Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Ər bağrından keçirdərəm

Sənin üçün!

Üç yüz atlı ala gözlü

İgidlərin vergil mənə,

Yoldaşlaşıb döyüşərəm,

Vuruşaram sənin üçün!

Qoca Bəkil fərəhlənib:

– Oğul, ölüm ağzın üçün!

Ola mənim çırağımı,

Yandırasan, oğul, məgər.

Dövranımın keçdiyini

Dost-düşmənlər görməyələr.

Gətiriniz, mərə, mənim

Geyimimi, oğlum geysin!

Al ayğırım çəkin, mənim

Oğlum minsin,

El hürkmədən meydan açsın!

Deyə, qalxıb dəstur verdi.

Nər oğlanı donaltdılar.

Atasının, anasının

Əlin öpüb

Üç yüz atlı arxasında

“Meydan” deyib yola düşdü.

 

* * *

Ala ayğır yağı igid

Alar isə, ayağını

Yerə vurar,

Toz qoparar.

Düşmən aydır:

– Mərə, bu at Bəkilindir,

Biz qaçırıq.

Təkur aydır:

– Bir də yaxşı baxın, balam,

Bu gələn ər Bəkil olsa,

Sizdən qabaq mən qaçaram.

Gözətçilər göz qoyuban

Gördülər at Bəkilindir,

Bəkil deyil, ancaq gələn.

Qayıdıban gördüklərin

Təkur şaha söylədilər.

Təkur aydır:

– Oğlan xalqı quş ürəkli,

Qorxaq olur.

Üç yüz igid seçilibən

Şaqqıldatma şaqqıldatsın,

Qorxsun qaçsın.

Üç yüz adam şaqqıldatma

Çatladarkən

Sarsaq yağı söy söyləyir,

Nələr deyir:

– Oğlan, oğlan, haramzada,

Altındakı al ayğırı

Arıq oğlan,

Qara polad üz qılıncı

Gödək oğlan,

Ağ tozluca qatı yayı

Sınıq oğlan,

Belindəki doxsan oxu

Seyrək oğlan,

Yanındakı yoldaşları

Qorxaq oğlan,

Qaranqulu gözcığazı

Çöngə oğlan,

Şöklü Məlik, oğlan, sənə,

Qatı qusmuş.

Meydandakı o oğlanı

Tutun! – demiş.

Ağ əllərin qarğısından

Çatın! – demiş.

Görüklücə qara başın

Kəsin! – demiş.

Alca qanın yer üzünə

Tökün! – demiş.

Ağ saqqallı baban varsa,

Bozlatma gəl!

Ağ birçəkli anan varsa,

Ağlatma gəl!

“Yovşan dibi bərk olmaz,

Yalqız igid alp olmaz”!

 

Qada tutmuş qavat oğlu

Qavat oğlan,

Qayıt burdan itil geri!

 

Körpə Əmran

Yağıların cavabında

Söy söylədi, nələr dedi:

 

– Hərzə-hərzə mırıldama,

İtim yağı!

Altımdakı al ayğırı

Bəyənməzsən?

Səni görcək oynar qalxar.

 

Əynimdəki dəmir donum

Bəyənməzsən?

Səni görcək çiynim sıxar.

 

Belimdəki qılıncımı

Bəyənməzsən?

Səni görcək qının kəsər.

 

Əlimdəki qarğı süngüm

Bəyənməzsən?

Səni görcək köksün dəlib

Göyə parlar.

 

Ağca tozlu qatı yayım

Bəyənməzsən?

Səni görüb zar-zar inlər.

 

Sadağımdan doxsan oxum

Bəyənməzsən?

Səni görüb qabın dələr.

 

Yanımdakı igidləri

Bəyənməzsən?

Hol verərsəm, səni dənlər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info