Qonaq Kitabı
TƏPƏGÖZ

Yeləgindən bir tutam ox

Çıxarıban belə taxdı.

Xoftan geydi, qılınc asdı

Qatı yayın ələ aldı.

Atasının, anasının

Əlin öpüb halallaşdı:

– Xoş yaşayıb, əsən qalın! –

 

Deyə, vardı,

Sallaqxana qayasına

Gəlib çıxdı.

Təpəgözü

Arxasını günə verib

Günəvərdə yatmış gördü.

Yayın çəkib birgözlünün

Ürəyinə bir ox vurdu.

 

Dəmirli ox kar kəsmədi,

Paralandı yerə düşdü.

Bir də vurdu, yenə oxu

Sınıq-sınıq olub düşdü.

Dəli quduz qocaları

Sezib dedi:

– Bu yer məni üşündürdü.

 

Basat yenə oxun atdı,

Yenə dəyib parçalandı.

Pərəm-pərəm dağılaraq,

Bir parçası Təpəgözün

Qarşısında yerə düşdü.

 

Quduz şeytan daşlanaraq

Uru durdu.

Basat xana gözü düşcək

Əl çalıban qas-qas güldü:

– Mərə, yenə görünür ki,

Oğuzlardan bizim üçün

Quzu gəlmiş – deyə, varıb,

Mərd aslanı qabağına

Qatıb tutdu.

Boğazından sallayaraq

Yatağına gətiribən

Ödügünün bir küncünə

Basıb dürtdü.

– Hey, qocalar!

Bunu mənim

İkindimə bişiriniz,

Yeyim! – Deyib, yenə uydu.

 

Dəli Basat xəncərilən

Ayaqqabın yarıb çıxdı:

– Hey qocalar, bunun canı

Nəyindədir?

– Biz bilmirik!

Ancaq bütün bədənində

Əti bircə gözündədir.

 

Dəli aslan Təpəgözün

Başı üstə gəlib, gördü

Gözü ətdir:

– Hey, qocalar!

Dəmir şişi

Oda qoyun, qızsın! – Dedi.

Şişi oda buraxdılar,

Pullatdılar.

Basat şişi ələ alıb.

Var gücilə Təpəgözün

Tək gözünə basıb soxdu.

Göz töküldü.

Quduz elə anqırdı ki,

Dağa-daşa lərzə düşdü.

 

Basat qaçıb məğarədə

Qoyunların arasında

Daldalandı.

Dəli şeytan bunu duydu,

Qapı ağzın kəsib durdu.

Paçaların aralayıb:

– Mərə, ağır sürülərin

Başı erkəc, çək qoyunu,

Hamı gəlsin bir-bir keçsin!

 

Qoyun gəlib paçasının

Arasından sovuşarkən

Hamısının baş-gözünə

Əlin çəkər, bir-bir yoxlar.

Yenə haylar:

– Toğlucuqlar tutulacaq.

İqbalım qoç, sən gəl sovuş!

Səmiz bir qoç yerdən qalxıb

Silkinərkən dəli Basat

Basıb-tutub boğazladı,

Dərisini çəkdi üzdü.

Baş quyruğun ayırmadı.

Bürünübən

Təpəgözə qarşı vardı.

 

Kor Təpəgöz əlin çəkdi,

Basat xanın dəri içrə

Olduğunu duyub bildi:

 

– Hey sığır qoç, mənim həlak

Olacağım yeri söylə,

Necə bildin?

Səni elə bu köhülün

Divarına güpəyim ki,

Bol quyruğun məğarəni

Yağlandırsın.

 

Basat,

Qoçun kəlləsini

Təpəgözün əllərinə

Uzadaraq, macal tapıb,

Qıçlarının arasından

Sıçırayıb dışra çıxdı.

Dəli quduz boş dərini

Buynuzlayıb,

Təpəsinə qaldıraraq

Yerə çırpdı:

– Mərə, oğlan, qurtardınmı?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info