Qonaq Kitabı
TƏPƏGÖZ

Dağımızı, daşımızı

Sökək, çapaq,

Su çıxaraq, mədən tapaq.

Körpələrə məktəb açaq,

Yazaq, pozaq.

 

Lakin bizi anmadılar.

Əlimizi,

Ağzımızı,

Dilimizi nişan verdik,

Bizi insan sanmadılar.

Acıqlandıq.

Silahlandıq.

“Dəyirmanın suyun sovduq”,

Ölkəmizdən yadı qovduq.

 

Dünya dedi:

Haqq bizlədir.

Öz evinin qibləsini

Yaxşı bilir hər kəs özü.

Haqqin özü – sözün düzü!

 

* * *

Göy gurladı,

Dolu yağdı.

Yer tərpəndi,

Tufan oldu.

Duman qopdu,

Gün tutuldu,

Ölkəmizə düşmən doldu.

 

Dünən evdən qovduğumuz,

Basıb, yıxıb boğduğumuz,

Qanıqaçıq,

Baldıraçıq

Ölümcülü baxdıq gördük.

Tuman geyib,

Xoftan geyib.

Qara polad ata minib,

At oynadır,

Qılınc vurur.

Qılıncından od yağdırır.

“Dədəm mənə kor deyibən”,

Hər gələni vurur salır.

Şüşə-şüşə qanın alır.

 

Baxdıq, baxdıq, məəttəl qaldıq.

Hər tərəfə nəzər saldıq.

Bu nə sirdir?

Nə övzadır?

Nə aləmdir?

Nə dünyadır?

Düşmən hardan tuman tapdı?

Qılınc tapdı, xoftan tapdı?

O yalınçıq,

O ölümcül

Hardan polad ata minir,

Şüşə-şüşə qanı neylir?!

Gəzdik işin hər tərəfın,

Araşdırdıq başın, dibin.

Birdən-birə baxdıq gördük

O yöndəmsiz birgözlünü,

O yolsuzu, o tülünü.

Qəribə bir tükan açıb

Matahını töküb saçıb,

Silah verir, canlar alır,

Bıçaq verir, qanlar alır.

Hər tərəfə atın çapır,

Axtarır bir quduz tapır.

Vərhovladır, yasaq verir,

Xoftan verir, yaraq verir,

Qudurduban işə çəkir,

Millətləri şişə çəkir.

Əlsizlərin,

Məzlumların

Canıxdırır, canın alır,

Şüşə-şüşə qanın alır.

 

* * *

Mən o gündən inandım ki,

Sinələrdən sinələrə,

Atalardan, babalardan

Bizə çatan əfsanələr

Çox da belə yersiz deyil.

Bu sözlərdə dəryalar var,

Dəryalarca mənalar var.

 

Radiolar hər nə desə,

Kim nə desə, nə söyləsə,

“Kitablar”ım hər nə yazsa,

Bu sözlərdən

Kim yol tapsa, kim yol azsa,

Bir daha mən

Tanımışam, tanımışam

Əsrimizin

“Birgözlü”sün

“Təpəgöz”ün!

Haralarda,

Harda, harda

Hər torpaqda, hər diyarda

Tanımışam o qəddarı,

O quduzu, o kaftarı!

 

Cəlladlara sərdar olub,

Sərvər olub, salar olub

İnsanları boğur, asır,

Millətlərə kəsim kəsir.

Çaştasına min şüşə qan,

Naharına beş yüz insan.

Diş qıcadır, qan-qan deyir,

Qan içdikcə qan istəyir.

 

* * *

Nə indidən, nə dünəndən,

Bəşəriyyət doğan gündən

Quduzlarla cəngələşmək,

Əsrlərdən-əsrlərə

Yaşayışdan ayrılmayan,

Ardıcıl bir vaqiədir,

İlk əzəldən iş belədir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info