözüm, səni.

 

Ağ birçəkli qarıları

Çox ağlatdım,

Ağbirçəklər qarqadılar,

Gözüm, səni.

Ala gözdən qanlı yaşlar,

Çox axıtdım,

Ala gözlər qarqadılar,

Gözüm, səni.

Al xınalı ağca əllər

Çox yemişdim,

Al xınalar qarqadılar,

Gözüm, səni.

 

Körpə-körpə igidciklər

Çox yemişdim,

İgidciklər qarqadılar,

Gözüm, səni.

 

Belə ki, mən çəkər oldum

Göz büküyün,

Qadir görüm heç igidə

Göstərməsin!

 

Aslan Basat buğra kimi,

Təpəgözü

İki dizi

Üzərinə çökdürübən,

Kor quduzun öz qılıncın

Ələ aldı, boynun vurdu.

Kəlləsinə yay çərişi

Keçiribən,

Ürəyi şən

Sürütləyə-sürütləyə

Məğarənin qapısına

Çəkdi saldı.

Qardaşının qanın aldı.

– Hey... qocalar,

El-obaya muştuluğa

Gedin! – Dedi.

 

Nər qocalar, ağ boz atlar

Mindi çapdı,

Bütün Oğuz, dün içində

Xəbər tapdı.

At ağızlı Uruz Qoca

Çapar gəldi,

Xan Basatın anasına

Sevinc verdi:

– Muştuluq ver!

Aslan oğlun

Təpəgözü kəsdi, – Dedi.

 

Xanlar, bəylər, bütün ellər

Pər açdılar,

Atlandılar, Sallaqxana

Qayasına dırmaşdılar.

 

Təpəgözün kəlləsini

Ortalığa gətirdilər.

Dərdi, qəmi bitirdilər.

 

Dədəm Qorqud gələr oldu,

Şadlıq çaldı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info