Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Elində yaşayır el üçün ölən,

Odur ki, el əziz, vətən əzizdir,

Ölməzdir vətənin əməyin bilən,

Nankor, el nə bilir – vətən nə bilir!

 

Fəqət özü üçün yaşayan zəlil,

Beş günlük həyatdan göz yuma bilməz!

Özün keçmişindən ayıran səfıl

Heç vaxt gələcəkdən pay uma bilməz.

 

Ancaq eli üçün yaşayanların

Ölüb getmək ilən ömrü qurtarmaz!

Ölümlə həyatda bir bütünlük var,

Gül toxum olmasa, toxum gül olmaz!

 

* * *

Xanlar xanı Xan Bayındır

Bir gün yerdən durmuş idi,

Ağ ban evin qara yerin

Üzərində qurmuş idi.

Ala seyvan göy üzünə

Ucalıban aşınmışdı.

Min bir yerdə ipək xalça

Döşənmişdi, salınmışdı.

İç Oğuzu, Dış Oğuzu

Qonaqlayıb oturarkən,

Doqquz tümən Gürcüstanın[3]

Xəracını gətirdilər

(Bir gürz, bir at, bir də qılınc).

 

Bayındır xan bərk pərt oldu

Çağırdılar, Dədəm Qorqud

Gələr oldu.

Şadlıq çaldı:

– Xanım, niyə pərt olursan? –

Deyə, sordu.

– Dədə, necə pərt olmayım?

Hər il bollu qızıl-gümüş

Pul gələrdi,

Bəylərimə, ellərimə

Paylayardım, könülləri

Xoş olardı.

İndi bunu kimə verim,

Kimlər qalsın?

Qorqud Dədə:

– Hər üçün ver bir igidə,

Pasdar olsun mərzimizə,

Yurdumuzun, ölkəmizin

Sərhədlərin gözətləsin.

Kimə verim? – Deyə, yenə

Xanlar xanı soruşarkən,

Qorqud Dədə

Sağa-sola nəzər saldı,

Heç kimsədən səs çıxmadı.

Ancaq adlım igidlərdən

“Bəkil” adlı bir bəy qalxdı.

Dədə üzün ona tutdu:

– Sən nə deyərsən?

 

İgid Bəkil yeri öpdü,

Uru durdu, razı qaldı.

Dədəm Qorqud öz əliylə

Mərd igidə

Qılınc asdı, əmud asdı,

Şahbaz ata mindiribən

Himmət verdi, yola saldı.

İgid Bəkil ellərilən halallaşıb,

Obasını qalxızıban

Köçün çatdı, Bərdə-Gəncə

Diyarına köçdü getdi,

Gürcüstanın sərhədində

Otraq etdi.

Sərhəd üstə ayıq-sayıq

Keşik çəkər,

Hər yandan yad baş qovzasa,

Başın əzər.

İldə bir yol Bayındır xan

Divanına qonaq gələr.

 

** *

Yenə bir il xanlar xanı

Bəkil bəyi çağırtdırdı,

Bəkil gəldi.

Peşkəş çəkdi, ulu xanın

Əlin öpdü.

Xan

Bəkili ağırladı,

Xələt verdi, xərclik verdi,

Üç gün tamam qonaqladı.

Dördüncü gün:

– Üç gün daxi Bəkil xanı

Ov ətilən qonaqlayaq,

Bəylər! – Dedi.

Xanlar hamı yaraqlandı,

Silahlandı.

Ov ovlandı, quş quşlandı,

Sığın, keyik ov tutdular,

Çığırtdılar.

Yeyib-içib otururkən

Hər tərəfdən söhbət düşür,

Xanlar şişir.

 

Kimi özün, atın öyür,

Kimi oxun, yayın öyür.

Bir parası

Kəndirindən, qılıncından

Tərif deyir, içir-yeyir,

Bəylər bəyi Salur Qazan

Nə özün, nə atın öydü,

Nə oxun, nə yayın öydü.

Alp ərənlər hünərindən

Tərif dedi.

Üç yüz altmış comərd igid

Ova varsa,

Sığın, keyik üzərinə

Axın olsa,

Bəkil bəy nə yay götürər,

Nə ox atar,

Nə xəncər, nə qılınc taxar.

Keyiklərin dalısınca



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info