Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Xan Bəkilin ayağının

Üstə düşdü.

Sağ ayağı sınar oldu,

Ala gözü yaşla doldu:

– Ulu oğlum, qardaşım yox

Deyə, bağrın dərd ovxardı.

Biləyindən gəz çıxarıb,

Atının tərkin tutdu.

Xəftan altdan ayağını

Sarıyaraq,

Ovçulardan ayrı-iraq

Özün atın üstə saldı,

Ordusuna dönüb vardı.

 

Oğlu Əmran qarşı gəldi,

Atasını bənzi qaçıq,

Yar-yoldaşı yanında yox,

Bükük gördü.

Körpə aslan söy söylədi,

Babasına nələr dedi:

 

– Qalxıbanı öz yerindən

Duran baba,

Qara yallı Qazlıq atın

Minən baba,

Üç yüz çapük igidinlə

Bu dağlara ova çıxdın,

Azğın dinli,

Qara donlu kafərlərə

Tuş oldunmu?

Ala gözlü igidlərin

Qırdırıban qovuldunmu?

 

Ağız-dildən bircə kəlmə

Xəbər mənə,

Qara başım qurban olsun,

Ağam, sənə!

 

Düşkün igid oğlanının

Cavabında söy söylədi,

Görək Bəkil nələr dedi:

 

– Oğul, oğul, canım oğul,

Qalxıbanı öz yerimdən

Uru durdum,

Ala dağlar üzərinə

Ova vardım.

Qara donlu kafırlərə

Tuş olmadım,

Ala gözlü igidlərim

Qırdırıban qovulmadım,

İgidlərim sağ, əsəndir,

Canım oğul!

 

At üstündən götür məni,

Döşəyimə yetir məni,

Üç günədək xoşluğum yox.

Aslancığın ənigi də

Aslan olur.

Körpə aslan atasını

At üstündən qırvaladı,

Bir an içrə

Yatağına yetiribən,

Cübbəsinə bürgələyib

Otağının qapasını

Qapaladı.

 

O tərəfdən xan Bəkilin

Yoldaşları baxıb gördü

Ov pozulub,

Dağılışıb

Evlərinə qayıtdılar.

 

* **

Bəkil beş gün divanında

Görünmədi.

Ayağının sındığını

Heç bir kəsə bildirmədi.

 

Gecələrin birisində

Dərd igidi canıxdırdı.

Yatağında inildəyib

Zarlıq qıldı.

 

Xatın sordu:

– Bəy igidim,

Qalabalıq çağlarında

Üzərivə yağı gəlsə,

Qayıtmazdın.

Yançağıva dəmirlicə

Ox toxunsa, batıb dəlsə,

Əyilməzdin.

Bir yasdığa baş qoyduğu,

Qoynundakı halalına

Məgər kişi

Öz sirrini deməz olur?!

Söylə mənə, nədir halın?

 

Düşkün Bəkil:

– Qıçım sınmış, mərd görklüm.

Ov ovlarkən atdan düşdüm,

Sirrim budur, –

Deyə, aydır.

 

Deyilən söz gizli qalmaz.

Xatın dedi qulluqçuya,

Qulluqçu da qapıçıya.

Otuz iki dişdən çıxan

Doldu hər yan.

– Bilirsənmi nələr olmuş?

Bəkil xanın qıçı sınmış, –

Deyə, hamı pıçıldadı,

Düşmənlərin casusları

Casusladı.

Gürcüstana çuğul getdi,

Təkur şaha xəbər yetdi.

Təkur aydır:

– Hökmüm budur:

Qalxıbanı yerdən durun,

Xan Bəkili yatar yerdə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info