Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Alp igidə qorxu vermək

Eyib olur.

Bəri gəlgil dirəşəlim,

Mərə, yağı!

 

Yağı aydır:

– Arsız oğuz, dəli türkmən,

Bir-birinə bənzəyirlər,

Bir buna bax!

Təkur aydır:

– Varıın, sorun, Bəkil bəyin

Nəyidir bu?

 

– Mərə, oğlan, altındakı

Al ayğırı tanıyırıq,

Bəkilindir, Bəkil hanı?

Əynindəki dəmir donun

Bəkilindir, Bəkil hanı?

Yanındakı igidlərin

Bəkilindir, Bəkil hanı?

Bəkil olsa,

Axşamatək vuruşardıq.

Ağca tozlu qatı yayla

Dartışardıq.

Ağ yeləkli ötgün oxla

Atışardıq.

Sən Bəkilin nəyimisən?

Söylə bizə!

 

– Mərə, yağı, məgər məni

Bilməzmisən?

Ağ alınlı Bayındır xan

Sərkərdəsi,

Bəylər bəyi Salur Qazan,

Qarındaşı Qaragünə,

Dönə bilməz, Dölük Vuran,

Dözən oğlu Dəli Rüstəm,

Ağ boz atlı Beyrək xan,

Dün atama qonaq gəldi,

Bu gün bəylər oturuban

İçərlərdi, casus gəldi.

Atam Bəkil

Altındakı Al ayğırın

Mənə verdi.

Qara polad qılıncını

Mənə verdi.

Qarğı dallı süngüsünü

Mənə verdi.

İgidlərin mənə qoşdu.

Tanımırsan, tanı məni,

Adım Əmran Bəkil oğlu.

Bəri gəlgil, tutuşağım,

Aslan olur aslan oğlu!

 

Təkur aydır:

– Qatlan, mərə, qavat oğlu,

Sənə hərif mənəm – deyə,

Altı pərli əmudunu

Ələ aldı.

Oğlan başa qalxan çəkdi.

Təkur ağır şeşpərini

Var gücilə endirərək

Yuxarıdan aşağıya

Qatı vurdu.

Nər oğlanın qalxanının

Qübbələrin əzib qırdı,

Oğlancığı alanmadı.

İki igid qılınclaşdı.

Qılıncları doğranıban

İşdən düşdü.

Qarğı dallı süngülərə

Əl eyləyib,

İki erkək buğa kimi,

Bir-birinə susadılar.

Süngüləri işdən düşdü.

At üstündə bir-birinə

Qıvraşıban dartışdılar.

Güclü düşmən üstün gəlir,

Azca qalır körpə Əmran

Zəbun ola.

Quzu aslan Tanrısına

Sığınıban:

– Ucalardan uca Tanrı!

Kimsə bilməz necə Tanrı!

Ey Adəmə tac veribən,

Şeytanı bir günah ilən,

Lənət edib, dərgahından

Qovan Tanrı!

 

İbrahimi xam dəriyə

Çulğayıban od içinə

Atan zaman,

Odu gülşən edən Tanrı!

Birliyinə sığınmışam,

Əziz Allah, xocam Tanrı,

Mədəd! – Dedi.

 

Yağı aydır:

– Mərə, oğlan, sənin bir tək

Tanrın olsa, mənim ancaq

Yetmiş iki allahım var!

 

– Məlun yağı, sən bütlərə

Yalvarırsan!

Mən göyləri, aləmləri

Yoxdan vara gətirən bir

Allahıma sığınıram!

 

Tanrı-taala, Cəbrailə

Hökm eylədi:

– Hey, Cəbrail, o quluma

Qırx kişinin gücün verdim.

İlahinin mədədilən,

İgid oğlan yağısını

Başı üstə qovzayıban

Yerə çaldı.

Alca qanı düdük kimi,

Damağından şoruldadı.

Şahin kimi,

Sinəsinin üstə qonub,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info