Qonaq Kitabı
TƏPƏGÖZ

Dəli Basat:

– Haqq qurtardı.

–        Mərə oğlan, al mənim bu

Üzüyümü əlivə tax,

Qəmə-qılınc səni kəsməz.

Basat almaq istədikdə,

Yaralıca quduz şeytan

Hücum edib

Xəncərini, üzərinə

Tolazladı.

İgid oğlan yan veribən

Baxdı gördü,

Üzük yerdə Təpəgözün,

Ayağının altındadır.

Quduz aydır:

– Mərə, oğlan, qurtardınmı?

Aslan Basat:

– Haqq qurtardı,

– Mərə, oğlan,

O günbəzi görürsənmi?

Orda mənim xəzinəm var.

Ayıq ol ki, bu qocalar

Aparmasın.

Get möhürlə!

Qafıl Basat,

Günbəz içrə gedib girdi.

Baxdı gördü

Hər tərəfdə qızıl-gümüş

Təpə kimi kəlklənmiş.

Pulu görüb çaşdı huşu,

Şəraiti pak unutdu.

Dəli quduz xəzinənin

Qapısını alıb kəsdi:

– Mərə, oğlan,

Yaxşı yerdə düşdün ələ.

 

Güpəyərəm indi elə,

Günbəz ilən qat-qarışıq

Yapışdırram səni yerə.

Basat puldan, xəzanədən

Əl çəkibən, göz örtübən,

Ulu haqqa sidqin saldı:

– Comərdlərin mədədkarı,

Qadir Tanrı, mədəd səndən!

Daş divarlar parçalandı,

Yol açıldı yeddi yerdən,

Oğlan çıxdı.

 

Kor Təpəgöz günbəzə bir

Yumruq atdı, günbəz yatdı.

– Mərə, oğlan, qurtardınmı?

– Haqq qurtardı.

– Alanmazmış ölüm səni!

O köhülü görürsənmi?

Orda iki qılınc vardır,

Biri qınlı, biri yalın.

Qınsız qılınc məni kəsər.

Dünya mənə oldu əbəs

Get götür gəl, başımı kəs!

Basat gəldi asta-asta

Məğarəyə, gördü orda

Zəncirlərdən aslanılmış

Yalıntiyə bir qılınc var.

Ancaq sakit durub qalmaz,

Öz-özünə əsib coşar.

– Daha bunu sınamadan

Yanaşmaram! – deyə, Basat

Qılıncını qarşı verdi,

An içində dəydi böldü.

Dolandı bir ağac tapdı,

Qarşı tutdu, kəsib qırdı.

Qatı yayın ələ aldı,

Qoşa qılınc aslandığı

Zəncirlərə bir ox vurdu,

Qılınc qopdu, yerə düşdü,

Cumuxuban yerdən qapdı.

Belindəki qına soxdu.

 

– Mərə, şeytan, nə haldasan?

Ölməmisən?

– Tanrım qoymaz!

– Mərə, ölüm yoxmuş sənə! –

Deyə, quduz söy söylədi,

Nələr dedi:

– Gözüm-gözüm, yalqız gözüm,

Ala gözüm, ulduz gözüm.

Sən var ikən mən Oğuza

Divan tutdum, qan uddurdum.

Ala gözdən ayrı saldın,

İgid, məni.

Şirin candan ayrı salsın,

Tanrı səni!

İgid, mənə dadızdırdın

Göz büküyün.

Məni saldın yaman günə

Qadir görüm dadızmasın

Heç igidə!

Göz dərdinə tuş olmasın

Heç kimsənə!

Yenə demiş:

 

– Qalarda, qoparda yerin nə yerdir?

Söylə, igid, pirin, rəhbərin kimdir?

Başı üstə uca bayraq tutulan

Sultanın, sərdarın, sərvərin kimdir?

 

Qırış günü qabaqda qılınc vuran,

Düşməni dağıdıb qıranın kimdir?

Çadırlardan uca çadırın quran,

Alplar başında duranın kimdir?

 

Söylə, igid, kimin oğlusan, kimin?

Adıvı-sanıvı gizlətmə məndən

Ərənlər yaşırmaz adını ərdən,

Mərə, söylə mənə, hansı eldənsən?

Basat aydır:

– Qalarda, qoparda yerim bu diyar,

Xocam, pirim, rəbbim, Haqq pərvərdigar,

Sultanım, sərvərim xan Bayındır xan,

Bəylərə sərkərdə, xanlara salar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info