Qonaq Kitabı
TƏPƏGÖZ

Qoyunlara qarşı vardı.

Pəri qızı pırıldayıb:

– Mərə, çoban,

Yengi ildə məndə sənin

Əmanətin olacaqdır,

Gəl algilan.

Amma bil ki, öz elivin

Başına sən qada gətdin

Deyə, uçdu.

 

Pəri getdi, çoban qaldı.

Ayrılıqdan rəngi soldu,

Qara bağrı dərdə doldu.

 

* * *

Günlər keçdi, aylar ötdü,

Oğuzların köçüş vaxtı

Yenə yetdi.

Sarı çoban köç eylərkən,

Uzun minar ayağına

Gəldi çatdı.

Gördü ki, bir bağlı yatıb.

Pəri qızı zahir olub:

– Mərə, çoban,

Əmanətin gəl al! – dedi.

Bil ki, ancaq ellərivə

Zaval gətdin.

Bağlıcığı çoban görcək

İbrət aldı.

Geri dönüb əl sapana,

Daşa tutdu.

Daş vurduqca bağlı şişdi,

Çoban qorxub qoyub qaçdı.

 

Məgər o gün Bayındır xan

Bəylər ilən seyrə varmış,

Uzun minar ayağına

Yetişdilər.

Gördülər bir nəsnə yatıb,

Baş-ayağı anlaşılmır.

Bəylər hamı

Dövrə vurub dayandılar.

Endi bir bəy, təpiyilə

Onu təpdi.

Vurduğucan nəsnə şişdi,

Neçə igid daha endi,

Hey təpdilər, hey böyüdü.

Uruz Qoca atdan düşdü.

O da təpdi.

Məhmiz dəydi, bükəcəyi

Dəlib yırtdı.

İçindən bir oğlan çıxdı,

Hər bir zadı adam kimi,

Ancaq fəqət bir gözü var.

Heyran qaldı, bəylər, xanlar.

 

Uruz Qoca

Onu qapıb, Bayındır xan

Qulluğuna gətiribən:

– Görklü xan, bu oğlanı

Mənə verin, aslan oğlum

Busat ilən böyüdəyim.

Bayındır xan:

– Sənin olsun! – Deyə, keçdi.

Uruz Qoca Təpəgözü

Götürübən evə vardı.

Buyurdu bir taya[3] gəldi,

Təpəgözə əmcək verdi.

Bir sorduqda

Südün aldı,

İki sordu, qanın aldı,

Üç sorduqda canın aldı.

 

Bir çox taya gətirdilər

Hamısını həlak etdi.

“At südüylə bəsləyəlim”

Söylədilər.

Hər övnədə bir qazan süd

Doyurmadı.

 

* * *

Təpəgözü bəslədilər,

Gəzər oldu.

Uşaqlarla oynar oldu.

Uşaqların kimisinin

Qulaqların,

Kimisinin burnun yedi.

Bütün Oğuz əllərindən

Cana gəlib, acizləyib,

Bəy Uruza dəxil düşüb

Yalvardılar, ağlaşdılar.

 

Uruz Qoca neylədisə,

Kar kəsmədi.

Naçar olub çıxarıban,

Evdən qovdu.

Pəri qızı uçub gəlib,

Oğlanının barmağına

Qəribə bir üzük taxtı:

– Oğul, sənə ox batmasın,

İti qılınc bədənivə

Kar kəsməsin! – Deyə, getdi.

 

* * *

Birgöz oğul varıb gedib,

Sərt bir dağda məskən edib,

Yollar kəsdi, adam yedi,

Qorxulu bir quldur olub,

Ad çıxardı.

Üzərinə neçə-neçə

Adam getdi,

Ox atdılar, ox batmadı.

Qılınc-qəmə kar etmədi.

Hər gələni tutdu yedi.

Bütün çoban-çoluqları

Basıb-yeyib, oğuzları

Yeməkliyə, əl eylədi.

 

Bütün Oğuz toplanıban

Üzərinə axın etdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info